Çoxluq həqiqət üçün dəlildirmi? | Argumentum ad Populum

Ateistlər çox sevirlər ki, elm adamlarının əksəriyyətinin ateist olduğunu deyib özlərinə xal qazansınlar və bunu ateizmin doğruluğu üçün qüvvətləndirici dəlil kimi təqdim etsinlər. Bu tendensiyaya sadəcə azərbaycanlı ateistlərdə deyil, nüfuzlu əcnəbi ateistlərdə də rast gəlinir. Sözügedən tendensiya o qədər güclüdür ki, artıq müəyyən bir kütlə elm adamlarının çoxunun ateist olmasını və bu nüansın da öz növbəsində ateizmin lehinə güclü bir arqument olduğunu düşünür.

Əvvəlki yazıların birində elm adamlarının çoxunun heç də ateist olmadığını Nobel mükafatı alan şəxslərin inanc nisbətində görmüşdük. Bu yazıda isə elm adamlarının əksəriyyətinin, hətta hamısının ateist olması halında belə bunun ateizmin lehinə dəlil ola bilməyəcəyindən söz açacağıq.

Bir fikrə inananların çoxluğunun həmin fikrin doğruluğuna dəlil olaraq təqdim edilməsi “Argumentum ad populum” adlanır və ən çox yayılan məntiqi xəta növlərindən biridir. Məntiqi xəta iddianı dəstəkləyən arqument üçün yanlış məntiqdən istifadə edilməsinə deyilir.

Bu vəziyyətə uyğun olaraq ağla gələn ilk nümunələrdən biri əsrlər əvvəl əksər insanların (burada sadə xalqdan söhbət getmir, elm adamlarının mütləq əksəriyyəti bu fikirdə idi)  geosentrik (yer mərkəzli) sistemin doğru olduğunu qəbul etməsidir. Əgər biz çoxluğun fikrinin doğru olduğunu qəbul etsəydik, şübhəsiz ki, yanılardıq. Çünki, o zamankı populyar düşüncəyə baxmayaraq bu fikir heç də doğru deyildi. Həqiqətən də, tarixin şahidliyi ilə məlum oldu ki, sistemin geosentrik yox, heliosentrik (günəş mərkəzli) olması doğrudur.

Dinlər barədə isə belə bir analogiya yerinə düşər:
Orta əsrlər dinin daha güclü yaşanıldığı və istənilən bir çevrədə mütləq söz sahibi olduğu dövrlər idi. İndi əksinin olduğunu qəbul etsək və qəbul etsək ki, çoxluq doğruluğa dəlildir o zaman dairəvi arqumentasiyada ilişib qalacağıq. Belə ki, biz əgər bunları qəbul etsək, orta əsrlərdə həqiqətin indikindən fərqli olduğunu qəbul etməliyik. Yəni qəbul etməliyik ki, orta əsrlərdə tanrı var idi, dinlər doğru idi, indi isə vəziyyət əksinədir. Göründüyü kimi nəticə özlüyündə xətalıdır. Çünki ortaya iki zidd həqiqət çıxmış olur.

Həqiqət isə bir olmalı, zamana, məkana və ona inananların sayına görə görə dəyişməməlidir