İslamiyyətdən əvvəl türklər | Qədim türk cəmiyyətlərində qadının yeri

Azərbaycanda ara-sıra İslam əleyhində istifadə edilən hücumların bir hissəsi türkçülük və millətçilik payına düşür. Bu hücum özünü bu şəkildə göstərir: qədim türklər xoşbəxt yaşayırdılar, onları islamiyyəti qəbul etdikdən sonra həyatın gözəlliklərindən məhrum oldular. Bu şəkildə çatdırılan propaqandanın ciddi bir hissəsi qadınların üzərindən aparılır; türk qadınlarının beynində uydurma bir keçmiş formalaşdırır, onu islam qadını ilə qarşılaşdıraraq təzad yaratmağa çalışırlar. Çox zaman bunu ya at üzərində oturmuş, ya əlində ox və ya qılınc tutmuş, üzərində döyüşçü geyimi və dəbilqəsi olan mifik qədim türk qadınını əks etdirən şəkillərlə bəzəyirlər. “Türk qadını əvvəllər kişilərlə eyni bərabərdə idi, eyni statusa sahib idi, İslam gəldikdən sonra qadın geriyə çəkildi” şəklində qara bir propaqanda aparılır. Sanki İslamdan əvvəl bütün türk qadınları Tomris və ya Sara Xatun idi, İslam gəldikdən sonra isə gözlərdən itmiş, heç kimin əhəmiyyət vermədiyi bir məxluqa çevrildi.

Bu təbliğat öz başlanğıcını Osmanlının son dönəmindən götürür. Qədim türk feminizmi fikrinin atası Ziya Gökalp (1876-1924) sayılır. O, “Türkçülüyün Əsasları” kitabında yazır: “Qədim türklər həm demokrat, həm də feminist idilər. Zatən demokrat olan cəmiyyətlər ümumiyyətlə feminist olurlar. Türklərin feminist olmasına başqa bir səbəb də, qədim türklərdə şamanizmin qadındakı müqəddəs qüvvəyə istinad etməsi idi. Türk şamanları, sehr gücü ilə xariqələr göstərə bilmək üçün, özlərini qadınlara bənzətməyə məcbur idilər. Qadın əlbisəsi geyinər, saçlarını uzadar, səslərini incəldər, bığ və saqqallarını qırxar, hətta hamilə qalar, uşaq doğardılar. Bunun qarşılığında “toyonizm” dini də kişinin müqəddəs gücündə (kutunda) təcəlli edərdi. Toyonizm ilə şamanizmin qiymətcə bərabər olması, hüquq baxımından kişi və qadının bərabər tanınmasına səbəb oldu. Hətta hər işin ya toyonimzə, ya da şamanizmə istinad etməsi lazım gəldiyindən hər işə aid toplanmalarda qadınla kişinin bərabər iştirak etməsi şərt idi: məsələn ümumi hakimiyyət xaqan ilə xatunun hər ikisində də müştərək təcəlli etdiyi üçün bir fərman yazıldığı zaman “xaqan əmr edir ki” ibarəsi ilə başlasaydı itaət olunmazdı. İtaət olunması üçün hər halda “xaqan və xatun əmr edir ki” sözü ilə başlaması lazım idi. Xaqan tək başına, bir elçini hüzuruna qəbul edə bilməzdi. Elçilər ancaq sağda xaqan və solda xatun oturduqları bir zamanda, ikisinin birdən hüzuruna çıxardı. Şənliklərdə, kinkəşlərdə, qurultaylarda, ibadətlərdə və ayinlərdə, hərb və sülh məclislərində, xatun da mütləq xaqanla bərabər iştirak edirdi. Qadınlar, təsəttürə aid heç bir şərt ilə şərtlənmirdilər. Xaqanın hakimiyyətində şəriki olan xatuna “Türkan” ünvanı verilirdi. Xatun, xaqan sülaləsinə mənsub olan bütün şahzadələrin müştərək ünvanı idi. Türkanın da əlbəttə xatunlardan olması lazım gəldiyindən, ona da sadəcə “xatun” deyilə bilirdi.Qədim türklərdə “zövcə” yalnız bir dənə ola bilərdi. İmperializm dövrlərində xaqanların və bəylərin bu həqiqi zövcədən başqa “kuma” adıyla başqa ellərə mənsub kənizləri də ola bilirdi. Fəqət, bu kumalar həqiqi zövcə mahiyyətində deyildi. Türk törəsi bunları rəsmən zövcə (olaraq) tanımazdı. Bunlar sanki bir növ şəriət-hiyləsi ilə ailənin içinə girmişdilər. Kumaların uşaqları öz analarına “ana” deyə xitab etməzdilər, “təyzə” deyib çağırardılar. “Ana” xitabını xas olaraq atalarının həqiqi zövcəsinə söyləyə bilərdilər. Eyni zamanda kumaların uşaqları mirasa da nail olmazdılar. Kumaların oğulları – ataları xaqan olsa belə – əsla xaqan ola bilməzdi. Kumaların xatunlardan fərqi bu idi ki, kumalar xaqanın öz elindən deyildilər. Xatun isə xaqanın öz elindən idi. Kuma, çin şahzadələrindən olduqda “konçuy” adını alırdı. Konçuy digər kumalardan üstün idi, fəqət konçuylardan da yuxarıda “xatun” var idi. Moğol dönəmində xatınların da sayı çoxalmağa başladı. Fəqət bunlardan yalnız biri “türkan”, yəni “məlikə” statusunda idi.Qədim türklərdə qadınlar ümumən “amazon” idilər. Süvarilik, silahdarlıq, qəhrəmanlıq türk kişiləri qədər türk qadınlarında da var idi. Qadınlar doğrudan doğruya hökmdar, qala rəisi, vali və səfir ola bilirdilər. Adətən ailələrdə də ev müştərək olaraq arvad ilə ərin ikisinə aid idi. Uşaqlar üzərindəki xüsusi hökmranlıq ata(ya aid olduğu) qədər anaya da aid idi. Kişi daima arvadına hörmət edər, onu arabaya mindirərək özü arabanın arxasında piyada gedərdi. Cəngavərlik qədim türklərdə ümumi bir səciyyə idi. Feminizm də türklərin ən köklü şüarı idi. Qadınlar mallarda təsərrüf etdikləri kimi dirliklərə, zəamətlərə, xaslara, malikanələrə də malik ola bilərdilər. Qədim qövmlər arasında heç bir qövm türklər qədər qadın cinsinə hüquq verməmişdilər və hörmət göstərməmişdilər. Ana soyuyla ata soyunun bərabərliyi “soy” fəslində zikr edildiyi üçün burada təkrarına lüzum yoxdur.”1

Bu sətrlərdə Gökalp tərəfindən yaradılan mifik obraz kamalist Türkiyədəki feministlərin əsas arqumentlərindən birinə çevrildi. Məqsəd Türkiyənin qərbləşməsi prosesini tezləşdirmək, insanların əsrlər boyunca sahibləndikləri dəyərləri yeniləri ilə əvəz etmək idi. Lakin müsəlman xalqa Qərbin adətlərini satmaq asan deyildi. Gökalp bunu milli mənsubiyyət tərəfindən aşılamağı ən uğurlu strategiya kimi görürdü. Yeni türk ailəsinə Qərb modelini təqdim edərkən – Mehmet İzzet deyir: “bu hərəkatı qədim türk törəsinə və milli kimliyə qayıtmaq kimi yozmaq daha çox xoşməramlıqla və simpatiya ilə qarşılanacaqdı.” Halide Edib də qeyd edir ki, kamalist intellektualların qədim türklərə müraciət etməkləri yeni “dəyişiklikləri kütlələrə məqbul etmək” məqsədi daşıyırdı.2 Etiraf edilməlidir ki, bu mifik təsəvvür, türk xalqının beynində dəyişiklik yaratmaq üçün effektiv bir vasitə idi. Atatürk’ün mənəvi qızları hesab edilən Halide Edip və Afet İnan eyni türkçülük idealını bir qədər yumşaq formada təbliğ etməyə davam etdilər. Nəticədə o gündən bu günə qədər uzanan bir ideoloji təbliğat vardır və davam etməkdədir. Bu gün bu mövzuda yazılmış kitabları oxusanız məsələnin köklü şəkildə erkən tarixi qaynaqlara, türk folkloruna, etnoqrafik araşdırmalara dayandırıldığını görməyəcəksiz. Misal üçün, Yaşar Bedirhan “İslam Öncesi Türk Tarihi ve Kültürü” kitabında qadınların yüksək statusu haqqında yazarkən Gökalp’ın “Türkçülügün Esasları”, Afet İnan’ın “Tarih Boyunca Türk Kadınını Hak ve Görevleri” kimi kitablara istinad edir. Biz bu məqaləmizdə məhz türk folkloruna, tarixi qaynaqlara, etnoqrafik araşdırmalara istinad edən arqumentlər üzərindən bu iddiaların keyfiyyətinə baxmaq istəyirik.

Hər şeydən əvvəl xatırlamağımız lazımdır ki, bu iddiaların heç biri boşluqdan ortaya çıxmayıb, sadəcə olaraq bəzi qaynaqlardakı materiallardan çıxarılmış xətalı nəticələrdir. Şübhəsiz ki, Gökalp’ın dediklərinin əslini təşkil edəcək tarixi şahidliklər mövcuddur, amma bu tarixi məlumatlar ideoloji prizmadan keçdiyi üçün təhrif olunub. Misal üçün, Gökalp feminizmin sosioloji əsaslarını şamanizm ilə bağlayır. Ona görə şamanizm əsl və mahiyyət etibarı ilə qadınlara xas olduğu üçün, toyonizm isə erkəklərə aid olduğu üçün bu iki sistem bərabər şərtlərdə cəmiyyəti idarə etdiyi müddətdə qadınla kişi də bərabər statusa sahib olublar. Şamanizm ona görə din deyil, sehr mədəniyyəti kimi izah olunmalıdır. Toyonizm isə “totemizmin və animizmin də bəzi qalıntılarını içinə alan bir naturizmdir.”3 Başqa cür desək fərdin daha böyük bir qrup və ya şəcərədəki mistik bağları olması inancı (totemizm) ilə hər bir şeyin özünün ruhunun, ruhani cövhərinin olması inancından (animizm) formalaşan təbiət sitayişidir. Bu cür ayırım etmənin, yəni şamanizmi türklərdə sehr olaraq, toyonizmi isə din olaraq müəyyən etməyin özünün çox ciddi bir problem olmasından ziyadə şamanizm haqqında deyilənlər də həqiqəti təmsil etmir.

Şamanizm haqqında bir çox araşdırmalar edilib və biz bu gün türk şamanizmini canlı olaraq Yakut və Altay türklərində müşahidə edə bilirik. Məhz Sibirdəki şamanizmi öyrənmiş və bu barədə müşahidələrini qələmə almış antropoloq Marie Antoinette Czaplicka’nın (1884-1921) şamanların ilk başlanğıcda yalnız qadınlar olması nəzəriyyəsini də müzakirə edir. Troçanski’nin irəli sürdüyü bu nəzəriyyə üçün gətirilən arqumentləri analiz etdikdən sonra Czaplicka deyir: “İlk qara şamanların qadın olması hipotezi sübutlara əsaslanmır.”4 Beləliklə də şamanizmin qadınlıq ilə bağlı olması fikrinin isbat olunmamış bir hipotez olduğunu anladıqldan sonra Ziya Gökalp’ın arqumentləri çökmüş olur.

Həmçinin tarixi qaynaqlar arasında namizəd kimi İbn Batuta və onun səfərnaməsi də yer alır. Adətən xaqan ilə xatun arasındakı bərabərliyi göstərmək istəyənlər bu müsəlman səyyahın yazdıqlarına müraciət edirlər. İbn Batuta səyahətini qələmə aldığı kitabında bir yerdə deyir: “Türklərdə və tatarlarda qadınların böyük payı vardır və onlar (yəni türklər) bir fərman verdiklərində orada “Sultanın və xatunların əmri ilə” yazırlar. Hər bir xatunun çox sayda şəhərləri, məhəllələri və böyük gəlirləri var. Sultan ilə səfər etdiyində özünün ayrıca düşərgəsi olur.”5 Burada aristokratik qadınların məşğul etdikləri yüksək statusla bağlı məlumat verilir. Lakin burda heç yerdə deyilmir ki, xaqanın əmrləri yalnız ikisinin də adından gələrsə itaətə layiq olur. Bu, daha çox Gökalp’ın sərtlər arasına daxil etdiyi əlavə çalardır, üstəlik İbn Batuta burda açıq şəkildə qeyd edir ki, fərman yazıldıqda bir xaqanla yanaşı bütün xatınlara nisbət edilir. Gökalp’ın təsvir etdiyi mənzərədə isə türk xanının yalnız bir xatunu var, qalanları sadəcə kölədir. İbn Batuta öz səyahətində Qiram’dan (Starıy Krim?) Azaq (Azov) şəhərinə, oradan isə indiki Budyonnovsk yaxınlığında yerləşən Macar şəhərinə səyahət edərkən fərqli millətlər və dinlərlə qarşılaşır. Bu ərazilər artıq Qızıl Orda xanlığının bir hissəsi idi və Özbək Xanın idarəsi altında idi. Bu ərazi haqqında danışarkən deyir: “Bu ölkədə mən onların nəzərində qadınlara göstərilən təzimlə bağlı qeyri-adi bir hal gördüm; onlar kişilərdən status baxımından daha üstündürlər.” Daha sonra əmirlərin arvadları haqqında məlumat verir, Qiram şəhərindən çıxarkən Əmirin arvadı xatunu bir araba üstündə gördüyünü, arabaların gözəl süslənmiş olduğunu, onu müşaiyət edən kənizlərin çoxluğunu və gözəlliklərini qeyd edir. Əmirin iqamətgahına çatdıqda xatun arabadan düşür, otuza yaxın kəniz onun paltarının ətəyindən tutur, yerə bulaşmağına imkan vermir və bu şəkildə təmtəraqla əmirin yanına gəlir. Əmir xatun üçün ayağa qalxır, salam verir, yanına oturdur. Daha sonra məclisə qımız gətirirlər, xatun qımızdan bir qədəhə süzdü, xanın qarşısında dizləri üstə çökərək ona təklif etdi, sonra qardaşı üçün süzdü. Xatun üçün isə əmir özü qımız süzdü. Daha sonra İbn Batuta tacirlərin, zəngin insanların qadınları haqqında yazır. Onların gözəl geyimlərdə qapalı olmayan arabalar üstündə oturduqlarını, üzlərinin açıq olduqlarını yazır, “çünki türklərin qadınları hicab bağlamırlar.”6

İbn Batuta’nın sözlərinə münasibət bildirmədən əvvəl Ziya Gökalp’ın çoxarvadlıq ilə bağlı iddialarına nəzər salaq. Ən sadə dildə desək, onun iddiaları tarixi sübutlara müvafiq deyildir. Misal üçün antropoloq Marie Czaplicka’nın araşdırması göstərir ki, yakut türkləri ruslar o əraziləri işğal edənə qədər poliqamiya adəti ilə yaşayırdılar. O, Sieroszewski’nin Namsk bölgəsində apardığı qeydlərə əsaslanaraq deyir ki, “nisbətən yaxın vaxtlara, rusların gəlişinə qədər yakutlarda poliqini adəti var idi. Bir kişinin bütün arvadlarından olan uşaqları atasoyunun özülünü təşkil edirdi, amma ayrılıqda hər bir arvadın uşağına anasoyunu aid edirdilər.”7 Hətta ən gec 1914-cü ildə onlardan bəziləri hələ də poliqam münasibətləri saxlamaqda idi. Qazax türkləri arasındakı dəlillər də göstərir ki, poliqamiya onlara İslam ilə gəlməmişdi, İslamdan da əvvəl mövcud idi. Alfred Hudson’un (1904-1956) tarixi araşdırmaları göstərir ki, qazax kişiləri heç bir məhdudiyyət olmadan ürəyi istədiyi qədər, imkanı çatdığı qədər qadınla evlənə bilirdilər. İslam şəriətinin gətirdiyi məhdudiyyətlərə əhəmiyyət vermirdilər.8 “Belə görünür ki, Gökalp – və onun Fındıkoğlu və Halide Edip kimi davamçıları – monoqamiya ilə qadının azadlığı hallarını qarışdırıblar” – Fanny Davis yazır: “Doğrudur ki, Orta Asiyanın köçəri türk xalqları qadınlarını gözlərdən gizli saxlamırdılar və türk hakiminin ilk arvadı bəzən onun özünə bərabər statusa malik idi. Lakin buradan onun yalnız bir arvadının olması nəticəsi çıxmır.”9

Xatunların xaqanlarla eyni statusa və ya yaxın statusa malik olması məsələsinə bir göz ataq. Daha əvvəl qeyd etdik ki, Gökalp’ın təkarvadlıq haqqındakı iddiaları elmi-tarixi əsaslara dayanmır, sadəcə olaraq ideoloji təhrifdir. İbn Batuta təsdiq edir ki, türk xanları öz xatınlarını yanlarında oturdardılar. Gökalp isə inandırmağa çalışır ki, xanın yanında hər zaman oturan xatun onun birinci və yeganə arvadı olub. Tarixi qaynaqlar bu portretə bir qədər önəmli nüanslar əlavə edir. On üçüncü əsrin ortasında Qara dənizin şimalında yaşıyan tatarların obalarını ziyarət etmiş Rubruck’lu William tatarların xanı haqqında yazarkən deyir: “Əgər onun birdən çox arvadı varsa gecəni hansı arvadla keçirirsə həmin arvadı o günün gündüz çağı onun yanında oturur.”10

Bu həmçinin sübut edir ki, Xanın birinci arvadından sonra evləndikləri də, yəni kumalar da onun legitim arvadları hesab olunurdu. Bəli, doğrudur ki, ilk arvad digərlərindən status cəhətdən seçilirdi, lakin heç bir şəkildə Xaqanın hakimiyyətinə şərik deyildi. Mahmud Kaşğari “Divanu Luğatit-Turk” əsərində qədim türk atalar sözləri arasında bunu da qeyd edir: “Xan işi bolsa qatun işi qalır.”11 Yəni ki, xanın bir buyuruğu, bir əmri olarsa xatunun əmri qalar, yəni keçərli olmaz. Əgər bu atalar sözü qədim türklərin baxış acısını təmsil etmirsə başqa nə təmsil etmək haqqına layiqdir?! Çin tarixi qaynaqlarına inanmalı olsaq, hələ səkkizinci əsrə qədər türk xaqanları öldükdə onun ən yaxın yoldaşları – həm insanlar, həm də atlar – onunla birlikdə dəfn edilməli idi. Müasir arxeologiya, bu cür insan qurbanlarına dair bir dəlillə qarşılaşmasa da, tarixi yazılarda bu qeyd olunur. Hətta Eletmiş Bilgə xaqan 759-cu ildə vəfat etdikdə onun arvadı olmuş çin şahzadə xanım Ningguo ölümcül dilemma ilə qarşılaşır, bir il əvvəl ərə getdiyi bir xaqanın ölümünün arxasınca o da onunla birlikdə dəfn olunmalı idi. Yazılanlara görə Ningguo uyğur divanını iqna edə bilir ki, xaqandan uşağı olmadığı üçün onunla birlikdə dəfn edilməsi icab etməz.12 Bu adətin bənzərini oğuzlar haqqında İbn Fədlan da zikr edir.13 Ona görə oğuzlardan önəmli bir adam ölərsə onun üçün ev formasında bir çuxur qazarlar, onu geyindirərlər, silahlarını da taxarlar və heyvanlarını da öldürüb yanına qoyarlar. Heyvanları öldürməklərində məqsədi isə bu cür qeyd edir: “Bu, onun heyvanlarıdır, Cənnətə bunlarda minib gedəcək” deyirlər.14 Bu sözündən anlaşılır ki, öldürülən heyvan minik heyvanı olub. Xatunların xanlara bərabər olması iddiasını çürüdən tarixi faktlardan biri də çin şahzadəsi Taihe xatunun halıdır. 821-ci ildə uyğur xaqanı Kün Tenqridə Qut Bolmiş Alp Bilge çin imperatoru Xianzong’un on yeddinci qızı ilə evlənir. Bundan sonra uyğur xaqanı taxtı itirsə də Taihe xatunun istəklərinə və Çin sarayının israrına rağmən uyğurlar çin xatunun ata evinə qayıtmağına izn vermədilər. Çinlilər yalnız müharibə yolu və xilasetmə əməliyyatı ilə Taihe xatunu uyğurlardan geri ala biliblər.15

Kamalist-feminist nəzəriyyələrinin ideoloji mübaliğələr olduğunu, türk tayfalarının qədimdən patriarxal cəmiyyət quruluşuna malik olduğunu sübut edən misallar çoxdur. Misal üçün, bir çox müqəddəs ayinləri icra edərkən qadınların orada iştirakına qadağalar qoyublar. İndiki Krasnoyarsk əyalətinin cənubunda yerləşən Minusinsk şəhərində yaşamış türklərin səmaya, yəni Tənqri’yə qurban gətirmək ayini haqqında yazan Czaplicka bu ayini “tigir tayi” adlandırır. “Bu, hər üç ildən bir, adətən iyun ayının sonları edilirdi. Bu türklərin çoxunda, misal üçün Beltir’lərdə və Kaçint’lərdə bu, qəti bir qəbilə ayini xarakteri daşıyır. Qadınlara bunda iştirak etməyə, hətta hazırlıqlarda kömək etməyə icazə verilmir.”16 Bir çox halda qadınların yüksək statusunu göstərmək üçün feminist türkoloqlar dastanlara müraciət edirlər, türk qadınlarının qədimdə döyüşkən olduqlarını, öz ərlərini özləri seçdiklərini iddia edirlər. Dədə Qorqud kitabının ingilis dilində tərcüməsini hazırlayanlar müqəddimədə qeyd edirlər ki, “türk qadınları başlanğıcda az qala kişilərlə bərabər statusa malik idi; hicab hərəm və poliqamiya İslamın qəbulundan bir müddət sonra idxal edilmiş ərəb institutlarıdır.”17 Mövhumatçı türk qafalarının məsələni qərb oxucu kütləsinə bu cür ərz etməsi qəribə gəlməməlidir, sanki demək istəyirlər ki, “siz biz türklərlə ərəbləri səhv salmayın, biz türklər sizlər kimiyik, həqiqi türklər bir arvadla evlənirlər.”

Qərbli akademiklər isə bu cür ucuz təhrifatlara aldanmırlar. Berlin universitetinin türkoloqlarından Barbara Kellner-Heinkele Dədə Qorqud dastanının qadınların “az qala kişilərlə bərabər statusa” sahib olduqlarını göstərmək üçün dəlil gətirildiyindən agahdır. O, etiraf edir ki, dastanda döyüşkən qadınlar, cəsur analar və gəlinlər, ağıllı qızlar təriflənir, təzim olunur, lakin “dastan həmçinin siravi qadınları da – istər analar, istər gəlinlər olsun – vəsf edir…” Barbara bizə xatırladır ki, dastanın elə girişində ozan bizə qadınların dörd tip olduğunu xatırladır: “Qarılar dört dürlüdür, birisi solduran sobdur, birisi tolduran toddur, birisi evün tayağıdur, birisi necə söylərsən bayağıdur.” Bu dörd tipdən yalnız biri tərifə layiqdir, qalan üçü isə pislənir. Sonuncu qadın növünü isə belə vəsf edir: “Gəldük olkim necə söylərsən bayağıdur: Ötə yazıdan-yabandan bir udlu qonuq gəlsə, ər adam evdə olsa ona disə ki, “Tur ətmək gətür, yeyəlum, bu da yisün” disə, “bişmiş etməgün bəqası olmaz, yimək gərəkdür” (desə) avrat eydür: “Neyleyəyim, bu yıqılacaq evdə un yoq, ələk yoq, dəvə dəgirməndən gəlmədi” deyər. “Nə gəlür isə bənim sağrıma gəlsün”, – deyü əlin götinə urur, yönin anaru, ərinə sağrısın döndərür. Bin söylərsən, birisini quymaz, ərin sözini qulağına qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əslidür.”18 Barbara bu sözlərdə heç də bəzi türk akademiklərin təqdim etdiyi qadın-kişi bərabərliyi dastanını görə bilmir. Əksinə açıq-şəkildə görünür ki, qadından ərinə itaət etmək, evdə yemək bişirib ərinin və qonağının qabağına qoymaq gözlənilir, sosial rollar çox açıq şəkildə bölünüb.19 Çox maraqlıdır ki, Dədə Qorqud dastanında məhz Bamsı Beyrək iki arvad ilə evlənib; Banu Çiçəklə evli olan Bamsi Beyrək həm də vəd verdiyi kimi Şökli Melik’in qızı ilə də evlənir. Dəqə Qorqud dastanını ingilis dilinə tərcümə edənlər bu nöqtəyə bir izah gətirməyə ehtiyac duyublar, çünki onlar axı türklərin monoqam ailələrə sahib olduğunu yazmışdılar. Bununla bağlı bir qeyd açaraq yazırlar: “Biz, bunun daha sonradan əlavə edilməsi rəyinə meyl edirik, ola bilsin ki, bir ozan və ya sonuncu bir redaktor tərəfindən əlavə edilib. (Dastanda) bu müsəlman adətini tək bir yerdə tapmaq təəccüblü deyildir, təəccüblü olan bunun daha çox yerdə keçməməsidir, çünki dastan müsəlmanlar tərəfindən və müsəlmanlar üçün bir neçə əsr müddətində oxunub.”20 Əslində isə burada təəccüb doğurmayan Faruk Sümer, Ahmet Uysal kimi qərbpərəstlərin verdikləri şərhdir. Görəsən, onlar ilk öncə nəyə əsasən qədim türk əxlaqının meyarını müəyyən edirlər ki, Dədə Qorqud dastanını da ona nisbətdə analiz etsinlər? Görəsən dastanda keçən adətlərin hansı xalis türk adətidir? Banu Çiçəyin Bamsı Beyrəyin qarşısına çıxarkən üzünə yaşmaq çəkməsi, yoxsa Beyrəyin qaynı Dəli Qarçarın öz bacısının razılığını almadan onu ərə verməsi yoxsa Banu Çiçəyin Beyrəklə öz istəyi ilə güləşməsi, Beyrəyin onun köynəyini açıb döşündən tutması, üç dəfə öpüb bir dəfə dişləməsimi?! İslamiyyətə xor baxıb, qədim türkçülükdən dəm vuranları bu əxlaqın başqa misalları ilə tanış olmağa dəvət edirəm.

Gökalp’ın dediklərinin hamısı xətalı deyildir; doğrudur ki, türk qızları təsəttürlə örtünməzdilər, baş geyimləri var idi, lakin saçları və üzləri görünürdü. Gökalp əslində qədim oğuzlardakı övrət liberallığından da yaza bilərdi, amma yazmayıb. Tarixi qaynaqlara inanmalı olsaq, İslam dinini qəbul etmədən əvvəl türk qadınlarında övrət anlayışı olmayıb. İbn Fədlan öz “səfərnaməsində” yazır: “Türklər böyük və kiçik təharətdən sonra təmizlənməzlər, cənabətdən və başqa səbəbdən yuyunmazlar, su ilə aralarında – xüsusilə də qışda – bir işləri yoxdur. Onların qadınları nə öz kişilərindən, nə də başqalarından örtünmürlər, həmçinin (onlarda) qadın bədənindən heç bir şeyi insanlar arasında heç kimdən gizlətmir. Bir gün onlardan bir kişinin evində qonaqladıq. Beləliklə də oturmuşduq və kişinin arvadı da bizimlə idi. Bizimlə danışdığı sırada ona baxdığımız halda övrət yerini açdı və qaşıdı. Biz dərhal üzümüzü gizlətdik və “əstağfirullah” dedik. Bunun üzərinə əri güldü və tərcüməçiyə dedi: “Onlara de ki, onların hüzurunda (arvadım) orasını açır, siz görürsünüz və o, orasını qoruyur, heç kim ora yaxınlaşa bilməz. Bu, orasını örtüb başqalarına verməkdən daha yaxşıdır.”21 Lakin bütün bunlar o anlama gəlmir ki, türk qadınları çılpaq və ya yarı çılpaq gəzərdilər. İbn Fədlan qeyd edir ki, türklərin obalarından keçən müsəlman tacirlər onlara hər zaman hədiyyələr gətirərdilər, qadınları üçün baş örtüsü hədiyyə edərdilər. Bu, türk qadınlarının da başlarını örtdüklərini göstərir. Onu da qeyd edək ki, İbn Fədlan bu torpaqlardan keçərkən oğuzlar hələ müsəlman deyildilər və İslamı qəbul etməmişdilər. Bolqar türklərinə gəldikdə isə onlar təzəlikcə İslamı qəbul etmişdilər, bununla belə İbn Fədlan onlar haqqında verdiyi məlumatlar arasında bunu da deyir: “Kişilər və qadınlar çaya girirlər və hamısı birlikdə çılpaq şəkildə çimirlər, bir-birilərindən örtünmürlər. (Bununla belə) heç bir baxımdan və səbəbdən zina etmirlər… (Çayda) çimərkən qadınları kişilərdən ayırıb örtünməyə nə qədər çalışdımsa, buna nail ola bilmədim.”22 İbn Fədlan oğuz türkləri haqqında danışarkən qeyd edir ki, oğuz türkləri zina nə olduğunu bilməzlər. Bir kimsəni zina edərkən tutsalar, onu ikiyə parçalayarlar, iki ağacı əyib adamı onun budaqlarına bağlayırlar və sonra ağacları buraxaraq adamı iki yerə ayırarlar.

İbn Fədlan’ın verdiyi məlumatlar arasında bu da keçməkdədir: ”(Evləndikdən sonra) heç kim qadının vəlisinin razılaşdığı mehri ödəməyincə öz arvadına yaxınlaşa bilməz. Əgər vəliyə mehri ödəyibsə utanmadan gəlib arvadının olduğu mənzilə daxil ola bilər, atasının, anasının və qardaşlarının hüzurunda onunla əlaqədə ola bilər və bu zaman (ailəsi) ona mane olmazlar.” Əlavə edir ki, “bir kişi vəfat edərsə və onun arvadı və övladları varsa, böyük oğlu atasının arvadı ilə – öz anası olmadığı təqdirdə – evlənər.” Onun bu dedikləri həmçinin fransız missionaer səyyah Rubruck’lu William tərəfindən təsdiqlənir. O, tatarların qanunları və adətləri haqqında yazarkən qeyd edir ki, “atalarının ölümündən sonra onun arvadı ilə evlənirlər. Kiçik qardaş və ya qohumlarından bir başqası böyük qardaşı öldükdə onun arvadı ilə evlənməyə məcburdur.”23 Sibirdəki yakutların evlənmək adətlərini vəsf edən Czaplicka bəzi maraqlı detallara yer verir. Polşalı etnoqraf Sieroszewski’yə istinad edərək qeyd edir ki, ”yakutlar qızları ismətli saxlamaq üçün vəhşi vasitələrə əl atırlar.” Dəri şalvardan və dəri kəmərlərdən ibarət “bakirəlik toqqası” geyinməyə məcbur edirlər. Bu geyim hər zaman qızın əynində olmalıdır, hətta yatarkən belə çıxarmaq haqqı yox idi. Czaplicka əlavə edir ki, qızın mehri verildikdən sonra toy olmadan da onunla yaxınlıq edilməsinə normal baxırdılar. Hətta qızın nişanlısı qızı valideynlərinin evində ziyarət edib onunla yaxınlıq edə bilirdi, bu yaxınlıqdan uşaqlar da dünyaya gəlirdi və anası ilə qalırdılar.24 Milliyyətçi türkoloqların və kamalist feministlərin iddia etdikləri kimi türk qızları evlənəcəkləri namizədi seçməkdə sərbəst deyildilər. Onların da ixtiyarı vəlilərinin əlində idi. Dədə Qorqud dastanında bunun misalını Banu Çiçəyin qardaşının öz bacısını onun istəyinə qarşı ərə verməsində gördük. Həmçinin Manas dastanında da qadın kişilərin ixtiyarındadır, onların istəyi ilə evlənər və boşanar. Manas dastanını incələyən Naciye Yıldız yazır ki, “dolayısıyla, qadının cəmiyyətdə həyatını yaşaya bilməsi üçün dönəmin həyat şərtlərinə görə bir ər və ya oğul olaraq mütləq bir kişinin dəstəyinə ehtiyacı vardır.”25

Türk qadınlarının daha azad, daha döyüşkən olmasına gəldikdə isə bu, həqiqətdir və burada qəribə heç bir şey yoxdur. Bununla bağlı iki nöqtəyə toxunmağa ehtiyac vardır. Hər şeydən əvvəl qeyd edək ki, Gökalp’ın təqdim etdiyi kimi bu, türklərə xas bir xüsusiyyət olmayıb, ümumiyyətlə qədim və müasir dövrün bütün köçəri xalqlarında qadınlar daha böyük azadlıqlar və məsuliyyətlər ilə tanınıblar. Azərbaycanlı akademiklərin türk mənşəli hesab etdikləri skiflər ilə sarmatlar arasındakı fərqlər haqqında danışan Ellis H. Minns bu iki qrup arasındakı ən aşkar fərqin qadınların statusunda özünü göstərdiyini yazır. Skiflərdə qadınlar tamamilə kişilərdən asılı idi, qapalı arabalarda məhbus vəziyyətində elə saxlanırdı ki, Hippokrat onların hərəkətsizlik nəticəsində sağlamlıqlarının pis olduğunu yazırdı. Sarmatlarda isə qadınlar müharibələrdə iştirak edir, azad şəkildə hərəkət edir və elə bir statusa sahib idi ki, onlardan bəzi qəbilələr, qadınlar tərəfindən idarə olunma epitetini qazanmışdı və amazonlar əfsanəsi də – Minns’in yazdığına əsasən – buradan qaynaqlanır. Minns daha sonra belə bir şərhə yer verir: “Bu, müəyyən dərəcədə köçərilər arasında qadınların normal halıdır. Ərləri azmış heyvanları yığıb gətirənə qədər qadınlar yurdun məsuliyyətini daşıyırdılar və evdəki bütün təsərrüfatın öhdəsindən gəlməyə, yadları ağırlamağa və oğrular tərəfindən hücumları dəf etməyə qadir idilər.26 Orta Asiya və Hindistan coğrafiyasını gəzmiş Wolter Koelz müşahidə edir ki, “qəbilələrin qadınları şəhərlərdəki bacılarından fərqli olaraq daha çox məsuliyyət daşıyır və beləliklə də daha çox azadlıqları var. Qadınların hələ də çadrada gəzdikləri Əfqanıstanda, köçəri qadınlar üzü açıq gəzirlər və yeri gəldikdə yad kişilərlə öz kişiləri qədər sərbəst danışırlar.”27Bu göstəricilər sadəcə olaraq praktiki ehtiyacdan ortaya çıxır. Bu baxımdan köçəri həyat yaşayan kürd, əfqan, monqol qadınları da türk qadınları qədər azad və sərbəst olublar.

İkinci nöqtə isə budur ki, tarixi qaynaqlarda qadınların sahib olduqları yüksək nüfuz, gördükləri təzim bütün təbəqələrə aid olmayıb. İbn Batuta’nın yazdıqlarını oxuduqda qadına göstərilən təzim onun geyindiyi gözəl və bahalı paltarlarda, onun bəyinin yanında oturmasında, mülklərinin olmasında özünü əks etdirir. Bu isə təbii ki, soylu bir ailədən çıxması və xatun tituluna sahib olması ilə izah olunur. Sibir və Orta Asiya xalqlarının tarixini və mədəniyyətini öyrənmiş rusiyalı etnoqraf Nikolay Kozmin (1872-1938) əsaslı olaraq qeyd edir ki, yalnız “hakim sinfə aid qadınlar siyasətdə” belə “müstəsna rol oynayırdılar”. O qeyd edir ki, Ögedey xanın oğlu Kuyuk xanın zamanında anası Türkanə xatun böyük siyasi nüfuza və qüdrətə malik olduğu kimi Fransada doqquzuncu Lui’nin anası kraliça Blanş da görkəmli siyasi bir rola sahib idi. Kozmin bizim diqqətimizi frankların feodal cəmiyyətində qadınların acınacaqlı halına diqqət çəkir. Beləliklə də hakim dairələrdəki qadınların yüksək statusa sahib olması sadə xalq içində də qadınların eyni dərəcədə azad və firavan olmasını göstərməz. Kozmin deyir: “Qadınların monqollarda çox aşağı statusda olmasına dair əlimizdə kifayət qədər çox material vardır; bütün ev işlərinin ağırlığı onların üzərinə düşürdü.”28 Monqollar ilə qəsd etdiyi həm monqol, həm də türk tayfalardır. Dəqə Qorquddakı qadın obrazlarını xatırlayın, onların hamısı bəylərin qızları, arvadları və gəlinləri idi. Alfred Hudson da qəbul edir ki, türklərin qadınları haqqında İbn Batuta’nın qeyd etdiyi müşahidələr, xüsusilə siyasi ittifaqlar nəticəsində ailə həyatı qurmuş və ən üstün sinfə aid olan qadınlara aid ola bilər.29

Kozmin’in dediklərinin təsdiq edən materialı biz Sibirdə yaşayan və heç zaman islamiyyəti qəbul etməmiş türk xalqlarında müşahidə edə bilərik. Rus etnoloq Vasiliy Priklonski’yə (1852-1898) istinad edən Czaplicka öz ərinin evinə təzəcə köçmüş yakut gəlinin qarşılaşdığı qadağalar haqqında yazır. Bu qadağalar xüsusilə qayınata ilə bağlıdır, lakin digər yaşlı kişi qohumlar üçün də keçərlidir. Bunun adına yakutlar “kinitti” deyirlər. Bu adətə əsasən gəlin qayınatanın və digər kişi qohumların ocaqları qarşısından keçə bilməz, lakin şimal-qərb istiqamətdə ocağın digər tərəfindən keçməlidir. “Yüksək səslə danışmamalı, iki başlı sözlər işlətməməli, qayınatasını adı ilə çağırmamalıdır… Heç bir heyvanın baş hissəsindən yeməməlidir, çünki evin başı qayınatadır. Qayınatasına və ya qayınanasına xitab etdikdə başındakı papağı mümkün olduğu qədər gözlərinin üstünə çəkməlidir. Saçını qayınatasına göstərməməlidir və ya ayaqlarını, bədəninin hər hansı bir hissəsini onun qarşısında açmamalıdır. Sieroszewski’yə istinadən Czaplicka əlavə edir ki, ”kinitti” adəti əvvəllər daha sərt idi; gəlin evlilikdən sonra yeddi il ərzində özünü qayınatasına, qayınlarına və ərinin digər kişi qohumlarına göstərməməli idi, yeni evlənmiş ər-arvad yurdun sol tərəfində, qadınlar olan tərəfdə xüsusi bir bölmənin arxasında yaşamalı idi.30 Altay türklərində də adətlər yaxındır. Bəziləri tərəfindən türkologiyanın banisi sayılan Wilhelm Radloff (1837-1918) evlilik və ailə həyatı haqqında yazarkən qeyd edir ki, “qadın tamamilə kişiyə tabedir. Onun adını çəkməyə cürət etməz, ona xitab etdikdə hər zaman “apşiyagim” deyir. Qaynatasının yurduna ayaq basmağa cürət etməz və onun qarşısında başı açıq gəzməz. Ərinin istəklərinin hamısını yerinə yetirər və hər zaman ona dəstək verər.” Radloff əlavə edir ki, bütün bunlara baxmayaraq kişi öz arvadına qarşı müəyyən ehtiramla davranır: “Deyilənə görə bir altaylı kişinin öz arvadını döydüyü eşidilməyib, bununla belə altaylı kişi qadını sanki daha aşağı irqdənmiş kimi hesab edir.” Radloff daha sonra mirasın yalnız oğullara keçməyindən və qızların heç bir miras almamağından yazır.31

Bura qədər təqdim etdiklərimiz qədim türklərdə qadın-kişi bərabərliyi fikrinin sadəcə bir əfsanə olduğunu, reallıqdan heç bir payının olmadığını göstərir. Qədim türk adətlərində şübhəsiz ki, müsəlmançılıqda bəyənilib-sevilən bir çox adət olub, bunları sevərək qeyd edirik; zinadan uzaq olmaqları, şücaətli, dürüst, bacarıqlı və mərd olmaqları saya biləcəyimiz bir çox müsbət xüsusiyyətlərdən bəziləridir. Lakin bununla belə İslam dini türklərə heç bir mədəniyyətin verə bilməyəcəyi əzəmətli nemətlər verdi; hər şeydən əvvəl yaradılmışlara sitayiş etməkdən qurtarıb Yaradana ibadət etməyi öyrətdi, onlardakı əxlaqı tamamladı, qadınlara və kişilərə həya öyrətdi, türk qadınlarının statusunu iddia olunduğu kimi kiçiltmədi, əksinə yüksəltdi. Onlar üçün miras haqqı, boşanmaq haqqı, öz mülkiyyəti ilə istədiyi kimi təsərrüf etmək haqqı, nikahda vəlinin onların razılıqlarını alması haqqını, işləmək və qazanmaq haqqını, elm öyrənib öyrətmək haqqını, beyət etmək və səs vermək haqqını tanıdı.

Çoxarvadlılıq məsələsinə gəldikdə isə bu, əslində türk-müsəlman cəmiyyətlərində bir problem olmayıb, bunu sadəcə olaraq Avropa insanı şişirdərək problemə çevirib. Emel Doğramacı yazır: “İslam gəldikdən sonra türk qadınının social həyatda heç bir aktiv rolunun olmaması yönündə genişcə qəbul edilmiş rəy hardasa əsassızdır. Səlcuqlu və osmanlı türkləri arasında vəqflərə dəstək verən, xəstəxanalar, mədrəsələr tikmək üçün maliyyə dəstəyi göstərən yüksək rütbəli, xüsusilə də hakim ailədən olan qadınların olması bilinən bir məsələdir. Yuxarıda (Gökalp tərəfindən) qeyd olunan rəyin mübahisəli olması faktını həm də professor M. Tayyib Gökbilgin’in yazdığı “1579-cu ildə Ruməlidəki böyük vəzirliyə aid sənədlərin bəzi önəmli qeydiyyatları” adlı bir məqalə də sərgiləyir. Bu məqalədə qeyd edilir ki, o dövrün qadınları qazilərə borc pul verərdilər və o pullar vaxtında geri ödənilmədikdə onları məhkəməyə verirdilər və şikayətçi qismində məhkəmədə iştirak edirdilər. Eyni məqaləyə görə qadınların vəqf idarəçiləri olmaq haqları var idi və qeydiyyatda olan 25 vəqfdən 8-i qadınlara aid idi.”32 Justin Mccarthy isə yazır ki, “poliqamiyanın osmanlı türkləri arasında xeyli nadir olduğu görünür… əldə olan statistik məlumatlar göstərir ki, normal zamanlarda qadınların 5 faizindən daha az bir hissəsi poliqamik münasibətlərdə olublar.”33 Osmanlının son dönəmlərində osmanlı ərazilərini gəzmiş Will S. Monroe yazır: “Poliqamiya Türkiyədə ümumən zənn edildiyindən də xeyli azdır… lakin poliqamiya çox bahalı bir institutdur; həyat yoldaşlarının hər birinin ayrıca evi və öz xidmətçiləri olmalıdır; bir arvada çəkilən xərcin eyni miqdarı bütün arvadlara sərf edilməlidir.” Monroe qeyd edir ki, türklər adətən birinci arvaddan uşaqları olmadıqda ikinci arvad alırlar.34 Biz bu mövzu haqqında çox şey yaza bilərik, poliqamiyanın müsəlman cəmiyyətlərində oynadığı müsbət və mənfi rolları müzakirə edə bilərik, lakin bu, bizim məqalənin mövzusu deyildir.

Məqalənin sonunda “xatun” “arvad” sözləri ilə bağlı islam əleyhdarı türk millətçilərinin ağzına düşmüş bir sözə toxunmaq istəyirəm. “Arvad” sözünün ərəbcə “qüsur, eyib” mənasında, digər tərəfdən isə qədim türklərdə “xatun” sözünün sultanə, kraliça mənasında işləndiyini göstərib iki mədəniyyət, ərəb və türk mədəniyyətləri arasında müqayisə aparırlar. Burada bəzi həqiqətlərə diqqət çəkmək lazımdır. Məşhur rəyə görə xatun sözü kök etibarı ilə türk sözü deyildir. İngilis türkoloq Sir Gerard Clauson (1891-1974) xatun sözünü ingilis dilindəki “lady” sözünün qarşılığı olaraq tərcümə edir və deyir: “Bu sözü etimoloji olaraq xaqan/xan ilə əlaqələndirmək cəhdləri olsa da heç bir əsaslı şəkk ola bilməz ki, bu, soğd dilindəki “xvaten” sözündən götürülüb; suğd dilində xvati “ağa, hakim” deməkdir və “xvatin” “ağanın, hakimin arvadı” mənasını verir ki, bu da elə “xatun” sözünün erkən dövrlərdəki istifadəsinə uyğundur.” Həmçinin xəbər verir ki, xatun və qadın sözləri əslində eyni kökdən əmələ gəlmiş bir dublet hesab olunur. Osmanlılarda qadın sözü xüsusilə evli olanlar üçün işlədilib.35

Soğdlar isə qədim iran mədəniyyətinə aid olan bir etnos olub, yəni nə özləri, nə də dilləri türk olmayıb. Həmçinin “xatun” sözü bütün qadınlar üçün yox, məhz xanların və xaqanların arvadları üçün işlədilib. Arvad sözünə gəldikdə isə bu söz ərəb dilindən qaynaqlanır və “eyib”, “qüsur” mənalarına yaxındır. Lakin ərəblər öz həyat yoldaşlarına arvad demirlər. Nə Quranda, nə də hədisdə “arvad” sözü həyat yoldaşı mənasında işlənmir, Quranda və sünnətdə “zövc” sözü keçir. Daha sonrakı istifadədə ərə “zövc”, arvada isə “zövcə” sözlərini tətbiq ediblər. Ümumilikdə isə kişi üçün “mər’un” və ya ”imri’un” və ya “rüculun”, qadın üçün isə “mər’atun” və ya “imra’ətun” sözləri işlənib. Bunların hamısında qadın sözü kişinin bərabəri olaraq keçir. “Zövc”“zövcə” bir cütün iki hissəsi kimi anlaşıla bilər. Arvad sözü əslən ərəblər tərəfindən həyat yoldaşı üçün heç vaxt istifadə olunmayıb. Ərəb dili və ədəbiyyatı, həmçinin türk və fars dilləri üzrə mütəxəssis olan misirli müsəlman alim Hüseyn Mucib əl-Misri yazır: “Fars dilində “avrat” kəliməsi qadın və zövcə mənalarındadır və oradan türk və urdu dillərinə intiqal edib və bu, ərəbcədə “insanın ayıb yeri”, “utanılan hər bir şey”, “açılıb göstərilməsi bəyənilməyən və ya haram olan” mənasında olan “avra” sözündən gəlir. Sanki farslarda, türklərdə və hindlilərdə qadının və ya zövcənin hökmü bu idi. Heç düşünmədən deyə bilərik ki, ərəblərdə qadının belə bir statusu olmayıb və ya ən azından bu həddə çatmayıb.”36

Başqa sözlə desək, bu söz ərəblərdən bizə “qadın” mənasında keçməyib, bu sözü farslar ilk dəfə bu mənada işlədiblər və oradan türkcəyə keçib. Lakin bu söz artıq dilimizin bir hissəsidir, Dədə Qorqud dastanında, türk folklorunda oturuşmuş bir sözdür. Bir çox söz mənşə etibarı ilə mənfi mənada olsa da, ona müsbət mənanı insanlar özləri yükləyə bilərlər.

Dipnotlar

  1. Ziya Gökalp, “Türkçülügün Esasları”, səh: 158-160; Milli Egitim Basımevi, İstanbul, 1976
  2. Deniz Kandiyoti, “Women, Islam and The State”, səh: 35-36; Macmillan Press Ltd, Hampshire, 1991
  3. Ziya Gökalp, “Türk Medeniyeti Tarihi”, səh: 144; Bilge Oğuz Yayın, İstanbul, 2015
  4. M.A. Czaplicka, “Aboriginal Siberia: A Study in Social Anthropology”, səh: 200; Oxford at The Clarendon Press, 1914
  5. “Rihlətu İbn Bətuta: Tuhfətun-Nuzzər fi Ğaraib əl-Əmsar va Acəib əl-Əsfər”, səh: 239; Dar İhyə əl-Ulum, Beyrut, 1987
  6. Eyni mənbə, səh: 336-337
  7. M.A. Czaplicka, “Aboriginal Siberia: A Study in Social Anthropology”, səh: 59; Oxford at The Clarendon Press, 1914
  8. Alfred E. Hudson, “Kazak Social Structure”, səh: 40; Human Relations Area Files Press, Toronto, 1964
  9. Fanny Davis, ”The Ottoman Lady: A Social History from 1718 to 1918”, səh: 88; Greenwood Press, Westport, 1986
  10. Raymond Beazley, “The Texts and Versions of John de Plano Carpini and William de Rubruquis”, səh: 90; Cambridge University Press, Cambridge, 1903
  11. Mahmud Kaşğari, “Divanü Lugat-it-Türk Tercümesi”, 1/410; Alaeddin Kiral Basimevi, 1939
  12. Carter Vaughn Findley, “The Turks in World History”, səh: 54; Oxford University Press, New York, 2005
  13. “Oğuzlar haqqında ən geniş etnoqrafik məlumatları 921-ci ildə İdil bolqarlarının ölkəsinə gedərkən oğuzlar arasında bir müddət qalmış İbn Fədlan vermişdir.” Sencer Divitçioğlu, “Oğuzdan Selçukluya: Boy, Konat ve Devlet”, səh: 17; İmge Kitabevi, Ankara, 2005
  14. İbn Fədlan, “Rihlətu İbn Fədlan ilə Bilədit-Turk var-Rus vas-Saqalibə”, səh: 62-63, Darus-Suveydi, Əbu Dabi, 2003
  15. Michael R. Drompp, ”From Qatun to Refugee: The Taihe Princess among The Uighurs”, The Role of Women in The Altaic World, Veronika Veit, səh: 57-68, Harrassowitz Verlag, Wiesbaden, 2007
  16. M.A. Czaplicka, “The Turks of Central Asia in History and at The Present Day”, səh: 32; Oxford at The Clarendon Press, 1918
  17. Faruk Sümer, Ahmet Uysal & Warren Walker, “The Book of Dede Korkut: A Turkish Epic”, xvii, University of Texas Press, Austin, 1972
  18. Semih Tezcan & Hendrik Boeschoten, ”Dede Korkut Oğuznameleri”, səh: 32-34; Yapı Kredi Yayınları, İstanbul, 2000
  19. Barbara Kellner-Heinkele, “Abu l-Ghazi Bahadur Khan and The Famous and Infamous Women”, The Role of Women in The Altaic World, Veronika Veit, səh: 109-110, Harrassowitz Verlag, Wiesbaden, 2007
  20. Semih Tezcan & Hendrik Boeschoten, ”Dede Korkut Oğuznameleri”, səh: 193-194; Yapı Kredi Yayınları, İstanbul, 2000
  21. bn Fədlan, “Rihlətu İbn Fədlan ilə Bilədit-Turk var-Rus vas-Saqalibə”, səh: 62-63, Darus-Suveydi, Əbu Dabi, 2003
  22. Eyni mənbə, səh: 89
  23. Raymond Beazley, “The Texts and Versions of John de Plano Carpini and William de Rubruquis”, səh: 111; Cambridge University Press, Cambridge, 1903
  24. M.A. Czaplicka, “Aboriginal Siberia: A Study in Social Anthropology”, səh: 108; Oxford at The Clarendon Press, 1914
  25. Naciye Yıldız, “Manas Destanı (W. Radloff) ve Kırgız Kültürü ile İlgili Tespit ve Tahliller”, səh: 508; Türk Dili Kurumu Yayınları, Ankara, 1995
  26. E. H. Minns, “Scythians and Greeks: A Survey of Ancient History and Archeology on The North Coast of The Euxine from The Danube to The Caucasus”, səh: 84; Cambridge University Press, New York, 1913
  27. W. Koelz, ”Persian Diary, 1939-1941”, səh: 195; Regents of The University of Michigan, 1983
  28. N. N. Kozmin, “K Voprosu o Tureçki-Monqolskom Feodalizme”, səh: 76; OQİZ, Moskva-İrkutsk, 1934
  29. Alfred E. Hudson, “Kazak Social Structure”, səh: 41; Human Relations Area Files Press, Toronto, 1964
  30. M.A. Czaplicka, “Aboriginal Siberia: A Study in Social Anthropology”, səh: 110-111; Oxford at The Clarendon Press, 1914
  31. Wilhelm Radloff, ”Aus Sibirien: Lose Blätter aus Mainem Tagebuche”, səh: 313-314; T.O. Weigel Nachfolger, Leipzig, 1893
  32. Emel Doğramacı, “Ziya Gökalp and Women’s Rights”, Die Welt des Islams, New Series, cild 18, say: 3 / 4 , səh: 215-216, Brill, 1978
  33. Justin McCarthy, “The Ottoman Turks: An Introduction History to 1923”, səh: 265; Routledge, London, 2013
  34. W. S. Monroe, ”Turkey and The Turks: An Account of The Lands, The Peoples and The Institutions of The Ottoman Empire”, səh: 65-66; L.C. Page & Company, Boston, 1907
  35. Sir Gerard Clauson, “An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish”, səh: 602; Oxford at The Clarendon Press, 1972
  36. Hüseyn Mucib, “əl-Mucəm əl-Arabi fi Luğat əş-Şuub əl-İsləmiyyə: Əsərul-Luğatil-Arabiyyəti fil-Farisiyyə vat-Turkiyyə val-Urdiyyə”, səh: 10; Məktəbətu Mədbuli, Qahirə, 1992