İslam dinini hər imkan düşdükdə tənqid etməyə çalışanlar, Quranda xətalar tapmağa can-fəşanlıq edənlər Şura surəsindəki bu ayələri misal gətirirlər.
“Dənizdə dağlar kimi üzənlər də Onun dəlillərindəndir. Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (suyun) üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbrli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.”
əş-Şura, 32-33
Bu ayələri bizə göstərərək deyirlər ki, bu onu göstərir ki, bu sözləri yazan gələcəkdə gəmilərin buxarla və ya dizel ilə və ya atom enerjisi ilə işləyəcəyini bilmirdi. Bu isə – onların iddiasına görə – Quranın ilahi bir vəhy olmadığını sübut edir.
Biz bu iddialara cavab vermək üçün ayə ilə bağlı bəzi nöqtələrə oxucuların diqqətini çəkmək istəyirəm. Bu nöqtələri anlamadan ayədəki ilahi muradı anlamaq mümkün deyildir.
Birinci
Ayədə ümumiyyətlə gəmi sözü zikr olunmur, lakin ayədəki “cəvari” sözü hərfi mənada “üzənlər” və ya “süzənlər” və ya “axıb gedənlər” mənasını verir. Lakin ayədəki vəsf bunu hər cür gəmiyə aid etməyə imkan vermir. Çünki bu “üzənlər” dağlara bənzədilmişdir. Deməli burada qəsd olunan həm həcminə görə, həm də formasına görə dağlara bənzəyən gəmilərdir. Özünüz düşünün ki, formasına və həcminə görə dağlara bənzəyən gəmilər hansı gəmilər ola bilər? Əlbəttə ki, bu, iri həcmli yelkənli gəmilərdir. Çünki üç bucaq formasını xatırladan dağlara ən çox bənzəyənlər yelkənli gəmilərdir. Beləliklə də aydın olur ki, burada murad xüsusilə yelkənli gəmilərdir.
İkinci
O dövrdə də avarla hərəkət edən gəmilər olub. Hələ qədimdən bəri iki mərtəbənin alt mərtəbəsində yerləşən avar çəkənlərin vasitəsi ilə suda hərəkət edən gəmilər məlum idi. Bu, həm Qərbdə, həm də Şərqdə geniş şəkildə işlədilən gəmi növü idi, ərəblər də bunu çox gözəl bilirdilər. Ona görə də ayədəki məqsəd bütün gəmilərin külək ilə hərəkət etdiyini məlumatlandırmaq deyildir. Əgər elə olsaydı hələ o zaman belə etiraz edənlər “avarla hərəkət edən gəmiləri” göstərib ayəyə etiraz edərdilər. Lakin əsrlər keçməsinə baxmayaraq belə bir etiraz edilməyib, çünki ayənin bununla əlaqəsinin olduğunu başa düşürdülər.
Üçüncü
Ayədəki məqsədi anladıqdan sonra səmimi insan başa düşür ki, burada gələcəyi bilməmək ehtimalını qarşıya atmaq düşüncəsizlikdir. Ayədə Allah insanlara qüdrətinin böyüklüyünü və insanlara verdiyi nemətlərə işarə edir. Ayədə külək ilə hərəkət edən gəmilər sadəcə bir misaldır. Təsəvvür edin ki, mən bir kəsə Allahın nemətini başa salmağa çalışıram və ona deyirəm:
– “Əgər yerə yıxılıb onurğa sümüyünü sındırsan hərəkət edə bilməyəcək halda qalacaqsan. Bu, Allahın sənə nemətidir ki, elastikliyi təmin edən fəqərələr üzərində qurulmuş onurğa sütunu sayəsində hərəkət edirsən. Bunda düşünən insanlar üçün ibrət vardır.”
– “Amma axı onurğa sümüyün qırılsa belə yenə hərəkət edə bilərəm axı! Bu gün elektriklə təchiz olunmuş invalid stolunun vasitəsi ilə hərəkət etmək olur. Həm də yaponlar bel ilə ayaqları bir-birinə bağlayan robot mexanizm vasitəsi ilə belindən zədələnənlərə hərəkət etməyi təmin edirlər.”
Belə bir cavab aldıqda əqli yerində olan insan başa düşür ki, həmin şəxs sənin nəyi qəsd etdiyini anlamayıb. Bu gün texnikanın olması heç də Allahın insana verdiyi nemətlərin nemətliyini inkar etmir. Allah küləklə gəmilərin hərəkət etdiyini misal olaraq göstərir ki, gözünüzə görünməyən bir qüvvə vasitəsi ilə dağ boyda gəmiləri hərəkətə gətirə bilirsiz. Bu, həm Allahın sizə nemətini, həm də qüdrətini göstərir.
Dördüncü
Bu ayə ilə bağlı hələ 1935-ci ildə vəfat etmiş misirli islam alimi Muhəmməd Raşid Rida’nın təfsirində zikr etdiyi maraqlı bir halı xatırlatmaq istəyirəm. Muhəmməd Raşid Rida bu ayənin şərhində deyir:
“Bu, ingilis (dəniz) kapitanının bu ayələrdə uzunca düşünməsinə səbəb oldu, ona görə də Hindistanın cəbhə bölgələrində yaşayan bəzi müsəlmanları tanımağa çalışmış və onlara belə bir sual vermişdir: “Siz peyğəmbəriniz Muhəmmədin dənizlərdə səyahət etdiyini bilirsizmi?” Dedilər: “Xeyr, onun dənizdə səyahət etməsi barədə qətiyyən heç bir şey rəvayət olunmayıb.” Buna görə də Quranda (dənizlər, gəmilər haqqında yazılmış) sözü gedən ayələrin Allah tərəfindən bu əzəmətli peyğəmbərə verilmiş bir vəhy olduğuna etiqad etmişdir. Bundan da daha əzəmətlisi Qurandakı tövhid, qanunvericilik və islah edici ayələrdir ki, onlar insan əqlinə və fikrinə Tövratdan və İncildən daha yaxındır, daha mükəmməldir. Beləliklə də elmlə və bəsirət ilə İslamı qəbul elədi və bu şəkildə bir müddət Quranın tərcüməsindən anladığına əsasən etiqad etdi. Sonra dənizdəki işini tərk etmək üçün ona icazə verdilər. Bundan sonra Misirdə iqamə etdi və ərəb dilini öyrəndi, Misirin fəzilət sahibi kəsləri ilə yoldaşlıq etdi və o, Mister Abdullah Breyvin – rahiməhullahu təalə – idi. Mən onunla qarşılaşmışam və onu şəxsən tanımışam…” [“Təfsirul-Mənar”, 11/279;]
Allah – cəllə cələluhu – əl-Bəqara surəsində buyurur:
“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.”
Bəqərə, 26
Həqiqətən də Allah bu ayələri ilə İslamdan uzaq olan neçə-neçə kəslərə hidayət edərək onları dininə gətirər və İslamda xəta axtarmaqla məşğul olan neçə-neçə zehniyyəti də bu şəkildə azdıraraq dinindən uzaqlaşdırar. Qurandan hər kəs öz nəsibini götürür.
Cavab yaz