İlk Xristanlar və Nübuvvət Arqumenti

Qızmar günəşin təsiri o qədər dözülməz olurdu ki, insanlar gündüz çağı kölgə axtarıb yatırdılar və özlərini günəşdən qoruyurdular. Yeddinci əsrin Məkkəsində nə oxuyub-yazmaqla məşğul olan hahamlar, ravinlər və rahiblər var idi, nə də ki, salnamələr və tarix yazan yazıçılar; bu şəhər, ticarəti ilə, bazarda pul qarşılığında şeir deyən şairlərlə və bir-biriləri ilə vuruşan mərd və qürurlu döyüşçülərlə tanınırdı. İnsanlar şəhəri karvanlarda tərk edir və karvanlarda ora daxil olurdular, qonşu kəndlərə və şəhərlərə maraq üçün yola düşmək, oranın insanları, dinləri və adətləri ilə tanış olmaq Məkkə əhlinin adəti deyildi.

Belə bir mühitdə, bütlərə ibadət edilən bir ticarət qovşağında atasız, anasız böyümüş bir ərəb çıxır və yeni bir din elan edir. İddiaları və dedikləri çox insanı valeh edirdi, davası ədalət və haqq idi və bunu o dərəcədə gözəl bir üslubda, valehedici dildə çatdırırdı ki, ərəblər bunu sehr adlandırırdılar və öz dindaşlarına sehrdən təsirlənməmək üçün qulaqlarını tutmağı şiddətlə tövsiyə edirdilər. Adı Muhəmməd ﷺ olan bu ərəb tarixin ən tanınmış və ən üstün şəxsiyyəti olaraq dostları və düşmənləri tərəfindən tanınacaqdı. O, bütün təqiblər, təhdidlərə, döyülmələrə rəğmən gətirdiyi yeni dəvətin üzərində israr edirdi, sanki ölümü gözünə almışdı. Qırx yaşlarında təcridə çəkildiyi mağarada görəsən ona nə olmuşdu ki, birdən birə heç kimin tanımadığı bir dəyişiklik və yenilik ilə insanların qarşısına çıxmışdı? Həm də necə? Dedikləri hər kəsi təəccübləndirirdi: sosial ədalət, qadın hüquqları, kasıblara əl tutmaq, cahiliyyə adətlərini qadağan etmək, Yaradıcı Allah haqqında kosmoloji düşüncələr və bir də keçmiş peyğəmbərlər haqqında hekayələr Məkkədə tez-tez eşidilən və müzakirə edilən mövzuya çevrilmişdi.

Muhəmmədin ﷺ gətirdiyi Kitabda bütün bunlarla yanaşı bir də inanılmaz dərəcədə cürətli bir iddia var idi: Həbəşistan və Misirdən başlayaraq Şam və Mərkəzi Avropaya qədər geniş bir ərazini əhatə edən, öz dövrünün iki böyük imperiyasından biri olan Bizans imperiyasının rəsmi dini və bu dinin nümayəndələri tənqid edilirdi. Səhralığın ortasındakı kiçik bir şəhərdə yaşamış və ömründə heç zaman bir kitab oxumamış Peyğəmbər ﷺ altı əsrdir ki, kitablar içində, tarixnamələr içində həyatlarını sürən bir mədəniyyətin özlərini nisbət etdikləri dini doğru anlamadıqlarını iddia edirdi. Bəli, tamamilə neytral bir gözlə baxdığımızda oxumaq və yazmaq bilməyən bir ərəb Bizansın ən savadlı bibliya alimlərini İsa haqqında doğru təbliğat aparmamaqda ittiham etmiş olub. Fenomenal deyilmi? Bəs nə deyirdi?

Quran iddia edir ki, yəhudilərin və xristianların dini mətnləri təhrif olunub, bizanslılar, hətta yəhudilər isə deyirlər ki, Bibliya qorunulmuşdur, ilahi vəhydir və dəyişdirilməmişdir. Quran deyir ki, İsa peyğəmbər yalnız və yalnız İsrail oğullarına göndərilmişdi, bizanslılar isə deyirdilər ki, İsa bütün bəşəriyyətə göndərilmişdi. Quran deyir ki, İsa peyğəmbər Musanın qanununu ləğv etməmişdi, bəzi qanunlar istisna olmaqla ümumilikdə Musanın qanununa riayət edirdi, bizanslılar isə tam tərsini deyirdilər. Quran deyir ki, İsa heç kimə özünün Allah olduğunu öyrətməmişdi, əksinə bir peyğəmbər, bir insan olduğunu demişdi, bizanslılar isə İsanın tanrı olduğunu öyrədirdilər. Sizcə Muhəmməd peyğəmbər ﷺ haqlı idisə, onun bunları bilməsində və heç bir akademik hazırlığı olmadan belə böyük bir yanılmanı ifşa etməsində bir möcüzə yoxdurmu?! Gəlin bu iddialara bir az yaxından baxaq və oradakı möcüzələrin mahiyyətinə varaq.

Hər şeydən əvvəl Bibliya kitabına bir mətn kimi baxmağımız lazımdır. Bibliya bir mətn olaraq kritik araşdırmaya tabe tutulduqdan sonra onun həqiqi müəlliflərinin heç də ortodoks yəhudilikdə və xristianlıqda qəbul olunan müəlliflər olmadığı ortaya çıxdı. Qərb tarixçiləri ”Bibliya kritikası” ənənəsinin Maarifçilik zamanından başladığını deyirlər. Bundan əvvəlki dövrdə də dini mətnləri tənqid edən cərəyanlar olub, lakin onların mövcudluğu ”Bibliya Kritikliyi” olaraq bilinən akademik münasibətə aid edilmir. Menahem Haran qeyd edir ki, “Avropa İntibahının oyanış ərəfəsində ortaya çıxmış kritik Bibliya araşdırması yeni bir təzahürdür və bunun ilk qığılcımları üçün talmudik və ya orta əsr müdriklərin sözlərini axtarmaq əbəs iş olacaq.”1 Bu nöqtədə Menahem Haran’ın dəqiq olmadığını söyləyə bilərik, çünki bu akademik ənənə əslində İbn Həzm kimi müsəlman alimlərlə başlayır. Lakin Quranın bu təzahürün ilk qığılcımları olduğunu söyləməyimiz lazımdır, çünki İbn Həzm kimi alimlər yalnız Qurandan ilham alaraq Bibliya kitabına maraq salmışdılar. Peyğəmbərin ﷺ özünün heç bir Bibliya təhsili olmadan tamamilə başqa millətlərə aid və tamamilə başqa dillərdə yazılmış dini mətnləri tənqid etməsi, o kitabların əhlini təhrifdə ittiham etməsi ən yumşaq dildə desək heyrətamizdir, möcüzəvidir. Bunu müşahidə edən bəzi xristian yazıçılar “peyğəmbər, bir Bibliya kritiki ola bilməyəcək qədər çox biliksiz idi…”2 deməyə özlərini məcbur hiss edirdilər. Bununla da Bibliya tənqidinin dərin biliklər tələb etdiyini etiraf edirdilər. 

İslam peyğəmbərinin həmçinin İsa peyğəmbər haqqındakı təsəvvürləri də eyni dərəcədə dəqiq və isabətli idi. Bu da çox heyrətamiz bir haldır. Misal üçün Quranda İsa peyğəmbərin İsrail oğullarına göndərildiyi deyilir, halbuki o dövrdə hakim olan təsəvvür tamamilə başqa idi: o dövrdə yəhudilər İsanı ümumiyyətlə qəbul etmirdilər və mövcud olan bütün xristian qruplar isə İsanın təkcə yəhudilərə deyil, bütün bəşəriyyətə göndərildiyini öyrədirdilər. İslam peyğəmbəri ﷺ – orientalistlərin iddia etdikləri kimi – biliklərini yəhudi və xristianlardan öyrənmişdisə Quran nə üçün israrla İsa peyğəmbərin yalnız yəhudilərə göndərildiyini iddia edirdi və bununla da həm yəhudilərə, həm də xristianlara müxalif olurdu?

Bununla bağlı məşhur oriyentalist Patricia Crone’un maraqlı müşahidəsinə yer verməliyik: “Yeddinci əsrdə yaşayan bir vaiz üçün İsanın israillilərə göndərildiyini iddia etmək heyranedici bir şeydir. Bu, əlbəttə ki, tamamilə doğrudur ki, İsa yəhudilərə vaaz verən bir yəhudi idi və yəhudilərin bir hissəsi iman gətirdiyi halda digərləri iman etmədilər və Yeni Əhddə yalnız bu qədərini oxumaq mümkündür; lakin yəhudi olmayan xristianlar İsanın missiyası haqqında bu cür təsəvvürə sahib deyildilər. Onlara görə yəhudilər, yeni əhdi rədd etmiş və İsanı çarmıxa çəkmiş kəslər idilər, amma İsa və onun həvariləri onlar kimi xristian idilər. Origen izah etdiyi kimi, “İsa “mən yalnız İsrail xalqının itmiş qoyunlarına göndərilmişəm” (Matta, 15:24) dediyində xatırlamalıyıq ki, burada biri cismani olan İsrail var idi və digəri ruhani olan İsrail var idi; biz, anlayışları zəif olan Ebionitlərin iddia etdikləri kimi, Məsihin xüsusilə cismani israillilərə göndərildiyini düşünməməliyik.” Lakin İsanın məhz əti və qanı ilə israilli olanlara  gəldiyi Quranda deyilir.”

Beləliklə də üçüncü əsrdən xristian alim Origenin misalında Crone bizə o dövrün xristianlarının nəyə inandıqlarını, İslamın isə bu məsələdə ən erkən xristianların inandıqlarına müvafiq olduğunu nümayiş etdirdi və beləliklə də ən birinci xristianlar olan ebionitlərin doğru inancına da diqqət çəkdi. Crone sözünə davam edir: “Belə bir arqument gətirilə bilər ki, burada gördüyümüz sadəcə olaraq Peyğəmbərin bütün peyğəmbərlərin öz qövmlərinə göndərilməsi inancının bir misalıdır,3 belə bir inancın Quranda hər zaman keçərli olmadığını (misal üçün Musa israillilərə yox, Firona göndərilmişdi) bir kənara qoysaq, yeddinci əsrdə yaşamış hansısa bir xristianın yəhudiləri İsanın öz xalqı kimi gördüyünə inanmaq çətindir. Peyğəmbərdən gözlənilən onun İsanın xristianlara göndərildiyini deməsi idi. Əlbəttə ki, İsadan əvvəl xristianlar mövcud deyildilər, lakin bu, çətin ki, Peyğəmbərin İsanın Allah tərəfindən onlara göndərildiyini düşünməyinə mane ola bilərdi; və hətta bu cür deyəcək qədər onun tarixi şüurunun həddindən artıq yaxşı inkişaf etdiyini güman etsək belə yenə də onun “israillilər İsanın dəvətinə yəhudilər və xristianlar olmaqla iki hissəyə bölünərək cavab verdilər” deməsi gözlənilərdi ki, bu cür deməsi tarix baxımından doğru olacaqdı. Lakin onun dediyi isə həqiqətdə budur ki, “onlar iman etmiş və iman etməmiş israillilərə bölündülər: dini baxımdan onlar parçalandılar, lakin etnik olaraq eyni qaldılar… Buradakı baxış acısı heç şübhəsiz ki, yəhudi məsihilərinə aiddir.”4

Qısaca olaraq Crone vurğulayır ki, Qurandakı perspektiv ən erkən yəhudi məsihilərinin, yəni İsaya iman gətirmiş ilk yəhudilərin perspektividir və daha sonra Pavelin sayəsində ortaya çıxmış xristianlığın perspektivi deyildir. Burada heyrətamiz olan tərəf budur ki, Peyğəmbərin ﷺ zamanında artıq ilkin yəhudi məsihi qruplardan heç biri qalmamışdı və dördüncü əsrdə onlar tarix səhnəsindən itib getmişdilər. Əgər İslam peyğəmbəri ﷺ xristianlığı məhz dövrünün xristianları ilə ünsiyyət vasitəsi ilə öyrənmişdisə o zaman necə olur ki, onların perspektivini deyil də, məhz tarixən ən doğru perspektivə, yəni ilk məsihilərin baxış açısına Quranda yer verib?

İlk məsihilərdən söz düşmüşkən oxucularımız üçün onlar haqqında əksər xristianların və yəhudilərin, həmçinin müsəlmanların cahil qaldığı bəzi məlumatları və bununla bağlı müasir xristian tarixçilərin gəldikləri nəticələri paylaşmaq yerinə düşəcək. Tarixçilər qeyd edirlər ki, erkən xristianlar İsanın məsih olduğunu, bir peyğəmbər olduğunu qəbul edən yəhudilərdən ibarət olublar və bunun qarşı tərəfində isə qeyri-yəhudiləri özünə xas bir xristianlığa dəvət edən Pavel dururdu. Yəhudi xristianlarının başında ”İsanın qardaşı” olaraq tanınan James var idi və onun yanında baş həvari Peter yer alırdı. Bunlar Qüds kilsəsini təmsil edirdilər və Tövrata riayət edən, sünnət olunmuş, şənbə günü çalışmayan, donuz əti yeməyən, yalnız koşer yeyən və İsanın yalnız yəhudilərə gəldiyinə və yəhudilərin gözlədikləri Məsih olduğuna inanan xristianlar idilər.

Pavel isə İsanın gəlişi ilə Musanın qanunlarının ləğv edildiyini təbliğ edirdi, qurtuluşun əməllər ilə yox, sadəcə İsaya iman gətirmək vasitəsi ilə həyata keçdiyini təbliğ edirdi. Pavelə görə İsanın gətirdiyi risalə təkcə yəhudilər üçün deyil, bütün bəşəriyyət üçün idi. Yəhudi xristianlarını özündə toplayan Qüds kilsəsi ilə qeyri-yəhudi xristianları təmsil edən Pavelin arasında ciddi bir ixtilafın olduğunu araşdırıb ortaya qoyan ilk avropalı tarixçilər əsasən Tübingen teoloqları olaraq tanınırlar; onların arasında xüsusilə Ferdinand Baur seçilir.5

Bunu həmçinin İngiltərənin ən görkəmli teoloqlarından və anqlikan kilsəsinin xadimlərindən biri olan Keith Ward ”What The Bible Really Teaches” kitabında təsdiqləyir; beləliklə də Pavelin təbliğ etdiyi xristianlığın tamamilə İsanın təlimlərindən uzaqlaşdığını qeyd edir.6Xristianlığın bu erkən forması çox uzun bir ömür sürə bilməyib; İsanın ”qardaşı” James 62-ci ildə öldürülür. 70-ci ildə Qüds romalılar tərəfindən darmadağın edildikdə xristianlığın ilk kilsəsinin, yəni Qüds kilsəsinin sonu gəlir. Bu tarixi hadisədən sonra erkən xristianlıq kiçik bir sekta halında davam edir və tarixdə onlar ebionitlər adı ilə tanınırlar.

Cambridge və London’dakı King’s College kimi prestijli təhsil ocaqlarında teologiya və incillər üzrə professorluq etmiş Graham Stanton yazır: ”İsanın məqsədi şübhəsiz ki, yeni bir dinin əsasını qoymaq deyildi. O, (özündən əvvəlki) kitabları inkar etmirdi, tam əksinə. Vəhydəki bəzi prinsiplərin üzərinə – digərlərinin hesabı bahasına – vurğu etməsinə baxmayaraq (ümumilikdə) Musanın qanununu şübhə altına almırdı. Lakin bəzi oturuşmuş adət-ənənələrə və prioritetlərə etiraz edirdi. İsa inanırdı ki, o, öz qövmünə Allahın iradəsini hökmranlıqla bəyan etmək üçün bir peyğəmbər olaraq göndərilib…”7

Burada həmçinin Quranın dəqiq bir təsbitinə də diqqət çəkmək lazımdır: (İsa dedi) Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim).” [3:50] Həqiqətən də İncillərin təliminə əsasən İsa bəzi hökmlər istisna olmaqla Tövrata tabe olmuşdur, onu təsdiqləmiş və təbliğ etmişdir. Durham universitetinin ilahiyyatçı professoru James Dunn digər bir ingilis xristian teoloq olaraq ilk xristianlar haqqında bunları yazır: ”İlk xristianlar yəhudi idilər…Onlar İsanın Məsih olduğuna, öldükdən sonra dirildiyinə inansalar da, bu, onların yəhudilər olaraq düşüncə sahibi olmaqlarını və ya yəhudi baxış açısına sahib olmaqlarını dəyişdirmir… Onlar (Tövratın) qanunlarına sorğulamadan riayət etməyə davam edirdilər… Məbədə möhkəmcə bağlı olmağa davam edirdilər, gündəlik namaz vaxtlarında orada iştirak edirdilər… Qısacası, aşkar görünür ki, ilk (xristian) camaat özlərini yəhudilikdən ayrı yeni bir din hesab etmirdilər.”

Beləliklə də James Dunn erkən xristianların Tövratın qanunlarına riayət edən, Məbədə gündəlik gedib namaz qılan və başqa millətlərə təbliğat etməyən yəhudilər olduqlarını deyir. Daha sonra önəmli bir nöqtəyə toxunur: ”Burada nəzərə almaq lazımdır ki, xas xristianlığın başlanğıcını götürdüyü qrup bunlar idilər. Onları yəhudi əksəriyyətdən fərqləndirən yeganə xüsusiyyətlər İsanın Məsih olduğuna, yenidən dirildiyinə və Qiyamət gününə çox az vaxt qaldığına inanmaqları idi. Pavelin vasitəsi ilə ortaya çıxmış məşhur xristianlığa xas olan ayırd edici xüsusiyyətlərin   heç biri (onlarda) mövcud deyildi.” Dunn sözünə davam edir: ”Əgər biz nəzərimizi xristianlığın başlanğıcından çəkib 150-il sonraya və ya ikinci əsr və ötəsinə salsaq, bizə dərhal aydın olur ki, vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir: yəhudi xristianlıq nəinki artıq xristianlığın yeganə forması deyildi, hətta artıq qeyri-ortodoks və bidətçi qrup olaraq tanınırdılar.”8

Kilsə tarixi haqqında yazmış ən qədim tarixçi olan Eusebius ilk xristianların davamçıları hesab edilən yəhudi xristianlar haqqında deyir ki, onlar İsanın bakirə qadından dünyaya gəldiyini inkar etmirlər, ”lakin yenə də onun Tanrı… olaraq əzəldən mövcud olduğunu qəbul etməkdən imtina edirlər.” Onlar da digər yəhudilər kimi ”Qanuna zahirən əməl etməyin üzərinə eyni dərəcədə vurğu edirdilər.” Pavelə münasibətə gəldikdə Eisebius xəbər verir ki, ”onlar Apostol (Pavel)in məktublarının tamamilə inkar edilməsi gərəkdiyini deyirlər, onu (Musa) qanunundan dönmüş mürtəd adlandırırlar.” Üstəlik xəbər verir ki, ebionitlər ”yalnız ”Yəhudilərin İncilini” istifadə edirdilər və digər incillərə lazım olan ehtiramı göstərmirdilər.”9 Beləliklə də öyrənmiş oluruq ki, erkən xristian kilsəsinin davamı olan ebionitlər:

  1. İsanın Allah olduğuna inanmırdılar,
  2. Onun bir peyğəmbər və xilaskar (məsih) olduğuna inanırdılar,
  3. Onun bakirə qadından doğulduğunu təsdiqləyirdilər,
  4. Pavelin həqiqi xristian təlimlərini təhrif etdiyini deyirdilər,
  5. Digər incillərin doğru olmadığını, xətalı olduğunu söyləyirdilər. 

Beləliklə də öyrənmiş oluruq ki, İsaya iman gətirmiş ilk yəhudilər, yəni ilk məsihilər İsa haqqında etiqadlarında və tövhid inancında Quranda deyilənlərə müvafiq idilər. İlk məsihilərin yolunu yuxarı-aşağı eyni həssasiyyətlə təqib etmiş ebionitlər də bu baxımdan müsəlmanlara yaxın idilər. Müasir xristian akademikləri özləri belə bu təəccüblü bənzərliyi etiraf edirlər. Bibliya kitabına şərh yazan ən görkəmli xristian alimlərindən bir qrupun etdiyi etiraflar arasında Matta 5:17,19 və 20-ci bəndlər haqqında bu sözlər də keçməkdədir: ”(Bu bəndlər) yəhudi-xristianlığının baxış açısını əks etdirir ki, bu, müstəqil bir cərəyan olaraq Pavelçilik tərəfindən məğlub edildi və yox olub getdi. Ola bilsin ki, bir başqa forması ilə yenidən İslam dinində peyda olub.”10

Bir başqa sözlə bu xristian alimləri deyirlər ki, İslam dininin İsa Məsih haqqındakı təsəvvürləri ən erkən xristianlığa müvafiqdir, yəni Pavelin təbliğ etdiyi xristianlığa deyil, məhz İsanın həvarilərinin və onların yəhudi davamçılarının təbliğ etdikləri xristianlıqla uyuşur. Burada biz sözü amerikalı teoloq, North Carolina universitetində qədim yəhudilik və erkən xristianlıq haqqında dərs verən professor James Tabor’a vermək istəyirik. Bu bibliya alimi, amerikalı akademik ”The Jesus Dynasty” adlı kitabında yuxarıda gətirdiyimiz sitatlara uyğun olaraq erkən xristianlığın yəhudi dinindən ayrılmadığını, sadəcə olaraq İsa peyğəmbərə məsih və peyğəmbər kimi inandıqlarını təsdiqləyir. Kitabın sonunda yekunlaşdırıcı bölmədə isə bunları yazır:

”Müsəlmanlar ərəb dilində İsa adı ilə tanınan Jesus’a ibadət etmirlər, nə də onu ilah hesab edirlər, amma onun Allahın bir peyğəmbəri və ya elçisi olduğuna inanırlar və o, Quranda Məsih adı ilə çağırılır. İstənilən halda İsanın Məsih olduğunu təsdiq etməklə onun messianik risaləsini təsdiqləyirlər, onu (xristianların inandıqları kimi) səmavi bir Xristos olaraq qəbul etmirlər. Mənim ”The Jesus Dynasty” kitabımda təqdim etdiyim araşdırma ilə İslamın ənənəvi inancları arasında heyrətamiz əlaqələr vardır. Müsəlmanların İsanın messianik (məsihi) bir peyğəmbər və müəllim olması üzərində vurğu etməkləri bizim Q qaynağında,11 James’in kitabında və Didache mətnində12 oxuduqlarımıza tamamilə müvafiqdir. Məsih olmaq bir risaləni təbliğ etmək deməkdir, lakin bu risalə İbrahim, Musa və digər peyğəmbərlərin təbliğ etdikləri risalə idi. İslam israr edir ki, nə İsa, nə də Muhəmməd ﷺ  (digər peyğəmbərlərdən fərqli) yeni bir din gətirməyiblər; hər ikisi də insanları ”İbrahim peyğəmbərin etiqadına” qayıtmağa çağırıblar. Bu elə məhz James’in kitabında üzərində vurğu edilənin eynisidir. İslamda olduğu kimi James’in kitabı və Q qaynağında keçən İsanın təlimləri, imanı doğrulamaq üçün Allahın əmrlərinə əməl etməyin üzərində israr edirlər. Üstəlik, İslamın yeməklərlə bağlı Quranda keçən qanunları James’in İşlər kitabında (15) öyrətdiklərini“13 az qala sözbəsöz əks etdirir: ”O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir.” Pavelin İsa haqqında təbliğ etdiklərini və beləliklə də ortodoks xristianlığın cövhəri iddialarını müsəlmanlar inkar etdikləri üçün İslam və Xristianlıq arasında İsa məsələsindəki uçurum çox böyükdür. Lakin bizim bu kitabda İsa haqqında təqdim edilənlərdən az bir şey istisna olmaqla heç bir şey İslamın təməl təsəvvürlərinə zidd gəlmir.”

Bura qədər Tabor’un qeyd etdikləri Quranın İsa haqqındakı təlimləri ilə erkən xristianların İsa haqqında öyrətdikləri arasındakı bənzərliklər haqqında heyrətini ifadə etmək idi. Bundan sonra bir çox xristian teoloq kimi bu bənzərliyə izah gətirməyə çalışaraq əlavə edir: ”Muhəmməd peyğəmbər Ərəbistanda xristian qruplarla kontaktda idi və onun qarşılaşdığı xristian qrupların etiqad baxımından Qərb kilsəsinə yox, Ebionitlərə yaxın ola biləcəklərini güman etmək üçün dəlil vardır. Əgər bu belədirsə o zaman tarixin ən valehedici dönüş nöqtələrindən biri də bu olacaq ki, İsa haqqında İsanın ailəsinin təmsil etdiyi baxış açısı – təəccüblü olaraq – İslami ənənəyə aid aspektlərdə sağ qala bilib.”14

Burada Pennsylvania Dövlət Universitetinin professoru, lüteran kilsə xadimi Jeffrey J. Bütz’ü də söhbətə qonaq etməyi uyğun götürük. O, İsanın ”qardaşı” James haqqında müstəqil bir kitab yazıb və kitabın sonunda qeyd etdiyi nəticələr arasında deyir: ”Buna görə də James haqqında aparılmış müasir tədqiqatın kəşf etdiyi sağlam nəticələrdən birinə əsasən nə İsanın ailəsinin, nə həvarilərinin, nə də onun yəhudi tələbələrinin İsanın hərfi mənada Allah olduğuna inanmamaqları (nəticəsi) bu gün dinlər arası dialoq üçün potensial olaraq çox əhəmiyyətlidir. Onlar inanırdılar ki, İsa Davud (peyğəmbərin sülaləsin)dən gələn Məsih idi, Yəhya tərəfindən baptiz edilərkən Tanrı tərəfindən ”oğulluğa” götürülmüşdü, buna baxmayaraq hələ də adi insan idi.” Bu nəticələrin müasir tarixi araşdırmaların gəldiyi sağlam bir nəticə olduğunu dedikdən sonra Bütz əlavə edir: ”Müsəlmanların İsa anlayışının erkən xristian ortodoksluğu ilə – yəni İsa barəsində orijinal yəhudi-xristian anlayışı ilə ziyadəsiylə uyğunluq içində olması çox heyrətamizdir.”15 Bütz bundan sonra həmkarı Tabor kimi bunu izah etməyə və Muhəmmədin ﷺ Ərəbistandakı xristian qruplarla əlaqədə olması ehtimalına arxalanır.

Beynimizdə yaranmış bu suallara yaxından baxmağımız lazımdır: əgər İslam peyğəmbəri bu biliklərini ebionitlər kimi və ya onlara yaxın olan xristian qruplardan öyrənmişdisə burada xüsusilə təəccüblü bir şey olmamalıdır. O zaman bizim bu ehtimala bir nəzər atmağımız lazımdır. Hər şeydən əvvəl təkrarən deyirik ki, İslam peyğəmbərinin nümayiş etdirdiyi bu biliklər həqiqətən də xristian və qeyri-xristian tədqiqatçıların təəccübünü və heyranlığını qazanıb. Bu heyranlıq və təəccüb özlüyündə onu göstərir ki, bu alimlər Muhəmmədin ﷺ biliklərini xristian qruplardan öyrənməsinə dair hər hansı bir məlumata sahib deyillər. Əgər sahib olsaydılar bu cür təəccüblənməzdilər.

Lakin bir qayda olaraq onlar arada hansısa xristian və ya yəhudi qrupların təsirinin olduğunu fərz edirlər. Təbii ki, onların qarşısında iki seçim var; ya Muhəmmədin ﷺ savadlı adam olub öz dövründəki xristian tayfalardan bu bilikləri öyrəndiyini deməlidirlər, ya da onun Allahdan vəhy aldığını qəbul etməlidirlər. Öz dinlərinə və ya dünya görüşlərinə sadiq qalaraq çox zaman birinci varantı seçirlər. Misal üçün, Bibliya tarixi üzrə bir çox tədqiqatçı alim Qurandan əvvəlki dönəmdə bəzi dini qrupların Bibliya mətnlərində təhrifin baş verdiyinə inandıqlarına işarə edirlər. Ənənəvi olaraq bu cür qrupların arasında samiriləri, ebionitləri və makronitləri qeyd edirlər. Lakin problem budur ki, Peyğəmbərin yaşadığı dönəmdə bu qruplarla əlaqədə olması və onlardan nəsə öyrənməsi imkansız idi.

Gabriel Reynolds bu arqumentləri bu cür qiymətləndirir: ”Bu qrupların üçü də – samirilər, yəhudi-xristianlar və markonitlər – müxtəlif vaxtlarda İslamın qaynağı olaraq alimlərin spekulyasiya mövzusu olub. Lakin bunların heç birində bu spekulyasiyaların arxasında inandırıcı arqumentlər olmayıb. İslamın başlanğıcında samirilər kiçik və coğrafi baxımdan təcrid olunmuş bir camaat idi. Yəhudi-xristianlar və markonitlər isə – görünür ki, – o vaxtdan xeyli öncə itib yox olmuşdu.” 16

Ebionitlərin Muhəmmədin zamanında mövcud olmadığını, onların tarix səhnəsindən silinmiş olduqlarını, sonuncu dəfə dördüncü və ya beşinci əsrdə Qüdsdə kiçik izlərinin qaldığını qeyri-müsəlman alimlər özləri deyirlər. Ebionit alternativi sıradan çıxdığı üçün xristianlar digər qruplara yönəliblər. Bəziləri – dəməşqli Yəhya’dan başlayaraq – Peyğəmbərin bu bilikləri xristian rahib Bəhira’dan aldığını deyiblər; onlara görə Muhəmməd – aleyhissələm – ”arianlardan İsanın yaradılmış olduğunu, əbədi olmadığını öyrənib. Nestorianlardan isə Muhəmməd ﷺ İsanın insanlığı üzərində vurğu etməyi öyrənib. Yəhyaya görə rahib Bəhira bir arian idi və beləliklə də (arian təlimləri ilə) ərəbləri azdırıb.”17

Darren Slade özü qeyd edir ki, ”çox ehtimal ki,” Bahira hekayəsinin ”nə İslam versiyası, nə də Xristian versiyası həqiqətdə baş verməyib.” Bu nöqtədə İslam tarixçisi, mühəddis Şəmsuddin əz-Zəhəbi onunla razılaşır və hekayənin mətnini akademik bir üslubda tənqid edir.18 Üstəlik Bəhira hekayəsinə görə rahiblə bu görüş əsnasında İslam peyğəmbəri hələ kiçik bir uşaq idi. Bu ehtimalı ortaya atan xristianlar demək istəyirlər ki, Muhəmməd ayrı-ayrı xristian qruplardan ayrı-ayrı təlimləri götürüb, nestorianlardan bir təlimi, monofizitlərdən bir başqasını, arianlardan isə tamamilə fərqli bir təlim götürüb. Əgər bu doğru olsaydı təəccüb daha da şiddətli olmalı idi; belə çıxacaq ki, yeddinci əsrdə səhrada bir şəhərdə böyümüş bir ərəb ayrı-ayrı xristian tayfalardan təlimləri toplayaraq bir araya gətirmiş və erkən xristianlığa, yəni İsanın orijinal təlimlərinə müvafiq olan doğru təsəvvürə varmışdır. Məgər bu, özlüyündə insanı təəccübləndirmirmi, valehləndirmirmi? Lakin bu nəzəriyyə çox absurd görünür, çünki İslam peyğəmbərinin hansısa xristian qruplarla görüşdüyünü, onlarla dialoqda olduğunu fərz etsək belə bu cür qısa görüşlərdə bu dərəcədə dərin və dəqiq bilikləri əldə etmək və bunların arasından ən doğrusunu təsbit etmək bəşər övladı üçün imkansızdır. 

Üstəlik xristianların qarşısındakı bu problemə daha çox problem qatan budur ki, o dövrdə Hicazda bu xristian qruplar mövcud deyildir. Richard Bell bir tarixçi kimi etiraf etməli olur ki, ”Hicazda və ya Məkkənin və ya Mədinənin yaxınlığında hansısa bir xristian mərkəzinin olmasına dair heç bir qanedici dəlil yoxdur. Yalnız Mədinə dövrünün sonlarında Muhəmməd xristian başçılar və qəbilələr ilə danışıqlara girir. Bu onu göstərir ki, onlar Mədinədən uzaq məsafədə idilər. Hətta nominal olaraq xristian olan bu qəbilələrdə öz dinləri haqqında dərin təsəvvürün və ya bağlılığın oturuşduğunu fərz edə bilmərik.”19

Francis Peters da bunu təsdiqləyərək deyir: ”Qazza’da xristianlar var idi və Yəməndə həm xristianlar, həm də yəhudilər var idi, lakin bu qruplardan heç biri Quranın başladığı yer olan Məkkədə yox idi…”20 Stephen Shoemaker ən sonuncu çalışmasında “Islamın intişarından əvvəl və ya sonra Hicazda hər hansı bir xristian mövcudiyyətinə dəlalət edən bir dəlilin olmamasını” xüsusi bir vurğu ilə “heyrətləndirici” adlandırır.21 Harry Munt bu yöndə aparılmış ən müasir araşdırmaları və onların nəticəsini belə xarakterizə edir: “Müasir elmi araşdırmalarda Hicazda Məkkə və Mədinə ətraflarında xristianların mövcudluğunu sübut etmək üçün əhəmiyyətli dərəcədə zəhmət sərf edilib, lakin etiraf edilməlidir ki, adətən onların o ərazilərdə mövcudluğunun xeyrinə göstərilən dəlillər zəifdir.” Daha sonra bəzi dəlillərə misal verir və deyir: “Lakin bunların hamısı olduqca spekulyativdir və Məkkə və Mədinədə bir iki xristian fərddən başqa nəyinsə mövcud olması hələ də sübutunu gözləyir.”22

Richard Bell iyirminci əsrin əvvəllərindəki, Francis Edward Peters isə iyirminci əsrin ikinci yarısındakı tarixi araşdırmanın nəticələrini təqdim edirdilərsə, Shoemaker və Munt artıq iyirmi birinci əsrin əvvəlindəki baxış bucağını təmsil edirlər. Xüsusilə də Munt’un sözlərinə diqqət etmək lazımdır; çünki Peyğəmbərin bilikləri ilə xristian qruplar arasındakı əlaqələrin olduğunu sübut etmək üçün çox ciddi çalışmalar ortaya qoyulub, buna baxmayaraq xristian qrupların Hicazda mövcud olduqları sübuta yetirilməyib. Bu, hələ də fərziyyə olaraq qalır. Qurandakı biliklər müasir akademikləri, xristianları və qeyrilərini çaşqınlığa salıb. Bəziləri deyiblər ki, Muhəmməd ﷺ mütləq oxumaq və yazmaq bilən, dövrünün ən üstün ziyalılarından olmalı idi. Belə bir iddia bir başa Quranın özündə problemlə üzləşir, çünki Quran peyğəmbərin oxumaq və yazmaq bilmədiyini deyir: “Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şübhə edərdilər.” (29:48)

Əgər Muhəmməd oxumaq və yazmaq bilən, dövrünün savadlı kəslərindən biri olsaydı şübhəsiz ki, onun zamanındakılar üçün “Muhəmməd bunları oxuduğu kitablardan götürüb” demək asan olacaqdı, onun peyğəmbərliyini inkar edəcəkdilər. Əksinə yazmağı və oxumağı bacarmayan birinin əvvəlki peyğəmbərləri, İbrahimin dinini, vəhy olunmuş kitabları çox bəlağətli dildə insanlara başa salması onları tamamilə silahsızlaşdırır, onları düşünməyə vadar edir. Bununla belə xristian orientalistlər yeni izahlar fikirləşməyə davam etdilər. Misal üçün Amerikanın xristian missionerlərindən olan Samuel Zwemer inanırdı ki, Muhəmməd ﷺ “ilahi vəhyin möcüzəvi təbiəti üzərində vurğu etmək üçün və Quranı özünün yazması barədə hansısa mümkün spekulyasının qarşısını almaq üçün özünü elə aparırdı ki, guya oxumaq və yazmaq bilmirdi.”23

Bu o deməkdir ki, Muhəmməd ﷺ peyğəmbərliyini uşaq çağından planlaşdırırmış və oxumağı-yazmağı bacardığı halda bunu qırx yaşında peyğəmbərliyini elan edənə qədər gizlətməyi bacarıb. Doğma əmisi Əbu Talib’dən də, öz əmisi oğlu və kürəkəni Əlidən də bunu gizlətməyi bacarıb. Belə bir iddianı absurdluq kateqoriyasından qurtarmaq üçün güclü dəlillərə ehtiyac var. Muhəmmədin oxuyub yazdığını bilən kəslər təbii ki, çox rahatlıqla Quranda bunun əksini iddia edən ayəni yalanlamağa çalışacaqdılar. O dövrün Ərəb yarımadasında oxuyub-yazmaq yayğın bir hal deyildi; ona görə də bu işin əhlini yaxşı tanıyırdılar. Belə aşkar bir halı gizlin saxlamaq çox erkən bir zamandan inanılmaz dərəcədə detallı bir planlama və qeyri-adi əzm tələb edir. Bütün bunlarla yanaşı – orientalistlərin iddia etdikləri kimi – Muhəmməd ﷺ gizlində xristian və yəhudi qaynaqlarını oxumuş olmalı idi.

Yəhudi tarixçi Mark Cohen bu barədə təəccübünü gizlədə bilmir. O, Muhəmmədin ﷺ yəhudilik və yəhudi qaynaqları haqqında yaxından tanışlıq sərgilədiyini qeyd etdikdən sonra deyir: “Ticari şəhər olan Məkkədə hakimlik edən ərəb qəbiləsindən olan bir tacirin necə və hansı şəkildə yəhudilik haqqında bu qədər çox şey öyrənməsi bu günə qədər sirr olaraq qalır.”[ref]Mark R. Cohen, “Under Crescent & Cross: The Jews in The Middle Ages”, səh: 22; Princeton University Press, New Jersey, 1994[/ref] Bu sirri, bu əsrarəngizliyi müsəlmanlar başqa adla “möcüzə” olaraq adlandırırlar.

Muhəmməd peyğəmbərin ﷺ möcüzə olaraq göstərdiyi Quran kitabının möhtəşəmliyini etiraf edən Reginald B. Smith hələ on doqquzuncu əsrdə maraqlı bir proqnoz  verirdi: 24

“…elə bir gün gələcək ki, – buna inanmağa cürət edirəm – görkəmli filosoflar və ən doğru xristianlar onun bir peyğəmbər olduğunu, Allahın həqiqi peyğəmbəri olduğunu qəbul etməkdə razılaşacaqlar.”

Reginald B. Smith

İyirminci əsr bu cür xristian rahiblərin, orientalistlərin və alimlərin şahidi olub və bu Reginald Smith’in kəhanəti özünü doğrulamağa davam edir. Luois Massignon və Giulio Basetti-Sani kimi katolik orientalistlər və rahiblər çox qəribə bir adaptasiya ilə İslam peyğəmbərinin ﷺ Allahdan vəhy almış həqiqi bir peyğəmbər olduğuna, gətirdiyi kitabın isə ilahi bir kitab olduğuna şahidlik etmək təşəbbüsü göstərdilər.25 Belə bir güzəştin içində Quranı ilahi bir kitab kimi qəbul etməklə yanaşı onu ciddi bir şəkildə təhrif etmək də yer alırdı.

Montgomery Watt və Hans Küng kimi tarixçi xristian alimlər də Muhəmmədin ﷺ peyğəmbər olduğunu, Quranın ilahi vəhy olduğunu qəbul edirlər.26 Onu da qeyd etməliyik ki, bu alimlər İslam dininə və Qurana xristian baxış açısından baxırlar; onlara görə ilahi kitabın həm ilahi vəhy, həm də peyğəmbərə xas bəşəri elementlərdən formalaşması mümkündür. Küng açıq şəkildə İslam peyğəmbərini qədim israil peyğəmbərləri ilə eyniləşdirir ki, biz müsəlmanların nəzərində bu, doğru deyildir.

Lakin orta əsrlərin xristianlarına nisbətdə müasir teoloqların ciddi bir proqres etdiklərini görürük. Müasir alman teoloqlarını və Tübingen məktəbini təmsil edən Martin Bauschke yazır: “Mən, Muhəmmədi təkcə fenomenoloji təsvir olaraq bir peyğəmbər hesab etməyən, həmçinin onun teoloji mənada Allahın peyğəmbəri olduğunu etiraf etməyə çağıran teoloqlar qrupuna aidəm.27 Martin bu teoloqlar arasında Martin Forward, Notker Fuglister, Bertold Klappert, Hans Küng, John Hick, Reinhard Leuze, Paul Schwarzenau, Wilfred Cantwell Smith, Perry Schmidt-Leukel və Keith Ward’un adlarını qeyd edir. Bu il aprel ayının 30-unda Paul Williams’a intervyu verən Oxford universitetinin professoru, anqlikan kilsəsinə aid teoloq Keith Ward tərəddüd etmədən Muhəmmədin ﷺ peyğəmbər olduğunu qəbul etdi, üstəlik bunu da əlavə etdi ki, müasir dövrün xristian teoloqlarının demək olar ki, hamısı bunu qəbul edir.28 Şübhəsiz ki, belə bir transformasiya Peyğəmbərin həyatını və onun gətirdiyi Kitabı yaxından incələdikdən sonra mümkün olub.

Dipnotlar

  1. Sara Japhet, “Studies in Bible”, səh: 31; Magnes Press, Qüds, 1986
  2. William Dool Killen, ”The Old Catholic Church or The History, Doctrine, Worship, and Polity of The Christians”, səh: 134; T.&T.Clark, Edinburgh, 1871
  3. Crone qeyd edir ki, belə bir arqumenti onun qarşısına gətirən Adam Silverstein olub.
  4. Patricia Crone, “The Quranic Pagans and Related Matters: Collected Studies in Three Volumes”, 1-ci cild, səh: 233-234; Brill, Leiden, 2016
  5. F.F. Bruce, “The History of The New Testament”, ed. Howard Marshall, “New Testament Interpretation: Essays on The Principles and Methods”, səh: 43; The Patemoster Press, Carlisle, 1977
  6. Keith Ward, ”What The Bible Really Teaches: A Challenge for Fundamentalists”, səh: 156-157; Society for Promoting Christian Knowledge, Londo4n, 200
  7. Graham Stanton, “The Gospels and Jesus”, səh: 296; Oxford University Press, New York, 2002
  8. James D. G. Dunn, “Unity and Diversity in The New Testament: An Inquiry into The Character of Earliest Christianity”, səh: 255-258; SCM Press, London, 2006
  9. Eusebius, “The History of The Church from Christ to Constantine”, səh: 137; Augsburg Publishing House, Minneapolis, 1975
  10. Raymond Edward Brown, Joseph A. Fitzmyer & Roland Edmund Murphy, “The New Jerome Biblical Commentary”, səh: 641; Prentice Hall, 1990
  11. Q qaynağı İncilin nəzəri bir versiyasıdır. Matta və Luka’nın incillərini araşdırmış akademiklər müşahidə ediblər ki, hər iki incil yoğun bir şəkildə Mark’ın incilindən istifadə etdikləri kimi bir də tanınmayan, tapılmamış bir başqa incildən də istifadə edirlər, çünki Markda olmayan, hər iki İncildə olan identik mətnlər mövcuddur. Q hərfi almancada qaynaq mənasını verən “quelle” sözünün ilk hərfini ifadə edir.
  12. Didache erkən xristian mətnlərdən biridir; bəziləri onu birinci əsrə, digərləri isə ikinci əsrə aid edirlər. Yəhudi xristianların dini ayinləri haqqındadır. Bu mətn itmiş mətnlər arasında hesab olunurdu və mətnin yunancası 1873-cü ildə, latıncası isə 1900-cu ildə tapılır.
  13. Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər.” (Həvarilərin İşləri, 15:20)
  14. James D. Tabor, ”The Jesus Dynasty: The Hidden History of Jesus, His Royal Family, and The Birth of Christianity”, səh: 315-316; Simon & Schuster, New York, 2006
  15. Jeffrey J. Bütz, ”The Brother of Jesus and The Lost Teachings of Christianity”, səh: 186; Simon & Schuster, New York, 2005
  16. Gabriel S. Reynolds, “On The Quranic Accusation of Scriptural Falsification (Tahrif) and Christian Anti-Jewish Polemic”, Journal of The American Oriental Society, cild: 130, say: 2, (2010) səh: 197
  17. Darren M. Slade, “Arabia Haeresium Ferax (Arabia Bearer of Heresies): Schismatic Christianity’s Potential Influence on Muhammad and The Quran”, American Theological Inquiry, cild 7, say 1, səh: 52, Minneapolis, 2014
  18. Ş. əz-Zəhəbi, “Tərixul-İsləm va Vafəyətul-Məşəhir val-Aləm”, cild 1, səh: 503-504; Darul-Ğarb əl-İsləmi, Beyrut, 2003
  19. Richard Bell, ”The Origin of Islam in Its Christian Environment: The Gunning Lectures”, səh: 42-43; Macmillan and Co., Limited, London, 1926
  20. F. E. Peters, “Muhammad and The Origins of Islam”, səh: 1; State University of New York Press, New York, 1994
  21. Stephen J. Shoemaker, ”A Prophet Has Appeared: The Rise of Islam Through Christian and Jewish Eyes: A Sourcebook”, səh: 121; University of California Press, Oakland, 2021
  22. Harry Munt, “No Two Religions: Non-Muslims in The Early Islamic Hijaz”, Bulletin of The School of Oriental and African Studies, cild 78, say: 2, səh: 252-253, Cambridge University Press, 2015
  23. Alan Dundes, “Fables of The Ancients? Folklore in The Quran”, səh: 2; Rowman & Littlefield Publishers, Lanham, 2003
  24. R. Bosworth Smith, “Mohammed and Mohammedanism”, səh: 291; John Murray, ikinci nəşr, London, 1889
  25. John Tolan, “Faces of Muhammad: Western Perceptions of The Prophet of Islam from The Middle Ages to Today”, səh: 237-241; Princeton University Press, New Jersey, 2019
  26. Paul Hedges & Alan Race, “Christian Approaches to Other Faiths: A Reader”, səh: 250-253; SCM Press, London, 2009; John Tolan, “Faces of Muhammad: Western Perceptions of The Prophet of Islam from The Middle Ages to Today”, səh: 241-258; Princeton University Press, New Jersey, 2019
  27. Paul Hedges & Alan Race, “Christian Approaches to Other Faiths: A Reader”, səh:202, SCM Press, London, 2009
  28. Revd Professor Keith Ward in discussion with Blogging Theology: https://www.youtube.com/watch?v=ftRsC_2sjg8&t=3s&ab_channel=BloggingTheology