Zərər Prinsipi

Zərər Prinsipi – Sonuncu Hissə

Daha da dərinə getsək, zərər prinsipi ilə liberalizm arasında təzad olduğu deyilə bilər. Xatırlayın ki, liberallar heç kimə mənəvi dəyərlər yeritmədiklərini, hər kəsin öz dəyərlərinə görə yaşamaq haqqı olduğunu deyirlər. Lakin zərər prinsipi haqqında ən geniş araşdırmalardan birini aparan liberal Joel Feinberg etiraf edir ki, “zərər prinsipi mənəvi mühakimənin qısaltmasıdır” (Feinberg 32). Başqa yerdə o, insanların maraqlarının mənəvi dəyər daşıdığını etiraf edir.(Feinberg 204) (Digər liberal fəlsəfəçi Joseph Raz da onunla razılaşır.1

Obyektivlik ?!

Digər tərəfdən Feinberg zərər prinsipini tətbiq etmək üçün maraqların iyerarxiyasının olmasının labüd olduğunu deyir. (Feinberg 204). Feinbergin dediyinin doğru olduğunu anlamaq çətin deyildir. Homoseksual münasibətlər məsələsini misal olaraq götürsək, bu evlilikləri dəstəkləyən tərəf sözügedən evliliklərin qanuniləşdirilməsinin onların marağında olacağını, qanuniləşdirilməməsinin isə onlara zərər vuracağını deyirlər. Qarşı tərəf isə bunun tamamilə əksini iddia edir. Liberal düşüncəli birisi bu haqda hansı istiqmətdə qərar verdiyini necə təyin etməlidir? Cavab sadədir – o sadəcə inandığı mənəvi normaları digərlərinə yeritməlidir, müəyyən tərəfin marağını digər tərəfin maraqlarından üstün tutmalıdır. Lakin bir liberalın belə etməsi açıq aydın onun mənəvi neytrallıq iddiasına ziddir. Nə qədər banal səslənsə belə, bu günlər liberalların etdikləri məhz budur, onlar bu cür ziddiyyətə düşür və bunu sadəcə ritorika ilə ört basdır etməyə çalışırlar. 

ABŞ-ın Ali Məhkəməsinin bəzi qərarlarında bunu açıq aydın görmək olar. Misal üçün, Ali Məhkəmənin 1986-cı il Bowers v. Hardwick prosesində çoxluq kişilər arasında homoseksual münasibətlərin qadağan olunmasının ABŞ konstitusiyasına zidd olmadığı qərarına gəlmişdi. 17 il sonra Lawrence v. Texas qərarında isə çoxluq artıq bu cür münasibətləri qadağan etməyin Konstitusiyaya zidd olduğunu demişdir. İki qərar arasında yeganə fərq onu verənlərdə idi. İlk halda çoxluq konservativ hakimlərdən ibarət idi, ikinci halda isə çoxluq liberal idi. Maraqlıdır ki, Bowers`də azlığı təşkil edən hakim Blackmun homoseksuallıq ilə ictimai nudistlik arasında fərq olduğunu qeyd edir, birinci halda homoseksuallığın qadağan olunmasının homoseksuallara zərər verəcəyini, ikinci halda isə ictimai nudistliyin cəmiyyətə zərərindən danışır. Homoseksuallığa qarşı olanların və ya ictimai nudistlik ilə məşğul olmaq istəyənlərin zərərindən söz açmır. 

İkili Standartlar

1992-ci il Planned Parenthood v. Casey qərarında Ali Məhkəmə qadınların abort haqqının konstitusyaya uyğun olduğunu deyən hakimlər 1997-ci ildə Washington v. Glucksberg hadisəsində intihara köməyin Konstitusiyaya zidd olduğu qərarına gəliblər. Birinci halda qadının zərəri doğulmamış uşağın zərərindən daha üstün hesab olundu, ikinci halda isə cəmiyyətin zərəri ölmək istəyən ölümcül xəstə insanın zərərindən üstün tutuldu. Yuxarıda dediyimiz kimi, liberallar sadəcə öz istəklərinə uyğun olaraq qərar verir, sonra bir tərəfin zərərini əsl zərər olduğunu hesab edir, digər tərəfin zərərinə isə əhəmiyyət vermirlər. Maraqlısı da budur ki, xüsusilə ABŞ-da bu cür qərarları bir neçə seçilməmiş hakim verir. Yəni bir ştatın əhalisi gedib səs verib homoseksuallığın o ştatda qadağan olunmasını istəyə bilər, lakin bir neçə hakim gəlib bu qərarın Konstitusiyaya zidd olduğunu deyərək milyonlarla insanların istəyini və mənəvi dəyərlərini heçə saya bilər. 
James Kalb`ın dediyi kimi:

“Liberalizm konfliktləri bir tərəfi xətalı hesab edib onu susdurmaqla həll edir”. 2

Zərər prinsipinin tamamilə uğursuz olduğunu anladıqdan sonra yenidən Joel Feinberg`ə qayıdaq, belə ki, o deyir: Mənim anladığım odur ki, liberalizm “başqalarına qarşı zərər və cinayət dövlət tərəfindən cinayət hüququ vasitəsi ilə (cinayətkarı bir şeyə) məcbur etmək üçün yeganə səbəb” olduğunu deyən dünyagörüşüdür”.3 Beləliklə, zərər prinsipi uğursuzdursa, liberalizm də uğursuzdur. 

Eyni qaydanı Mill digər yerdə özünə  və başqalarına aid əməllər arasında fərq qoyaraq göstərməyə çalışır. o deyir ki, özünə aid əməllərdə insan tam azadlığa sahibdir. (Mill, 2015, 12-13). Çox uzatmadan bu iddiaya liberal John Chavet`in sözləri ilə cavab verək: “Belə bir bölgü  tamamilə uğursuzdur. Biri özünə aid əməllərə istinad edərək öz haqqlarını təyin edə bilməz, çünki əməlin özünə və ya başqasına aid olduğunu təyin etmək onun hansı haqqlara sahib olub-olmadığı inancına bağlıdır. Mil arqumenti tərsinə təqdim edib” (Charvet, 159). Yəni, ilk öncə bir insan “mənin filan əməli etmək haqqım var” deməlidir və bu inanc bu əməlin özünə aid olduğunu, başqalarına aid olmadığını təyin edir. Mill isə tərsinə başlayır.

İstifadə edilmiş ədəbiyyat:

  • Gray, J. (1995). Liberalism. Buckingham: Open Univ. Press.
  • Thomas Jefferson, Notes on the State of Virginia (Chapel Hill: University of North Carolina Press, 1982 [1785])
  • Heywood, A. (2017). Political ideologies: An introduction. London: Palgrave.
  • Bowden, Brett 2009: The Empire of Civilization (Chicago: University of Chicago Press).
  • McCarthy, Thomas 2009: Race, Empire, and the Idea of Human Development (Cambridge: Cambridge University Press)
  • Patrick Devlin’s, ‘Morals and the Criminal Law’ in The Enforcement of Morals (Oxford: Oxford University Press, 1965)
  • Smith, S. D. (2006). Is the Harm Principle Illiberal? The American Journal of Jurisprudence, 51(1), 1-42.
  • Feinberg, Harm to Others (New York: Oxford University Press, 1984),
  • Raz, Joseph. The Morality of Freedom. Oxford: Oxford University Press, 1986.
  • James Kalb, The Tyranny of Liberalism (Wilmington, Del.: Intercollegiate Studies Institute, 2008),
  • Charvet, J. (2019). Liberalism. Routledge.
  • Harcourt, B. E. (2017). The Collapse of the Harm Principle. The Structure and Limits of Criminal Law, 279-364. doi:10.4324/9781315085159-9
  • Dripps, D. A. (1998). The liberal critique of the harm principle. Criminal Justice Ethics, 17(2), 3-18. doi:10.1080/0731129x.1998.9992054
  • Stewart, H. (2009). The Limits of the Harm Principle. Criminal Law and Philosophy, 4(1), 17-35. doi:10.1007/s11572-009-9082-9
  • John Stuart Mill, 1998, On Liberty, Pennsylvania State University, elektron versiya, səh. 13-14
  • Roberts, Michael, The Unjustified Prohibition against Bestiality: Why the Laws in Opposition Can Find No Support under the Harm Principle (June 1, 2009).
  • Joel Feinberg, Harm to Self (New York: Oxford University Press, 1986)
  • Mill, J.S. (2015) On Liberty, Utilitarianism and Other Essays, eds. Philp, M. and Rosen, F. (Oxford, UK: Oxford University Press)

Dipnotlar

  1. Raz, Morality of Freedom 414
  2. Kalb, Tyrrany of liberalism, 138
  3. Feinberg, HARM TO SELF, 3