Quran və Qədim kitablar – Nübüvvət arqumenti

Quranda yer alan müxtəlif qissələrin Tövratdan, İncildən və s. əvvəlki mədəniyyətərə məxsus kitablardan kopyalanması iddiası çox məşhurdur. Xüsusilə də ateistlər bu kimi iddialarla Peyğəmbərin ﷺ vəhy ilə dəstəkləndiyini, yəni bir peyğəmbər olduğunu inkar edir, onu Qurani Kərimdəki bir qisim ayələri əvvəlki kitablardan kopyalamaqla ittiham edirlər. Sözügedən iddialar əsasən oriyentalistlər tərəfindən müxtəlif zamanlarda ortaya atılmışdır. İddialara görə Quranda yer alan qissələrin əsli əslində başqa kitablardadır. Orientalistlər burada orijinal mətnləri bir çox kitaba istinad edirlər.

Gəlin – iddialara görə – kopyaların edildiyi həmin istinad olunan kitablardan bəzilərinə və onların yazıldığı dillərə baxaq:

  • Şumerlərin gil kitabələri (şumer dili)
  • Tövrat və Məzmurlar (antik ibranicə, süryanicə və kəldani dillərində)
  • İncil (antik yunanca)
  • Adəm ilə Həvvanın Həyatı Kitabı (apokrifik, antik slav dili)
  • Thomas’ın incilii (qıpti dilində)
  • Psevdo-Matta (apokrifik, qıpti dilində)
  • Petrus’un Qiyamət kitabı (qıpti dilində)
  • Enok’un kitabı (antik slav dili)
  • Midraş Rabbah (antik ibranicə)
  • Babil Talmudu (antik ibranicə)
  • Midraş Tanhuma (antik ibranicə)
  • Mişna (Antik ibranicə)
  • Arda Viraf (antik farsa)
  • Targum Sheni (ibranicə) və s.

Diqqət edənlər görəcəkdir ki, bu kitabları oxumaq və lazım olan yerlərini – iddia edildiyi kimi – kopyalamaq üçün ən azı 5-6 dili səlist bilmək lazımdır. Çünki sözügedən kitabların o dövrdə ərəbcə mövcud olduğunu demək gülünc olardı. Belə ki, bu kitablardan ən məşhurları – İncil və Tövrat yalnız 8-9-cu əsrdə ərəbcəyə çevrilmişdir, bəziləri isə ümumiyyətlə tərcümə edilməmişdir. Nəyinki bir neçə dil bilməyin, elementar oxuyub-yazmanın belə yayğın olmadığı Ərəbistan yarımadasında Peyğəmbərin ﷺ bu qədər dil bildiyini iddia etmək isə daha da gülünc olardı.

Daha da maraqlı olan isə odur ki, bu qədər dili bilməklə də problem həll olunmur. Belə ki, bu kitabların hamısını oxumaq üçün bütün bu əsərlərin cəmləşdiyi və əlçatan olduğu bir kitabxana, məsələn, İsgəndəriyyə kitabxanası kimi bir kitabxana lazımdır. Nəzərə alsaq ki, bu kitabların bəziləri apokrifikdir – halbuki o dövrdə ərəblərin kanonik İncillərdən belə xəbərləri yox idi – o zaman məsələ daha da mürəkkəbləşir. Bütün bunlar olsa belə, 7-ci əsrdə bu kitablardan baş çıxarmaq üçün nə qədər vaxt və çalışmaya ehtiyac olduğunu düşünməyi isə sizin xəyal gücünüzə buraxırıq.

Belə bir məqamda iddia sahibləri müxtəlif mədəniyyətlərin antik dillərdə yazılmış cildlərlə kitablarında yer alan hekayələr haqda Peyğəmbərin ﷺ necə məlumatlı olduğunu, bu məlumatları hardan bildiyini izah etməlidirlər. Düşünən insanlar üçün cavab aydındır. Bu sadəcə vəhy ilə mümkündür!