Nə Üçün Dinlər Eyni Coğrafiyadan Çıxır?

“Daha bir çətinlik Qüdrətli Tanrının özünü yalnız Yaxın Şərqin çöllüyündə yaşayan oxuma-yazma bacarmayan, kvasi-tarixi fərdlərə göstərmək meylidir…”

Kvasi-tarixi fərd dedikdə Hitchens peyğəmbərlə bağlı tarixi hadisələri sorğulayır və hətta yalanlayır. Kitabının bir çox yerində bu şəkildə İslamın peyğəmbəri haqqında bilinən tarixi məlumatları əsassız bir şəkildə şübhə altına alır ki, bunu qarşıda qısaca ələ alacağıq. Yaxın şərqə gəldikdə isə dinlər vəhyin yalnız Yaxın Şərqlə məhdudlaşdığını iddia etmir. Əksinə dini mətnlər təkrar-təkrar vurğulayırlar ki, ilahi vəzifə başqa qövmlərdən olan şəxslərə də verilib. Quranın dili ilə bunu ifadə etməli olsaq “hər bir qövmün bir yolgöstərəni vardır.” (13:7) Lakin Hitchens əslində sualı belə verməli idi: “Nə üçün Qüdrətli Tanrının endirdiyi vəhy bizə yalnız Yaxın Şərqdən gəlib çatıb?” Bu sual daha doğrudur və bu sualın cavabı da çətin deyildir.

Əslində mədəniyyətlər tarixini bilən, antropologiya elmi haqqında təsəvvürü olan insan belə bir etiraz etməz. Hər şeydən əvvəl biz buna fərqli dinlərin bir coğrafiyadan meydana çıxması kimi baxmamalıyıq. Nəticə etibarı ilə bu dinlər fərqli olsalar da qaynaq etibarı ilə birdirlər. Bu dinlərin hamısı ibrahimi dinlər kimi tanınırlar və bu coğrafiyada yaşamış və səyahət etmiş İbrahim peyğəmbərlə bağlıdır. Xristianlıq yəhudilikdən ayrı müstəqil bir inanc sistemi deyildir, əksinə İsa özü yəhudi olub, tövrata əməl edib və insanları da Musanın dininə dəvət edib. Müsəlmanların peyğəmbəri də müstəqil bir fikir iddiasında olmayıb, özündən əvvəlki peyğəmbərlərin missiyasını davam etdirdiyini deyib; bu missiya insanları saxta bütlərə ibadət etməkdən qurtarıb tək və həqiqi Allaha inanmağa yönəltmək olub.

Dünyanın başqa yerlərində də ayrı-ayrı etnosların arasından eyni risaləni, eyni fikri səsləndirən “yolgöstərənlər” olub. Lakin məhz Yaxın Şərqdə bu vəhylər sistematik dinə çevriliblər, yazılıblar, növbəti nəsillər buna varis olublar, onu zənginləşdiriblər və beləliklə də tarixin qeydlərinə salıblar. Bunun isə bir çox aydın səbəbləri var. Mədəniyyətlərin beşiyi bu coğrafiya sayılır; şimal-şərqi Afrika və cənub-qərbi Asiya. Bura Misir, Mesopotamiya və ərəblərin əraziləri daxildir. Hətta Avropanın ən əsas sivilizasiyası sayılan qədim Yunan mədəniyyəti də məhz bu coğrafiyanın təsiri ilə formalaşıb.

Tim Whitmarsh yazır: ”Arxaik Yunanıstan şərq və cənub qonşular ilə qarşılıqlı əlaqələr nəticəsində formalaşmışdı.”1 Bu gün bizim “əlifba” adlandırdığımızı avropalıların alfabet adlandırması təəccüblü gəlməməlidir. İlk yazı sistemi də finikiyalılar tərəfindən tətbiq edilib. Üstəlik tarixə düşə biləcək şəkildə geniş vəhy təbliğatına məhz bu ərazilərdə ehtiyac olub, çünki şəhər idarə sistemləri, böyük dövlətlər ilk olaraq bu ərazilərdə ortaya çıxıb. Bu cür əhali sıxlığına, qarışıq cəmiyyətlərə, yüksək mədəniyyətlərə, sistemləşmiş idarələrə malik ərazilərdə ilahi vəhyin təbliğ edilməsi heç şübhəsiz ki, böyük bir rezonansa səbəb olmalı idi. Eyni effektin uzaq ərazılərdə bəsit qəbilə və tayfa səviyyəsində yaşayanlar arasında da olacağını gözləyə bilmərik.

Sizcə bizim bu ingilis müəllif bunları bilmir? Əlbəttə ki, bilir və bu barədə yaxşı bir təsəvvürə sahibdir. Lakin görünən budur ki, məqsəd oxucunu istehzalı atmacalar ilə əyləndirmək, İslam peyğəmbərini də qeyri-ciddi bir xarakterlə eyniləşdirməkdir. Voltaire belə İslam peyğəmbərinə qarşı etdiyi bütün alçaqlıqlarına baxmayaraq onu bu qədər kiçiltməzdi, əksinə dahiliyinə, böyüklüyünə şahidlik edərdi. Voltaire “ömrünün sonlarında Muhəmmədi kitab və təlqin sayəsində tarixi dəyişən və dini islah edən bir rol model və böyük şəxsiyyət kimi görürdü.”2

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. Tim Whitmarsh, ”Battling the Gods: Atheism in the Ancient World”, səh: 18; Faber & Faber, London, 2016
  2. John Tolan, “Faces of Muhammad; Western Perceptions of The Prophet of Islam From the Middle Ages to Today”, səh: 168; Princeton University Press, New Jersey, 2019