Fələstin bayrağının mənası nədir?

İnternet aləmində gedən qaralama propaqandasında yayılan məlumatların bir hissəsi Fələstin bayrağı ilə bağlıdır. İddiaya görə Fələstin bayrağının rənglərində türklər əleyhinə simvollar var. Bu yazımızda Fələstin bayrağının, ümumiyyətlə ərəb dövlətlərindəki bayraqların ortaq kökü haqqında məlumat verəcəyik.

Qeyd edək ki, 1908-ci ildə İttihad və Tərəqqi partiyası hakimiyyətə gəldikdə onların apardıqları siyasət ərəblər tərəfindən türkləşmə siyasəti kimi qəbul olunurdu. Osmanlı imperiyasının müxtəlif yerlərində bu siyasətə qarşı ərəblərin narazılığı eşidilirdi, çünki imperiyada türklər qədər ərəblər də yaşayırdı. Buna reaksiya olaraq ərəb mütəfəkkirləri təşkilatlanmağa başladılar. Bu təşkilatlardan biri “əl-Muntədə əl-Ədəbi” adı ilə, yəni “Ədəbiyyat Klubu” olaraq başladı və bunun əsasını 1909-cu ildə İstanbulda oxuyan ərəb tələbələr qoydular. Bu klubu quranlar Beyrutdan Abdulkərim Qasim əl-Xalil, Dəməşqdən Seyfuddin əl-Xatib və Cələluddin əl-Buxari və Bağdaddan isə Əhməd İzzət əl-Azami oldu. Üzvləri arasında suriyanın ilk baş naziri Şükri əl-Quvvatli və Qüdsdə şəriət qazisi çalışmış, miras elmində “əl-Fəridə fi Hisəb əl-Fərida” kitabının müəllifi Şeyx Nəsib əl-Bəytar da var idi. Bu klubun üzvləri olan gənc tələbələr ərəblər üçün bir bayraq dizayn edirlər və seçdikləri rənglərdə məşhur şiə şair Səfiyyuddin əl-Hilli’nin beytindən ilham alırlar. əl-Hilli şerində yazırdı: “Biz elə bir qövmük ki, bizə əziyyət etməyənə əziyyət etməklə başlamağa əxlaqımız izn vermir. Ağ rəng bizim törətdiyimiz sənətlərdir, qara döyüş meydanlarımız, yaşıl otlaqlarımız, qırmızı isə qılınclarımızdır.” Bayraq üç zolaqdan ibarət idi; ən yuxarıda qara rəng, ortada yaşıl rəng, aşağıda ağ rəng gəlirdi və bayrağın hər iki tərəfində qırmızı rəngdə üçbucaq var idi. Ortasında da əl-Hilli’nin şeri əl ilə toxunmuşdu. Bu bayraq 1909-cu ildə İstanbuldakı “Ədəbiyyat Klubu” binasının içərisində asılmışdı.

1911-ci ildə türkləşmə siyasətinə reaksiya olaraq və jön türklər hərəkatından ilham alaraq Parisdə daha bir təşkilat quruldu. “Cəmiyyə əl-Arabiyyə əl-Fətəh” adı ilə tanınan bu gizli təşkilat ərəblərin gənc-türklər hərəkatının bir bənzəri idi. Ədəbiyyat klubundan fərqli olaraq bu gizli təşkilat ərəb milliyyətçiliyini dəstəkləyirdi. İlk olaraq 1909-cu ildə Nablusdan Avni Abdulhədi və Rafiq ət-Təmimi, Dəməşqdən Əhməd Qadri, Bələbək şəhərindən Muhəmməd Rüstəm Heydər, Beyrut şəhərindən Təvfiq ən-Nətur, Muhəmməd əl-Məhməsani və Abdulğani əl-Ureysi bir cəmiyyət qurdular və cəmiyyət “Cəmiyyətu ən-Natiqinə bid-Dad” adlanırdı. Adından da məlum olduğu kimi Yer üzündə “dad” hərfini tələffüz edə bilən yeganə qövmün təmsilçiləri olduqlarını ifadə edirdilər. İdarə heyəti qurulduqda onlara Sabri əl-Xavacə də qoşulur. 1911-ci ildə bu cəmiyyət böyüyür və adını “Gənc Ərəblər Cəmiyyətinə”, qısaca isə “əl-Fətət” adına dəyişirlər. Daha sonra onların sıralarına başqaları da qoşulurlar və İraqın baş naziri olmuş Tövfiq əs-Suveydi də onların sırasında idi. İlk əvvəllər cəmiyyətin tələbləri böyük Osmanlı imperiyasının tərkibində ərəb xalqlarının hüquqlarının tanınması idi. Lakin daha sonra Suriyadakı osmanlı valisi Camal Paşanın repressiv siyasətinə cavab olaraq ərəblərin müstəqil olmaqlarına çağırış etdilər.

Camal Paşanın siyasəti həqiqətən də ərəblərdə milliyyətçilik fikirlərinin güclənməsinə təkan oldu və bu günə qədər də ərəblər Camal Paşanı “əs-Səffəh”, yəni “qan tökən” ləqəbi ilə tanıyırlar. əl-Fətət cəmiyyətinin ilk bayrağı üç rəngdən ibarət idi; yuxarıda yaşıl, ortada ağ və aşağıda qara rəng idi. Lakin 1914-cü ildə Beyrutda “əl-Mufid” qəzetinin redaksiya binasında görüş zamanı qərar alırlar ki, Ədəbiyyat klubunun bayrağını seçsinlər. Bayrağı olduğu kimi götürürlər və üzərindəki şeri çıxarırlar. əl-Fətət cəmiyyətinin bu bayrağa verdikləri məna ərəblərin tarixən sahib olduqları dövlət sülalələrinin rəmzi idi. Ağ rəng əməvilərin dövlətini, qara rəng abbasilərin dövlətini, yaşıl rəng fatimilərin və qırmızı rəng isə əndəlüslü əməvilərin dövlətini təmsil etməli idi. 1916-cı ildə Məkkə əmiri Şərif Hüseyn ingilislərin dəstəyi ilə Osmanlıya qarşı üsyan etdiyində bu cəmiyyətin üzvlərinin bir çoxu aktiv şəkildə bu üsyanı dəstəkləyirdilər. Onlar 1917-ci ildə üsyanın bayrağı olaraq Ədəbiyyat klubunun hazırladığı bayrağı təklif etdilər. Şərif Hüseyn razılaşdı, lakin bayraqdakı iki üçbucaqdan sağ tərəfdəki düşürüldü və üçbucaq yalnız solda qaldı. Bu qərar Muhibbuddin əl-Xatib’in idarə və redaktə etdiyi ”əl-Qiblə” jurnalında hicri 1335-ci ilin şaban ayının 9-unda, yəni 1917-ci ilin 31 mayında yayınlandı. Daha sonra İordaniyada Haşimilər dövləti qurulduqda bu bayraq rəsmi bayraq oldu və özünü İordaniyanın bir hissəsi görən fələstinlilər də eyni bayrağı mənimsəyiblər.1 Eyni bayraq müxtəlif variantları ilə bu gün Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, İordaniyada, Liviyada, Sudanda dövlət bayraqları olaraq qəbul edilir.

Təbii ki, müsəlmanlar olaraq bu milliyyətçi fikirləri qəbul edə bilmirik və bunun əslində cahiliyyə fikirləri olduğunu bilirik. Lakin bu yazımızda sadəcə olaraq bayraqdakı rənglərin hardan gəldiyini, bayraqda osmanlıya qarşı hansısa bir simvolikanın olmadığını göstərmək istədik. Qara propaqandaya qarşı yalnız doğru məlumatlara yiyələnməklə mübarizə aparmaq mümkündür. Ərəb milliyyətçiliyi doğru deyilsə türk milliyyətçiliyi də doğru olmamalıdır və əgər türk milliyyətçiləri özlərinə milliyyətçilik etmə haqqı tanıyırlarsa eyni haqqı digər millətlər üçün də tanımalıdırlar.

Dipnotlar

  1. Yusuf Xazim, “Abdulkərim əl-Xalil: Məşəl əl-Arab əl-Əvvəl”, səh: 145-147; Dar əl-Fərabi, Beyrut, 2017