Süni Zəka Mümkündürmü?

Üç yaşını doldurmuş və dördüncü yaşında addımlayan balaca qızımı hər gün müşahidə etmək xüsusi bir zövqdür. Bu kiçik varlıq necə də düşünmək, dərk etmək, suallara cavab vermək, emosiyalar ilə reaksiya vermək kimi kompleks proseslərə yiyələnə bildi?! Bu ki, gözümün qarşısında baş verən bir möcüzədir. Bütün bunlar sadəcə bioloji materiallardan və elektrik impulslardan ibarət bir orqanın nəaliyyətləridirmi? Bu sualı bir ateistə versəniz təbii ki, bunun belə olduğunu deyəcək.

Süni zəka nədir?

Bu sualın qarşısında ağlıma bir də Aİ deyə tanıdığımız bir qavram gəlir. Açması Artificial İntelligence (süni zəka) olan bu ideya təzə icad edilmiş bir şey deyildir. Bu vizyon gələcəkdə insan kimi düşünməyi bacaran, insan kimi şüuru olan və özü inkişaf edən kompyuterlərin olacağını görən bir vizyondur. Bu məqsədə nail olmaq üçün dünyanın ən irəli getmiş alimləri, təşkilatları illərlə vaxt və milyardlarla dollar pul sərf ediblər. Lakin hələ də belə bir süni zəka icad edilə bilməyib. Bizim nəzərimizdə bu uşaq planlaşdıran, lakin hamilə qala bilməyən cütlüyün arzuları kimi müasir sayntizm (scientism) tərəfdarlarının da doğulmamış bir uşağıdır.

Marry Shelley’in “Frankinşteyn”i nə qədər elmi bir fiksiyadırsa bu “Süni Zəka” da o qədər bir fiksiyadır, başqa sözlə uydurmadır. Bəlkə də bu “Süni Zəka”ya “Elektronik Frankinşteyn” adını verə bilərik. Bu fikir müasir forması ilə məşhur ingilis riyaziyyatçısı Alan Turing’in əsaslarını qoyduğu fikirdir. Ona görə kompyuterlər gələcəkdə o qədər inkişaf edəcək ki, artıq düşünə də biləcək, fikirləşə biləcək, anlamaq, analiz etmək, dərk etmək, planlaşdırmaq kimi prosesləri də yerinə yetirəcək. O, “süni zəka” sayıla biləcək bir kompyuteri müəyyən etmək üçün bir metod da təklif edib. Turing’ə görə əgər onunla ünsiyyət zamanı insan onun komputer yoxsa canlı olduğunu ayırd edə bilməzsə deməli artıq “süni zəka” yaradılmış sayılmalıdır.

Bizim zamanımızda da buna inanan ateist alimlər bu cür testlərdən istifadə edərək “süni zəka”nın varlığını göstərməyə çalışırlar. Lakin çox sayda filosof və alim bunun ümumiyyətlə imkansız olduğunu isbat edir və bunun imkansızlığını, Turing testinin tutarsızlığını göstərmək üçün bir çox arqument göstərirlər. Mən burada bu arqumentlərdən birini oxuculara izah etmək istəirəm. Bu arqument Kaliforniya Universitetinin fəlsəfə üzrə professoru John Searle’a aiddir və “Chinese Room Argument” (Çin Otağı Arqumenti) adı ilə tanınır. Arqument belədir:

Çin Otağı Arqumenti

Searle fərz edir ki, o, bir otaqda həbs olunub. Ona çoxlu vərəqlər verirlər və vərəqlərin üzərində çincə yazılar var. Searle o yazılardan heç bir şey anlamır, çünki çin dilini bilmir. Searle heç o yazılarının çin yazıları olduğunu da bilmir, çünki yapon, koreya və ya çin hərflərini bir-birindən ayıra bilmir. Bir az sonra ona yenə bir topa vərəq verilir ki, onlarda da çin simvolları yazılıb, lakin onlarla birlikdə ingilis dilində qaydalar yazılıb. Bu qaydalar simvolları formalarına və ölçülərinə görə birinci vərəqdəkilər ilə əlaqələndirmək üçün effektiv bir metod (alqoritm) öyrədir. Nəhayət ona üçüncü topa kağız verilir ki, orada da çincə simvollar vardır. Bu səfər də ona ingilis dilində bir sıra qaydalar verilir ki, bu üçüncü topanı ilk ikisi ilə əlaqələndirə bilsin və burada üçüncü topa kağızda verilmiş simvollara cavab olaraq müəyyən çincə simvolları yazıb geri verməyin instruksiyaları da vardır.

Otaqda həbs olunmuş Searle’ın xəbəri yoxdur ki, ona kağızları verən otaqdan kənardakı insanlar birinci topadakı simvolları “skript”, ikinci topadakı simvollar toplusuna “hekayə”, üçüncüsünü isə “hekayə barəsindəki suallar” adlandırırlar. Searle’ın geri qaytardığı simvolları “hekayət haqqındakı sulların cavabları” adlandırırlar və onun tabe olduğu qaydalar toplusunu isə “proqram” adlandırırlar.
İşləri bir qədər də təkmilləşdirmək üçün otaqdan kənardakı insanlar həm də ona ingilis dilində hekayələr verirlər, onlar haqqında ingilis dilində suallar verirlər və o da ingilis dilində bu suallara cavab verə bilir.

Turing testinin tutarsızlığı

Bir müddət sonra Searle ona verilmiş instruksiyaları yerinə yetirməkdə o qədər yaxşılaşır və otaqdan kənardakılar isə onu qaydalarla təmin etməkdə o qədər mükəmməlləşirlər ki, onun çincə suallara çincə simvollardan istifadə edərək verdiyi cavabları mükəmməlləşir və bu cavablar o qədər mükəmməlləşir ki, o cavabları adi bir çinlinin verdiyi cavablardan ayırmaq mümkün olmur.
Kənardan üçüncü bir şəxs olaraq bunu müşahidə edən görür ki, otaqdakı həm çincə verilən suallara, həm də ingiliscə verilən suallara eyni dərəcədə gözəl cavablar verir. Beləliklə də Searle çincə otaqda Turing’in qoyduğu testi keçmiş sayılır. Sadəcə olaraq məsələ budur ki, çin otağında Searle tam bir kompyuter kimi davranır, o nə çincə verilmiş sualları anlayır, nə də verdiyi cavabları anlayır, lakin doğru cavablar verir. Amma ingiliscədə isə həm sualları, həm də verdiyi cavabları anlayır. Beləliklə də Searle bu misal ilə Turing’in qoyduğu testin effektsiz olduğunu, əsassız olduğunu göstərmiş olur. Yəni sübut etmiş olur ki, insanlar tərəfindən proqramlaşdırılmış bir kompyuter əgər ona verilən suallara doğru cavablar verərsə bu, heç də onun sualları anlaması, verdiyi cavabları da anlaması mənasına gəlməz.

Biz bu kiçik yazı ilə bir həqiqəti nümayiş etdirmək istəyirik. Bu gün əlimizdə olan bu qədər güclü texnologiya və bu qədər bilik ilə “süni bir zəka” yarada bilməmişik, hələ heç bir quşun və ya bir köpəyin beynindəki zəka qədər bir zəka yaradılmayıb. Bir də insan övladını düşünün, uşaqlarımızın qısa bir zaman ərzində necə zəka topladıqlarını düşünün. İlahi varlığı hiss edəcəksiniz.

“Süni Zəkanın” imkansız bir xəyal olduğunu və bu imkansızlığın həm də ilahi varlığın sübut olduğunu digər yazılarımızda da göstərəcəyik…

İzləyin!