“İnsanlar ancaq öz coğrafi ərazilərindəki dinə qulluq edir” şübhəsi

Qaraqan yazır:
”Niyə dinlərin çoxluğuna baxmayaraq coğrafi əraziyə görə insanlar demək olar ki, eyni dinə qulluq edirlər. Yəni əgər din universal bütün dünya üçün nəzərdə tutulmuş bir inanc olsaydı o zaman necə ki, dünyada 1 milyarddan çox xristiyan və 1 milyarddan çox müsəlman varsa, onların ümumi faizi bütün ölkələrdə eyni olmalı idi. Amma xəritəyə baxanda nə baş verir. İslamın 90 faizi ərəb ölkələrində xristianlığın 90 faizi Avropa və qərb ölkələrində, Buddizm və hinduizm necə son 4000 il Hind və Çində indi də eləcə. Bu heç Allahın göndərdiyi həqiqətə bənzəyir? Bu necə həqiqətdir ki, sərhəddən o yana keçə bilmir? Yoxsa din də milli mətbəx, milli bayramlar kimi yalnız bir coğrafiyaya aiddir? Məsələn pizza və suşinin dünyaya yayılması bütün dinlərdən daha yaxşı alınıb. Burada bir İroniya varmı? Əgər din coğrafi sərhədləri belə çətin qət edirsə nə üçün Allah daha universal, daha yaxşı işləyən bir sistem yaratmayıb?

“Din valideyndən övlada keçir

Mənə müsəlman dostlarım deyirdi ki, Quran bu dəqiqə ən ucqar kəndlərdə də var. Hər kəs onu oxuyub İslamı qəbul edə bilər, günah insanlardadır. Yaxşı onlar doğrudan mı inanırlar ki, məsələn Kanadanın əhalisinin 90 faizi İslamı kafir olduqları üçün qəbul etməyib? Eləcə də Avstraliyada o boyda adamın cəmi bir neçə faizi kafir deyil. Amma tutaq ki, Küveytdə birdən-birə bütün mömin adamlar dünyaya gəlib və Quranı oxuyan kimi qəbul ediblər. Azca, lap xırdaca məntiq bəs edir ki, anlayasan – din 99 faiz ehtimalla valideyndən övlada keçir. Və yalnız az qism insan həyatı boyu dinini dəyişir. Deməli Allahın dini yaymaq sistemi nəsə düz işləmir? Çünki necə 10-cu əsrdə Yaponiyada müsəlman yox idi, eləcə də üstündən 1000 il keçib və Yaponiyada müsəlmanlar yox dərəcəsindədir. Beləcə düşünərək qərara gəlirdim ki, hər şey gözəl gözəldir, din gözəldir, həqiqət gözəldir, amma ortada bəzi anlaşılmaz məsələlər var.”

Bəzi düzəlişlər

Biz Qaraqanı narahat etmiş bu şübhəyə ilk öncə bəzi düzəlişlər edək. Birinci xristianlardan başlayaq. Xristiyanlığın 90 faizi Avropada deyildir. ” Center for the Study of Global Christianity” (Global Xristianlığı Araşdırma üzrə Mərkəz) tərəfindən edilmiş araşdırmanın nəticəsi bu olub ki, dünya xristiyanlarının yalnız 26 faizi bu gün Avropada yaşayır. 37 faiz Şimali və Cənubi Amerikada, 24 faiz Afrikada və 13 faiz Asiyada yaşayır. Araşdırma 2010-cu il üçündür. Müsəlmanlara gəldikdə isə müsəlmanlar haqqında yazdığı məlumatlar da tamamilə yalnışdır, bir insan məqsədli şəkildə müsəlmanlar haqqında yalnış məlumat yazmaq istəsəydi ancaq bu qədər yalnış yaza bilərdi. Həqiqətdə isə dünyanın müsəlman əhalisinin yalnız və yalnız 20 faizi ərəb ölkələrində yerləşir. Dünyanın müsəlmanlarının əksəriyyəti İndoneziya, Pakistan, Hindistan və Banqladeş kimi ölkələrə düşür. Təkcə Çindəki müsəlmanların sayı Suriyadakı müsəlmanlardan çoxdur və Rusiyadakı müsəlmanların sayı İordaniya və Liviyadakı müsəlmanların sayından çoxdur.

Qaraqan yazır ki ..

Qaraqan yazır ki, 10-cu əsrdə Yaponiyada müsəlman yox idi. Görəsən bunu hardan bilir? Əksinə müsəlmanlar İslamın ilk əvvəlindən Yaponiyaya qədər gedib çıxıblar. Əbul-Qasim Ubeydullah İbn Xurdəzbih miladi 820 və 912-ci illər arasında yaşamış məşhur müsəlman tarixçi və səyyahdır. Məhz İbn Xurdəzbih “Kitəb əl-Məsəlik val-Məməlik” adlı kitabında Yaponyanı və Koreyanı təsvir etmişdir. Bu, onu göstərir ki, Allahın dini elə ilk əvvəllərdən dünyanın hər tərəfinə yayılmışdı, yəni Allahın sözünü dünyanın şərqinə və qərbinə yayan elçilərimiz olub. Miladı 13 və 14-cü əsrlərdə Çinin müsəlman əhalisinin Yaponlar ilə ticari əlaqələri olub. Misal üçün Çinin Minq dinastiyasının hakimiyyətə gəlməsində əsaslı rolu olan general Lan Yu əslən müsəlman olub və məlumdur ki, on dördüncü əsrdə bu general yaponlardan qılınc alarmış. Donald F. Lach “Asia in The Making of Europe” adlı kitabında [1-ci cild, səh: 517-518] qeyd edir ki, 1555-ci ildə Portuqaliyanın Malacca portuna bir müsəlman dənizçi, səyyah gəlir və onun Yaponiyadan gəldiyi qeyd edilir. Həmin müsəlman səyyahın danışdıqlarından anlaşılır ki, yerli xalqı İslama dəvət etmək üçün Yaponiyada olub.

Qeydə düşməyənlər

Bunlar qeydə düşənlərdir, qeydə düşməyənlər əlbəttə ki, daha çoxdur. Bütün bunlar onu göstərir ki, müsəlmanlar Allahın risaləsini İslamın ilk əvvəllərindən Yer üzünün qərbinə və şərqinə çatdırmaq üçün çalışıblar.

Qaraqanın xətalarına düzəliş etdikdən sonra və bəzi maraqlı məlumatlar paylaşdıqdan sonra Qaraqanın zikr etdiyi şübhəyə cavabımızı verək. Qaraqan deyir ki, İslam dini əgər universal dindirsə nə üçün yalnız dünyanın müəyyən bir hissəsinə məhduddur? Nə üçün İslamın yayılmasına sərhədlər mane olur? Buna bir neçə yöndən cavab vermək olar:

Birinci

İslam dünya xəritəsinə geniş bir şəkildə yayılıb və bir yerdə məhdud deyildir. İslam ilk əvvəllərdən şərqdə İndoneziyadan başlayaraq Qərbdə Mavritaniya və İspaniyaya qədər yayılmışdı. Nəzərə almalıyıq ki, o dövrdə dünyanın əhalisinin əksər hissəsi bu bölgələrdə yaşayırdı. İngilislər Avstraliyaya gəlmədən öncə oradakı əhalinin sadəcə təxminən 300000 olduğu təxmin edilir. Bütün Amerikadakı əhalinin isə Kolumbdan öncə 30 milyon ilə 70 milyon arasında olduğu deyilir və başqa rəqəmlər də verilir. Lakin ümumən qəbul edilən görüş budur. Yəni bunlar dünyanın ümumi əhalisinin yalnız az bir hissəsini təşkil edirdi. Demək istədiyimiz budur ki, İslam işin ilk əvvəlindən dünyanın böyük hissəsinə yayılmağa və daha da böyük hissəsinə çatmağa nail olub. Qaraqanın söylədiyi kimi yalnız ərəb ölkələri ilə məhdud olmayıb. Əksinə işin ən maraqlı tərəfi budur ki, İndoneziyaya, Tayland, Myanmar kimi ölkələrə tək bir müsəlman əsgərinin ayağı dəymədiyi halda bu gün İndoneziya ən çox müsəlman əhalisi olan ölkə sayılır.

İkinci

Tutaq ki, Qaraqan dediyində xəta etmir, tutaq ki, İslam lap ərəb ölkələri ilə məhduddur. Məgər bu, İslamın universal din olmaması anlamına gələrmi? Cavabımız budur ki, xeyr! İndi nəyi qəsd etdiyimi oxuculara bacardığım qədər sadə dildə izah etməyə çalışacam. Bir dinin mükəmməl olması üçün onun universal olması ilə yanaşı insan cəmiyyətləri üçün ən təbii, ən münasib olması, Allahın məqsədinə ən uyğun olması və nəticə etibarı ilə ən uğurlu olması lazımdır. Burada Qaraqanın sözünə bir düzəliş etməyimiz lazımdır. Dinin universallığı onun yayılma coğrafiyasının miqyasına görə ölçülmür. Dinin universallığı onun insanlığa gətirdiyi dəyərlərinin universallığı ilə ölçülür. İslam bu kriteriyalara cavab verirmi? Şübhəsiz ki, cavab verir. Bu gün həccə gedən hər bir müsəlman bunun şahidi ola bilər. Ağ dərilisi ilə qara dərilisi çiyin-çiyinə tavaf edir, Muzdəlifədə bir yerdə yatır, eyni paltarı geyinir, eyni qabdan yemək yeyib su içirlər. İslam insanların Allah qatında rənglərinə, var-dövlətlərinə, nəsəblərinə, əsli nəcibətlərinə görə deyil, lakin əməllərinə və təqvalarına görə dəyərləndirildiklərini öyrədir. İslam “ey mömin kişilər və ey mömin qadınlar” deyə xitab edən yeganə dindir. İslam dünyada sosial həyatda qadınla kişi arasında real fərqlərin olduğunu nəzərə almaqla yanaşı Allahın gözündə qadınla kişinin bərabər olduğunu öyrədən yeganə dindir. Yəni həm praktiki dindir, həm də universaldır, dəyərləri universaldır. Bu, İslamın universallığı haqqında idi.

Allah nə istəyir?

Məgər Allahın İslam dini ilə istədiyi Yer üzündəki hər bir fərdə İslam dininin çatmasıdırmı? Əgər desək ki, Allahın İslam dinini göndərməklə istədiyi dinin Yer üzündəki fərdlərə çatması olubsa o zaman İslam bunun öhdəsindən gəlməyib. Bəs o zaman Allahın sözünün hər bir fərdə çatması üçün başqa hansı alternativlər var idi? Gəlin fikirləşək. Ya Allah Quranı eyni anda bütün dünyaya göndərməli idi, lakin bunun üçün bütün dünyanın eyni dildə danışması lazımdır. Bilirik ki, dünya əhalisinin hamısı eyni dildə danışmır. O zaman bu versiyanın imkansız olduğunu dərhal anlayırıq. Ya da Allah eyni zamanda müxtəlif dillərdə danışan peyğəmbərlər göndərməli idi. Lakin bunun da ən aşkar problemi budur ki, bu, tərəfkeşliyə, parçalanmaya gətirəcəkdi və vahid bir risalə əvəzinə hər qövm öz risaləsini daha doğru sayacaqdı. Çünki insanlar arasında həmişə təhrifə meyl vardır. Tarix bunun şahididir.

Kiçik bir model

Gəlin bunu kiçik bir modelin üzərinə tətbiq edək. Bir milyon nəfərdən ibarət bir insan koloniyası təsəvvür edin. Onlara haqq sözü çatdırmaq üçün ya onların içindən birinə Allah vəhy endirir və onları haqqa dəvət edir. Ya da onların hər birinə haqqı ilham edir və haqqı qəbul etdirir. İkinci variantda ümumiyyətlə insanların sınağa çəkilməsi reallığından əsər-əlamət yoxdur, əgər insanların hər birinə haqq bu şəkildə asan yolla çatdırılacaqsa o zaman onlar necə sınağa çəkiləcəklər?! Deməli insanların haqq söz ilə sınağa çəkilməkləri üçün onların içindən bir nəfərin peyğəmbər olaraq seçilməsi və insanlara ümumən haqq sözün onu dəstəkləyən dəlillər və sübutlar ilə təqdim edilməsi ən uyğun və təbii variantdır. Bu zaman həmin peyğəmbərin bu bir milyon fərddən hər bir kəslə şəxsən görüşüb ona haqqı izah etməsini gözləmək ağılsızlıq olardı, çünki insanların sınağı təbii şərtlərdə baş verməlidir. Sınaq elə buna deyilir. Haqq sözü öyrənən insanlar onu digər insanlara çatdırmaqla mükəlləfdirlər, bu, onların vəzifəsinə çevrilir və beləcə də bu şəkildə haqq sözü dərk etmiş və onu mənimsəmiş hər bir fərd onu axtaran və ya axtarmayan digər fərdlərə çatdırmaqla sınağa çəkilir.

“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.”

Ali-İmran, 104

Digər insanlara gəldikdə isə..

Digər insanlara gəldikdə isə onların haqqı axtarmaqları üçün ətraflarında kifayət qədər işarələr qoyulmuşdur, onlar da bu şəkildə sınağa çəkilirlər. Yəni məqsəd bütün bəşəriyyətin eyni anda iman gətirib doğru yola gəlməsi deyildir, məqsəd bundan daha böyükdür, məqsəd insanların fərqli hallarda haqq söz ilə sınağa çəkilməkləridir. Dünya da məhz bu kiçik modelə uyğundur. Allah Yer üzündəki xalqlardan birini seçmiş, o xalqın içindən də bir nəfəri seçmişdir. Həmin nəfər öz missiyasını yerinə yetirərək həmin xalqa Allahın sözünü çatdırmış, həmin xalq da öz missiyasını yerinə yetirərək onlarla xalqa bu missiyanı çatdırmışdır, beləliklə vəzifə digər xalqların boynundadır, onlar da Allahın sözünü digər xalqlara çatdırmalıdırlar. Bu onların sınağıdır.

 “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.”

Ali-İmran, 110

Bu izah etdiyimizdən anlaşılması lazım olan budur ki, ilkin məqsəd heç də hər kəsin eyni anda müsəlman olması deyildir, bu heç bir zaman belə olmayıb.

Müsəlman bölgədə doğulanlar daha şanslıdır?

Heç kim düşünməməlidir ki, müsəlman torpaqlarında doğulan insan daha şanslı və daha bəxtəvərdir, lakin qeyri-müsəlmanlar arasında doğulan şanssız zavallıdır. Çünki müsəlman torpaqlarında doğulan dərhal valideynlərindən İslamı öyrənir, amma qeyri-müsəlman torpaqlarında doğulan isə İslamdan cahil qalır və beləliklə də haqq sözdən cahil qalır. Bu cür düşünmək Allahın hikmətindən uzaq düşməkdir. Bilmək lazımdır ki, İslamın təliminə əsasən haqqı bilmək insanın məsuliyyətini artırır, yəni sənin sınağın artıq başqa şərtlərdə keçir. Artıq sən yaxşılığı əmr edib, pisliklərdən çəkindirməklə, hər bir günahdan uzaq durmaqla əmr olunursan. Vəzifələrin artır və bu işlərin öhdəsindən gəlməlisən. Lakin dünyanın o biri başında yaşayan bir qeyri-müsəlman sizcə zinanın nə olduğunu bilmədiyi halda etdiyi zinaya görə günah qazanırmı? Əlbəttə ki, qazanmır. Müsəlmanlar arasında yaşayan müsəlman isə zina və bunun kimi dünya şəhvətlərinin qadağan edildiyini bildiyi halda bunları etdikdə cəzalanacağını bilir. Görəsən bu halda kimin şanslı, kimin şanssız olduğunu biz deyə bilərikmi? Düşünürəm ki, bunu heç kim deyə bilməz. Hə, burada biz önəmli bir nöqtəyə gəlib çıxırıq. O zaman dünyanın qeyri-müsəlman hissəsinin sınağı nədən ibarətdir?

İslam dininin gözəlliyi

İslam dininin gözəlliyi budur ki, bu kimi mövzular haqqında bizlərə bolca məlumatlar verib. Qeyri-müsəlman əhalinin ilk vəzifəsi bu dünyada yaradılışı və yaradılışın əlamətlərini gördükləri üçün Yaradanı axtarmaqdır. Onlar hər şeydən öncə bununla sınağa çəkilirlər. Ona görə də İslam alimlərinin əksəriyyətinə görə bu dünyada mövcud olan bu qədər aşkar dəlillərə baxmayaraq, sənətkarın bizə göstərdiyi sənət əsərlərinə baxmayaraq Allahın varlığını inkar edən ateistlərə peyğəmbərlərin sözləri çatmasa belə onlar məzəmmətə tabedirlər. Bu alimlərə görə onlar Allahın varlığını qəbul etməkdən sonra geridə qalan məsələlərdə cahil qalmaqlarına görə qınanıla bilməzlər.. Beləliklə də bu kimi insanlar üçün ilk sınaq Allahı axtarmaq, Onun insanlardan nə istədiyini öyrənmək üçün axtarış etmək vəzifəsidir. Bunu onların ilk sınağı saya bilərik. Bunun üçün İslam dininin onlara çatması şərt deyildir.

Fətrə əhli

Qeyd edək ki, İslam terminologiyasında peyğəmbərlərin sözlərinin çatmadığı insanlara, qövmlərə fətrə əhli deyirlər. İslam dini bizə öyrədir ki, insanların dünyadakı adları heç də onların Axirətdəki adları ilə eyni olmasını gərəkdirməz. Yəni bu dünyada müsəlman adlandırdıqlarımızın hamısının Cənnətə girəcəyini demirik və bu dünyada kafirlər adlandırdıqlarımızın hamısı Cəhənnəmə daxil olmayacaq. Ona görə də alimlərimiz deyirlər ki, heç bir müsəlmana müəyyən olaraq – “o, cənnətlikdir” – deməyimiz doğru deyildir. İslam dini bu cəhətdən bütün şübhələrin cavabını verib. Bunun təfsilatını növbəti sətrlərdə izah etməyə çalışacam və fətrə əhli haqqında önəmli olan məlumatları paylaşacam.

Allahu Təalə buyurur: 

“Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirik.”

əl-İsra, 15

 Allahın bu sözlərindən iki möhtəşəm ədalət prinsipini öyrənə bilirik. Allah heç kəsə başqasının günahına görə cəza verməz və Allah heç kəsi haqq barədə xəbərdar etmədən əzaba tabe tutmaz. Allahın elçilərinin sözündən xəbərsiz olan insanlara biz yuxarıda dediyimiz kimi fətrə əhli deyirik.

Dörd qrup insan

Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Qiyamət günü dörd qrup insan olacaq: heç bir şey eşitməyən kar insan, dəli insan, çox yaşlı insan və fətrə halında ölən insan; Kara gəldikdə deyəcək: “Rəbbim, İslam gəldi və mən bir şey eşitmirdim.” Dəli isə deyəcək: “Rəbbim, İslam gəldi və uşaqlar mənə təzək atırdılar.” Çox yaşlıya gəldikdə isə deyəcək: “Rəbbim, İslam gəldi və mənim ağlıma heç bir şey batmırdı.” Fətrə halında ölən isə deyəcək: “Rəbbim, sənin elçin mənə gəlmədi.” Allah onlardan daha sonra itaət etməklərinə dair söz alacaq, daha sonra onlara atəşə daxil olmaqlarını tələb etmək üçün adam göndərəcək. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, əgər daxil olsalar onlar üçün sərin olacaq və salamat olacaqlar.” Beləliklə də biz peyğəmbərin bu sözlərindən başa düşürük ki, qeyri-müsəlmanların arasında üzrlü olanlar vardır ki, onlar Qiyamət günü Ərasatda sınağa çəkiləcəklər. Biz həmin sınağın necəliyini tam dərk edə bilməsək də bu sınağın adil və müvazinətli bir sınaq olduğundan əminik, çünki dinimiz bizə Allahın adil olduğunu öyrədir.

Kasıb ilə zənginin misalı

Bütün bunlar kasıb ilə zənginin misalına bənzəyir. Kasıbın malı olmasa da ən kiçik şeylər belə kasıbı xoşbəxt edir, zəngin isə malı çox olduqca ən kiçik şeylərə sevinmək şansını itirir və gündəlik həyatında sevinməsi üçün kasıbdan çox mal xərcləməli olur və bu, ilahi müvazinətdir. Bu dünyada haqqı bilən müsəlman üçün sınaq o haqqın haqqını ödəməkdir, bu dünyada qeyri müsəlmanlar üçün sınaq isə haqqı axtarmaqdır və haqqı tapdıqdan sonra onu inkar edənə üzr yoxdur, axtarmağına rağmən haqqı tapa bilməyənlər üçün isə Qiyamət günü Ərasatda xüsusi sınaq olacaq və bu sınaq da dünyada müsəlmanların sınağı bərabərində bir sınaq olacaq.
Bütün bu izah etdiklərimizdən başa düşülməlidir ki, Qaraqanın gətirdiyi şübhə əslində ağıl sahibləri yanında bir şeyə dəyməz. Başa düşülməlidir ki, din buna ilk əvvəldən cavabını verib.

%d