“Həssas əyarlardan qaçış” – Giriş | Kainat bizim gələcəyimizi necə bilirdi?

“Məşhur ateist artıq Tanrıya inanır. “
9 dekabr 2004-cü ildə Associated Press‘dəki xəbər başlıqlarından biri belə idi, söhbət isə ateizm tarixində xüsusi iz qoymuş Anthony Flew‘dən gedirdi. Uzun illər yaradıcı inancına və dinlərə qarşı şiddətlə mübarizə aparan Flew daha sonra bir yaradıcı olduğunu qəbul etdiyini açıqlamışdı. Flew’in fikrini dəyişməsi bütün dünyada böyük müzakirələrə səbəb olmuş, uzun müddət trend olmuşdu. Bəs, nə üçün yarım əsrdən çox ateizmi şiddətlə müdafiə edib ona öncüllük edən, teizmin əleyhinə 30-dan çox məqalə və müxtəlif kitabların müəllifi olan Flew fikrini dəyişmişdi?

Ateizmi tərk etdikdən sonra “There is a God” adlı kitab yazan Flew burada fikrinin dəyişməsinin ən böyük səbəblərindən birinin kainatdakı ilahi nizam olduğunu qeyd edirdi. O kitabında “təbiət qanunları kainatı həyatın yaranmasına və davam etdirilməsinə uyğun hazırlanmış kimi görünür”1 deyərək bu dərəcədə həssas yaradılmış kompleks bir sistemin arxasında mütləq bir yaradıcı olmasının gərəkdiyini vurğulayırdı.

İngilis astronom Martin Rees bu cür incə tənzimlənmiş kosmoloji sabitlərin kainatımız üçün “resept” təşkil etdiyini bildirir. “Bundan əlavə, dəyərlər olduqca həssasdır: onlardan hər hansı biri “tənzimlənməmiş” olsaydı, nə ulduz, nə də həyat olmazdı.”2 Məşhur astrofizik Stephen Hawking’in dili ilə desək, “Belə bir vəziyyəti izah etmək asan deyildir və bu hal “nə üçün bu belədir?” şəklində səslənən təbii sualı ortaya çıxarır…”3 Digər məşhur astrofizik Freeman Dyson isə bu həssas tənzimləmə qarşısında “Kainatı araşdırdıqda və onun detallarını öyrəndikdə onun bizim gələcəyimizi bildiyinə dair sübutlarım artır”4 deyərək təəcübünü gizlətmirdi. Bəs, kainat bizim gələcəyimizi necə bilirdi?!

Sualın cavabı

Teistik cəhətdən bu suala cavab vermək çox asandır; bu qədər heyrətamiz ayarlanmış bir sistem, sözsüz ki, insanoğlunu heyrətləndirməklə arxasındakı bir yaradıcıya işarə etməkdədir. Buna baxmayaraq ateistik düşüncə tərəfdarları bu işarəni ya görmək istəmir, onu illuziya adlandırırlar5, ya da görsələr belə, ən yaxşı halda ona alternativ şərhlər verməyə çalışırlar. Belə şərhlərlə sistemin əslində heç də təəccüb ediləcək bir şəkildə olmadığını, sadəcə kor bir təsadüfün nəticəsi olduğunu, dolayısilə arxasında bir yaradıcı axtarmaq gərəkmədiyini iddia edirlər.

Bu iddiaların irəli sürülməsi şübhəsiz ki, həssas ayarları qəbul etdikdə qəbul edilməsi qaçılmaz olacaq yaradıcı inancından qaçış xarakteri daşıyır. Yazının irəliləyən hissələrində sözügedən qaçış planlarının ən məşhurları ilə tanış olacağıq.

Dipnotlar

  1. Antony Flew, There is a God (USA: HarperCollins, 2008), p 114
  2. Martin Rees – Just Six Numbers (Great Britain: Phoenix Books, 1999), p 4
  3. Hawking, Mlodinow, ”The Grand Design”, New York: Bantam Press, 2010 p: 164;
  4. Freeman Dyson, Disturbing The Universe,New York, Harper&Row, 1979, p. 250
  5. Lawrence Krauss – Is the Universe Fine-Tuned for Life? (https://to.pbs.org/3k3415O)