Teizmin Qayıdışı

Məntiqi pozitivizmin süqutundan sonra akademik dünya teizmin intellektual dirilməsini müşahidə etdi. 1980-ci ildə “Time” jurnalı intellektual teizmin yüksəlişini belə izah edirdi: “İyirmi il qabaq heç kəs düşüncə və iddialarında Tanrının səssiz bir inqilabla geri dönəcəyinə inana bilməzdi. Ən maraqlısı isə odur ki, bu proses ilahiyyatçılar və ya adi dindarlar arasında deyil, vaxtında Tanrını müzakirə masasından uzaqlaşdıran akademik filosofların intellektual dairələrində baş verir.”1

Teizmin intellektual canlanmasının digər bir səbəbi XX əsrin ortalarındakı maraq oyadan elmi kəşflər idi. Bunların arasına kainata kosmik bir başlanğıc gətirən “Big Bang” (Böyük Partlayış) də daxildir. Bu, bir Yaradıcıya ehtiyac duymadan, kainatın statik və əbədi olduğunu hesab edən ənənəvi düşüncədən uzaqlaşma sayılırdı (bax: Fəsil 5). 1970-ci illərdə kosmoloqlar insan kimi mürəkkəb şüurlu bir varlığın mövcud ola bilməsi üçün kainatın qanunlarının və düzülüşünün dizayn edilmiş və həssas qurulmuş olduğunu açıq şəkildə göstərən “həssas əyarlar”2 fenomenini kəşf etdilər (bax: Fəsil 8)

XX əsrin əvvəllərində biologiyanın əsasları haqqında tamamilə qeyri-kafi bir anlayışımız var idi. Hüceyrələrin – orqanizmlərin təməl daşlarının – sadəcə homogen protoplazma damcıları olduğunu düşünürdük. O vaxta qədər ki, 1953-cü ildə James Watson və Francis Crick hüceyrənin məlumat saxlama aparatı olan DNT-nin cüt spiral quruluşunu ictimaiyyətə nümayiş etdirdilər. Bu kəşfdən sonra molekulyar-bioloji inqilab davam etdi və mikroskopik səviyyədə daha heyrətləndirici və mürəkkəb elementlər kəşf olundu. Crick hətta ateist olsa da DNT-də görünən dizayndan o qədər təsirləndi ki, bunun təsadüfən baş verə bilməyəcəyini və bir növ xarici müdaxilənin qaçılmaz olduğunu irəli sürdü.3 Elmdəki bu kəşflər və irəliləyişlərin fəlsəfi təsirləri tədricən teizmi yenidən intellektual və akademik diskussiyalar masasına geri qaytardı. Teizm bu gün kifayət qədər populyar bir mövqe sayılır. 

Bu günə qədər çox sayda akademik nəşrlər Tanrı sualına cavab verməyə çalışdı və mövzuyla əlaqədar bir çox kitabın yazıldığı populyar səviyyəyə çatdı. Bu gün sosial mediada məsələ ilə bağlı milyonlarla yazı mövcuddur.

Ateizmin böyüməsi

Bütün bu amillərə baxmayaraq, ateizm hal-hazırda sürətlə böyüyən ictimai və intellektual cərəyanlardan biridir. Son iyirmi il ərzində özlərini ateist və ya dinsiz olaraq xarakterizə edən insanların sayında artım müşahidə olunur. Yeni ateizm olaraq da bilinən bu hərəkat ateizm və sekulyarizm (ümumiyyətlə ateizmin siyasi təzahürü hesab olunur) adına arqumentlər hazırlamağa başladı. Richard Dawkins, Sam Harris, Christopher Hitchens və Dan Dennet kimi müasir ateist yazıçı və akademiklər bu hərəkatı geniş olaraq təbliğ etdilər. Kitabları ən çox satılanlar arasına girdi və minlərlə insan onların ictimai mühazirələrini dinlədi. Lakin bəziləri onların ritorikasının iyrənc, təkrarlanan və tamamilə əsassız olduğunu hesab etdi.

Christopher Hitchens “dinin hər şeyi zəhərlədiyini”4, Sam Harris “dindar günlərin sayılı olduğunu”5, Richard Dawkins isə Tanrının “illüziya”6 olduğunu iddia etdi. Bütün bu oxşarlıqlara baxmayaraq, ateistlər vahid qrup əmələ gətirmirlər. Bəzi ateist alimlər əslində yeni ateist iddiaları ilə razılaşmırlar. Məsələn, filosof Tim Crane yazır:

“Mənə elə gəlir ki, yeni ateistlərin irəli sürdükləri iddiaların bir çoxu həqiqətlə uzlaşmır, onların dinin dünyadakı rolu haqqında təsəvvürləri bir çox cəhətdən xətalıdır. Dinə bu şəkildə yanaşma dünyanın problemlərini həll etmək üçün həssas bir yanaşma deyil. İnsanların inanclarını dəyişdirmək olduqca çətindir. Burada açıq şəkildə bilinən odur ki, ümumiyyətlə inanclı insanlara axmaq, irrasional və ümidsiz cahil olduqlarını söyləmək məsələnin həll yolu deyil.”7

Tanınmış ateist filosof Michael Ruse “Görünən budur ki, Dawkins fəlsəfə və teologiyanın hər bir aspektindən xəbərsizdir” deyə az qala hayqırır. Ruse yeni ateistlərin ağıllı dizayn və xristianlıqla başa çıxmaq strategiyalarını belə şərh edir: “…Ağıllı dizaynla mübarizədə aşkar olan budur ki, biz bu döyüşü uduzuruq. Ehtiyacımız olan şey təslim olmuş deyil, problemlərlə üzləşə bilən bir ateizmdir – heç biriniz xristianlığı ciddi şəkildə araşdırmağa və fikir mübadiləsi etməyə hazır deyilsiniz – Richard’ın iddia etdiyi kimi, xristianlığın şər bir qüvvə olduğunu iddia etmək açıq-aşkar bir axmaqlıqdır. Bundan əlavə biz bir döyüşdəyik və bu döyüşdə bizə müttəfiqlər lazımdır. Hər kəsi pisniyyətli elan edib kənara atmaqla əlimizə heç nə keçməyəcək.”8

Aralarında olan “daxili” çəkişmələrə baxmayaraq yeni ateist hərəkat öz fikirlərini və dünyagörüşünü çox müvəffəqiyyətlə təbliğ edə bilmişdir. İngiltərə və Uelsdə əhalinin 25,1%-i özünü dinsiz kimi təsvir edirlər.9 İngiltərə universitetlərində olan sıçrayış da öz təsirini göstərir. Avropada insanların 46%-i ənənəvi Tanrı inancını inkar edir, 20%-i isə ruhun, Tanrının və ya fövqəltəbii bir qüvvənin olduğuna inanmır.10 Çinlilərin yarısı özlərini ateist hesab edirlər.11 Sosiologiya üzrə professor Phil Zuckerman bir çox cəmiyyətdə ateizmin çoxaldığını iddia edir.12 Əlavə olaraq ateistlərin ənənəvi dinlərdən sonra sayca dördüncü yerdə gəldiyini qeyd edir: “…nəhayət, Tanrıya inanmayanlar inanc sistemlərinin qlobal sıralanmasında sayca Xristianlıqdan (2 milyard), İslamdan (1,2 milyard) və Hinduizmdən (900 Milyon) sonra dördüncü yerdə gəlir.”13

Müsəlman dünyası da həmçinin böyüyən bu ictimai hərəkatdan təsirsiz ötüşməyib. Win-Gallup International’a görə səudiyyəlilərin 5%-i əminliklə özlərini ateist, 19%-i isə özünü dindar olmayan biri olaraq təsvir edir.14 Ərəb dünyası da ateizmin yüksəlişini görür və gün keçdikcə mövzuya aid daha çox kitab ərəb dilinə tərcümə edilir. Qərbdəki müsəlmanlar da oxşar problemlərlə üzləşirlər. Getdikcə daha çox insanın özünü ateist elan etməsi halları müşahidə olunur. Bu problem müsəlman cəmiyyətin müxtəlif səviyyələrində, əsasən də universitet şəhərciklərində özünü büruzə verir. Ateist nəşrlərin və sosial medianın populyarlaşması həmyaşıdlar arasında intellektual çağırışların aqressiv bir fəallıqla artmasına gətirib çıxardı. Bu çətinliklərin öhdəsindən gəlmək üçün yetərli mənəvi, intellektual və teoloji vasitələrlə təchiz olunmayan bir müsəlmanın asanlıqla irrasional bir yola baş vuraraq Tanrını inkar etməsi qaçılmaz ola bilər. 

Bu kitabı yazmaqda əsas məqsədlərimdən biri insanlara islam teizminin tutarlı və doğru olduğunu, ateizmin isə intellektual görünən ecazkar bir illüziyadan başqa bir şey olmadığını göstərməkdən ibarətdir. 

| Hamza Tzortzis‘in ”Həqiqətin İzində: Ateizm İllüziyası” adlı kitabından

Dipnotlar

  1. Modernizing the Case for God. Time Magazine, 7 April 1980, səh. 65-66. Buradan baxa bilərsiniz: http://content.time.com/time/magazine/article/0,9171,921990,00.html [Keçid tarixi: 2 oktyabr 2016].
  2. ing. Fine-tuning (tərc.qeydi)
  3. Crick, F. (1982). Life Itself: Its Origin and Nature. London: Futura Publications, səh. 117-129
  4. Hitchens, C. (2007). God Is Not Great: The Case Against Religion. New York: Atlantic Books, səh. 13.
  5. Harris, S. (2006). The End of Faith: Religion, Terror and the Future of Reason. London: The Free Press, səh. 227.
  6. Dawkins, R. (2006). The God Delusion, səh. 20.
  7. William, P. S. (2009). A Sceptic’s Guide to Atheism. Milton Keynes: Paternoster, səh. 41.
  8. e.m, səh. 44.
  9. Office for National Statistics. (2011). Religion in England Wales 2011. [online] Buradan baxa bilərsiniz: http://www.ons.gov.uk/ons/rel/census/2011-census/key-statistics-for-local-authorities-in-england-and-wales/rptreligion.html#tab-Changing-picture-of-religious-affiliation-over-last-decade. [Keçid tarixi: 1 oktyabr 2016].
  10. Biotechnology Report. Fieldwork January 2010 – February 2010. Bruxelles: TNS Opinion & Social, p. 203. Buradan baxa bilərsiniz: http://ec.europa.eu/public_opinion/archives/ebs/ebs_341_en.pdf [Keçid tarixi: 1 oktyabr 2016].
  11. Ateizmin Çindəki tarixi özünə xas qarışıq bir struktura malikdir və Qərbin ateizmi ilə qarışdırılmamalıdır. Çin ateizmi Darvinizm üzərindən gələn bir sıra mədəni, siyasi və intellektual faktorların bir yerə gəlməsi ilə əmələ gəlmişdir. Bu mövzu ayrıca araşdırılası bir mövzudur.
  12. Zuckerman, P. (2007). Atheism: Contemporary Numbers and Patterns. In: M. Martin, ed, The Cambridge Companion to Atheism, səh. 61.
  13. e.m, səh. 55.
  14. WIN-Gallup International. (2012). Global Index of Religiosity and Atheism, səh. 16. Buradan baxa bilərsiniz: http://www.wingia.com/web/files/news/14/file/14.pdf [Keçid tarixi: 2 oktyabr 2016].
Author: “The Divine Reality: God, Islam & The Mirage of Atheism”. MA & PgCert Philosophy. Postgrad research, educator & writer.