Siyasi məsləhətlər
Peyğəmbərin evliliklərinin bir çoxu siyasi məqsədlə bağlanmışdı, beləki Allahın elçisi qan tökülməsinin qarşısını almaq üçün, arada sülhün bağlanması üçün çox önəmli şəxsiyyətlərlə qohumluq bağları qururdu. Bura böyük qəbilə başçılarının qızları ilə evlənmək daxil olduğu kimi, öz yaxın silahdaşları ilə qohumluq əlaqələri qurmaq da aid idi.
Karen Armstrong yazır: “Muhəmmədin ailə münasibətləri Qərbdə bir çox ehtiraslı və pis-niyyətli spekulyasiyalar oyadıb. Lakin Muhəmmədin Xədicə ilə yaşadığı monoqamik münasibətdən daha çox, çoxevliliyin normal olduğu Ərəbistanda bu, adi bir hal olmalı idi. Bu evliliklər heç də romantik və ya seksual sevgi əlaqələri deyildi, lakin əksər hallarda siyasi məqsədlər üçün icra edilmişdi. (Misal üçün) Sevda görünür ki, sadə görkəmli bir qadın idi, öz gənclik illərini geridə qoymuşdu; lakin o, Muhəmmədin ev işlərinin qayğısına qala bilərdi. Ola bilsin ki, Muhəmməd həm də (onun qohumu) Suheylin ürəyini qazanmağı məqsəd etmişdi, Suheyl hələ də vəhy məsələsində qərarsız idi… Muhəmmədin evlilikləri adətən siyasi məqsədlər daşıyırdı. O, tamamilə fərqli, qohumluq əlaqələri üzərinə yox, ideologiya üzərinə əsaslanan bir qəbilə qurmaq ərəfəsində idi, lakin qan bağları hələ də müqəddəs bir dəyər idi və bu, eksperimental icmanı bərkitmək üçün yararlı bir vasitə idi.”1
Sevda evliliyi
Sevda ilə peyğəmbərin evliliyi hər şeydən qabaq praktiki əhəmiyyət daşıyırdı. Peyğəmbərin ilk yoldaşı Xədicənin vəfatından sonra onun anasız qalan övladlarına və ocaqsız qalan evinə baxacaq bir qadınla evlənməyə ehtiyacı var idi. Burada təcrübəli qadın Xavlə bint Həkim’in rolu danılmazdır və məhz o, peyğəmbərə Sevda bint Zəm’a ilə Aişə bint Əbi Bəkr’i təklif edir. İslam peyğəmbəri onlardan heç birini görmədən onlara elçi göndərilməsinə razılaşır. Sevda dul bir qadın idi; Karen Armstrong’un adını çəkdiyi Suheyl onun həm əmisi oğlu idi, həm də əvvəlki ərinin qardaşı idi, yəni qaynı idi. Xədicədən sonra peyğəmbərin evləndiyi ilk qadın da Sevda olub və onun o zaman 55 yaşı var idi,
Cuveyriyyə evliliyi
Lesley Hazelton yazır: “Muhəmməd heç də Cuveyriyyə ilə onun gözəlliyinə görə evlənməmişdi, fəqət onun məğlub olmuş qəbiləsi ilə razılıq əldə etmək üçün evlənmişdi. Bu, bir ittifaq istəyi üçün bir jest idi, onların arasındakı ədavətin keçmişdə qaldığını elan etmək idi.”2
Cuveyriyyə gözəl bir qadın idi, lakin daha da önəmlisi Bənu Mustəliq qəbiləsinin böyüyünün qızı idi. Bu evlilikdən sonra Cuveyriyyə’nin qəbiləsi peyğəmbərin – evlilik yolu ilə – qohumları oldular və müsəlmanlar müharibədə ələ keçirdikləri əsirləri azad etdilər. Sir Glubb vurğulayır ki, “bu evlilik Bənu Mustaliq qəbiləsini müharibədən daha uğurlu şəkildə İslam dininə gətirdi.”3
Ummu Həbibə evliliyi
Ummu Həbibə ilə evliliyi də bu cür siyasi xarakter daşıyırdı, çünki o, Məkkənin böyüklərindən olan Əbu Sufyan’ın qızı idi. Karen Armstrong bu evlilik haqqında deyir: “Bu, daha bir dahi siyasi gediş idi, çünki Ummu Həbibə Əbu Sufyan’ın qızı idi.”4 Sir John Glubb deyir: “Peyğəmbərin çox sayda qadınla evlənməsinin məqsədi özü ilə o qadınların ailələri arasında bir əlaqə qurmaq olub. O, əziyyət çəkərək Həbəşistanın kralına məktub yazdı ki, Ummu Həbibə’nin bir gəlin olaraq onun yanına göndərsin. Əgər onun məqsədi daha bir qadın əldə etmək olsaydı o zaman Ərəbistanda evlənə biləcəyi yüzlərlə daha gözəl qadınlar var idi.”5
Zeynəb bint Xuzeymə evliliyi
Peyğəmbərin Zeynəb bint Xuzeymə ilə də evliliyinin bəhrəsi yeni bir qəbilənin İslam dininə ürək açması ilə nəticələndi. Martin Lings yazır: “Bədr döyüşünün əvvəlində Utbə ilə təkbətək döyüşdən sonra ölən Ubeydə özündən sonra özündən çox gənc olan bir dul qadın buraxdı; Amir qəbiləsindən Xuzeymənin qızı Zeynəb. O, çox səxavətli biri idi və hələ İslamdan əvvəl də “miskinlərin anası” adı ilə tanınırdı. Dul qaldığı gündən bir il keçməsinə baxmayaraq hələ də ərə getməmişdi və peyğəmbər onunla evlənməyi təklif etdikdə bunu sevinclə qarşıladı…. və şübhəsiz ki, bu evliliyin nəticəsi olaraq Zeynəbin qəbiləsinin yaşa dolmuş ağası Əbu Bəra peyğəmbəri ziyarət etdi.”6
Məymunə evliliyi
Bu ziyarətdə Əbu Bəra İslam dəvətçilərinin onun qəbiləsinə göndərilməsini xahiş edir və İslam dininin onun qəbiləsinə öyrədilməsini tələb edir. Peyğəmbərin Məymunə ilə evliliyi də bu növə aid edilə bilər. Hətta Washington Irving belə bu evliliyi qeyd edərək yazır: “Bu da şübhəsiz ki, bir başqa siyasi evlilik idi, çünki Məymunə’nin 51 yaşı var idi və dul idi. Amma bu yeni əlaqə ona iki güclü tərəfkeş qazandırdı. Onlardan biri həmin dul qadının bacısı oğlu Xalid bin əl-Valid oldu… Digər tərəfkeş isə Xalidin dostu Amr bin əl-As oldu.”7
Irving burada Məymunə’nin dul bir qadın olduğunu deməsində haqlıdır, lakin onun 51 yaşı yox idi; qırxa yaxın bir yaşda idi. Lesley Hazleton bu evliliyin nəticəsini təsdiqləyir: “Məymunə Məkkənin ən üst hərbi sərkərdələrindən biri Xalidin xalası idi və (evlilikdən sonra) Muhəmməd və səhabələri üçüncü günün sonunda Məkkədən ayrıldıqlarında Xalid və digər hərbi lider Amr onlara qoşuldu. ”8 Nabia Abbott təsdiqləyir: “Ummu Həbibə və Məymunə bin əl-Haris ilə Muhəmməd əsasən siyasi məqsədlər ilə evlənmişdi…”9
Aişə evliliyi
Bütün bu evliliklərdə İslamın peyğəmbəri dul və orta yaşlı qadınlarla, hətta Sevdanın misalında çox yaşlı qadınla ailə həyatı qurub. Bu misallardakı məzmun evliliklərin müəyyən məsləhət üçün bağlandığını göstərir. Hətta kiçik yaşlı Aişə ilə evlilik belə bu məzmunda dəyərləndirilir.
Karen Armstrong buyurur: “Muhəmmədin Aişə ilə nişanlanmasında ədəbsiz heç bir şey yox idi. İttifaqları möhürləmək üçün qaibanə bağlanan evliliklər o dövrdə daha çox yaşlı insanlar ilə Aişədən də daha az yaşı olan kiçiklər arasında bağlanardı. Bu cür evliliklər hətta Avropada belə müasir tariximizin erkən çağına qədər davam etmişdi. Aişə ilə kəbin əlaqəsinin tamamlanması isə şübhəsiz ki, yalnız yetkinlik çağına çatdıqdan sonra baş vermişdi, bu yaşda digər qızlar kimi o da hər bir halda ərə veriləcəkdi.”10
Siyasi məqsədlər
Peyğəmbərin evliliklərinin bir çoxunun siyasi xarakter daşıdığı tarixçilər və şərqşünaslar tərəfindən etiraf edilən bir məqamdır. Geoffrey Parrinder kimi şərqşünas olmayan tarixçilər belə bu nöqtədə İslam peyğəmbərinin namını müdafiə edirlər. Parrinder adını çəkmədiyi bir alman yazıçısının İslam peyğəmbərini ittiham etməsinə etiraz edir, “bu adam iyirmi beş yaşı olana qədər ailə qurmamışdı və sonra o və həyat yoldaşı onun qırx doqquz yaşı olana qədər səadət və vəfalıq içində yaşadılar” deyir. Əlavə edir ki, ömrünün yalnız son on iki ilində “Muhəmməd başqa qadınlarla evləndi, onlardan yalnız biri bakirə idi və onların çoxu dinastik və siyasi məqsədlər üçün edilmişdi. ”11
Sosial məsləhətlər
Peyğəmbər öz xanımlarından bəziləri ilə onları himayə etmək, onların övladlarına sahib çıxmaq məqsədi ilə evlənmişdir. Bu qadınlar ərləri müharibədə ölmüş və uşaqları ilə birlikdə himayəsiz qalmış qadınlar idi ki, Allahın elçisi onları öz müdafiəsi ilə təmin etmişdir.”Üstəlik onun on bir evliliyinin əksəriyyəti” – John Esposito deyir: “siyasi və sosial motivlər daşıyırdı. Ərəb qəbilə başçılarının adətinin bir hissəsi olaraq ittifaqları möhkəmləndirmək üçün bu evliliklərin çoxu siyasi evliliklər idi. Digərləri isə müharibədə ölmüş silahdaşlarının himayəyə ehtiyacı olan dul arvadları ilə edilən evliliklər idi.”12
Müharibədə ölmüş silahdaşlarının dul qadınları ilə evlənmək və onları sosial əziyyətlərdən, məişət ehtiyaclarından xilas etmək İslam dininin nəzərə aldığı bir məsləhət idi. Ona görə də Sir John Glubb peyğəmbərin evliliklərinin bir hissəsini izah edərkən buyurur “ki, onun, ölmüş müsəlmanların bu qədər dul qadını ilə evlənməsi, onları və onların yetim uşaqlarını təmin etmək məqsədi güdürdü. Uhud döyüşündə öldürülmüş yetmiş nəfər, özündən sonra bir çox qadın və uşaq buraxmışdı.”13
Peyğəmbərin həyatını oxuyan kəs onun öz silahdaşlarının ailələrinə olan şəfqətinin və onlara göstərdiyi qayğısının şahidi olur. Xüsusilə Mutə döyüşündən sonra Zeyd bin əl-Hərisə, Cəfər bin Əbi Talib, Abdullah bin Ravahə kimi silahdaşlarını və əziz insanlarını itirməsi onun üçün çox ağır idi, həmin gün onun kədərli bir günü idi.
Əsma bint Umeys nəql edir
Cəfər bin Əbi Talibin həyat yoldaşı Əsma bint Umeys özü hekayət edir: “Cəfər və yoldaşlarının döyüşdə öldüyü gün erkəndən dəri aşılamaqla məşğul idim, qırx dəri aşıladım, sonra xəmirimi yoğurdum, sonra oğullarımın yanına getdim, onların üzlərini yudum və ətirlədim. Allahın elçisi – salləllahu aleyhi va səlləm – yanıma gəldi və dedi: “Cəfərin oğullarını yanıma gətir!” Mən də onları gətirdim. O isə onları götürüb bağrına basdı və onları qoxuladı, gözləri yaşla doldu. Mən də ona görə soruşdum: “Ey Allahın elçisi, ola bilsin sənə Cəfərdən bir xəbər gəlibmi?” Dedi: “Bəli, o və yoldaşları öldürülüb.” Bundan sonra qışqırmağa başladım, insanlar başıma yığıldı. Allahın elçisi – salləllahu aleyhi va səlləm – çıxaraq öz ailəsinin yanına getdi və onlara tapşırdı: “Cəfərin ailəsini unutmayın, onlar üçün yemək hazırlayın. Ailənin sahibinin xəbəri onları məşğul edib.” 14
Yetimlərə himayədarlıq
Bir çox halda başsız qalan bu ailələrdəki dul qadınlara və yetimlərə baxacaq himayədarlara ehtiyac var idi və İslam dini həmin dul qadınlar ilə evlənməyə təşviq edirdi. İslam peyğəmbəri də öz ümmətinə bu məsələdə bir nümunə olmağa çalışırdı. William Phipps bu barədə yazır: “Quranın dul qadınlara qarşı qayğı göstərmək tələbi Muhəmmədin evliliklərinin bir hissəsini izah edir. Onun çoxevliliyi dul qadınlar üçün sosial müdafiəni təmin edirdi. Xədicə öldükdən bir neçə ay sonra Muhəmməd Sevda ilə, Həbəşistanda ölmüş bir müsəlman kişinin dul arvadı ilə evləndi… Bir neçə il sonra Ummu Sələmə ilə, müharibənin tərk etdiyi bir dul qadınla evləndi, həmçinin Hafsa, Zeynəb və Ummu Həbibə də dul qadınlar idilər.”15
Bütün bunları nəzərə aldıqda hansı ağılla və insafla İslam peyğəmbərini qadın və şəhvət düşkünlüyündə ittiham etmək olar?! Məgər onun yaşadığı cəmiyyətdə daha gənc, daha gözəl qızlar yox idimi?! Əksinə onun ətrafındakı ailələr üçün öz qızlarını güclü şəxsiyyətlərə, qəbilə başçılarına və nüfuz sahiblərinə ərə vermək bir şərəf idi və yayğın adət idi. Peyğəmbər üçün bu cür gənc qızlarla evlənməkdə heç bir maneə olmadığı halda o, artıq yaşa dolmuş, gözəllik çağlarını geridə qoymuş dul qadınlarla evlənirdi.
Dipnotlar
- Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 92-93; Harper Collins Publishers, New York, 2006
- Lesley Hazleton, “The First Muslim: The Story of Muhammad”, səh: 223; Riverhead Books, New York, 2013
- Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 263; Stein and Day Publishers, New York, 1970
- Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 181; Harper Collins Publishers, New York, 2006
- Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 304; Stein and Day Publishers, New York, 1970
- Martin Lings, “Muhammad: His Life Based on The Earliest Sources”, səh: 207; Inner Traditions, Vermont, 2006
- Washington Irving, “Life of Mahomet”, səh: 183; Bernard Tachnitz, Leipzig, 1850
- Lesley Hazleton, “The First Muslim: The Story of Muhammad”, səh: 248; Riverhead Books, New York, 2013
- Nabia Abbott, “Aishah: The Beloved of Mohammed”, səh: 15; The University of Chicago Press, Chicago, 1942
- Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 93; Harper Collins Publishers, New York, 2006
- Geoffrey Parrinder, “Mysticism in The World Religions”, səh: 121; Oxford University Press, New York, 1976
- John L. Esposito, “Islam: The Straight Path”, səh: 18; Oxford University Press, New York, 1991
- John Bagot Glubb, “The Life and Times of Muhammad”, səh: 239; Stein and Day Publishers, New York, 1970
- “Musnəd İshaq bin Rahaveyh”, 2143
- William E. Phipps, “Muhammad and Jesus: A Comparison of The Prophets and Their Teachings”, səh: 142; Bloomsbury Academic, London, 2016
Cavab yaz