Feminist ideologiyaya bir baxış – Feminizm

Qərbin, xüsusilikdə Avropanın girdiyi ideoloji dəliklərə şərq ölkələri də girməyə davam edirlər. Qərbdə bu gün intelligensiya adlandıra biləcəyimiz təbəqənin xeyli üzvü bu dəliklərin bəzilərindən çıxmaq istəyirlər. Başa düşürlər ki, feminizm və feminizmin gətirdiyi qanuni dəyişiklər, ümumiyyətlə yeni qanunvericiliyin arxasında duran feminist ideologiyası elmi nəzəriyyələrə, beləliklə də insan təbiətinə ziddir. Eyni şəkildə onlardan bir çoxu Qərbdə LGBT cəmiyyətlərinin irəli sürdüyü yeni qanunvericiliklərin də absurd olduğunu başa düşürlər və bu yöndə gedən dəyişiklərə qarşı mübarizə göstərirlər. Kanadalı psixoloq professor Jordan Peterson’un trans kimliyi haqqında qanunvericiliyə daxil edilmiş yeniliklərə qarşı mübarizəsi bunun çox saylı misallarından biridir.

Kişi və Qadın arasındakı fərqlər:

Müasir Qərbin akademiklərinin bir hissəsi təkamül nəzəriyyəsi çərçivəsində bu ideologiyaların doğru olmadığını deyirlər. Belə bir qadın professorlarından biri Helena Cronin qadın ilə kişilərin arasındakı fərqləri bu cür qeyd edir:

  • Düşüncəyə gəldikdə kişilər daha matematik, daha texnikidir. Qadınlar isə verbaldır.
  • Zövqlərə gəldikdə kişilər əşyalara, qadınlar isə insanlara daha çox maraq göstərirlər.
  • Temperamentə gəldikdə isə kişilər daha çox yarış əzmlidirlər, daha çox riskə gedirlər, diqqətlərini və himmətlərini bir məqsəd üzərində cəm etməyə üstünlük verirlər, vəziyyətdən həmişə agah olmaq tendensinə sahibdirlər. Qadınlar isə bu xüsusiyyətləri kişilərə nisbətdə daha az göstərirlər.

Helena Cronin ənənəvi təsəvvürü gözəl bir şəkildə izah edir. Nə üçün tibdə cərrah ixtisasını təmsil edənlər kişilər, pediatr ixtisasını təmsil edənlər isə qadınlardır? Nə üçün hüquqda şirkətlər hüququnu kişilər, ailə hüququnu isə qadınlar idarə edir? Nə üçün akademik dairələrdə fiziklərin əksəriyyəti kişilər, sosioloqların əksəriyyəti isə qadınlardır? Bu suallara ənənəvi təsəvvürün verdiyi cavab budur ki, qadınlar “getolaşdırılıblar”, yəni cəmiyyət qadınları bu ixtisaslara məcbur edib, cəmiyyət bu ixtisasları tipik qadın ixtisası olmaqla stereotipləşdirib. Nə üçün şef, müdir, prezident, CEO, nobel lauriyatlarında böyük əksəriyyət ilə kişilər təmsil olunurlar? Yenə ənənəvi təsəvvürün bu suala cavabı budur ki, qadınlar üçün şüşə tavan, kişilər üçün isə şüşə lift mövcuddur. Yəni qadınlar üçün cəmiyyət görünməyən maneə, kişilər üçün isə görünməyən imkanlar təqdim edir. Diqqət edək ki, Helena Cronin bu təsəvvürü ənənəvi, konvensional, normativləşdirilmiş təsəvvür adlandırır, çünki iyirminci əsrdə bu ideyalar məşhurlaşaraq akademik normaya çevrilib. Bu gün bu təsəvvürü şübhə altına almaq o qədər də asan deyildir.Helena Cronin daha sonra suallara ənənəvi təsəvvür prizmasından verilmiş bu cavabların doğru olmadığını söyləyir, içində bu cavabları daşıyan kağızı simvolik bir şəkildə cıraraq atır.

1-ci fərq:

Helena Cronin doğru cavabın daha geniş olduğuna diqqət çəkərək bu fərqlərin sadəcə cəmiyyət tərəfindən yaradılmadığını qeyd edir. Fərqlərin kişilərin və qadınların qrup olaraq kimlikləri arasındakı fərqlərdə mövcud olduğunu vurğulayır. İki cins arasındakı üç əsas fərqin elmi izahını verməyə çalışır. İlk öncə kişi ilə qadın arasındakı zövq fərqlərini göstərmək üçün aparılmış bir eksperimenti zikr edir. Fərqli oyuncaqlar Vervet meymunları arasında dağıdılıb və nəticə bu olub ki, erkək meymunlar maşın, traktor kimi oyuncaqları, dişi meymunlar isə gəlincikləri, canlı obrazları ələ alıblar və onlara maraq göstəriblər. Bu eksperiment təsdiq edir ki, cinslərin zövqləri arasındakı fərqlər cəmiyyət tərəfindən diktə edilməyib, lakin doğuluşdan mövcuddur. Əlavə edir ki, bu zövq fərqliliyi əsrlər dəyişdikcə öz varlığını saxlayır. Son əsrlərdəki böyük sosial transformasiyalara baxmayaraq bu zövq fərqliliyində bir dəyişiklik baş verməyib. Helena Cronin darvinist olduğu üçün bunu təkamül prosesinin nəticəsi kimi görür. Ona görə İngiltərədə insan təmayüllü işlərdə (tibb bacılığı, terapi, xidmət) 80 faizdən çox işçilər qadınlardır. Amma qadınların əşya təmayüllü işlərdə (mühəndislik) təmsili isə sadəcə altı faizdir. Hətta mühəndislik sahəsində təmsil olunan altı faiz qadın da xüsusilə bio mühəndislik sahəsində əsasən yer alır. Çünki daha çox canlılar ilə bağlı bir sahədir.

2-ci fərq:

Temperamentlərə gəldikdə isə kişilərin daha çox yarış əzimli olduğunu xatırladan professor buna təkamül nəzəriyyəsindən bir izah verir: Bir kişiyə əlli qadın ver və görəcəksən ki, uşaqlarının sayı bol olacaq. Bir qadına isə əlli ər versən onun çoxalmaq şansı artmayacaq. Ona görə də “təbii seçim” cütləşmə yoldaşı üçün yarışan kişilərə üstünlük verib və bu günün kişiləri həmin zəfər çalmış yarışan kişilərin törəmələridir. Bu isə kişiləri qadından bir çox cəhətdən fərqli edir: Kişilər daha çox ambisiyalıdır, statusu üzərində düşünəndir, ağalıq etməyi sevəndir, bir məqsəd üzərində fikrini cəm edəndir, risk götürəndir… Onların bütün həyat stategiyası riskə getmək, fürsətdən istifadə etmək və bütün imkanlar ilə qazanmaq, qələbə çalmaq üzərində qurulub. Helena buna misal göstərmək üçün Guinness rekordlar kitabından misallar verir və ən absurd işlərdə birinci olmaq arzusu ilə yaşayan kişiləri misal çəkir.

3-cü fərq:

Professor daha sonra üçüncü fərq haqqında danışır. Ona görə kişilərin bir qrup olaraq arasındakı fərqlər də çox böyükdür, qadınlar daha çox ortaq məxrəc ətrafında sıxlaşdıqları halda, kişilər ən yaxşı və ən pis istiqamətlərdə bir qədər daha çox yayılıblar. Bu o deməkdir ki, ən yüksək mərtəbələrdə kişilər qadınlardan daha çox təmsil olunduqları kimi ən aşağı mərtəbələrdə də qadınlardan daha çox təmsil olunurlar. Riyazi düşüncə tələb edən testlərin nəticələri onu göstərir ki, ən az 500 xal toplayanların arasında oğlan/qız nisbəti 2/1-ə bərabərdir. Ən az 600 xal toplayanlarda isə bu nisbət 4/1, ən az 700 xal toplayanlarda isə bu nisbət 13/1-ə bərabərdir. Mexaniki düşünmə qabiliyyətinə görə ən başda yer alan 0.1 faizdə təmsil olunan kişi/qadın nisbəti 237/1-ə bərabərdir.

Lakin bu, qrup olaraq, yəni ortaq məxrəc olaraq kişilərlə qadınlar arasındakı fərqlərin elmi yollarla sübut edilməsidir. Bu o demək deyildir ki, hər bir kişi hər bir qadından bu xüsusiyyətlərə görə fərqlənir. Qadınların bir hissəsi matematik, texniki düşüncədə kişilərin böyük bir hissəsini geridə qoyur. Lakin qrup olaraq kişilər qadınlardan bu sahədə üstündür. Qadınlar isə başqa istedadları ilə kişilərdən üstündür. İslam dini şəri hökmlərində bu fərqləri nəzərə alıb və kişilərin qadınlar üzərindəki məsuliyyətini təsdiqləyib.