Şanslı Zülallar-1

Şanslı Zülallar-1

Yeni Darvinizmə ünvanlanan digər bir kritika təkamülün baş verməsinin çox ehtimal xaricində olmasındadır. Yeni Darvinizmə görə bir canlı öz genetik kodunu sonrakı nəslə ötürür, lakin bu proses zamanı DNT-nin bəzi hissələri mutasiyaya uğraya bilər, yəni DNT gələcək nəslə kopiya edilərkən onun bəzi hissələri xətalı kopiya ediləcəkdir, əgər bu xəta faydasız və ya zərərli bir xətadırsa, o zaman təbii seleksiya mexanizmi bu xətanın davam etməməsini təmin edəcək.

Bəzi hallarda isə xətalar faydalı mutasiyaya gətirib çıxaracaq, o zaman təbii seleksiya bu xətaları qoruyub gələcək nəslə ötürəcəkdir. Zamanla bu xətalar cəm edilərək bir növ heyvandan tamamilə başqa bir növ heyvanın əmələ gəlməsinə gətirib çıxaracaq.

Bu cümləyə baxın: “Organic Elm səhifəsinin məqalələrini oxumaqda fayda vardır”. Yeni Darvinizmə görə gələcək nəslə ötürüldüyü zaman bu cümlədə xəta baş verəcək, xəta mənalı cümlə yaratdığı zaman o, qorunacaqdır, mənasız olduğu zaman isə təbii seleksiya bu dəyişikliyi məhv edəcəkdir. Hamıya aydındır ki, şüursüz şəkildə dəyişdirildiyi zaman bu cümlə əksər hallarda mənasız cümləyə gətirib çıxaraq, təsadüfi şəkildə hərfləri dəyişdirib, pozub və ya əlavə etməklə mənalı cümlə əldə etmək inanılmaz dərəcədə nadir halda baş verəcək.

“Faydalı mutasiya”

“Ornagci Eml sıhifəjinin məqalələrisi oxömaqds fayəa vadrır” cümləsini mən klaviaturaya baxmadan əsli cümlədə sadəcə bir neçə hərf dəyişdirməklə əldə etdim. Sizcə tam mənalı cümlə almaq üçün bunu neçə dəfə yoxlamağım lazım idi? Kimsə klaviaturaya baxmadan əsli cümləmizdən “Richard Dawkins çox yaxşı oğlandır” cümləsini aldığını iddia etsə (hətta bir neçə milyard dəfə yoxladığını söyləsə də), bu cümlənin arxasında “təsadüfün” və ya “intellektin” durduğunu söyləmək hansı halda daha məntiqli olar?

Biz bu gün bilirik ki, bir canlının digər canlıya keçməsi üçün yeni bədən formalarının əmələ gəlməsi lazımdır, yəni yeni orqanlar, yeni toxumalar, yeni hüceyrələrə və bu hüceyrələrdə fəaliyyət göstərən zülalların əmələ gəlməsi lazımdır. Zülalların funksiyası DNT-də mövcud olan informasiyadan asılı olduğu üçün, yeni zülal yeni bioloji informasiyanın ərsəyə gəlməsini tələb edir. (Araşdırmalara bunun üçün DNT informasiyası kifayət deyil, epigenetik informasiyasının da olması zəruridir.) 1

Misal üçün, Kembri partlayışı zamanı yeni bir canlı ərsəyə gəlir və bu canlı özündən əvvəlki canlılarda mövcud olmayan bağırsaq sisteminə, yəni bağırsaq hüceyrələrinə malikdir. Bu bağırsaq hüceyrələrinin işləməsi üçün xüsusi “bağırsaq” zülallarının mövcud olması lazımdır. Sadəcə bir zülalın təsadüfi mutasiyalar səbəbilə əmələ gəlməsinin ehtimalı nə qədərdir? Bu suala cavab vermək üçün ilk öncə kombinatorikaya girməmiz lazımdır.

Kombinatorika

Təsəvvür edin ki, dostunuzun kompyuter parolunu qırmaq istəyirsiz. Parolun sadəcə 3 rəqəmdən ibarət olduğunu bilirsiz. Təbii ki, hər bir rəqəm sıfırdan ona qədər ola bilər. Beləliklə, doğru parol 10x10x10=1000 müxtəlif rəqəmdən biri ola bilər. Tutalım ki, siz hər iki saniyə bir rəqəmi yoxlayırsınız, yarım saatdan sonra siz 900 müxtəlif kombinasiyanı yoxlaya bilərsiz, deməli sizin təsadüfən doğru parolu tapmaq ehtimalınız tapmamaq ehtimalından daha çoxdur.

İndi təsəvvür edin ki, dostunuzun parolu 10 rəqəmdən ibarətdir. Deməli, yoxlamalı olacağınız kombinasiyaların sayı 10 milyarda çatır. 70 illik həyatınızın hər saniyəsini bu işə həsr etsəniz bütün mümkün variantların sadəcə 10 faizini yoxlaya biləcəksiniz. Bu halda doğru parolu tapmamaq ehtimalı tapmaqdan daha çoxdur. Şüursüz təkamülün təsadüfən sadəcə bir protein əmələ gətirməsi bu iki misaldan hansına daha yaxındır?

Dediyimiz kimi, adətən bir zülal yüzlərcə amino turşudan ibarət olur. Lakin təkamülün işini asanlaşdırmaq üçün bəsit 150 amino turşulu proteini götürək. Amino turşuların sayı iyirmi olduğuna görə 150 aminoturşudan ibarət silsilədəki hər bir aminoturşu bu iyirmi aminoturşudan hər biri ola bilər. Deməli, 150 aminoturşdan ibarət bir proteinin 20^150 (təqribən 10^195) müxtəlif variantı vardır. Bu inanılmaz dərəcədə böyük bir rəqəmdir.

Lakin, kompyuter parolunda verdiyimiz misaldan fərqli olaraq, 20^150 müxtəlif variantdan sadəcə biri deyil, bir çoxu funksional zülal ola bilər. Əsas məsələ bu saydan funksional olan zülalların nisbətini tapmaqdır. Uzun illər təkamülçülər bu müxtəlif variantların bir çoxunun funksional zülal əmələ gətirəcəyinə ümidli idilər. Lakin, son illərdə aparılan araşdırmalar heç də təkamülçülər üçün sevindirici nəticələr ortaya qoymadı…

Dipnotlar

  1. Eva Jablonka and Marion J. Lamb, “The Changing Concept of Epigenetics,” Annals of the New York Academy of Sciences 981 (2002): 82–96