“The Devil’s Delusion” – David Berlinski [Kitab Analizi]

David Berlinski Princeton Universitetindən Ph.D.-yə sahib olan riyaziyyatçı, filosof alimdir. İngilis, fransız və alman dillərini sərbəst şəkildə istifadə edir və bu dillərdə tələbələrə dərslər verir. Özü hansısa bir dinə inanmır, sekulyar olduğunu deyir.

Berlinski’nin kitabı çox fərqli mövzuları ələ alır. Amma kitabın ana mövzusunda müasir təbiət elmlərindəki qərəzli yanaşma, “elm katedralının rahiblər heyətindəki” təkəbbürlük çox uğurlu şəkildə nümayiş etdirilir. Müasir təbiət elmlərində qəbul etdilmiş bir qayda mövcuddur; hansı nəzəriyyə ilə çıxış edirsən et, hansı eksperimenti aparırsan apar, amma təklif etdiyin izahlar yalnız materialist, təbii izahlar olmalıdır. Əgər bu gün bütün dizayn, fine-tuning qarşısında aşkar görünən cavab bir Dizayner, Yaradıcı cavabı olsa da bu, “fövqəltəbii”, “qeyri-material” cavab olduğu üçün qəbul olunmur. Müasir təbiət elmləri bu şəkildə düşüncə çərçivəsini yalnız materiyaya məhdudlaşdırır.

Berlinski ateistlərin dilində əzbərə çevrilmiş “God of the Gaps” (Boşluqların ilahı) fikrinə də toxunur. Həqiqətdə müasir təbiət elmlərinin bağladığı boşluqlardan da daha çox boşluq ortaya çıxardığını qeyd edir. Əgər daha öncə fiziki təsəvvürdə Newton’un klassik mexanikası hakim idisə daha sonra Einstein öz dövründə Clerk Maxwell’in elektromaqnetik sahə izahındakı anomaliyalara açıqlıq gətirmək məqsədi ilə xüsusi nisbilik nəzəriyyəsini ortaya çıxardı. Daha sonra bu nəzəriyyə onu ümumi nisbilik nəzəriyyəsinə götürdü. Bu gün onun ümumi nisbilik nəzəriyyəsi kvant mexanikası nəzəriyyəsi ilə qarşı durma içindədir, bu iki nəzəriyyə bir-biri ilə barışa bilmir. Bəli, bizim təbiətdəki prosesləri ilə bağlı anlayışımız xeyli yaxşılaşıb, amma boşluqlar azalmayıb, əksinə çoxalıb.

Müasir alimlərin “imanları”

Müəllifin uğurla nümayiş etdirdiyi mənzərələrdən biri də budur ki, müasir alimlər iman etməkdə heç də dindarlardan geri qalmırlar. Dindarlar əgər məntiq və fəlsəfə qaydaları ilə bir Yaradıcıya, ilahi varlığa iman edirlərsə, ateist fiziklər Allahdan qurtulmaq çabası ilə “Landscape“, “Multiverse“, “Parallel Universe“, “String” kimi görə bilmədikləri, eksperimentlərlə isbat edə bilmədikləri teorik varlıqların mövcudluğuna inanırlar. Bütün ümidlərini də elmin nə zamansa bu inandıqları varlıqların mövcud olacağını sübut edəcəyinə yatırırlar.

Berlinski kitabında “darvinçi establishment” haqqında da bir neçə maraqlı fikirlər səsləndirir. Onların da Darvinin ilahlaşdırmaqlarına və onun fikirlərinə müxalif olacaq istənilən nəzəriyyəni boğmağa çalışdıqlarına diqqət çəkir. Eugene Koonin, Motoo Kimura kimi bilim adamlarının araşdırmalarına istinad edir. Hətta şəxsi söhbətlərdə darvinin nəzəriyyəsinin, xüsusilə “təbii seçmə” fikrinin ciddi problemlərlə üzləşdiyini etiraf etsələr də onun ümumi xeyir naminə “partiya ideologiyası” kimi qorunulub saxlanılmasının zərurətindən danışırlar. Berlinski bunu orta əsrlərdəki kilsə hegemonluğu ilə müqayisə edir.