“Həssas Əyarlardan Qaçış” – Stenger‘in Ziddiyyəti

Bu seriyadan olacaq yazıların üzərində işləyərkən hazırda oxuduğunuz yazının paylaşılması planda olmasa da, bu əsnada neoateizmin nümayəndələrindən olan Victor Stenger‘in kitablarından birinin azərbaycancaya tərcümə edilməkdə olduğunun xəbərini aldıq deyə onun kitabından mövzumuz üçün istifadə etməyə qərar verdik. Əvvəla qeyd edək ki, sözügedən kitabdakı bir çox iddia uzun illər əvvəl çürüdülmüş tipik ateist iddialarıdır. Bu iddiaların əksəriyyətinə səhifəmizdə paylaşdığımız yazılarda və platformamız tərəfindən nəşr edilən Hamza Tzortzis‘in “Həqiqətin İzində: Ateizm İllüziyası” kitabında cavab tapa bilərsiniz. 

Bu yazıda isə – bir çox ateist kimi – Stenger‘in də kitabında düşdüyü və mövzumuzla birbaşa əlaqəli olan xətasını göstərmək istəyirik. Ənənəvi ateistlər kimi Stenger də teistik həssas əyarlar arqumentindən “qaçır” və kainatdakı həssas dəyərlərin, nizamlamanın, qanunauyğunluğun olduğunu inkar edir.1

Maraqlısı isə budur ki, Stenger kitabının irəliləyən səhifələrində belə bir örnəkdən istifadə edir: “Eramızdan əvvəl 585-ci ildə Anadoluda müşahidə olunan Günəş tutulması midiyalılar ilə lidiyalılar arasındakı müharibəni dayandırmış və hər iki tərəfi qorxutmuşdu. Bu böyük ehtimalla bilinən ilk elmi proqnozdur. Miletli Thales bu tutulmanı Babil qaynaqlarını incələyərək əvvəlcədən proqnozlaşdırmışdı. Tutulmalar nadir hadisələrdir, onlar davamlı olaraq müşahidə olunan Günəş və Ayın çıxması və batması kimi müntəzəm olaraq baş verən hadisələr deyildirlər. Bununla yanaşı, tutulmalar özləri də bu iki hadisə kimi müəyyən bir qanuna, perioda əsasən təkrarlanırlar. Bu səbəbdəndir ki, bu gün Thales‘in proqnozlaşdırdığı tutulmanın dəqiq tarixini belə hesablaya bilirik (28 may e.ə. 585-ci il). Bu elmin gələcəyi proqnoz vermə və keçmişi bilə bilmə gücünün sübutudur.”2

“Elmin gücü”nün mənbəyi

Elmin gələcəyi proqnoz etməsinin və hətta uzun illər əvvəl baş vermiş təbiət hadisəsinin hansı gün olduğunu bilməsinin arxasında yatan səbəb nədir? Bu necə mümükündür? Elm bunu nəyə əsasən edir? Stenger bu suala cavab verməsə də, cavab çoxlarına məlumdur. Əlbəttə ki, bu kainatda olan bir nizam, bir qanunauyğunluq sayəsində mümkündür. 

Məsələn, “3 qız övladı olan bir atanın növbəti övladının oğlan olma ehtimalı nə qədərdir?” sualının cavabı 50/50-dir. Çünki bu situasiyada əvvəlki hallar sonrakılara təsir etmir, aralarına hər hansı bir əlaqə, asılılıq yoxdur. Başqa sözlə, əvvəlki övladların cinsini bilərək növbəti övladın cinsini təxmin etmək sırf bunlar arasında bir qanunauyğunluq yoxdur deyə mümkün deyildir. Bu səbəblə elm bu mövzuda təxmin irəli sürmür və mümkün variantların hər ikisini(oğlan-qız) eyni qiymətləndiririr(50/50). 

Eyni şəkildə – əgər kainatda da bir qanunauyğunluq, harmoniya, varlıqlar arasında həssas nizamlanmış bir asılılıq olmasaydı və kainatda ateistlərin iddia etdikləri kimi bir xaos hökm sürsəydi, biz – bu qədər inkişaf etmiş texnologiyaya baxmayaraq – nə gələcək haqda proqnoz verə, nə də ki, tarixdə baş vermiş hər hansısa periodik hadisənin dəqiq gününü hesablaya bilərdik. Bu gün bütün elm kainatda qanunauyğunluqların olduğunu əsas alaraq irəliləyir. Kimya, fizika, biologiya kimi təbiət elmləri, tarix elmi və s. bütün elm sahələri məhz bu qəbul edilmiş əsas sayəsində inkişaf edir.

İstifadə etdiyi nümunə ilə öz iddiasını çürüdən Stenger‘in ziddiyyəti bununla yekunlaşmır. Kitablarında bol-bol ziddiyyətlər olan müəllifin digər səfsətələrini isə başqa yazılara saxlayaq.

Dipnotlar

  1. Victor J. Stenger – God: The Failed Hypothesis, Prometheus Books, 2007.Chapter 2: The Illusion of Design, p 47
  2. IBID, p 127