Təkamüldə “ilkin səbəb”

Charles Darwin`in 1859-cu ildə təqdim etdiyi klassik təkamül nəzəriyyəsinin işləmədiyi uzun müddətdən bəridir ki, bilinən bir həqiqətdir. Ona görə də biz, “Modern Synthesis” adlanan müasir təkamül nəzəriyyəsi haqda yazacağıq. Bu nəzəriyyəyə bəzən qeyri-rəsmi olaraq “Yeni Darvinizm” də deyilir.

Yeni Darvinizmin, ümumiyyətlə isə materialist düşüncənin ilkin olaraq qarşılaşdığı ən böyük problem, yer üzündə həyatın necə ərsəyə gəldiyini izah etməkdir. Mutasiyanın və təbii seleksiyanın, yəni təkamülün, işləməsi üçün ilk öncə mutasiyayaseleksiyaya məruz qalacaq canlılar lazımdır. Təbii ki, sırf fəlsəfi cəhətdən baxdığımız zaman cansız materiyanın canlı həyata səbəb ola bilməsi əqlən mümkünsüzdür. Çünki həyat atributuna malik olmayan bir səbəb, bu atributa sahib bir nəticə əmələ gətirə bilməz, cibində pulu olmayan birinin başqasına borc verə bilmədiyi kimi.

Həyat atributu

Buna görə də teoloqlar daima ilkin səbəbin “həyat” atributuna malik olmasının zəruri olduğunu demişlər. Lakin biz, azacıq məsələni çətinləşdirək.

1953-cü ildə James WatsonFrancis Crick DNT molekulunun strukturunu kəşf edirlər. Bundan qısa zaman sonra Crick “Sequence Hypothesis” adlı ideya ilə çıxış edir:

“DNT-ni təşkil edən nukleotidlər yazılı hərflər və ya rəqəmsal kodlar kimi bir funksiya daşıyır, yəni DNT bütövlükdə böyük bir informasiya mənbəyidir.”

Francis Crick

Bu gün Crick`in ideyası bioloqlar tərəfindən geniş qəbul edilmişdir. Richard Dawkins “genlərin kodu sanki kompyuter kodudur” deyir. 1

Digər yerdə isə o etiraf edir ki, “haqsızca primitiv adlandırılan amöbün hüceyrələrində 1000 dənə otuz cildlik Encyclopedia Brittanica`da olan informasiyadan daha çox informasiya var”. 2

Bill Gates`in DNT haqqındakı sözləri də məşhurdur:

“DNT kompyuter proqramı kimidir, lakin yazdığımız istənilən proqramdan qat-qat daha mürəkkəbdir”. 3

Bill Gates

Kompyuter proqramının şüursuz proseslər nəticəsində yarandığına inana bilirsiz? Bəziləri dildə inkar etsə belə, əslində heç kim buna inanmır. Səbəbi isə çox bəsitdir. Təyyarə ilə bir adanın üzərindən uçduğunuz zaman sahildə əyri-üyrü taxtalardan “SOS” sözünə oxşayan bir işarə gördüyünüzdə bunun təsadüf olduğuna inanmaq çox çətindir. Çünki bu üç hərf MƏLUMAT daşıyır. Sırf buna görə də siz “SOS”-dan qat-qat mürəkkəb kompyuter kodunun təsadüfən yarandığına inanmırsız. Eynilə biz də DNT-in təsadüfən yarandığına inanmamalıyıq. Həm əqlimiz, həm də bütün təcrübəmiz bizə funksional məlumatın sadəcə və sadəcə şüurlu, intellektli bir varlıqdan gəldiyini deyir. Ardı var…

Dipnotlar

  1. Richard Dawkins, River out of Eden: A Darwinian View of Life (New York: Basic Books, 1995), 17
  2. Richard Dawkins, The Blind Watchmaker (New York: Norton, 1987), 17-18, 116
  3. Bill Gates, The Road Ahead (London: Penguin, 1996), 228.