Euthyphro’nun dilemması və Əxlaqın mənbəyi

Bir şey əxlaqi cəhətdən Tanrı əmr etdiyi üçün doğrudurmu, yoxsa o şey doğru olduğuna görə Tanrı onu əmr edir?

Bu dilemma qüdrətli bir Tanrıya inanan teistlər üçün problem yaradır, çünki onlar bu iki şeydən birini qəbul etməlidir: ya əxlaq qaydaları Tanrının hökmləri ilə müəyyən edilir, ya da bu qaydalar Onun hökmləri xaricində, Ondan müstəqil bir şəkildə mövcuddur. Əgər əxlaq qaydaları Tanrının hökmlərinə söykənirsə, o zaman yaxşı və ya pis sayılan bir şey ixtiyari olur. Əgər belədirsə, biz insanlar heç bir şeyi obyektiv şər olaraq görməməliyik. O zaman günahsız uşaqların öldürülməsində heç bir yanlış hərəkət yoxdur, sadəcə Tanrı bu hərəkəti ixtiyari olaraq “şər” kimi təyin edib. Dilemmanın digər tərəfi əxlaq normasının bir növ tamamilə xaricdən, Tanrının varlığından və təbiətindən asılı olmadığını göstərir, belə ki, hətta Tanrı belə bu standarta uyğun yaşamağa borcludur. Lakin bu, teist biri üçün açıq şəkildə arzuolunmaz bir şey olardı, çünki o zaman Tanrının qüdrətli, müstəqil olmadığını və xarici bir standarta tabe olduğunu qəbul etməlidir.

İntuitiv olaraq baxsaq, bu iddia tutarlı səslənir. Ancaq bir az təfəkkür etmək kifayətdir ki, bu dilemmanın xətası tez bir zamanda üzə çıxsın. Nəticə üçüncü ehtimaldan ortaya çıxır: Tanrı özlüyündə Xeyirxahdır. “Quran və Sekulyar Zehin” adlı kitabında fəlsəfə professoru Shabbir Akhtar belə izah verir:

“Burada üçüncü bir alternativ var: Qurandan da göründüyü kimi əxlaqi baxımdan sabit, mərhəmətin xeyir olduğu, cinsi istismarın isə şər olduğu barədəki fikrini ixtiyari olaraq dəyişdirməyən bir Tanrı. Belə bir Tanrı hər zaman yaxşı olanı əmr edər, çünki xarakteri və təbiəti etibarı ilə xeyirxahdır.”

Prof. Akhtar’ın söylədiyi budur ki, həqiqətən bir əxlaq norması mövcuddur, lakin dilemmanın ikinci tərəfinin irəli sürdüyündən fərqli olaraq bu norma Tanrıdan kənar deyildir. Əksinə, bu, mütləq olaraq Tanrının təbiətindən irəli gəlir. Daha öncə də qeyd etdiyimiz kimi müsəlmanlar və ümumilikdə teistlər inanırlar ki, Tanrı mütləq haqdır və kamil dərəcədə xeyirxahdır. Belə ki, O, təbiəti etibarilə özündə kamil, qeyri-ixtiyari olmayan bir əxlaq norması ehtiva edir. Bu o deməkdir ki, bir insanın hərəkəti, məsələn günahsızların öldürülməsi – qeyri-ixtiyari olaraq şər əməl deyil, şər sayılmasının səbəbi obyektiv, zəruri, mənəvi bir normadan irəli gəlir. Digər tərəfdən bu, Tanrının bu standarta müəyyən dərəcədə tabe olduğu anlamına da gəlmir, çünki xeyirxahlıq Onun mahiyyətində yer alır, Onun təbiətini müəyyənləşdirir və heç bir şəkildə Ondan müstəqil deyil.

Ateist təbii olaraq belə bir reaksiya verəcəkdir: “Tanrını xeyirxah olaraq tanımaq üçün xeyirxahlığın nə olduğunu anlamalısan, buna görə də əslində problemi həll etməmisən”. Cavab sadədir: Xeyrin nə olduğunu Tanrı müəyyənləşdirir. Ən kamil varlıq olduğu üçün ibadətə də layiq olan da Odur. Quran bu məqamı belə təsdiqləyir:

“Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.”

“O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.”

Xülasə, əxlaqi həqiqətlər Tanrının iradəsinin nəticəsində Onun əmrləri ilə müəyyən edilmişdir və Onun hökmləri xeyirxah, müdrik, saf və kamil olub, təbiəti ilə ziddiyyət təşkil etmir.

Hamza Tzortzis‘in ”Həqiqətin İzində: Ateizm İllüziyası” adlı kitabından

Author: “The Divine Reality: God, Islam & The Mirage of Atheism”. MA & PgCert Philosophy. Postgrad research, educator & writer.