Zeynəb Bint Cəhş evliliyi
Peyğəmbərin evlilikləri arasında xüsusilə Zeynəb bint Cəhş ilə evlənməyi çox spekulyasiyalara səbəb oldu. Qərbin xristian yazıçıları bu mövzunu qurdalamağı və mövzunun detalları üzərində uzun-uzadı durmağı sevirlər. Onlar, İslam peyğəmbərini tənqid etmək üçün müsəlmanların kitablarından özlərinə sərf edən bəzi hekayələri bu məqsədləri üçün alət edirlər. Bəs bu hekayə nədən ibarətdir? Bəzi islami mənbələrdə keçən hekayəni orientalistlər oxucularına bu cür çatdırırlar. Bir gün Allahın elçisi Zeydin evinə gəlir və Zeyd evdə olmur. Zeyd isə peyğəmbərin oğulluğu kimi tanınırdı. Hekayənin bu yerdə orientalistlər tərəfindən təqdim edilən bir versiyasına görə birdən rüzgar əsir, qapıdakı pərdəni qaldırır və İslam peyğəmbəri Zeynəbi yarıçılpaq halda görür və onun gözəlliyinə vurulur. Bundan sonra “qəlbləri dəyişdirən Allah pak və müqəddəsdir” deyərək oranı tərk edir. Zeyd bundan xəbər tutduqda peyğəmbərin yanına gəlir və Zeynəbi boşamağı təklif edir. Onu boşadıqdan sonra isə Allahın elçisi onunla evlənir.
Qeyri-sağlam istinad
Hər şeydən əvvəl onu qeyd edək ki, müsəlman alimlər özləri, mənbələrdə keçən bu hekayəyə fərqli şəkildə yanaşıblar. Hədis tənqidi ilə məşğul olan müsəlman alimlər bu hekayənin sağlam istinada sahib olmadığına işarə edərək onu inkar ediblər. Misal üçün İbn Kəsir bu mövzu ilə bağlı ayələrin şərhində belə bir qeydə yer verir: “İbn Cərir və İbn Əbi Hətim burada sələfdən bəzi kəslərdən əsərlər zikr ediblər və biz onları burda qeyd etməməyə üstünlük verdik; çünki onlar səhih deyildir və ona görə də burada onlara yer vermirik. ”1
Bu xəbərləri Əbul- Abbas əl-Qurtubi, Əbu Bəkr ibn əl-Arabi, əl-Hafiz İbn Həcər, Muhəmməd əz-Zurqani, Təcuddin əs-Subki və daha bir çox kəs inkar ediblər və onların doğru olmadığını deyiblər. Bu xəbərlərin doğru olmadığını məntiqi analiz ilə də başa düşmək mümkündür. Bunun üçün hər şeydən əvvəl anlamaq lazımdır ki, Zeynəb peyğəmbərimizin doğmaca bibisi qızı idi, yəni uşaqlıqdan onu görmüşdü və onun gözəlliyinə bələd idi. Üstəlik qadınlar o zaman başlarını bağlamırdı və qadınlara başı bağlamaq buyuruğu Zeynəblə evləndikdən sonra gəlib. Bu isə şübhəsiz ki, o deməkdir ki, peyğəmbər Zeynəbin gözəlliyindən xəbəri var idi. Əgər peyğəmbər şəhvətinə düşkün biri olsaydı nə üçün Zeynəb ilə vaxtında özü evlənmədi, əksinə onu Zeydə ərə verməkdə israr etdi, halbuki Zeynəb və qardaşı Abdullah bin Cəhş heç bir şəkildə Zeydlə evliliyə razı deyildilər.
Absurd bir iddia
Çünki Zeyd əvvəllər peyğəmbərin köləsi olmuşdu, sonra isə onu köləlikdən azad etmişdi və öz yanında qalmaq üçün ona seçim vermişdi. Zeynəb isə Qureyş qəbiləsinin şərəfli və statusu yüksək olan qadınlarından idi və o dövrdə evliliklərdə sosial status baxımından bərabərlik çox böyük əhəmiyyət daşıyırdı. Bütün bunlara baxmayaraq İslam peyğəmbəri sabiq köləsi ilə öz bibisi qızı Zeynəbi evləndirməyə qərar verir. Bu isə peyğəmbərin özünün Zeynəb ilə evlənməsindən təxminən bir il əvvəl baş vermişdi. Həmçinin nəzərə almaq lazımdır ki, Zeynəb gənc bir qız deyildi, artıq iki dəfə ərdə olmuş bir qadın idi, qırx yaşına yaxınlaşmışdı. Hansı məntiqlə demək olar ki, daha gənc yaşlarında ikən Zeynəbi gördüyü halda ona könül salmamış, amma yaşa dolduqdan sonra ondan təsirlənmişdir?! Bu tamamilə absurd səslənir.
İslam alimlərinin məsələyə yanaşması
İslam alimləri hekayədəki bu ağla batmaz nöqtələrə diqqət çəkərək onu rədd ediblər. On birinci əsrdə yaşamış alimlərimizdən Abdulkərim əl-Quşeyri (986-1072) deyir: “Necə demək olar ki, “onu gördü və xoşuna gəldi”, halbuki onun öz bibisi qızıdır və doğulan bəri həmişə onu görüb; qadınlar peyğəmbərdən – salləllahu aleyhi va səlləm – hicabla bağlanıb özlərini gizlətmirdilər. Onu Zeyd ilə evləndirən də özü olub.”2
Həmçinin əl-Qadi Əbu Bəkr İbn əl-Arabi (1076-1148) deyir: “Bu hekayənin arxasındakılar etibarlı deyildir. Onların “peyğəmbər – salləllahu aleyhi va səlləm – onu gördü və ona qəlbində vuruldu” sözünə gəldikdə isə bu, batil bir sözdür. Çünki onsuz da hər bir zaman və hər bir yerdə Zeynəblə birlikdə olub və o zaman hicab yox idi. O zaman necə olur ki, peyğəmbərin yanında böyüyür və peyğəmbər onu hər an görür, bununla belə ona vurulmur, yalnız (Zeynəb başqasına) ərə getdikdən sonra vurulur?! Halbuki Zeynəb özü peyğəmbərlə evlənməyi əvvəldə istəyirdi, başqasına ərə getməyə razı deyildi və bununla belə peyğəmbərin onunla ailə qurması ağlına gəlmirdi, necə olur ki, daha əvvəl olmayan bir istək ortaya çıxdı?! ”3
Montgomery Watt deyir:
Bu reallığı və hadisənin ətrafındakı məzmunu görən insaf sahibləri məsələnin heç də iddia olunduğu kimi olmadığını dərk edəcək. Xristian tarixçi alim Montgomery Watt bunu dərk edən insaflı alimlərdəndir. O, bu hekayənin həqiqətə uyğun olmadığını göstərərkən deyir: ”Zeydin yoxluğunda Muhəmmədin Zeynəblə qarşılaşması və onun gözəlliyindən təsirlənməsi şübhə ilə qarşılanmalıdır. Bu hekayə ən erkən mənbələrdə mövcud deyildir. Üstəlik, bu evlilik vaxtında Zeynəbin otuz beş və ya otuz səkkiz yaşı var idi və o günlərdə bir ərəb qadın üçün bu, yaşlaşma dövrü idi… İlk baxışdan vurulmaq mövzusu görünür ki, Muhəmmədin həyatını yazanların öz xəyalları ilə işləyib hazırladıqları bir şey idi. Əlli altı yaşına çatmış onun kimi bir kişi üçün otuz beş və ya daha çox yaşı olan bir qadının ehtirası ilə məşğul olması tamamilə ağlabatmazdır.”4
Əhzab, 37
Bəziləri bu məqamda Quran ayəsinin də həmin hekayəni dəstəklədiyini iddia edirlər. “Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə – “zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır.”[Quran, 33:37]
İddiaları budur ki, peyğəmbərin “ürəyində gizli saxladığı” şey Zeynəbə olan sevgisi idi. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, hətta əgər bunun doğru olduğunu qəbul etsək belə bunda töhmətlik heç bir qüsur yoxdur, çünki kişi qəlbində bir qadına qarşı sevgi bəsləyə bilər. Lakin daha əvvəl təqdim etdiyimiz faktlar işığında belə bir izahın tutarsız olduğunu söyləməliyik. Əgər peyğəmbərin ürəyində gizlətdiyi şeyin hələ Zeydin boşanmasından əvvəl olduğunu fərz etsək burada doğru izah bu olacaq ki, peyğəmbər – ya vəhyə əsasən, ya da ailədəki konfliktdən bildiklərinə əsasən – Zeydin Zeynəbi boşayacağını bilirdi və bu təqdirdə onunla evlənmək istəyi ürəyindən keçirdi.
Sosial tabular
Çünki Zeyd ilə Zeynəb arasındakı bu evlilik bir il və ya bir ildən bir az çox çəkib və bu müddət ərzində peyğəmbər bu evliliyin uğursuz olduğunu görürdü; Zeyd bir neçə dəfə peyğəmbərə Zeynəbin xarakterini şikayət edirdi, ayrılmaq istədiyini ərz edirdi və bunun qarşılığında Allahın elçisi ona – “zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdi. Yox əgər burada ürəkdə gizli olanın boşama hadisəsindən sonra olduğunu fərz etsək məsələ daha da sadələşir; peyğəmbər sadəcə olaraq Zeynəb ilə evlənmək istəyirdi və cahiliyyə dedi-qodusunda ehtiyat edirdi. Peyğəmbərin bu halda Zeynəb ilə evlənmək istəyi də çox təbii idi. Biz bilirik ki, Zeynəb Zeyd ilə evlənməyə razı deyildi, əksinə özü də, qardaşı Abdullah da peyğəmbərlə evliliyə nail olmağa çalışırdı. Zeydin gözəl əxlaqa, mətanətə, comərdliyə sahib olduğunu bilən peyğəmbər bibisi qızı Zeynəb üçün onun gözəl bir namizəd olduğuna inanırdı. Ola bilsin ki, həm də cəmiyyətdə mövcud olan “statusu yüksək qadın keçmiş kölə ilə evlənə bilməz” tabusunu qırmaq istəyirdi. Əlbəttə ki, öz qohumunun ailə həyatında qeyri-məsud olmasını istəməzdi və belə bir nəticəni də gözləmirdi.
Lakin peyğəmbər də digər insanlar kimi bir insandır və gələcəyi bilməz. Zeynəbin Zeyd ilə xoşbəxt olmadığını, nəticədə acı bir ayrılıqda ailənin dağıldığını görən Allahın elçisi bu nəticədə öz payının olduğunu görürdü və qohumluq əlaqələri xatirinə Zeynəbin xoşbəxt olmasını istəməsi ən təbii bir hal idi. Bu zəmində peyğəmbərin Zeynəb ilə evliliyini başa düşmək lazımdır.
Lakin peyğəmbər də digər insanlar kimi bir insandır və gələcəyi bilməz. Zeynəbin Zeyd ilə xoşbəxt olmadığını, nəticədə acı bir ayrılıqda ailənin dağıldığını görən Allahın elçisi bu nəticədə öz payının olduğunu görürdü və qohumluq əlaqələri xatirinə Zeynəbin xoşbəxt olmasını istəməsi ən təbii bir hal idi. Bu zəmində peyğəmbərin Zeynəb ilə evliliyini başa düşmək lazımdır.
“Status bərabərliyi haqqında fikirləri ləğv etmək”
əl-Qadi Abdulcəbbar əl-Həmədəni (935-1025) çox dəqiqliklə sosial vəziyyəti ələ alır və peyğəmbərin Zeynəb ilə Zeydi, evlilik məsələsində “status bərabərliyi haqqında cahiliyyədəki fikirləri ləğv etmək” üçün evləndirdiyini deyir. Lakin bu evliliyin uğurlu olmadığına, Zeynəbin xarakterli bir qadın olaraq Zeydi qəbul etmədiyinə, ona əziyyət verdiyinə işarə edir. Peyğəmbər öz bibisi qızının qeyri-xoşbəxt evliliyinə özünün səbəb olduğunu düşündüyü üçün bu vəziyyəti düzəltməyi, onu xoşbəxt etməyi istəyirdi.
əl-Qadi Abdulcəbbar bu məqam üzərində duraraq deyir ki, “Allahın elçisi (Zeynəbi) onunla evləndirməyinə peşman olmuş kimi idi və sanki öz içində deyirdi: “Kaş ki, onunla özüm evlənərdim və mən Zeyddən və başqalarından daha çox onun xarakterinə dözməyə və səbr etməyə layiqəm, çünki mənim qohumumdur. ”5
Buna yaxın bir mənanı Əbu Bəkr əl-Cəssas da (vəfatı 942) səsləndirir: “Zeyd öz arvadını peyğəmbərə şikayət edirdi və onların arasındakı konflikt o qədər sürdü ki, peyğəmbər onların bir arada qalmayacaqlarını, Zeydin ondan ayrılacağını təxmin etdi. Bundan sonra öz içində Zeydin onu boşayacağı təqdirdə onunla evlənmək istəyinin olduğunu gizlətdi. O qadın Zeynəb bint Cəhş’ idi, peyğəmbərin bibisi qızı idi və qohumluq əlaqələri xatirinə, ona ürəyi yandığı üçün onu öz ailəsinin bir hissəsi etmək istədi. ” 6
YEKUN
Peyğəmbərin nümunəvi həyatı bizə onun qadınlara münasibətində necə kontrollu davrandığını göstərən misallarla doludur. Dostu da, düşməni də heç bir zaman onu evlilikdən kənar əlaqədə ittiham etməyib, heç bir zaman ona məhrəm olan qadınlarla əllə görüşməyib, əksinə həmişə belə deyərdi: “Sizdən birinizə naməhrəm bir qadının toxunmasındansa başına dəmirdən mismarın batması daha xeyirlidir. ”7
Ona görə də kişilərdən beyət aldıqda onlarla əllə görüşər, qadınlardan isə sözlə beyət almaqla kifayətlənərdi. Şəhvətinə düşkün olan saxtakar bir kəs bunun əksini edərdi; qadınlardan sui-istifadə etmək üçün rüxsətlər çıxarardı. Amma gördüyümüz bunu əks etdirmir, tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. O nəinki qadınlarla əl görüşmür, hətta daha sonra qadınları naməhrəm kişilərin gözlərindən gizlətmək hicab əmri ilə bağlı vəhy aldığını da deyir. İslam peyğəmbəri xristianlıqdan fərqli olaraq qadın ilə kişi arasındakı cinsəl münasibətə pis baxmırdı, lakin bunun ailə daxilində olmasını və mənəvi qaydalara tabe olmasını tələb edirdi. Şübhəsiz ki, cahilliyyə dönəmindəki ərəblərin adəti ilə tanış olan kəslər, bunun yüksək mənəviyyatın təzahürü olduğunu təsdiqləyəcəklər.
İftiralara cavablar
Qərb yazıçılarından İslam peyğəmbərini qaralamağa çalışan kəslər az olmayıblar. Amma bunun qarşılığında onların bu iftiralarına cavab verən və onların öz sıralarından çıxan kəslər də az olmayıblar. Şotlandiyanın şərqşünas alimlərindən olan Vans Kennedy (1784-1846) Voltaire’nin Mahomet adlı əsərindəki iftiralarına geniş bir cavab vermək üçün məqalə yazıb. Həmin məqalədə bir yerdə bu sözləri deyir: “Buna görə də yeddinci əsrdəki Ərəbistanın adətləri və siyasi institutları barəsində dolğun bir məlumata malik olmayan və ya ümumiyyətlə cahil olan Xristian yazıçıların öz oxucularına, Muhəmmədin öz şəhvətini tətmin etməkdən və öz ölkəsində hakimiyyəti ələ keçirməkdən ötrü planlı şəkildə hərəkət etdiyini öyrətməklə, onları aldatmaqları çox gülüncdür. ”8
Bəli! Kennedy çox gözəl bilirdi ki, peyğəmbərin həyatını dolğun bir şəkildə incələyən bir kəs xristian müəlliflərin iftiralarına inana bilməz. Bu müəlliflər aşkar faktları gözardı edir və bilinən faktları təhrif edirlər. Edward Said ”Orientalizm” kitabında onların bu ikili standartlarını gözəl bir şəkildə ifşa edib. Minou Reeves də qeyd edir ki, şotland şərqşünas William Muir “Muhəmmədə və onun yoldaşlarına, müharibədə dul qalmış qadınlarla və ya İslamı erkən bir çağda qəbul etmiş, Məkkənin böyükləri tərəfindən təqib olunmuş və qohumları tərəfindən tərk olunmuş qadınlarla evlənməyə icazə verən Quran ayələri üzərində fikir yürüdüb. O, bu qadınları müsəlman ailələrin tərkibində himayə edib qorumağı məsləhət görən Quran ayələrini tamamilə təhrif edir…”9
Hətta..
Hətta Meredith Townsend 1861-ci ildə yazarkən peyğəmbərin qadınları sevdiyini qeyd etsə də, onun qadın və şəhvət düşkünü olduğunu söyləməkdən imtina edir.10[37] Stanley Lane-Poole deyir: “Onun həyatının ən son gününə qədər gündəlik sadə/qənaətcil həyat sürməyi, üzərində yatdığı sərt döşəyi, onun sadə yeməyi, öz evində qulluqçu işlərini öz üzərinə götürməsi onu göstərir ki, o, sözün heç bir mənasında şəhvətdüşkünü olduğunu göstərməz, əksinə onun tam bir zahid olduğunu göstərir. ”11
Məqalənin sonunda isə ən son sözü Qərbin məşhur mütəfəkkirlərindən biri sayılan Thomas Carlyle’a tərk edirəm:“Muhəmməd haqqında nə demək mümkün olsa da, onun özü heç cür şəhvətdüşkünü bir kişi deyildi. Biz əgər onun sadəcə olaraq bəsit zövqləri məqsəd güdən, şəhvətpərəst biri kimi qəbul etsək böyük bir xəta etmiş olarıq. Xeyr, ümumiyyətlə heç bir zövq onun məqsədi deyildi. Onun ev həyatı ən qənaətcil bir həyat idi; ən adi yeməyi arpa çörəyi və su olub; bəzən ocağında aylarla atəş yanmazdı. Onun həyatını yazanlar qürurla qeyd edirlər ki, öz ayaqqabılarını özü təmir edərdi, öz əbasını özü yamayardı.”12 Belə bir şəxsiyyəti necə ittiham etmək olar?!
Dipnotlar
- İbn Kəsir, “Təfsirul-Quranil-Azim”, 6/424-425; Daru Tibə, Beyrut, 1999
- əl-Qadi İyad, “əş-Şifə bi Tərif Huquqil-Mustafə”, 2/428; Darul-Feyha, Amman, 1987
- Əbu Bəkr İbn əl-Arabi, “Əhkəmul-Quran”, 3/577; Darul-Kutubil-İlmiyyə, Beyrut,2003
- W. Montgomery Watt, “Muhammad: Prophet and Statesman”, səh: 158; Oxford University Press, London, 1061
- Abdulcabbar əl-Həməzəni, “Təsbitu Dələil ən-Nubuvva”, 2/483; Darul-Arabiyyə, Beyrut, 1966
- Əbu Bəkr əl-Cəssas, “Əhkəmul-Quran”, 5/230-231; Daru İhyə ət-Turas əl-Arabi, Beyrut, 1985
- “Musnəd ər-Ruyəni”, (1283); “əl-Mucəm əl-Kəbir”, (486, 487);
- “Transactions of The Literary Society of Bombay”, 3-cü cild, səh: 447; Education Society’s Press, Bombay, 1877
- Minou Reeves, “Muhammad in Europe: A Thousand Years of Western Myth-Making”, səh: 237; New York University Press, New York, 2000
- Philip C. Almond, “Heretic and Hero: Muhammad and The Victorians”, səh: 63; Otto Harrassowitz, Wiesbaden, 1989
- Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 77; Eden, Remington & Co, London, 1893
- Thomas Carlyle, “Heroes and Hero Worship”, səh: 97; Henry Altemus, Philadelphia, 1899
Cavab yaz