“Pozitiv Qərəz” | “Qaranlıq dövrlər” nə qədər qaranlıq olub?

1913-cü ilin may ayında katolik fizik və riyaziyyatçı Pierre Duhem (1861-1916) əfsanəvi qəhrəmanlara verilən tapşırıqlar qədər ağır olan bir kontrakta imza atdı; növbəti 10 il ərzində Duhem hər il nəşriyyat evinə müasir fizika elminin mənbələri ilə bağlı ”500 səhifəlik əlyazma” göndərməli idi. Bu, onun çalışma tempindəki intensivliyinə və yazılı materialı hasil etməkdəki böyük ustalığına şahidlik edən bir faktdır; çünki bu kontraktdan sonra yalnız 3 il yaşamasına baxmayaraq 10 cildi formalaşdırmaq üçün kifayət edəcək qədər əlyazma – hər biri 200 səhifədən ibarət 120 əlyazma dəftər – tamamlanmışdı. Duhem bunların hamısını şəxsən öz əli ilə yazmışdı, çünki bu işində ona kömək edəcək assistenti yox idi. Üstəlik bu materialı ərsəyə gətirmək üçün tədqiqata ehtiyac duyan tarixi sənədlərin mövcud olduğu kitabxanalarda hələ də layiqincə kataloqlaşdırılmadıqlarını nəzərə alsaq, bu işin öhdəsindən necə gəldiyinə təəccüblənə bilərik. Ortaya çıxan nəticə ”Le System du Monde” adı ilə on cildlik ensiklopedik bir əsər oldu.1

Pierre Maurice Marie Duhem 1861-ci ildə Parisdə anadan olmuşdu; atası flamand əslli tacir idi, anası isə əslən Fransanın cənub bölgəsindən idi. Dörd uşaqdan ikisi uşaq çağında difteriya xəstəliyindən vəfat etmişdi, yalnız Pierre və bacısı Marie uşaqlıq dövrünü atlaya bilmişdi. Dərin katolik inanclara sahib olan ailə, oğlunun təhsili üçün katolik məktəblərini seçmişdilər; beləliklə də St. Roch məktəbi və daha sonra Stanislas kollecinə göndərilmişdi. Kollecdə Jules Moutier adında bir müəllim gənc Pierre’də fizika nəzəriyyələrinə qarşı maraq oyatmışdı. Sağlamlığındakı qüsurlara baxmayaraq Pierre öz marağını doyurmaq üçün 1882-ci ildə École Normale Supérieure adlı elit hesab olunan ali təhsil ocağına daxil oldu. 1920-ci ildə Duhem’in Bordeaux şəhərində yaşadığı küçə onun şərəfinə dəyişdirilərək onun adı ilə adlandırıldı.2 Duhem ”xüsusilə də termodinamika üzrə çalışmalarında birinci sinif fizik idi.” Onun ”La Theorie Physique: Son Objet, Sa Structure” əsəri ilk dəfə 1906-cı ildə çap olundu və onun ingilis dilindəki nəşri 1954-cü ildə amerikalı fizik Philip P. Wiener’in tərcüməsi və məşhur fransız fizik Louis de Broglie’nin təqdimatı ilə bir daha işıq üzü gördü.3 Bu gün ümumi olaraq qəbul olunur ki, fiziki kimya sahəsinin baniləri sırasında Duhemin adı Ostwald, Arrhenius, Van’t Hoff və Le Chatelier kimi alimlərlə yanaşı çəkilir.4 Şok dalğaları və onların mayelərdəki dəyişiklikləri ilə bağlı Duhemin analizləri bu gün laboratoriya və sənayedə təqdirlə qarşılanır. Onun hidrodinamika sahəsində yazdığı kitab supersonik uçuşun aktuallığı ilə xüsusi maraq qazandı və 1961-ci ildə Fransanın Hava Müdafiəsi Nazirliyi tərəfindən yenidən nəşr olundu. Amma Duhem bu günləri fizik olaraq yox, bir tarixçi olaraq daha məşhurdur.

Duhem fizika tarixi ilə bağlı araşdırmalarına başlayarkən o da digər alimlər kimi Maarifçilik dönəminin təsəvvürlərindən çıxış edirdi; yəni o da digər tarixçilər kimi Orta Əsrlərin bir qaranlıq çağ olduğuna inanırdı.5 Orta əsrlərin ”cahilliyin və dözümsüzlüyün natəmiz bataqlığı” olaraq xarakterizə edilməsi 19-cu əsrin nüfuzlu isveçrəli tarixçisi Jakob Burckhardt’ın adı və onun 1860-cı ildə nəşr etdiyi ”Die Kultur der Renaissance in Italien” adlı kitabı ilə bağlıdır.6 Buna görə də bir çox tarixçi elmin inkişafı ilə bağlı bir şeylər qələmə aldıqda qədim yunan mədəniyyətindən bir-başa İntibah dövrünə və ya erkən müasir tarixə sıçrayış edirlər və orta əsrləri ələ almırlar. Almaniyanın ilk pozitivist alimi və filosofu Eugen Dühring misal üçün qeyd edir ki, “orta əsrlər demək olar ki, bütün elmi baxışlar açısından sadəcə böyük bir səhradır.”7 Dövrün tarixçilərinə aid bu cür iddialar din əleyhdarı pozitivist düşüncənin bir hissəsi idi.8 Lakin bu iddialar nüfuzlu adların qələmindən çıxdığı üçün səhnəyə möhkəm bir həqiqət kimi çökmüşdü, digər tarixçilər bu fikrin cazibə orbitindən kənara çıxa bilmirdilər. Bundan sonra hansısa tarixçi, elmin inkişafı ilə bağlı hər hansısa bir mövzunu araşdırarkən orta əsrlərə nəzər salmağa ehtiyac duymurdu; axı orta əsrlərdə tapılacaq bir şey yoxdur, o dövrlərə dalan səhraya azuqəsiz gedib şirin meyvələr axtaran birinin misalı idi. Pierre Duhem özü də ”L’évolution de la mécanique” (Mexanikanın Təkamülü) kitabını 1903-cü ildə nəşr etdiyində orta əsrləri elmi cəhətdən qeyri-məhsuldar hesab edirdi. Həmçinin 1900-cu ildə tamamladığı ”Le mixte et la combinaison chimique” (Kimyəvi qarışıq və birləşmə) əsərində Aristotelin kimyəvi qarışıqla bağlı ideyasından birbaşa müasir konseptlərə keçid edir.

İlk dəfə 1904-cü ildə ”Le origines de la statique” (Statikanın Əsli) kitabı üzərində çalışarkən Duhem 16-cı əsrə aid bir kitabda qeyri-adi istinadla qarşılaşır; o vaxt hələ tanınmamış orta əsrlərə aid bir mütəfəkkirə, Jordanus de Nemore’yə istinad edilirdi. Onun bu istinadın arxasına düşərək etdiyi tarixi araşdırmalar – hamının etirafı ilə – iyirminci əsrdə orta əsrlərə aid elmlərin tarixini öyrənən sahənin əsasını qoymuş oldu.9 Duhem’in orta əsrlərin elmi biliklərini araşdırarkən ortaya çıxardığı faktlar bir çox maraqlı nəticələrə işarə edirdi. O, Galileo’nun inertia fikrinin orijinal olmadığını, özündən əvvəl yaşamış orta əsrlərə aid sxolastik ekolun alimlərindən götürdüyünü deyirdi. Çünki Galileo özü kitablarında ən azından iki yerdə “parisli doktorlar” deyərək onlara ətf edirdi. Bu Paris məktəbinin başında Jean Buridan gəlirdi və onun “impetus” fikri Aristotelin fizikasından tamamilə fərqlənirdi; Aristotel hərəkət edən obyektin trayektoriyasını havanın medium olması ilə izah edirdisə “impetus” nəzəriyyəsinə görə hərəkət trayektoriyası obyekti hərəkətə gətirən qüvvədən qaynaqlanır və hərəkətin azalması ona təsir edən qüvvələrin nəticəsidir. Aristotelə görə bir şey hərəkətdədirsə, deməli, onu hərəkətə gətirən səbəb vardır; bu fikir orta əsrlərdə hamı tərəfindən qəbul olunurdu, hətta Buridan kimi sxolastik ənənənin təmsilçiləri belə bu fikrə sadiq idilər. Aradakı fərq isə bu idi ki, Aristotelə görə hərəkət edən obyekti hərəkətə gətirən onu əhatə edən mediumdur, yəni əgər biz topu havaya fırladırıqsa o topun havada hərəkət etməsinin səbəbi havanın özüdür. Buridan isə bununla razılaşmır, ona görə topun hərəkət etməsini təmin edən qüvvə topun özündədir və bu qüvvəni top onu havaya atan səbəbdən alıb. Beləliklə də orta əsrlərin Avropası üçün – Duhemin nəzərində – bir yenilik olan “impetus” fikrini Buridanın tələbələri sonrakı əsrlərə daşıdılar; bunların arasında Vyana universitetinin banisi Saksoniyalı Albert, Heidelberg universitetinin ilk rektoru İnghen’li Marsilius və onun ən görkəmli tələbəsi, Lisieux’nun yepiskopu Nicole Oresme vardır.10

İmpetus teoriyası – Niall Martin’in yazdığına əsasən – latın dünyasına ya müsəlmanlardan keçmişdi, ya da antik dönəmin sonlarından qaynaqlanırdı.11 Antik dönəmin sonları ilə qəsd edilən iskəndəriyyəli İoann Filoponus (John Philoponus), müsəlmanlardan qəsd olunan isə İbn Sina olmalıdır. Aristotelin fizikasına qarşı gələrək ilk dəfə impetus fikrinin toxumlarını altıncı əsrdə ortaya atan İoann olub; ərəb-müsəlman mənbələrində onun adı Yəhya ən-Nəhvi olaraq tanınır. Klassik dönəmdən orta əsrlərə qədər hakim olmuş Aristotelin fizikasına görə havaya atılmış daşı hərəkət etdirən onu əhatə edən havadır, İoann bu fikri tənqid edərək deyib ki, hava daşı hərəkətdə saxlayan qüvvə deyildir, lakin daşın hərəkətinə müqavimət göstərən qüvvədir. Aristotelin fizikasında havanın daşı itələməsi belə izah olunurdu ki, daş ilk hərəkəti zamanı öz arxasında potensial boşluq buraxır və təbiətdə boşluq, vakuum mümkün olmadığı üçün onun yerini dərhal ətrafdakı hava doldurur; beləliklə də potensial boşluğun yerinə keçən hava daşı hərəkət etdiyi istiqamətdə itələyir. İoann müşahidələrə əsasən bunun xətalı olduğunu izah edir, çünki əgər daşı hərəkətdə saxlayan hava olsaydı, o zaman havaya atılan quş lələyinin daşdan daha sürətli getməsi lazım idi. İoann qeyd edir ki, Aristotel haqlı olsaydı, hava üfürən bir cihaz daşı mancanaqdan da sürətli atmalı idi, lakin reallıq bunun belə olmadığını göstərir. İoann’a görə daşın hərəkəti ətrafındakı mediumdan deyil, daşın özündə sıxılmış qüvvədən qaynaqlanır ki, bu qüvvəni ilk başdan onu atan əl daşa ötürüb. Hərəkətə gətirilmiş daşa ilk hərəkət edici səbəb tərəfindən verilmiş bu qüvvə “impetus” adlanırdı. İbn Sina da bu rəyi doğru hesab edirdi və onun kitablarında “impetus” sözü, ərəb dilində “mail” termini ilə ifadə edilir. Lakin Ioann ilə İbn Sina arasında önəmli bir fərq var idi; İoann atılmış daşa ötürülən qüvvənin müqavimət olmasa da, tükənəcəyini, beləliklə də, kiçik bir müddət sonra impetusun təkənməsi ilə daşın yerə düşəcəyini deyirdi. İbn Sinaya görə isə impetus tükəndiyi üçün yox, müqavimət olduğu üçün hərəkətdə olan obyekt dayanır; müqavimət olmadığı təqdirdə hərəkətə gətirilmiş obyekt əbədi olaraq hərəkət etməyə davam edəcək. Buridan da bu fikrində İbn Sinaya müvafiqdir. O, planetlərin orbitdə hərəkətini “impetus” ilə izah edərək Allahın yaradılışın əvvəlində onları hərəkətə gətirdiyini və heç bir müqavimət görmədikləri üçün davamlı hərəkətdə olduqlarını deyir.12

Bu baxımdan Latın Avropasına “impetus” nəzəriyyəsi – Shlomo Pines və Fritz Zimmermann’ın araşdırmalarına əsasən – birbaşa İoann Filoponus’un kitablarından deyil, İbn Sinanın əsərlərindən və əl-Ğazəli’nin “Məqasid əl-Fələsifə” kitabının latıncaya tərcüməsindən gəlib.13 Philippa Lang etiraf edir ki, bu nəzəriyyə Newton’un ilk qanunu ilə çox yaxındır; beləliklə də impetus nəzəriyyəsi inersiya və ətalət qavramlarına gətirib çıxardı, bütün bunlar tədricən baş vermiş bir proses idi, gənc Galileo 1500-cü illərdə impetus nəzəriyyələrindən təsirlənmiş və Galileo’nun əməyi, ondan sonra gəlmiş Newton’un elmi töhfələri ilə birlikdə Aristotelin fizikasını taxtdan endirməyi bacarmışdır.14

Impetus nəzəriyyəsi çox ciddi bir nailiyyətdir, hətta məşhur elm filosofu Thomas Kuhn etiraf edir ki, “Galileo’nun hərəkət ətrafındakı araşdırmaları, sxolastik kritiklərin Aristotelin nəzəriyyəsində tapdıqları problemlərdən ağır şəkildə asılı idi.” Hətta Kuhn kitabında impetus nəzəriyyəsini orta əsrlərdə ortaya çıxmış yeni bir paradiqma adlandırır.15 Aristotelin fizikasını süquta yaxınlaşdıran daha bir fikir düşən obyektlərlə bağlı idi. Aristotel inanırdı ki, düşməkdə olan obyektin düşmə vaxtı onu əhatə edən mediumun sıxlığına tərs mütənasibdir. İspaniyada yaşayan müsəlman alim İbn Bəccə (latınca Avempace) bunun belə olmadığını müşahidə yolu ilə təsdiqləyir; əgər planetlər eyni sıxlığa sahib mediumda fərqli sürətlərlə hərəkət edirlərsə, Aristotelin nəzəriyyəsi doğru olmamalı idi. İbn Bəccə’nin gəldiyi nəticə bu idi ki, düşməkdə olan obyektləri əhatə edən mediumun yeganə rolu müqavimət göstərərək sürəti azaltmaqdır. Orta əsrlərdə Thomas Aquinas (1225-1274) İbn Bəccə’nin arqumentlərinə dəstək verərək onun rəyini məşhurlaşdıracaqdı.16 Hətta Pierre Duhem qeyd edir ki, Qərbin xristian dünyası İbn Bəccə’nin bu “doktrinası” ilə İbn Rüşdün kitabları vasitəsi ilə tanış oldular və əlavə edir ki, İbn Bəccə “o qədər incəliklə bu məsələni araşdırmışdı ki, Aristotel dinamikasının əsaslarını salxalamağa başlamışdı.”17

Orta əsrlərin elmi mirasını bu şəkildə ilk dəfə kəşf edən və onun içində gizlənmiş mirvariləri aşkara çıxaran şübhəsiz ki, Pierre Duhem olmuşdur. Buna görə də tarixçilər Duhemi xüsusilikdə orta əsrlərin elmi tarixinin atası hesab edirlər və ümumilikdə isə George Sarton ilə yanaşı onu elm tarixinin banisi kimi dəyərləndirirlər.18 Dana Durand 1941-ci ildə yazırdı ki, “Duhemin nailiyyətlərinin tam ölçüsü hələ də ölçülə bilməz” və əlavə edir ki, “bütün gələcək çalışmalar – böyük ölçüdə – onun açdığı damarlarda araşdırma aparacaq.”19 Duhem tarix boyunca elmi nailiyyətlərin tədricən təkamül etdiyinə inanırdı. O, öz dövründəki pozitivist tarixçilərin çatdırmaq istədikləri təsəvvürü, yəni elmin birdən birə müasir tarixin başlanğıcında küldən canlanan simurq quşu kimi ortaya çıxması fikrini inkar edirdi. O, özünün tədrici inkişaf ideyasını obrazlı şəkildə belə ifadə edirdi: “Parıltılı qanadları ilə kəpənəyin cazibəli uçuşu adətən insana miskin və yazıq tırtılın (kəpənək olmadan əvvəl) necə yavaş və ağrılı süründüyünü unutdurur.” Elm heç zaman “çevik sıçrayışlar” etmir və “ani və gözlənilməyən kəşflərdən” ibarət deyildir; ən əhəmiyyətli kəşflər az qala hər zaman əsrlər boyunca həyata keçirilmiş yavaş və qəliz bir hazırlığın bəhrələridir.20

Duhem’in elmi inkişaf, elmi nəzəriyyə haqqındakı fikirləri özündən sonrakı elm filosoflarına da təsir edib. Thomas Kuhn’un ”The Structure of Scientific Revolution” kitabında məşhurlaşdırdığı ”incommensurability” fikri elmi nəzəriyyələrin və elmi paradiqmaların bir-biriləri ilə müqayisə edilə bilməyəcəklərini deyir; çünki bu nəzəriyyələrin ortaq ölçüsü yoxdur, çünki onlar müxtəlif problemlərə xitab etmək üçün müxtəlif konseptlər və metodlar istifadə ediblər. Paul Feyerabend öz fəlsəfəsində bu ideyanı birbaşa Duhem’dən götürür.21 Elm fəlsəfəsində Karl Popper’in “saxtalaşdırma” ideyası qarşısında adətən Duhem-Quine tezisi qarşıya qoyulur; əgər Popper hansısa bir hipotezin eksperiment yolu ilə saxtalaşdırıla biləcəyinə inanırdısa, Duhem və daha sonra Willard Quine bunun heç də bu qədər asan olmadığını deyirdilər. Duhem-Quine tezisinə görə hansısa bir hipotezi izolyasiya etmək özü problemlidir, çünki hipotezlər fiziki proseslərin arxa səhnəsi haqqında başqa fərziyyələr ilə, ölçülərin və müşahidələrin etibarlılığı, erkən şərtlər ilə sıx bağlıdır, beləliklə də hipotezi izolyasiya etmək mümkün deyildir. Bu tezis, elm fəlsəfəsində hələ də öz dəstəyini qorumaqdadır.

Fizik olaraq Duhem görkəmli bir alim olub. Lakin bütün digər alimlər kimi tutduğu xətalı mövqeləri ilə də yadda qalıb. Misal üçün 1900-cu ildə nəşr etdiyi “Les Theories Electriques de J. Clerk Maxwell” məqaləsində məşhur şotland alim Maxwell’in “elektromaqnetizm” nəzəriyyəsini “dolaşıq xətalar toplusu və pis təcrübə” olaraq dəyərləndirir, onun qarşısında Hermann von Helmholtz’un nəzəriyyəsini müdafiə edir.22 O, atomların mövcudluğu məsələsində də tarixin uğursuz tərəfində dururdu; On doqquzuncu əsrin sonunda və iyirminci əsrin əvvəllərində ən aparıcı alimlərin arasında yer alan Jean Baptiste Dumas, Hermann Kolbe, Wilhelm Ostwald kimi kimyaçılar və ya Ernsta Mach, Pierre Duhem kimi fiziklər atomların təbiətin real inşaat materialları olaraq inkar edirdilər.23

Fizikada olduğu kimi tarix elmində də onun şiddətlə tənqid edilmiş fikirləri olub. Duhem misal üçün “müasir elmin başlanğıcını” Galileo kimi alimlərin adı ilə bağlamaq əvəzinə onu daha qədimə aparır; Paris yepiskopluğunun 1277-ci ildə Aristotelin təlimlərini qadağan etməsini “müasir elmin” başlanğıc nöqtəsi kimi görürdü. Duhemə görə bu, Aristotelin fizikası və kosmologiyasının şübhə altına alındığı, yeni bir baxış acısına yol açıldığı andır. Əlbəttə ki, əksər tarixçilər bu nöqtə ilə razılaşmırlar, bunun çox şişirdilmiş və bəzədilmiş bir iddia olduğunu deyirlər.24 Duhem müasir elmin başlanğıcını orta əsrlərdəki xristian alimlərə və sxolastik ənənəni təmsil edən fikir sahiblərinə ətf etməkdə nə qədər maraqlı idisə, elmi nailiyyətləri müsəlmanların və yəhudilərin əlindən müsadirə etməyə də bir o qədər maraqlı idi. Duhem’in geniş bir mənadakı antisemitizmi tarixçilərə məlumdur və buna görə haqlı olaraq tənqid olunub. Bu baxımdan Pierre Duhem’in ərəblərə qarşı antipatiyası on doqquzuncu əsrin Avropa mədəni yükünün bir hissəsi idi.25

Yaxud da biz bunu Edward Said’in oriyentalizm adlandırdığı fenomen kimi görə bilərik; Duhem oriyentalist olmasa da, eyni avrosentrik düşüncənin təsirindən qurtula bilməmişdi. J. Ragep müsəlman astronomiyasına qarşı qərəzli mövqedən çıxış edən Duhem’in öz elmi statusuna yaraşmayacaq şəkildə ucuz xətalar etdiyinə misal verir. Bir yerdə qeyd edir ki, Duhem, ispaniyalı müsəlman alim Bitruci’nin Ptolomey sisteminə alternativ olaraq homosentrik bir sistem təklif etməsinin Kopernikin modeli üçün zəmin hazırladığını etiraf etsə də bunu Bitruci’nin öz ideyası və dahiliyi kimi görmür. Duhem buna izah olaraq Bitruci’nin işlətdiyi cədvəllərdəki hərf sırasının yunan əlifbasına müvafiq olduğunu əsas gətirir və Ragep haqlı olaraq xatırladır ki, ərəb əlifbası öz qədim semit qohumları olan finikiyalıların əlifbasına müvafiqdir və yunanlar da öz əlifbalarını finikiyalılardan götürdüyü üçün hər iki əlifbanın eyni sıranı izləməsi qəribə olmamalıdır.26 “Islam dünyasının elmə verdiyi töhfələr” – Peter Barker yazır: – “daima layiq olduğu dəyəri ala bilməyib, bunun səbəbi bəlkə də elm tarixinin bir akademik sahə olaraq əsasını qoymuş bəzi kəslərin həqiqi islami töhfə ideyasına düşməncəsinə yanaşmasından asılıdır.”27 Barker daha sonra Pierre Duhem’in fikirlərinə işarə edir. J. Ragep məqaləsinin sonunda buyurur: “Mən bunu təkcə Duhem üçün yox, ümumilikdə elm tarixi üçün bir faciə olaraq dəyərləndirirəm, çünki o, böyük fərasət və intuisiya sahibi idi.”28 Əlavə etmək olar ki, Duhem təkcə oksidentpərəstliyi seçilmir, həm də güclü fransız patriotizmi ilə də nəzərə çarpır; o, araşdırmalarında bacardığı qədər Paris məktəbini müdafiə edir, italyan və ingilislərin əhəmiyyətini isə kiçildir. Xüsusilə Oxford universitetinin alimlərini və ənənəsini tənqid edir, onları “paris sxolastik ənənəni” məhv etməkdə ittiham edir.29

Bütün bu xətalara baxmayaraq, Duhem’in çalışmaları tarix elmində bir yol nişanəsi hesab olunur. Ona qədər orta əsrlər haqqında hakim olan təsəvvür həmin dövrün elmi steril bir dövr olması yönündə idi və bu nəticədə əsas günah sahibləri Avropanın xristian, dindar dairələri hesab olunurdular. Orta əsrlər haqqında Burckhardt kimi tarixçilərin formalaşdırdığı fikir din əleyhinə yazan pozitivist düşərgənin əlində bir silaha çevrilmişdi. Baxın görün dinin güclü olduğu orta əsrlərdə Avropa, elmi-intellektual cəhətdən nə qədər passiv idi? Pierre Duhemin məhsuldar həyatından sonra artıq ən azından peşəkarlar akademiklər arasında sualı bu cür qoymaq mümkün deyildir. Onun tarixi əsərlərində gəldiyi bəzi nəticələr tənqid olunsa da, isbat etdiyi ən önəmli nöqtə bu günə qədər öz qüvvəsini qoruyub saxlayır və artıq fakt kimi qəbul olunur: orta əsrlərdə elmi-intellektual inkişaf və tərəqqi olub, bu tərəqqi və intellektual yeniliklər Aristotelin lüğəti çərçivəsində baş versə də, sxolastik metodologiyadan kənara çıxmasa da, öz zamanında çox əhəmiyyətli irəliləyiş olub.

Duhemin qələmi hakim olan fikrə ciddi zərbələr vurduğu üçün pozitivist dairələr tərəfindən şübhə ilə qarşılandı. Hətta məşhur George Sarton belə Duhem kimi bir alimə layiq olduğu diqqəti ayırmadı. Stanley Jaki bunu Sarton’un pozitivist olması ilə izah edir; ”çünki o, metafizikanı sevməzdi və xristian mədəni irsi barəsində həvəssiz idi.”30 “Systeme du Monde” seriyasının ilk cildi Sarton tərəfindən təzəcə başladılmış ISIS dərgisində müsbət rəy alsa da növbəti cildlər haqqında heç bir rəy bildirilmədi. Halbuki daha əhəmiyyətsiz kitablar haqqında rəy verdiyi məlumdur.31 Öz əli ilə yazdığı on cildlik “Système du Monde” əsəri nə qədər möhtəşəm və heyrətamiz bir çalışma olsa da, layiq olduğu etinanı görmədi. “Akademik və nəşr siyasətindən” asılı olaraq bu cildlərin hamısı yalnız tədricən, 1913 və 1959-cu illər arasında çap oluna bildi.32 Xüsusilə də antiklerikal siyasətin şiddətli olduğu dövrdə, 1880-ci illərdən başlayaraq iyirminci əsrin ilk onluğuna qədər Fransada katolik alimlər pozitivist cərəyanı təmsil edənlər tərəfindən diskriminasiya ilə qarşılaşırdılar, onlardan bir çoxu ya vəzifələrindən çıxarılırdı, ya da akademik məsuliyyət və prestij daşıyan məqamlara gəlməklərinin qarşısı alınırdı.33 Misal üçün katolik etiqadına sadiq olan alimlərdən geoloq Albert de Lapparent 1879-cu ildə respublikaçı rejim tərəfindən seçim etməyə məcbur edildi; Parisin Katolik İnstitutunda geologiya və minerologiya kafedrasının sədri vəzifəsini saxlamaq istəyirdisə, dövlətin şaxta mühəndisi olaraq yarım-ştat vəzifəsini tərk etməli idi. Tarixçilər bunu pozitivist hökumət dairələri tərəfindən dindar akademiklərə qarşı təzyiq və təqib kimi yozublar.34

Pozitivist hərəkatının banisi sayılan August Comte 1832-ci ildə ”elmlərin ümumi tarixi” (histoire générale des sciences) adlı bir kafedranın açılışını istəmişdi. Nəhayət belə bir kafedra College de France universitetində açıldıqda August Comte’un öz tələbəsi Pierre Laffitte belə bir kafedraya başçılıq etmək imkanına nail oldu. Laffitte vəfat etdikdə onun kürsüsünə namizədlər arasında Leonce Manouvrier, Paul Tannery və Gregoire Wyrouboff yer alırdı. İşin sonunda kürsü uğrunda yarışma sonuncu iki nəfər arasında qaldı. Tannery elm tarixi üzrə görkəmli və nüfuzlu bir tədqiqatçı alim idi.35 1903-cü ildə elm tarixi üzrə yazan katolik tarixçi Paul Tannery College de France’da elm tarixi kafedrasının sədri seçilmək üçün 47 səsdən 40-ını qazanmağına baxmayaraq Emile Combes’in antiklerikal hökuməti tərəfindən rədd cavabı aldı və yerinə pozitivist Wyrouboff təyin olundu. Halbuki o, əslən tarixçi deyildi. Edouard Branly’nin misalı da çox maraqlıdır. 1882-ci ildə tibb sahəsində doktorluq dərəcəsini qazandıqdan sonra Branly tibb fizikası sahəsində vəzifə almaq ümidi ilə dekan Charles-Marie Gariel’in yanına gəlir. Dekan onun ümidlərini ürəyində qoyacaq şəkildə – “siz məgər katolik universitetində professor deyilsiz? Gözəl! Elə orda da qalın!” – deyərək cavab verir. Hələ 1911-ci ildə Branly’nin “Elmlər Akademiyasından” kənarda qalması üçün Sorbonne universitetində “Elmlər Fakultəsinin” dekanı Gaston Darboux’nun başçılıq etdiyi antiklerikal respublikaçılar tərəfindən uğursuz cəhdlər var idi.36 Elmlər Akademiyasındakı boş yeri məşğul etmək üçün Branly’yə qarşı yarışan digər namizəd məşhur fizik qadın Marie Curie idi; Branly bir səs fərqi ilə qazandı.37 Bəlkə də bir qadının Akademiyaya seçilməsinə qarşı olan müqavimət, bu səfər Branly’ni antiklerikal siyasətin caynağından qurtara bildi. 1909-cu ildə Branly’nin Marconi ilə yanaşı simsiz radio dalğa ötürmənin kəşfinə görə nobel mükafatını ala bilməməsi də qəribə bir hal idi; Marconi ilə mükafatı bölüşmək üçün Branly’nin yerinə alman Karl Ferdinand Braun seçildi, halbuki Branly buna daha layiq idi.38 Bunu adətən onun katolikliyinə qarşı aparılmış diskriminasiya siyasəti ilə əlaqələndirirlər; iddia olunur ki, Stockholm onun seçimi ilə bağlı Fransa Elmlər Akademiyası ilə əlaqəyə keçir və Akademiya onun yerinə Poincaré’ni məsləhət görür.39

Lakin bunlardan heç biri antiklerikal siyasətdən Duhem qədər əziyyət çəkməmişdi. Normale Supérieure məktəbinə 1882-ci ildə daxil olduqdan sonra, üç illik normal təhsil dönəminin sonlarında, daha dəqiq desək 1884-cü ilin dekabr ayında bu istedadlı tələbə artıq öz doktorant tezisini də yazmışdı. Lakin imtahan komissiyasına başçılıq edən, gələcəyin nobel laureatı Gabriel Lippman tərəfindən tezis rədd edildi və təsdiqlənmədi.40 Stanley Jaki burada akademik qərəzin olduğuna diqqət çəkir, çünki 1885-ci ilin erkən payızında Duhem eyni mövzuda yazdığı kitabını A. Hermann nəşriyyat evinə təqdim edir və 1886-cı ilin payız halında artıq tutarlı və gözəl bir kitab halında işıq üzü görür. Kitabın çap olunması üçün ən azından 10 ay müddətində onun dəyərləndirmə, redaktə, tərkib analizi kimi proseslərdən keçməsini nəzərə alarsaq, 1885-ci ilin yay aylarında keyfiyyətsiz bir tezisə düzəlişlər edərək onu mükəmməl bir kitaba çevirmək imkansız görünür. Lippman’ın gənc istedadın tezisini rədd etməsinin səbəbi olaraq tezisdə Marcelin Berthelot’un ”termokimya” nəzəriyyəsi tənqid etməsi əsas göstərilir, çünki Barthelot həm Lipmann’ın dostu idi, həm də Fransanın Elmi Establişmentində güclü bir fiqur idi.41

Pozitivist və sekulyar düşüncə adamı olaraq tanınan Barthelot – xəbər verildiyinə əsasən – Duhem üçün güclü bir qərar çıxartmışdı: ”Bu gənc oğlan heç bir zaman Parisdə dərs verməyəcək.”42 Onun qərarı Berthelot sağ olduğu müddətdə, həm də öldükdən sonra qüvvədə qaldı. Pierre öz akademik karyerasını Parisdən uzaqda yerləşən əyalət universitetlərində keçirməli oldu. Onun tutduğu müəllimlik vəzifəsi onu öncə Lille, sonra Rennes və sonra Bordeaux şəhərlərinə götürdü, Parisə gətirə bilmədi. Lille universitetində köməkçi müəllim olaraq çalışdığı ilk ildə (1887-1888) Duhem atəşin xarakterə və coşqun zəkaya sahib çox bacarıqlı və vicdanlı bir professor olaraq özünü göstərdi. 1890-cı ilin hesabatında universitetin rektoru onu hələ də bacarıqlı və dərindüşüncəli biri olaraq səciyyələndirirdi. Hətta universitet o qədər Duhem’dən razı idi ki, elmlər fakultəsinin dekanı G.-L. Demartres onu universitetdə saxlamaq üçün 1891-ci ildə onun üçün ayrıca bir kafedranın açılmasını tələb edir. Lakin 1892-ci ildə artıq Duhem üçün ciddi problemlərin başladığını göstərən əlamətlər ortaya çıxır. Bu ilin hesabatında rektor ondan şikayət etməyə, onun etiraza meylli xarakterindən və Lille şəhərindəki Katolik Universiteti ilə əlaqələrindən yazmağa başlayır. Fransada o dönəmdə ən böyük katolik sistem məhz Lille şəhərində idi və bu, qismən ordakı Katolik Universitetinin üstün keyfiyyətlərindən asılı idi. Universitet şəhərin katolik burjuaziyasının dəstəyindən yararlanırdı. Duhem’in Lille şəhərində qalıb fəaliyyətinə davam etməsi artıq təhlükə hesab olunurdu və rektor dekanla birlikdə onun universiteti tərk etməsi üçün əlindən gələni etdi.43

1893-cü ildə Duhem Lille şəhərini tərk edərək Rennes şəhərinə köçdü və Rennes universitetindəki bacarığı, rektoru ziyadəsiylə qane edirdi. Bu səfər rektor hesabatında qeyd edirdi ki, Duhemin tədrisi yalnız riyaziyyatda güclü olan tələbələr üçün məsləhətlidir, ona görə də onun Parisdə, yəni Duhemin doğma şəhərində yerləşən Collège de France universitetində hansısa kafedrada ciddi elmi işlə məşğul olmasını məsləhət görürdü. Buna görə də Duhemi Paris şəhərindən uzaq tutmaq üçün təyinatını 1894-cü ilin oktyabr ayında Bordeaux şəhərinə köçürürlər və orada ona kafedrada tam professor haqqı ilə təyinat verirlər. Beləliklə də 1895-ci ildə Bordeaux şəhərində teoretik fizika üzrə professor təyin olunur. Duhem bu təlimatı haqqında xəbər tutduqda o qədər qəzəbli idi ki, onu rədd etməyə hazır idi. Parisdəki Normale ekolunda köməkçi direktor olaraq çalışan və yaxın dostu sayılan riyaziyyatçı Jules Tannery’yə məktub yazaraq məsləhət istədi. Tannery təbii ki, vəziyyətin siyasi ölçülərini anlayırdı və təyinatı vermiş Louis Liard’ı ziyarət etdikdən sonra dostu Duhemə cavab məktubu yazdı, onu orada tənqid edərkən Liard’ın – “dostun Duhemə de ki, təyinatı qəbul etməlidir – başa düşməlidir ki, Parisə gedən yol Bordeaux’dan keçir” – mesajını da çatdırdı. Bu məlumat teleqraf ilə Duhemə çatdırıldıqda təyinatını qəbul etdi. Duhem ona verilən vədə o qədər inanırdı ki, Burdeaux şəhərinə köçərkən orada müvəqqəti qalacağını düşünərək özü ilə yalnız zəruri olan əşyaları götürmüşdü. Lakin bu köç onun son köçü olacaqdı, ölənə qədər Teste küçəsi 18 ünvanında kiçik bir evdə yaşamalı olacaqdı. Duhem – qızı Hélène’in dediyinə görə – ölənə qədər özünü orada sürgündə hiss edəcəkdi.44

Yeni universitetdə Duhem ilk illərini yalnız tərif və təqdir ilə keçirdi; 1895-ci ilin və 1897-ci ilin təhsil nazirliyinə göndərilmiş hesabatları onun haqqında yalnız müsbət rəy verirdi. 1899-cu ildə isə artıq onun katolik dünyası ilə əlaqələrinə görə narazılıqlar ortaya çıxmağa başladı. Bordeaux universitetinin yeni rektoru G. Bizos radikal sekulyar xüsusiyyətləri ilə tanınırdı. 1899-cu ildən başlayaraq onun təhsil nazirliyinə göndərdiyi hesabatlar Duhemin dindarlığından, katolikliyindən narahatçılığını ifadə edirdi, katolik qruplarla və təşkilatlarla əlaqələri təhlükə kimi qiymətləndirilirdi. Duhem 1901-ci ildən başlayaraq bu baxımdan daha passiv sosial həyata keçdi, buna baxmayaraq, qarşısında yaradılmış süni maneələr aradan qaldırılmadı. 1902-ci ildə dekan Duhemə Parisdə elmlər fakultəsində bir yer verilməsini təklif etmək istəsə də, rektor bunun qarşısını aldı. Yenə 1903-cü ildə dekan Duhemi Sorbonne universitetinə məsləhət gördükdə rektor buna qarşı çıxdı. 1906-cı ildən 1910-cu ilə qədər universitetin yeni rektoru Raymond Thamin artıq Duhem üçün mədhiyyələr yazırdı. 1907-ci ildə universitet, rəsmi olaraq hökumətə yazaraq Duhemə nailiyyətləri üçün Şərəf Legionu ordeni tələb edirdi.45 1913-cü ildə, ölümündən üç il əvvəl Pierre Duhem Fransa Elmlər Akademiyasına altı qeyri-sakin üzvdən biri olaraq qəbul olundu.46 Bu, onun elmi çalışmalarının – bütün müqavimət və haqsızlıqlara baxmayaraq – etiraf edilməsinin nəticəsi idi.

Dipnotlar

  1. Derric Peterson, “Flat Earths and Fake Footnotes: The Strange Tale of How the Conflict of Science and Christianity Was Written into History”, səh: 16; Cascade Books, Eugene, 2021
  2. Harry W. Paul, ”The Crucifix and The Crucible: Catholic Scientists in The Third Republic”, The Catolic Historical Review, cild 58, say 2, (iyul, 1972), səh: 211
  3. John Lukacs, “At The End of An Age”, səh: 196, Yale University Press, New Haven, 2002
  4. Pierre Duhem, “To Save The Phenomena: An Essay on The Idea of Physical Theory From Plato to Galileo”, səh: xiii, The University of Chicago Press, Chicago, 1985
  5. John C. Ciazza, “The Crisis of Progress: Science, Society and Values”, səh: 32; Routledge, New York, 2017
  6. John D. Cotts, ”Europé’s Long Twelfth Century: Order, Anxiety and Adaptation, 1095-1229”, səh: 4; Palgrave Macmillan, Hampshire, 2013
  7. Dr. E. Dühring, “Kritische Geschichte der Nationalökonomie und des Socialismus”, səh: 23, Verlag von Theobald Grieben, Berlin, 1871
  8. R. Niall D. Martin, “Pierre Duhem: Philosophy and History in The Work of a Believing Physicist”, səh: 137; Open Court Publishing, La Salle, 1991
  9. Roger Ariew & Peter Barker, ”Duhem and Continuity in The History of Science”, Revue Internationale de Philosophie, cild 46, say 182 (3), Pierre Duhem (1992), səh: 325
  10. James A. Weisheipl, ”Nature and Motion in The Middle Ages”, 55-56, The Catholic University of America Press, Washington, 1985
  11. R. Niall D. Martin, “Pierre Duhem: Philosophy and History in The Work of a Believing Physicist”, səh: 156; Open Court Publishing, La Salle, 1991
  12. Simon Oliver, “Philosopy, God and Motion”, səh: 149-152, Routledge, New York, 2005; Richard Sorabji, “Aristotle Transformed: The Ancient Commentators and Their Influence”, səh: 213; Bloomsbury Publishing, New York, 2016; Edward Grant, “The Foundations of Modern Science in The Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts”, səh: 93-96; Cambridge University Press, New York, 2011; Todd Timberlake & Paul Wallace, “Finding Our Place in The Solar System: The Scientific Story of The Copernican Revolution”, səh: 100, Cambridge University Press, Cambridge, 2019
  13. Richard Sorabji, “Philoponus and The Rejection of Aristotelian Science”, səh: 161-169, Institute of Classical Studies, University of London, 2010
  14. Philippa Lang, “Science: Antiqvity & Its Legacy”, səh: 73, Bloomsbury Academic, London, 2019
  15. Thomas Kuhn, “The Structure of Scientific Revolutions”, səh: 67; (paradiqma üçün bax: səh: 119) The University of Chicago, Chicago, 1996
  16. Edward Grant, “The Foundations of Modern Science in The Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts”, səh: 87-88; Cambridge University Press, New York, 2011; Dengjian Jin, ”The Great Knowledge Transcendence: The Rise of Western Science and Technology Reframed”, səh: 137; Palgrave Macmillan, Hampshire, 2016
  17. Pierre Duhem, “Medieval Cosmology: Theories of Infinity, Place, Time, Void, and The Plurality of Worlds”, səh: 374; The University of Chicago Press, Chicago, 1987
  18. Linda T. Zagzebski, “The Two Greatest Ideas: How Our Grasp of The Universe and Our Minds Changed Everything”, səh: 213, Princeton University Press, New Jersey, 2021; Albrecht Classen, “Handbook of Medieval Studies: Terms – Methods – Trends”, 1-ci cild, səh: 666, Walter De Gruyter, Berlin, 2010; Helen Damico, “Medieval Scholarship: Biographical Studies on The Formation of a Discipline, Volume 3: Philosophy and The Arts”, səh: 38; Garland Publishing, New York, 2000
  19. Dana B. Durand, “Nicole Oresme and The Medieval Origins of Modern Science”, Speculum, cild 16, say: 2 (aprel, 1941), səh: 168, The University of Chicago Press
  20. Helen Damico, “Medieval Scholarship: Biographical Studies on The Formation of a Discipline, Volume 3: Philosophy and The Arts”, səh: 29; Garland Publishing, New York, 2000
  21. Eric Oberheim, “Feyerabend’s Philosophy”, səh: 174-178, Walter de Gruyter, Berlin, 2006
  22. R. Niall D. Martin, “Pierre Duhem: Philosophy and History in The Work of a Believing Physicist”, səh: 132; Open Court Publishing, La Salle, 1991
  23. Richard Dawid, “String Theory and The Scientific Method”, səh: 106-107; Cambridge University Press, New York, 2013
  24. H. Floris Cohen, “The Scientific Revolution: A Historiographical Inquiry”, səh: 50-53; The University of Chicago Press, Chicago, 1994
  25. F. Jamil Ragep, “Duhem, The Arabs and The History of Cosmology”, Synthese, cild 83, say 2, Pierre Duhem: Historian and Philosopher of Science. Part I: Duhem as Historian of Science (may, 1990), səh: 209;
  26. Eyni mənbə
  27. Margaret J. Osler, “Rethinking The Scientific Revolution”, səh: 60; Cambridge University Press, New York, 2000
  28. F. Jamil Ragep, “Duhem, The Arabs and The History of Cosmology”, Synthese, cild 83, say 2, Pierre Duhem: Historian and Philosopher of Science. Part I: Duhem as Historian of Science (may, 1990), səh: 211;
  29. Helen Damico, “Medieval Scholarship: Biographical Studies on The Formation of a Discipline, Volume 3: Philosophy and The Arts”, səh: 32;
  30. Stanley L. Jaki, “The Road of Science and The Ways to God”, səh: 13; The University of Chicago Press, Chicago, 1980
  31. Stanley L. Jaki, “Uneasy Genius: The Life and Work of Pierre Duhem”, səh: 418; Martinus Nijhoff Publishers, Dordrecht, 1987
  32. John Lukacs, “At The End of An Age”, səh: 196, Yale University Press, New Haven, 2002
  33. Martha Hanna, ”The Mobilization of Intellect: French Scholars and Writers during the Great War”, səh: 39; Harvard University Press, Cambridge, 1996
  34. Gerald L. Geison, “Professions and the French State: 1700-1900”, səh: 145; University of Pennsylvania Press, Philadelphia, 1984
  35. Jennifer Michael Hecht, “The End of The Soul: Scientific Modernity, Atheism and Anthropology in France”, səh: 298; Columbia University Press, New York, 2003
  36. Harry W. Paul, ”The Crucifix and The Crucible: Catholic Scientists in The Third Republic”, The Catolic Historical Review, cild 58, say 2, (iyul, 1972), səh: 198
  37. Mary McAuliffe, ”Twilight of The Belle Epoque: The Paris of Picasso, Stravinsky, Proust, Renault, Marie Curie, Gertrude Stein and Their Friends through the Great War”, səh: 210, Rowman & Littlefield, Plymouth, 2014; Marelene & Geoffret Rayner-Canham, “Women in Chemistry: Their Changing Roles From Alchemical Times to The Mid-Twentieth Century”, səh: 102, Chemical Heritage Foundation, Philadelphia, 2001
  38. Marc Raboy, ”Marconi: The Man Who Networked The World”, səh: 305, Oxford University Press, New York, 2016
  39. Harry W. Paul, ”The Crucifix and The Crucible: Catholic Scientists in The Third Republic”, The Catolic Historical Review, cild 58, say 2, (iyul, 1972), səh: 198
  40. Stanley L. Jaki, “Uneasy Genius: The Life and Work of Pierre Duhem”, səh: 51; Martinus Nijhoff Publishers, Dordrecht, 1987; R. Niall D. Martin, “Pierre Duhem: Philosophy and History in The Work of a Believing Physicist”, səh: 2; Open Court Publishing, La Salle, 1991
  41. Roger Ariew & Peter Barker, ”Pierre Duhem: Essays in The History and Philosophy of Science”, səh: viii; Hackett Publishing Company, Indianapolis, 1996
  42. Stanley L. Jaki, “Uneasy Genius: The Life and Work of Pierre Duhem”, səh: 53; Martinus Nijhoff Publishers, Dordrecht, 1987;
  43. Harry W. Paul, ”The Crucifix and The Crucible: Catholic Scientists in The Third Republic”, The Catolic Historical Review, cild 58, say 2, (iyul, 1972), səh: 203
  44. Hélène Pierre-Duhem, “Pierre Duhem: Un Savant Français”, səh: 97-99, Librairie Plon, Paris, 1936
  45. Harry W. Paul, ”The Crucifix and The Crucible: Catholic Scientists in The Third Republic”, The Catolic Historical Review, cild 58, say 2, (iyul, 1972), səh: 207-209
  46. Pierre Duhem, “To Save The Phenomena: An Essay on The Idea of Physical Theory From Plato to Galileo”, səh: xii, The University of Chicago Press, Chicago, 1985