Dinə etiraz edənlərin xüsusilə üzərində durduqları nöqtələrdən biri də Nuh peyğəmbərin tufanı ilə bağlıdır. Onlar etiraz edirlər: Necə olub ki, Nuh bütün heyvanlardan bir cüt götürdüyü halda kenqurular yalnız Avstraliyada yaşayır? Necə olur ki, yalnız ekvalipt ağacı ilə qidalanan koalalar gəmidə yaşaya bilsinlər? Necə olur ki, şiddətli soyuqlara görə təchiz olunmuş heyvanlarla şiddətli istilərə hazır olan heyvanlar bir gəmidə toplana bilmişdir? Müasir elm bütün bunların imkansız olduğunu sübut etdiyi üçün dinin öyrətdiyi Nuh tufanı mütləq əfsanə olmalıdırmı?
Nuhun tufanı necə baş verib?
İlk öncə qeyd edək ki, Quranda heç bir yerdə Yer üzünün hər bir yerinin su ilə örtülməsinə dair nə qəti, nə də zahir olan hər hansı bir ayə yoxdur. Gəlin Nuhun tufanı ilə bağlı ayələrə nəzər salaq:
“Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri (əl-Ard) yarıb bulaqlar qaynatdıq. Sular öncədən təqdir olunmuş bir iş üçün bir-birinə qarışdı.” (Qamər, 11-12)
Tufanın bütün yer üzünü bürüdüyünü deyənlərin dəlil olaraq göstərdikləri ayələrdən biri də bu ayədir. Ayədə “əl-Ard” sözü keçir. Lakin burada “əl-Ard” sözü bütün dünya qəsd olunduğu kimi Nuh peyğəmbərin yaşadığı torpaqlar da qəsd oluna bilərdi. Necə ki, bir başqa ayədə Allah peyğəmbəri Muhəmmədə xitabən deyir: “(Müşriklər) səni yurdundan (əl-Ard) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə sıxışdırsınlar. Çünki səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.” (İsra, 76) Bu ayədə də “yurd” kimi tərcümə olunmuş söz ərəbcədə “əl-Ard” olaraq keçir. Şübhəsiz ki, Allahın elçisini bütün Yer üzündən çıxarmaq istəmirdilər. Ona görə də bu ayənin zahirinin bütün yer üzünə aid olduğunu söyləmək doğru olmazdı.
Allah nə qəsd edib?
Əgər Allah bütün yer üzünü qəsd etsəydi o zaman bunu açıq ifadələr ilə bizlərə bildirərdi, necə ki, Kitabının başqa yerlərində bizə bu mənanı çatdırmışdır. “Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.” (İbrahim, 8) Bu ayədə ərəbcə keçən “fil-ardi cəmian” birləşməsi bütün Yer üzünü ifadə edən aşkar sözlərdir. Bir başqa ayədə buyurur: “De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?”” (Maidə, 17) Bu ayədə də eyni söz birləşməsi işlənmişdir. Qamər surəsindəki ayədə keçən “əl-ard” sözü ilə bütün yer üzünün qəsd edilməsi möhtəməl olduğu kimi sadəcə Nuhun yaşadığı ərazinin də qəsd olunması möhtəməldir, həmçinin sadəcə “torpaq” mənasının da qəsd edilməsi möhtəməldir. “Allah, yeri (əl-ard) eşələyən bir qarğa göndərdi ki, ona qardaşının cəsədini necə basdırmağı göstərsin.” (Maidə, 31) Şübhəsiz ki, bu ayədə bütün yer üzü yox, sadəcə olaraq torpaq qəsd olunur.
Digər ayə:
Həmçinin dəlil olaraq göstərdikləri ayələrdən biri də budur: “Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barə¬-lərində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.” (Hud, 40) Hər bir heyvanın növündən bir cüt götürməsini əmr etməsi bunun bütün dünyanı əhatə etməsinin dəlilidir deyirlər. Lakin ayəni bu cür anlamaq ayədən aşkar şəkildə anlaşılan məna deyildir, əksinə əqlən insanın ağlına gələn ilk məna budur ki, Nuha o bölgədə yaşayan heyvanların hərəsindən bir cüt götürməsi əmr olunmuşdur. Çünki
1) Bütün dünyanın heyvanlarından götürməsi əqlən imkansızdır. Kimsə bunun bir möcüzə olması ilə etiraz edə bilər və biz təbii ki, qəbul edirik ki, Allahın qüdrəti sonsuzdur. Lakin Nuhun hekayəsini oxuyanlar görəcəklər ki, Allah həm Nuhu, həm də qövmünü sınaqdan keçirmişdir və sınağın təbii şərtlərdə baş verməsi ilk ağla gələn mənadır. Çünki Nuhun qövmü onun tufana hazırlıq görməsinə istehza edirdi və ona iman gətirmirdi. Əgər insanların gözü qarşısında bütün dünyanın heyvanları Nuhun gəmisinə toplansaydılar o zaman insanların bu aşkar möcüzə qarşısında Nuha iman gətirməklərindən başqa çarələri qalmaz. Ona görə də ilk ağla gələn məna budur ki, Nuha o bölgənin heyvanlarından bir cüt götürmək əmr olunmuşdur.
“Hər növündən bir cüt”
2) Üstəlik ayədə “hər növündən bir cüt” sözünü bütün heyvanlara aid etmək mümkün deyildir, belə ki, suda yaşayan heyvanların götürülmədiyi aşkardır və yaxud da həm suda, həm də quruda yaşaya bilən heyvanlardan da götürməyə ehtiyac yox idi. Həmçinin havada yaşayan, suda üzə bilən, sudakı heyvanlarla qidalana bilən heyvanları da istisna edə bilərik. Şübhəsiz ki, bu bizə onu göstərir ki, ayədəki “kulli” (hər bir) sözündən dünyanın bütün heyvanları qəsd olunmur.
O zaman buradan başa düşürük ki, bu ayə də bütün heyvanlara aid edilə bilməz. Bütün heyvanlara aid edilmədiyi üçün tufanın bütün dünyanı bürüməsi mənası da ayədən anlaşılmaz.
Əksinə bu tufanın lokal bir ölçüdə olduğunu dəstəkləyən dəlillər daha güclü və daha tutarlıdır. Bunu izah etmək üçün belə bir sual üzərində düşünməliyik. O dövrdə Yer üzündəki insanlar yalnız Nuhun qövmü idi yoxsa Nuhun qövmündən başqa da uzaq coğrafiyalarda yaşayan xalqlar, qəbilələr var idi?
Sualın cavabı:
Bu sualın cavabı budur ki, o dövrdə Yer üzündəki insanlar yalnız Nuhun qövmü idi, çünki biz bilirik ki, tufan zamanı Nuha iman etmiş az sayda insandan başqa Yer üzündə hamı məhv edilmişdi. Allah – cəllə cələluhu – buyurur: “O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.” (Hud, 43) Bu ayənin zahiri ona dəlalət edir ki, Nuhun gəmisindəkilərdən başqa bütün insanlar məhv olmuşdu. Bir başqa ayədə Allah buyurur: “Təkcə onun nəslini qoruyub saxladıq.” (Saffat, 77) Bu iki ayədən anlaşılır ki, sağ qalanlar yalnız Nuhun gəmisində olanlar və onlardan geriyə qalan nəsillərdir. Əgər Nuhun qövmündən də başqa insanlar olsaydı buradan çıxan nəticəyə görə deməliyik ki, Allah digər insanları da heç bir xəbərdarlıq etmədən həlak etmişdir. Halbuki Allah müqəddəs kitabında buyurur ki, “Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz.” (Ənam, 131) “Biz elçi göndərməmiş (heç bir ümmətə) əzab vermərik.” (İsra, 15) Taha surəsində buyurur: “Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”” (Taha, 134)
İsbat:
Bu ayələr İslam şəriətində külli bir qaydanı isbat edir ki, Allah – təbərakə va təalə – heç bir qövmü xəbərdar etmədən həlak etməz və heç bir qövmə xəbərdarlıq göndərmədən cəzalandırmaz. Nuhun zamanındakı insanlar da istisna deyildir. Bu həqiqəti Quranda bu sözləri ilə təsdiq edir: “(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə (suya) qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.” (Əraf, 64) Beləliklə də Allahın suda qərq etdiyi insanlar Allahın ayələrini yalan saymış insanlar idi və bu bir daha sübut edir ki, həmin insanlar Nuh peyğəmbəri təkzib etmiş kəslər idi. Bu ayələrin və başqa ayələrin işığında başa düşürük ki, o dövrdə Yer üzündə yaşayan insanlar yalnız Nuhun qövmündən ibarət idi və yaxud da Nuhun risaləsini eşidə biləcək qədər məhdud bir coğrafiyada yaşayıblar.
Başqa bir sual:
Belə bir sual verə bilərlər: bəs bu tufanın həm Mesopotamiya, həm Hindistan, həm də Cənubi Amerika xalqlarının əfsanələrində keçdiyini necə izah edirsiz? Bunun cavabında deyə bilərik ki, Allah kitabında buyurur: “Biz onu və gəmidə olanları xilas etdik və bunu aləmlərə bir əlamət etdik.” (Ənkəbut, 15) Bu ayənin də təsdiqlədiyi kimi tufandan sağ çıxanlardan geriyə qalmış nəsillər Yer üzünün müxtəlif bölgələrinə yayılsalar da özləri ilə bu hekayəni daşıyıblar. Beləcə də bu hadisə Yer üzünə sahib olmuş və yayılmış sonrakı nəsillərin şifahi ədəbiyyatında yaşamış və var olmuşdur.
Bir daha təkrar etməliyik ki, Quranda Nuhun tufanının qlobal və ya lokal bir tufan olduğunu göstərən qəti və ya zahir olan hər hansı bir ayə yoxdur. Bibliyadan fərqli olaraq Quran suyun səviyyəsinin bütün dağların təpəsini örtəcək qədər qalxdığını iddia etmir. Tarixdə isə lokal tufanların, daşqınların olduğu sübut olunub. Xüsusilə də Mesopotamiya bölgəsində bunun izləri aşkar şəkildə görülür və bu barədə kifayət qədər tarixi şahidliklər mövcuddur. Titanik gəmisini tapmış arxeoloq Robert Ballard son araşdırmalarında da qədimdə baş vermiş daşqının izlərinin tapıldığını qeyd edir. Maraqlı olan budur ki, onun iddiasına görə Qara dəniz məhz bu daşqının nəticəsində əmələ gəlib, çünki o, Qara dənizin dərinliklərində yaşayış yerlərini xatırladan qalıqların olduğunu deyir.
Beləliklə..
Beləliklə də əgər müasir elm qlobal daşqının baş vermədiyini isbat edirsə o zaman bu, Quranla ziddiyyət təşkil etmir. Əgər isbat etmirsə yenə də ziddiyyət təşkil etmir. Çünki Quranın ayələr yə qəti məna daşıyır, ya zahir olan məna daşıyır, ya da mucməl məna daşıyır. Müsəlmanlar inanırlar ki, Quranın qəti mənaları aşkar və sağlam olan əqlə zidd ola bilməz, beləliklə də yəqinliklə sübut olunmuş elmi faktlara zidd ola bilməz. Bu, mənası qəti olan ayələr haqqındadır. Mənası zahir olan ayələrə gəldikdə isə onlardan hər hansı biri yəqinliklə sübut olunmuş elmi fakta zidd olarsa o zaman bu, həmin ayənin təvil edilməsini gərəkdirən bir sübutdur və biz buradan başa düşürük ki, ayədə Allahın muradı ayənin zahirindən anlaşılan məna deyildir. Mücməl olanlara gəldikdə isə birdən çox məna eyni dərəcədə möhtəməl olduğu üçün yəqinliklə isbat olunmuş elmi faktların dəstəklədiyi mənanın murad olduğunu söyləməliyik. Doğrusunu Allah bilir!
Ayədə “əl-Ard” sözü keçir. Lakin burada “əl-Ard” sözü bütün dünya qəsd olunduğu kimi Nuh peyğəmbərin yaşadığı torpaqlar da qəsd oluna bilərdi.
—-
Belə böyük məsələlərdə elm tələbələrinə yaxınlaşmaq lazımdır… Haradan bunu bildiniz? Nuh surəində yazılıb ki, “Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!..” [71:26].
həmin ayənin təvil edilməsini gərəkdirən bir sübutdur və biz buradan başa düşürük ki, ayədə Allahın muradı ayənin zahirindən anlaşılan məna deyildir — bu nə deməkdir? Təvil? Məyəm təvil icazəlidir?
Qardaş, bu məqaləni yazmamışdan öncə təfsir kitablarına və elm tələbələri ilə danışsan, yaxşı olar. Bütün məqaləni yenidən yoxlatdırsanız yaxşı olar.