Beynəlxalq Hüquq və Qüds məsələsi

Qüdsün müsəlmanlar üçün statusu bəllidir, buranın müqəddəs 3 məkandan biri və müsəlmanların ilk qibləsi olması onlar üçün kifayət edir. Azərbaycanda isə tarix bilgisi zəif olan bir qrup İsrail fanatikinin “Jerusalim is İsrael” şüarlarını gördükdən sonra beynəlxalq hüquqa görə Qüdsün statusu haqda yazmağa qərar verdik. Yazını oxusanız görəcəksiniz ki, Qüdsün beynəlxalq hüquq cəhətdən vəziyyəti Qarabağın işğaldan azad olunandan əvvəlki vəziyyəti ilə necə də bənzərlik təşkil edir.

1917-ci ilə qədər Osmanlının idarəsində olan Fələstin torpaqları həmin ilin 11 noyabrında 2 noyabr tarixində açıqlanan Balfour Deklorasiyası 1 ilə sionistlərin bölgədə siyasi bir varlıq yaratmasına dəstək verəcəyini elan etdikdən bir müddət sonra ingilislər tərəfindən işğal edildi. İngilis işğalı nəticəsində əvvəllər yalnız xaç yürüşləri zamanı dayandırılmış Qüdsdəki təxminən 1200 illik müsəlman hakimiyyətinə son qoyuldu və bölgəyə yəhudi ailələrin köçü başladı. 1917-1920-ci illər arasında birbaşa ingilis hərbi rəhbərliyi altında olan Qüds və digər Fələstin torpaqları 1920-ci ildə San Remo Konfransında2 və 1948-ci ildə İsrailin qurulmasına qədər davam edəcək İngilis işğalçı administrasiyasında verilən qərarla İngilis mandatına buraxıldı. 

1922-ci ildə yerli ərəb liderlər Londona gedərək Fələstin xalqının Balfour Deklorasiyasını və mandat rejimini qəbul etmədiyini və müstəqillik istədiyini bildirsə də, ardıyca İngiltərə hökuməti Balfour Deklorasiyasından güzəştə getməyəcəklərini vurğulayaraq “Churchill Bəyannaməsini”3 yayımladı. Bəyannamə nəticəsində keçmiş İordaniya Fələstindən ayrıldı və təsdiq edilmiş razılaşmaya zidd olsa da, İngilislərin Fələstin ərazilərindəki mandatı League of Nations (Millətlər Liqası) tərəfindən təsdiq edildi. Belə ki, Mandat Razılaşmasının 23-cü maddəsidə “Mandat seçimində yerli icmaların istəkləri nəzərə alınmalıdır.” deyilirdi. Bir sözlə, Fələstində yaradılan mandat idarəsi Fələstin xalqının təsdiqinə tabe olmadan yaradılmışdı.

ML tərəfindən qəbul edilmiş mandat razılaşması 28 maddədən ibarət idi. Razılaşmanın 14-cü maddəsi müqəddəs yerlərlə, daha dəqiq desək, Qüdslə bağlıdır. Maddə belədir: “Müqəddəs yerlərlə bağlı iddiaları araşdırmaq üçün mandat dövlət (İngiltərə) tərəfindən ML-in təsdiqinə təqdim ediləcək xüsusi bir komissiya yaradılacaq.” Ancaq bu sadəcə kağız üzərində qaldı və komisiya heç vaxt yaradılmadı. 1937-ci ildə İngiltərənin təşəbbüsü ilə hazırlanan Soyma Komissiyasında Fələstində müstəqil Ərəb və Yəhudi dövlətlərinin qurulması və Qüds də daxil olmaqla müqəddəs yerlərin İngiltərənin mandatı altında qalması nəzərdə tutulurdu. Bu hadisə həmin ildə tədbiq edilməsə də, 10 il sonra, 1947-ci ildə BMT-nin alacağı qərarın əsasını təşkil edəcəkdi. 1947-ci ildə İngiltərə İkinci Dünya Müharibəsindən sonra yaranan vəziyyət fonunda bölgədən çıxacağını və mandat hüququnu BMT-yə verəcəyini açıqladı. Təxminən bir il sonra, 15 May 1948-ci ildə Fələstindən çəkilməyə başladı.4

BMT mandat hüququna sahibləndikdən sonra təşkilat daxilində yaradılan Fələstin üçün Xüsusi Komitə (UNSCOP) Fələstindəki vəziyyəti araşdırdı və iki fərqli hesabat təqdim etdi. Azlıq həlli federativ bir dövlət qurulmasında görsə də, əksəriyyət mandatın biri Ərəb, digəri Yəhudi olmaqla iki əyalətə bölünməsini və Qüdsün “Beynəlxalq Zona” olaraq BMT-nin himayəsində qalmasını təklif etdi. Bu hesabatları nəzərdən keçirdikdən sonra, BMT Baş Məclisi 29 Noyabr 1947-ci ildə qəbul edilmiş 181 saylı bölmə qərarı ilə ikinci variantı qəbul etdi, bununla da Fələstin torpaqlarının iki dövlətə bölünməsi, Ərəb və Yəhudi dövlətləri, həmçinin Qüdsün beynəlxalq statusu (corpus separatum) rəsmi hala gəldi.5

Əslində bu qərar Fələstinin ML sazişinə görə öz müqəddəratını təyinetmə hüququnun pozulması idi. Belə ki, ML Sazişinin 22-ci maddəsinin 4-cü bəndinə görə, Osmanlı Dövlətinin idarəsindəki Fələstin ərazilərinə mandat rejimindən sonra lazımi vəziyyət yarandıqda öz müqəddəratını təyin etmə hüququ verilməli idi. Lakin BMT 181 saylı qətnaməsini qəbul edərkən bu məsələni görməməzlikdən gəldi. BMT-nin bölünmə qərarı, dövrün müstəqil ərəb ölkələri (İraq, Misir, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Yəmən) tərəfindən sərt qarşılandı və yuxarıda göstərilən öz müqəddəratını təyinetmə prinsipinin pozulması kimi qiymətləndirildi. Ərəb ölkələri qərarın qəbul edilə bilməyəcəyini və bu qərarla sona qədər mübarizə edəcəklərini bildirdilər.

Qərardan sonra sionist yəhudilər onlara ayrılmış bölgədə 15 May 1948-ci ildə  İsrail Dövlətinin qurulduğunu bəyan etdilər. Bu bəyannamədən sonra yəhudilərin etnik təmizləmə əməliyyatlarına qarşı Misir, İordaniya, Suriya, İraq və Livana aid ordular Fələstin ərazilərinə girməyə və döyüşməyə başladılar. Müharibə nəticəsində Qüdsün qərbi İsrailin, şərqi İordaniyanın himayəsində qaldı.6 Beləliklə, Qüds qərb və şərq olaraq ikiyə bölündü. 17 iyul 1948-ci ildə BMT Təhlükəsizlik Şurasının atəşkəs çağırışını qəbul edən tərəflər 20 iyulda Sülh Komissiyası vasitəsi ilə Qüdsdəki ərəb və yəhudi hissələrini ayıran sərhəd müqaviləsi imzaladılar. Qüdsün tamamilə müsəlmanlara verilməsi fikrini müdafiə edən vasitəçi Kont Bernadotte 17 sentyabrda  tərəflər arasında danışıqlar davam edərkən Qüdsdə Stern (Yəhudi terror təşkilatı) terrorçuları tərəfindən öldürüldü.

BMT bu məsələ ilə bağlı 181 və 194 saylı qətnamələrə istinad edərək Qüdsün tam olaraq beynəlxalq bir sistemin nəzarəti altında ayrı bir rəhbərlik (corpus seperatum) tərəfindən idarə ediləcəyi qərarını verdi və 9 dekabr 1949-cu ildə 303 (IV) saylı qətnamə qəbul etdi.  İsrail bu qətnaməni rədd etdi və müharibə zamanı işğal etdiyi Qüds torpaqlarını öz tabeliyində altında tutmaq üçün əvvəlcə Ali Məhkəməni, daha sonra Knesseti (Parlamenti) Qüdsün qərbinə köçürdü. 1949-cu ilin aprelində İordaniya ilə İsrail arasında atəşkəs razılaşmasında sərhədlər de fakto olaraq çəkildi; 23 yanvar 1950-ci ildə Knesset Qüdsün işğal olunan Qərb hissəsini İsrail dövlətinin paytaxtı elan etdi. 

1948-ci ildəki hadisələrdən sonra da bölgədəki dövlətlərlə İsrail arasındakı gərginlik 1967-ci ilə qədər davam etsə də Qüdsün statusunda heç bir dəyişiklik olmadı. “Altı günlük müharibə” zamanı isə 1967-ci ildə İsrail Misirin Sinay yarımadasını, Qəzza zolağını, Suriyanın Golan Təpələrini və İordaniyanın nəzarəti altındakı Qüdsün şərq hissələrini işğal etdi. Bu tarixdən sonra Qüds tamamilə İsrailin nəzarəti altına keçdi. 

BM Təhlükəsizlik Şurası Altı günlük müharibədən sonra torpaq ilhaqının qarşısını alan 242 saylı qətnaməni də qəbul etdi. Qərarda İsraildən Qüdsün şərqi də daxil olmaqla işğal etdiyi torpaqlardan geri çəkilməsi tələb edilirdi. Bundan əlavə, bölgədəki hər bir dövlətin təhlükəsiz və tanınmış sərhədləri arxasında barışıq içində yaşamaq hüququna sahib olduğunu bildirərək İsrail torpaqlarına da zəmanət verilirdi. Misir, İordaniya və İsrail 242 saylı qətnaməni təsdiqləyərkən, Suriya və fələstinli qruplar bu qərarı rədd etdilər. Qərar çox qeyri-müəyyən və fərqli anlaşılmağa açıq olduğu üçün qəbul edən tərəflər belə qərarı fərqli şəkildə şərh edirdilər.

İsrailin Qüdsdəki fəaliyyətini qınayan, qeyri-qanuni hesab edən və beynəlxalq hüquqa zidd olduğunu vurğulayan qətnamələr daha sonrakı illərdə də qəbul edilsə də, heç biri icra edilmədi. 252(1967), 267(1969), 271(1969 – Məscidi Əqsa yəhudilər tərəfindən yandırıldıqdan sonra qəbul edilmişdir) kimi qətnamələri heçə sayan İsrail 1980-ci ilin iyul ayında Qüdsü “tam və birləşmiş” şəkildə şərq və qərb bölgüsünü ləğv edən və Qüdsü İsrailin əbədi paytaxtı elan etdiyi ilhaq qanununu qəbul etdi. Bu qanunda ilhaq kəliməsi yerinə “birləşmə” ifadəsi istifadə edilirdi. 

Qüdsün ilhaq edilməsinə dair BMT Təhlükəsizlik Şurası 1980-ci ilin avqust ayında 478 nömrəli qərarı qəbul etdi və Knessetin qərarının beynəlxalq hüquqa zidd olduğunu və Qüdsün statusunu dəyişdirmək və ya dəyişdirmək üçün görülən qanuni, inzibati və s. tədbirlərin keçərsiz oldugunu vurğuladı və bunun 1949 Cenevrə Konvensiyasına əsasən beynəlxalq hüquqa zidd olduğunu bildirdi.

İsrail tərəfinin məhəl qoymamasına baxmayaraq sonrakı illərdə də belə qətnamələr qəbul edilməkdə idi. 1990-cı ildə qəbul edilən 45/69, 1991-ci ildə 46/82, 1993-cü ildə 48/59, 1995-ci ildə 50/29 və 1998-ci ildə qəbul edilmiş 52/53 qətnamələr də əvvəlki yerinə yetirilməyən qətnamələr kimi İsrailin Qüdsdəki varlığının beynəlxalq hüquqa zidd olduğunu və hər hansısa fəaliyyətinin keçərsiz olduğunu, eyni zamanda şəhərdən çıxması gərəkdiyini vurğulayırdı. Sonrakı illərdə bir çox sammitlərdə7 də bu məsələ müzakirə edilsə və İsrailin əleyhinə qərarlar qəbul edilsə də İsrail tərəfi bunlara da məhəl qoymadı. İsrail tərəfinin etdiklərinin qarşılığında isə BMT sadəcə qınamalarla və yeni “ciddiyə alınmayan” qətnamələr qəbul etməklə öz “missiyasını” yerinə yetirməkdədir..  

Dipnotlar

  1. Dönəmin İngiltərə Xarici İşlər Naziri Arthur James Balfourun 2 Noyabr 1917-ci ildə sionist hərəkatın öncüllərindən olan Rotşild ailəsinə göndərdiyi və Sionistlərin Fələstin bölgəsində bir dövlət qurması üçün lazımi bütün dəstəyin veriləcəyini bildirən deklorasiya
  2. 24 aprel 1920-ci ildə İtaliyada keçirilmişdir. Fransa, Yunanıstan, Belçika, İngiltərə, İtaliya və Yaponiyanın nümayəndələrinin də iştirak etdiyi konfransda Osmanlı torpaqlarının bölünməsi ilə bağlı qərarlar müzakirə edilmişdir.
  3. Daha ətraflı: Walter Hollstein, Kein Frieden um Israel: Zur Sozialgeschichte des Palästina-Konflikts, 1975
  4. Bernard Lewis – The Middle East: A Brief History of the Last 2,000 Years,(1996) )səh 362 
  5. IBID, səh 422
  6. Ilan Pappe – A History of Modern Palestine: One Land, Two Peoples (2006) səh 165
  7. Madrid(1991), Oslo I(1991) və II(1993)