Demokratik seçki prosesləri olduqca ibrətamizdir. Türkiyədəki seçkiqabağı prosesləri bu mənada izləmək maraqlıdır. Namizədlər çalışırlar ki, onları seçəcək insanların zövqlərinə oxşasınlar, seçicilərə şirin vədlər verirlər, hakimiyyətə gələcəkləri halda onlara bir çox imtiyazlar tanıyacaqlarını deyirlər. Burada qəribə heçnə yoxdur, aydındır ki, məqsədi insanların dəstəyini, təqdirini toplamaq olan biri üçün bunun yolu ancaq onları razı salmaqdan keçir.
İndi isə 7-ci əsr Ərəbistan çöllərini xəyal edin..
Bir nəfər nübüvvət iddiası ilə ortaya çıxır və insanları yeni bir dinə dəvət edir. Bəzilərinin iddia etdiyi kimi, O, bunu hakimiyyət, mal-mülk sahibi olmaq, iqtidara gəlmək, ətrafına insan toplamaq üçün etsəydi, az əvvəlki misallarda olduğu kimi, ətrafındakılara onları razı salacaq vədlər verərdi. O isə belə etmir, elə ilk andaca insanlara onların heç xoşlamadıqları, ilk başlarda əksəriyyətin qəbul etmədiyi, nəfslərinə ağır gələn, adət ənənələrinə, populyar düşüncəyə zidd fenomenal şeylər əmr edir.
Yaşadığı cəmiyyətdə əsrlərdir insanların ibadət etdikləri bütləri rədd edir, onları tək olan Allaha iman etməyə çağırır, içkisiz həyatlarını düşünə bilməyən bir topluluqda içkini qadağan edir, faizi, çəkidə və ölçüdə aldatmağı ortadan qaldırır, zinanın adiləşdiyi bir cəmiyyətə zina qadağası gətirir, qadınların heç bir qiymətinin olmadığı, qız övladlarının diri-diri basdırıldığı yerə qadın haqları gətirir, gündə 5 dəfə təmiz bir şəkildə Rəbblərinə ibadət etmələrinin gərəkdiyini, yuxunun ən şirin vaxtında qalxıb onun hüzuruna çıxmaq lazım olduğunu, qazandıqlarından Allah yolunda xərcləməyi əmr edir, zəkatı əmr edir, ildə bir ay dan yeri ağarandan günəş batana qədər heç bir qida qəbul etməməyin – oruc tutmağın, Allah yolunda canla və malla cihad etməyin fərz olduğunu və neçə-neçə belə nəfsə ağır gələn, insanları ətrafına toplamağa hesablanmamış əmrlər verir.
Dəfələrlə ölümlə üz-üzə gəlməsinə, yaralanmasına, boykoda uğramasına, özünə və sevdiklərinə edilən əziyyətlərə, təhdidlərə, var-dövlət və hakimiyyət, ən gözəl qadınlarla evlənmək təkliflərinə baxmayaraq yolundan dönmür, prinsiplərindən heç vaxt, heç bir şəraitdə və heç bir kimsə üçün güzəştə getmir.
İnsaflı bir şəkildə düşünək, belə bir insanın dərdi mal-dövlət, qazanc, hakimiyyət ola bilərdimi?
Sizləri yazılanlar fonunda bu sual barədə düşünməyə dəvət edirik..
Əlbəttə ki, bu adamın dərdi dünya, mənfəət, qazanc deyil, aləmi nizam olardı. Dərdi sivilizasiya, mərifət və ədaləti təsis etmək olardı. Belə bir adam övgüyə, sevgiyə layiqdir.