Zərər Prinsipi

Homoloji oxşarlıq və Təkamül: “Dairəvi dəlilləndirmə”

Balinaların çanaq sümüklərinin rudiment olması iddiası haqqında yazı hazırlayan vaxt, (yazını buradan oxuya bilərsiniz) müasir biologiya dərsliklərini araşdırarkən əksər dərsliklərdə dərc olunan başqa mühüm bir məqam diqqətimi cəlb etdi. Həmin dərsliklərdə təkamülün dəlilləri adlı fəsil mövcuddur. Bu fəsillərdə siz mütləq olaraq aşağıdakı illustrasiyaya oxşar bir illustrasiya ilə qarşılaşacaqsınız:

Gördüyünüz soldan sağa insanın, pişiyin, balinanın və yarasanın ön əzalarının çiyindən barmaqlara qədər anatomik quruluşudur. Əzalar müxtəlif funksiyalar yerinə yetirməyinə baxmayaraq, iddia olunur ki, bu canlılar təkamül silsiləsində eyni əcdada sahibdirlər. İllustrasiyadan sezilən açıq aydın oxşarlıq bunu deməyə əsas verir. O zaman problem nədir? Problem bu oxşarlığa verilən tərifdədir.

Dünyaca məşhur Raven və Johnson`un biologiya dərsliyinin 11-ci nəşrində belə bir ifadə ilə rastlaşırıq: “Onurğalı canlılar təkamülə uğradıqca eyni sümüklər bəzən müxtəlif funksiyalar yerinə yetirməyə başlayıblar. Lakin aralarındakı oxşarlıq yenə də seçilir və bu, onların təkamül xarakterli keçmişini bizə göstərir. Misal üçün, bütün onurğalıların ön əzaları homoloji strukturlardır, yəni ortaq əcdadlarının eyni bədən hissəsindən törəyən, lakin müxtəlif görünüşə və funksiyalara malik əzalardır.” 1

“Dairəvi dəlilləndirmə”

Bəs həqiqətdə problem təşkil edən məqam hansıdır? Yuxarıda dedik ki, bu cür illustrasiyalar, yəni homoloji oxşarlıq təkamülün dəlilləri adlı fəsillərdə qeyd olunur. Əslində homoloji oxşarlıq təkamülə dəlil olmalıdır, lakin burada əksinə olaraq, təkamülün doğruluğu məhz homoloji strukturların tərifində artıq qabaqcadan fərz edilmişdir! Diqqət yetirin, qeyd olunur ki, homoloji strukturlar eyni əcdaddan törəyən strukturlardır. Eyni əcdadın mövcud olması təkamül nəzəriyəsinin bir hissəsidir. Müəlliflər homoloji strukturun tərifini verəndə artıq təkamülün doğru olduğunu öncədən fərz edir, ön əzalarda gördüyümüz oxşarlıqların eyni əcdaddan törədikərinə görə belə olduğunu deyir, yəni təkamülün baş verdiyini ilkin şərt olaraq qəbul edir!

Bundan sonra homoloji strukturları təkamülə dəlil kimi necə istifadə etmək olar? Digər sözlə, bu əzalar eyni əcdaddan törədiklərinə görə homoloji adlandırılır, sonra isə onların homoloji olduqlarına görə təkamülün (yəni bu canlıların eyni əcdaddan törəmələrinin) baş verdiyi nəticəsinə varılır. Bu cür dəlilləndirmə məntiq elmində dairəvi dəlilləndirmə adlandırılır və bu, açıq aydın məntiqi xətadır!

Təsəvvür edin ki, bizim səhifə “Quran Allahın kəlamıdır, bunun dəlili isə Quranda, Quranın Allahın kəlamı olduğunun deyilməsidir” kimi bir dəlil gətirir. Səhifəmizin necə tənqidə tutulacağını təsəvvür belə edə bilmirəm. Hər iki arqument eyni dairəvi dəlilləndirmə xətasını edir: isbat olunması lazım olan şeyi öncədən fərz edir! Bir neçə professor tərəfindən yazılan və adətən onlarla doktor tərəfindən yoxlanılan kitablarda belə açıq aydın məntiqi xətanın necə baş verdiyinə heç bir məna yükləmək olmur.

Raven və Johnson`un dərsliyi bu xətanı edən yeganə kitab deyildir. Sylvia Mader özünün Biologiya dərsliyinin son nəşrində deyir: “eyni əcdaddan törəmə ilə izah oluna bilən anatomik oxşar strukturlara homoloji strukturlar deyilir.” 2 Eyni məntiqi xətaya düşən digər müasir biologiya dərsliklərini bu cümlənin sonundakı notda qeyd etmişik. 3 4 5 6

“Ortaq əcdad”

Biologiya professorlarının necə belə bir xətaya düşə bildiklərini anlamadığımı qeyd etdim. Lakin onların NƏYƏ GÖRƏ bu xətaya düşdüklərini çox gözəl anlayıram. Kimsə deyə bilər ki, homoloji strukturların tərifindən “ortaq əcdad” sözü çıxarılsa heç bir problem qalmaz. Canlılar arasında oxşarlıq ortaq əcdada dəlalət edəcək. Əslində təkamülçülərin tərifə “ortaq əcdad” qeydini daxil etməsinin səbəbi oxşarlığın bir çox halda ortaq əcdada dəlalət etməməsindən irəli gəlir.  Aşağıdakı illustrasiyaya fikir verin:

Yuxarı cərgədəki heyvanlar plasentalılardır, yəni inkişaflarını plasenta içində tamamlayan məməlilərdir. Aşağı cərgədəki heyvanlar isə kisəlilərdir, yəni inkişafını xüsusi kisə içində tamamlayan məməlilərdir. Raven və Johnson`un bir neçə səhifə sonra izah etdikləri kimi, bu iki infrasinif bir-biri ilə sadəcə uzaqdan əlaqədardır və ayrı yerlərdə təkamülə uğramışlar. O zaman bu oxşarıqlarının səbəbi nədir? Oxşarlıqlarının səbəbi müxtəlif yerlərdə olan oxşar selektiv təzyiqlərin eyni cür təsir etməsidir. Bu cür təkamülə də “convergent evolution adı verilir. 7

Başqa sözlə desək, təkamülçülər homoloji oxşarlıqların tərifində “ortaq əcdad” qeydini əlavə etməklərinin səbəbi budur ki, onlar plasentalılar, kisəlilər və digər (konvergent təkamülə uğradıqlarını iddia etdikləri) canlıların bu tərifə xələl gətirdiklərini görürlər. Ona görə də bu qeydi əlavə edirlər, lakin belə etməklə bəlkə də daha böyük məntiqi xətaya düşürlər. Öncədən eyni əcdaddan törədiklərinə qərar verdikləri canlılar arasındakı oxşarlığa homoloji oxşarlıq, eyni əcdaddan törəmədiklərinə qərar verdikləri oxşarlığa isə konvergent təkamül nəticəsində oxşarlıq adını verirlər. Qısası oxşarlıq təkamülə dəlildir. Təkamülə dəlil olmadığı hallar istisna.

Dipnotlar

  1. Raven, P., Johnson, G., Mason, K., Losos, J. and Singer, S., 2017. Biology. 11th ed. New York, NY: McGraw-Hill Education, p.432.
  2. Sylvia Mader, 2018, Essentials of Biology, 5th ed. New York, NY: McGraw-Hill Education, p. 247
  3. Freeman, S. 2017, Biological Science, 6th ed., Harlow: Pearson Education, p. 442.
  4. Audesirk, T., Audesirk, G., Byers, B. E., 2017, Biology: life on earth, New York: Pearson, p. 270.
  5. Reece, Campbell, 2011, Campbell biology, 9th ed., Boston, MA: Pearson Learning Solutions, p. 463.
  6. Holt, Rineheart, Winston, 2006, Modern Biology, p.305
  7. Raven, P., Johnson, G., Mason, K., Losos, J. and Singer, S., 2017. Biology. 11th ed. New York, NY: McGraw-Hill Education, p.435