Cəmiyyət və Mənəvi qanunların rolu

Dinin insanlara bir şeyi icazəli başqa bir şeyi isə qadağan etməsinə ehtiyac yoxdur. Dövlət qanunlarının zərərli şeyləri qadağan etməsi kifayətdir ki, insanları onlardan uzaq tutsun”. Bunun kimi sözlər eşitməmiş deyilsiz. Burada düşünməniz üçün sadəcə bir misal vermək istəyirik.

19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində müxtəlif səbəblərdən dolayı bir çox ölkədə alkoqollu içkilərin istehsalı və satışına qarşı müxtəlif qanunlar qəbul edildi. Bunlardan ən məşhuru 1919-cu il 29 yanvarda ratifikasiya edilmiş ABŞ konstitusiyasının 18-ci düzəlişidir. Bu düzəlişə əsasən ABŞ ərazisində alkoqollu içkilərin istehsalı, daşınması və satışı qanunsuz oldu. Lakin bu qanunun ömrü uzun olmadı. 1933-cü ildə ratifikasiya edilən ABŞ konstitusiyasının 21-ci düzəlişi 18-ci düzəlişin hüquqi etibarını qüvvədən saldı. Beləliklə 18-ci düzəliş ABŞ tarixində sonradan “düzəldilən” yeganə konstitusiyon düzəliş olaraq tarixə keçdi.

Yazını uzatmadan “Quru qanunun” bəzi statistikalarına nəzər salaq. İçki istehlakı azaldımı? Bu barədə müxtəlif fikirlər mövcuddur. Bəzi ekspertlərə görə bu göstərici olduğu kimi qalıb dəyişikliyə uğramamışdır. Digərlərinə görə isə içki qəbulu azalıb, hətta 60-cı illərin əvvəlinə qədər qanundan əvvəlki səviyyədən aşağı olmuşdur. İkinci rəyin doğru olduğunu qəbul etsək belə, ən yaxşı halda içki qəbulunun dərəcəsi qadağadan öncəki dərəcənin 60-70 faizini təşkil edir. Lakin bunun da məntiqi açıqlamaları var. İlk öncə içki istehsal edən böyük şirkətlər işini dayandırdılar. Buna görə illeqal satılan içkinin qiyməti sözsüz ki, bahalaşdı, orta və aşağı təbəqə vətəndaşlar üçün daha əlçatmaz oldu. 1919-cu ildə orta bir amerikalı içki üçün ildə 19 dollar xərclədiyi halda 1930-cu ildə isə bu göstərici 35 dollara çatmışdır (inflyasiya nəzərə alınıb). 60-cı illərə qədər içki səviyyəsinin qadağadan öncəki səviyyədən daha az olması isə bir çox ştatın içki qadağasını öz ştatlarında tətbiq etməsi ola bilər. 1930-cu ildə qəbul olunan düzəliş federal səviyyədə qəbul olunmuş bir qanun idi, lakin ştatlar yenə də öz ərazilərində bu qadağanı davam edə bilərdilər.

“Bootlegging”

Bununla yanaşı 18-ci düzəliş qara bazarın, içki qaçaqmalçılığı ilə məşğul olan mafiyaların çiçəklənməsinə gətirib çıxardı. “Bootlegging” – yəni qadağa dövründə illeqal içkinin satışı multimilyardlıq bir biznesə çevrildi. Qadağa dövrünün ən məşhur mafiya başçılarından Al Kaponenin də adı məhz bu bizneslə bağlıdır. Bryce T. Bauer`in “Gentlemen Bootleggers” kitabına əsasən sadəcə 1921-ci ildə qadağa qanunu 29 min dəfədən çox pozulmuşdu. Burada nəzərə almaq lazımdır ki, içki içmək qanunu pozmaq sayılmır, qanunu pozmaq sadəcə onun istehsalı və satışıdır.

Qadağanın cinəyatkarlığı ümumən aşağı salacağına ümid edilsə də, tam bunun əksi baş verdi: bütün böyük şəhərlərdə cinəyatkarlığın dərəcəsi çoxaldı. İçkini resept olaraq yazan həkimlərin qadağa illərində 50 miliyona qədər pul qazandıqları qeyd olunur.

ABŞ dövlətinin sadəcə federal səviyyədə (ştat səviyyələrində xərclənən vəsaitlər daxil deyil) bu qadağanı həyata keçirməsi üçün hər il 10 milyon dollar və minlərcə işçini cəlb etməsinə baxmayaraq qadağanın necə acınacaqlı şəkildə uğursuzluğa uğradığına tarix şahidlik edir.

Mədinə küçələri

Bunun qarşılığında sadəcə bir neçə il ərzində tərəfdarlarını tərbiyələndirən Muhəmməd ibn Abdullahın həyatına baxaq. Qanunun tətbiq olunması üçün pul xərcləmədən, işçi qüvvəsi cəlb etmədən ümmətini elə bir mənəvi hala gətirmişdir ki, günlərin birində “bundan sonra içki içmək sizə qadağandır” dediyində bu sadəcə həmin zaman yaşayanlara deyil, 14 əsr keçsə belə milyardlarla insanı içkidən uzaq tutmuşdur. Bu gün konstitusiyasında içki qadağası olan müsəlman ölkələrinin sayı barmaqla sayılacaq qədərdir. Lakin buna və qərb dünyasının müsəlman ölkələrinin əhalilərinə gecə gündüz Kütləvi İnformasiya vasitələri, filmlər, seriallar və sair vasitələrlə dünyalılaşmağı, içkini və sair çirkinlikləri təlqin etdiklərinə baxmayaraq dünyada ən az spirtli içki qəbul edilən ölkələr müsəlman ölkələri olaraq qalır. Bunlar hamısı sadəcə bir insanın sözündən ötrüdür. Bundan sonra kimsə dövlət qanununun mənəvi qanundan daha yaxşı çalışdığını deyə bilərmi?

İslam qaynaqlarında rəvayət olunur ki, sərxoşedici içkilərin qadağan olunduğu zaman insanlar bunu qəbul etmiş və etiraz etməmişdir, hətta o həddə çatmışdır ki, şərab Mədinə küçələrində su kimi axmağa başlamış. Bəzi müsəlmanların isə daha da irəliyə gedərək içdiklərindən azad olmaq üçün özünü qusdurmaqları da rəvayət olunur. Hədis kitablarına müraciət edənlər daha da əcaib şeylərlə rastlaşacaqlar.