Bu gün qızımı həyətə düşürüb gəzdirdikdə həmişəki kimi onu həyətimizdəki yellənçəkdə əyləndirməli oldum. Bu ərəfədə dərin bir fikrə daldım, metal zəncirdən asılmış plastik oturacaqlı yellənçəyin üzərində düşündüm. Uşaqlığım yadıma düşdü. Bakının qızmar yayından qurtulmaq üçün dağ bölgəsindəki kəndimizə gedərdik. Babamın bağındakı ağaclardan birinin budağında yellənçək qurub yellənərdik. Qos-qoca bir ağacın ən yoğun qolunu tapardıq, üstünə çıxıb sicimi ona möhkəmcə bağlayardıq və aşağı hissəsinə də bir balış qoyardıq. Sonra yay istisindən qaçaraq ağacın kölgəsi altında yellənib sərin mehdən həzz alırdıq. Bunlar elə anlardır ki, insan ömrünün çox hissəsini arxada qoysa da onları hər zaman gözünün qarşısında görə bilir.
Qoca ağac:
Bir də o qoca ağacı düşündüm. Onun meyvələrindən yeyirdik. Yayın istisində qohumlarımız o ağacın altında balışları ataraq uzanardılar, Samovar çayını gətirərdilər, onu qaynatmaq üçün bəzən odun qırıqlarına ehtiyac olmurdu, elə həmin ağacın qurumuş budaqları və qurumuş qabıqları kifayət edirdi. Sonra ağacın kölgəsindəki sərinlikdə çayımıza içərdik. Uşaqlar boş vaxtlarında o ağacın budaqlarına dırmaşaraq əylənərdilər və biz də uşaq olarkən o ağaclar ilə böyümüşük.
Bu ağaclar haqqında düşündükdə onların qeyri-adi bəşər xidmətçiləri olduqlarını anlayırsan. Təsəvvür edin ki, bu meyvə ağaclarının dibinə biz iyrənc qoxulu nəcisi töksək də o bizə mis qoxulu, göz oxşayan gözəl rəngli, dadı damağda qalan xeyli dadlı meyvələr verir. Bir də sonra məktəbə getdikdə öyrəndik ki, bu ağaclar şiddətli küləkləri bizim üçün xəfifləşdirirlər, havamızı təmizləyirlər və atmosferi bizim nəfəs almağımız üçün lazım olan qazlar ilə təmin edirlər. Üstəlik bu günə qədər çox sayda evlərin sobasını yandıran, evini qızdıran da bu ağaclardır. Öyrəndik ki, bu ağaclar torpaq axınının da qarşısını alırlar, sellərin qarşısını alırlar. Atamın dediyinə görə əvvəllər kəndimiz meşənin içərisində idi, indi isə meşə altı km kənardadır, insanlar o meşələri qıra-qıra onları kənddən qovublar. Bundan sonra sellər çoxalıb, torpaq sürüşmələri artıb. Demək bu ağaclar kəndin üzərində cangüdənlər kimi durub keşiş çəkirmişlər. Necə də möhtəşəm varlıqlardır bu ağaclar! Sanki insanların xidmətində durmaq üçün göndərilmiş xadimlərdirlər. Onları heç Kimin insanların xidmətinə verdiyini düşünmədilərmi? Onları bu iş üçün Kimin dizayn etdiyini heç düşünmədilərmi?
Bizim xanıma bu ağacların qəribə halını anlatdıqda necə gözəl anlatdığımı, buna görə gedib ağacları qucaqlamaq istədiyini ifadə etdi və gülümsədi. Dedim ki, ən doğrusu o ağacları bizim xidmətimizə vermiş Yaradıcı Rəbbimə səcdə et!
Cavab yaz