Deizm

Politeizmin mümkünsüzlüyünü göstərdikdən sonra, deizm deyilən dini-fəlsəfi axını haqqında da qısaca yazmağa qərar verdik. Deizm nədir? Qısaca deizm – bir tək Yaradıcının mövcud olması, Onun dünyanı yaratması, lakin sonradan insanların işlərinə qarışmamasına inanan bir inanc sistemidir. Yazılarımızda “xəta” tutmağı sevən “ziyalıların” arzularını ürəklərində qoymaq üçün burdaca qeyd edək – bu mainstream deizmin tərifidir, deizm içində mövcud olan bütün qolları qeyd etməyə nə vaxtımız var, nə də buna ehtiyac vardır. Beləliklə, Yaradıcı insanların işlərinə daxil olmadığı üçün nə nübuvvətə nə də ölümdən sonra haqq-hesaba ehtiyac vardır.

İntellekt və iradə sahibi

Deizmin batil bir inanc olduğunu necə bilirik? Çox sadə. Hər birimizin işlətdiyi kompyuterlərə baxmaq kifayətdir. Kompyuterin nə olduğunu başa düşən, onun yaradılmasında müəyyən bir intellektin və iradənin mövcud olduğunu görən insan, onun mütləq olaraq bir məqsəd üçün yaradıldığını başa düşür. Hətta ola bilər ki, mühəndislərin işlətdiyi müəyyən cihazların nə üçün istifadə olunduğu bizim üçün naməlum olsun, lakin yenə də onların qəlizliyi və dəqiqliyi bizə onların bir hikmət üçün yaradıldığında şəkk etməyə imkan vermir. Bu hər bir kəs üçün bu qədər aydın olduğunda, biz bu qədər dəqiq, qəliz və möhtəşəm Kainatı görəndə, onun içində isə bu qədər müxtəlif sənət əsərlərini görəndə onun Yaradıcısının məqsədini və hikmətini inkar edə bilərik mi?

Deistlərə bir sual:

İnsanoğlu intellekt və iradəyə sahib bir varlıqdır. Ona görə də insanın əməllərinin daima müəyyən bir hikməti olur. Şübhəsiz ki, bəzi hallar istisnadır, lakin insanların böyük çoxluğu müəyyən məqsədsiz iş görmür. Siz deistə desəz ki, sən filan işi görmüsən, amma mən bilirəm ki, sənin məqsədin olmayıb, sən hikmətsiz birisən, boş əməllər edirsən, şübhəsiz ki, buna əsəbləşər. O zaman insandan qat qat daha böyük və kamil elm, qüdrət, intellekt və iradəyə sahib olanın hikmətini inkar edə bilərikmi?

Hikmət atributu

Yaradıcının hikmət atributuna malik olması bu sadə müqayisə nəticəsində açıq aydın olur, lakin məsələnin dərin fəlsəfi tərəfi də vardır. Yaradıcının hikməti yoxdursa, o zaman məxluqda hikmət atributu hardan əmələ gəlib? Hikmət atributunun ontoloji əsası nədir? Hikmətin bir kamillik sifəti olduğunda şəkk yoxdur. Yaradıcıda olmayan kamillik sifəti məxluqda necə ola bilər? O zaman belə çıxır ki, məxluq bir yöndən olsa belə Yaradıcıdan daha mükəmməl bir varlıqdır, bu isə məntiqi absurddur.

Hikmət və məqsəd:

Hər bir halda Yaradıcının müəyyən hikməti və məqsədi olduğu inkar olunmaz. Amma bu deistlərin etdiyinin özüdür. Yaradıcı bizi sadəcə bu dünyada həyata gəlmək, yemək, içmək, dünyaya özümüz kimiləri gətirmək, yaşam üçün mübarizə aparmaq, bəzi hallarda bunun üçün özümüz kimiləri öldürmək, sonda isə bərabər kainatın sonsuz qaranlığında məhv olmaq üçün yaratsa idi, o zaman bu, nəticədə məqsədsiz və hikmətsiz bir yaratma olardı. Quranın dili ilə desək “oyun oyuncaq” olardı.

“Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq”

Ənbiya, 16

Yeyib, içib ölmək?

Bu həyatda hər bir şeyin sonu sadəcə məhvdirsə, o zaman bu dünyada yaşamağın, qarşına qoyduğun məqsədlərin, əldə etdiyin uğurların və ümumiyyətlə hər şeyin nə mənası var? Cavab sadə olardı – heç bir mənası yoxdur. Buna inanan birisinin sadəcə silahı başına dayamasından başqa çarəsi yoxdur. Onsuz da nəticə eynidir. Dünyanın ən zalım adamı ilə ən xeyirxahı arasında heç bir fərq yoxdur – onsuz da sonuc eynidir. Lakin hər bir insanın içində bir hiss vardır. Bu hiss “belə deyil” deyir. Yaxşıca düşünün: biz uşaqlarımızı sadəcə biraz oynadıb bezəndə bir tərəfə atmaq üçün həyata gətirmədiyimiz kimi, Yaradıcı da bizi sadəcə bu şəkildə ölmək üçün yaratmayıb. Yenə də əgər kimsə inad edərək: “yeyib, içib ölməyi” Yaradıcının məqsədi olaraq görürsə və bunun Yaradıcı üçün nöqsan olmadığında israr edirsə, ona deyərik: məgər sən özün uşağını dünyaya gətirəndə, ona tərbiyə verəndə, onu məktəbə sonra isə ali təhsil ocağına göndərəndə uşağın üçün düşündüyü sadəcə onun yeyib içib sonda ölməsidir? Və ya bu dünya həyatının çərçivəsində olsa belə müəyyən ali məqsədlərə çatması üçün çabalayırsan? Özün belə bir iş görmədiyin halda elmi və qüdrəti hər şeyi əhatə edən, mütləq hikmətə sahib olan Yaradıcıya bunu necə nisbət edə bilirsən? Hətta axirətə iman etməyən biriləri də özlərinə buraxılmış bu dünya həyatında müəyyən ali məqsədlərinə çatmaq üçün çabalayırlar. Ateistlərin çoxu bunu təsdiq edər.

Yaradıcının insanlar üçün düşündüyü:

Digər məsələ isə budur ki, “yeyib, içib, ölməyi” heyvanlar da bacarır, Yaradıcının insan üçün düşündüyü bu olsa idi, onu da heyvan kimi şüursuz yaratması lazım olardı. O zaman insana verilən və onu bütün varlıqlardan üstün edən əqlin mənası nədir? Ona özünü, digər insanları, içində yaşadığı Kainatı və hətta onu Yaradanı dərk etməyə imkan verən bu mükəmməl hədiyyənin rolu nədir? İnsanoğlu sevinir və kədərlənir, sevir və nifrət edir, ümid edir və çarəsiz qalır, qorxur və özünü təhlükəsizlikdə hiss edir. İnsana bu möhtəşəm ağılı, bu hissləri verən bunu sadəcə yemək-içmək üçünmü etdi? Bütün bu yazdıqlarımı Quran bizə bir möhtəşəm ayədə izah edir:


“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız? Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir”

Muminun, 115-116

Azacıq düşünən insanın bunu anlaması lazımdır. Bu dünya, insan və milyonlarca digər məxluqat “sonda məhv olmaq üçün” yarana bilməz.