Tarixin ən dəhşətli düşərgələri: “Britan düşərgələri”

QEYD: Aşağıda oxuyacağınız mətndə uyğun olmayan ifadələrdən istifadə olunmuşdur. Bunun üçün xüsusən qadın oxuyucularımızdan üzr istəyirik.

Konsentrasiya düşərgələrindən söhbət düşəndə hər kəsin ağlına alman düşərgələri və ya Stalinin Qulaqları gəlir. Bu düşərgələrin britan variantı da olub. İkinci dünya müharibəsi bitdikdən sonra digərləri kimi Keniya əhalisi də müstəqilliyinə nail olmaq istəyib. 1952 – 1960-cı illər arasında Keniyada britaniyalı müstəmləkəçilərə qarşı Mau-Mau üsyanı başlayıb. Bu üsyanı yatızdırmaq üçün britaniyalılar heç də faşist düşərgələrindən geri qalmayan düşərgələr quraraq orada yüzminlərlə insanı həbs edib onları ağır işgəncələrə məruz qoyublar. Mau-Mau üsyanının yatırılmasının ən dəhşətli tərəfi isə bu üsyana aid olmaqda, ona yardım etməkdə və ya hər hansı bir məlumata sahib olmaqda şübhəli bilinənlərin polis tərəfindən “dindirilməsidir”.

Tarixçi Robert Edgerton yazır:

“Bəzən bu dindirmələr sadəcə sorğu-sualdan ibarət idi, əksər hallarda isə istintaqçı cavablardan məmnun qalmasa şübhəlini döyülürdü. Əgər bu istənilən nəticəni verməsə (adətən belə də olurdu) daha çox şiddət tətbiq olunurdu. Elektroşoklardan və oddan geniş bir şəkildə istifadə olunurdu. Onlar qadınları boğur və su altında saxlayırdılar, silah lülələrini, pivə şüşələrini və hətta bıçaqları onların vaginalarına soxurdular. Kişilərdə isə pivə şüşələrini onların anal dəliklərinə soxur, onları Land Roverlərə bağlayıb sürüyür, qamçılayır, yandırır və süngüdən keçirirdilər. Onların barmaqları kəsilir, bəzən də xayaları kəlbətinlə əzilirdi… Bəzi polislər özlərini yormur və suala cavab verməyən şübhəlini dərhal güllələyirdi. Bunu görən növbəti şübhəliyə isə öz qəbrini qazmağa əmr edir və şübhəli bu işi bitirdikdən sonra ondan suala cavab verib-verməyəcəyini soruşurdu. Bəzən şübhəlilər digərlərinin yavaş-yavaş öldürülməsinə baxmağa məcbur edilirdi. Bu işdə güllədən yox, bıçaqlardan istifadə edirdilər” 1

Caroline Elkins deyir:

“Müsahibə aldığım bir çox keçmiş dustağın şahidliyi ilə elektroşoklar, siqaretlər və oddan geniş şəkildə istifadə olunurdu. İçki şüşələri (adətən sınıq), silah lülələri, bıçaqlar, ilanlar, həşaratlar və qaynar yumurtalar kişilərin anal dəliklərinə və qadınların vaginalarına daxil edilirdi. Onlar qamçılanır, güllələnir, yandırırlır və şikəst buraxılırdı.” 2

Elkins sadəcə işgəncələrə məruz qalanları yox, bu işgəncələri yerinə yetirənləri də sorğu-sual edib. İstintaqçılara yardım etməyə qalxan ağdərili mühacirlərdən biri (settler) belə xatırlayır: bir dəfə mən (üsyançı) bandanın bir üzvünü şəxsən (istintaq yerinə) gətirdim. Ona xüsusi rəftar gərəkdiyi üçün uşaqlara yardım etmək üçün özüm də bir neçə saatlıq orada qaldım. Xayalarını kəsdiyim zaman onun iki qulağı artıq yox idi və onun bir gözü – sağ gözü olduğunu düşünürəm – yerindən çıxıb asılmış vəziyyətdə idi. Çox pis oldu, ondan çox şey öyrənə bilmədik” 3

Qadınların şahid ifadələrini oxumaq xüsusən üzücüdür: “Conilər (yəni ağdərili polislər) və (qaradərili) gözətçilər gələndə onlar səni qaynatanın gözünün qabağında zorlayırdılar, o isə bir söz belə deyə bilmirdi. Sənin öz qızların da gözünün qabağında zorlanırdı və sən bir söz belə deyə bilmirdin”4

Bu qədərinin kifayət etdiyini düşünürük, Keniyada baş verən dəhşətlər haqda oxumaq istəyən xüsusilə Elkins`in kitabına baxa bilər. Hadisələrə şərh verməyi isə lüzumsuz bilirik. Sadəcə onu deyək ki, Elkins başqa bir yerdə qeyd edir ki, bəzi ağdərililər qadınları zorlamazdan öncə qaradərili kimi görsənmək üçün üzlərini qaraya boyayırdılar. Görünən odur ki, barbarları sivilləşdirmək missiyası ilə gələnlər özləri barbarlardan aşağı səviyyəyə düşüblər..

Hə, bu arada sadəcə məlumat üçün qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra öz postunu itirən Churchill 1951 – 1955-ci illər arasında yenə də baş nazir idi..

Dipnotlar

  1. Edgerton, R. B., 1991, Mau Mau An African Crucible, Ballantine, p. 160
  2. Elkins, C., 2005, Imperial Reckoning The Untold story of britains gulag in Kenia, New York, Henry Holt and Company, p. 84
  3. Elkins, C., 2005, Imperial Reckoning The Untold story of britains gulag in Kenia, New York, Henry Holt and Company, p. 107
  4. Elkins, C., 2005, Imperial Reckoning The Untold story of britains gulag in Kenia, New York, Henry Holt and Company, p. 288