Kreatsionistlərin (yaradılışçıların) Yeni Darvinizmə ünvanlandırdıqları kritika haqda yazımız hazırdır. Lakin o yazını yayınlamaqdan öncə oxucularımızın gözündə təkamülçüləri etibardan salmaq istəyirik. Təkamülün həqiqi elm, təkamülçülərin həqiqi alimlər, Yaradana inananların isə geridəqalmış olduğu düşüncəsinin nə qədər yanlış olduğunu bəsit misalla göstərməyə çalışacağıq.
Rudiment orqan:
Yəqin ki bir çoxunuz biologiya dərslərində rudiment orqanların nə olduğunu xatırlayırsız. Vikipediyaya əsasən Rudiment orqan – bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır. Beləliklə bu orqanların heç bir funksiyası olmadığına görə və ya funksiyası məhdud olduğuna görə təkamülün ən əsas dəlillərindən hesab olunur. İddia olunur ki, canlıları Allah yaratmış olsaydı bu rudiment orqanları yaratmağına heç bir ehtiyac olmazdı. Təkamülçülərin sadəcə funksiyasız deyil, həm də funksiyaları məhdud olan orqanları rudiment adlandırmaları son zamanlar trend olmuşdur. Bəlkə də bunun səbəbi ildən ilə rudiment hesab olunan orqanların öncədən bilinməyən funksiyalarının kəşf olunmasıdır, lakin bu dəyişiklik əslində rudiment orqanları təkamül üçün müstəqil dəlil olmaqdan çıxarır və bu dəlilin homoloji oxşarlıq dəlilindən fərqi qalmır. Bu isə həm Darwinin, həm də müasir biologiya dərsliklərinin yanaşmasından fərqlənir.
Apendiks
Bu iddialardan ən erkənlərindən birini hələ Darwin özü etmişdir, belədir ki o, apendiksin və ona bənzər orqanların funksiyasız olduqlarını Allah tərəfindən yaradıldıqlarına qarşı dəlil hesab etmişdir. 1
Son araşdırmalar isə tamamilə bunun əksini deyir. Apendiksin vəba kimi bağırsaq xəstəliklərindən sonra “yaxşı bakteriyaların” yenidən bərpası üçün mühim rol oynadığı artıq elmi dairələrdə sirr deyil. 2
Alman anotomisti Robert Wiedersheim 1893-cü ildə insan bədənində 86 rudiment orqan olduğunu demişdir. 3Bu gün təkamülçülər belə bu orqanlardan bir çoxunun funksiyasız olmadığını etiraf edirlər.
“Question Begging”
Təbii ki, təkamülçülərin rudiment orqanları təkamülə dəlil kimi istifadə etmələri kökdən yanlışdır. Çünki, burada “bir orqanın sağqalma üçün qatqısı yoxdursa – deməli funksiyası yoxdur” deyə təsvir olunan “question begging” deyilən məntiqi xətaya yol verilir. Sadəcə sağqalmaya qatqını funksiya kimi görmək bəri başdan isbat olunması gərəkəni – təkamülü – fərz etməkdir. Digər tərəfdən, teistlərin aləmin səbəbini bilmədikləri üçün bunun Yaradıcı olduğunu deməklərini “boşluqlar ilahı” xətası adlandırıb eyib görənlər, özləri dedikləri həmin bu xətanı etmiş olurlar – orqanın funksiyasını bilmiriksə deməli funksiyası yoxdur. “Boşluqlar ilahı” adlı yazımızın linkini yerləşdiririk. 4
Balinanın çanaq sümükləri
Bununla bərabər təkamülçülər bəzən bundan da çətin vəziyyətə düşürlər. Onlar rudiment orqanlara misal verdiklərində ilk qeyd etdikləri arasında balinanın çanaq sümükləri olur. İddiaya görə milyonlarca il öncə balinanın əcdadları yerüstü heyvan olub və bu sümüklər onların gəzməsi üçün yararlı idi. Sonralar təkamül nəticəsində balina suda yaşamağa başlamışdır və bu sümüklərə ehtiyac qalmamışdır, lakin onlar yenə də rudiment orqanlar kimi balinanın cismində mövcuddur.
Faydasız orqan
Bu sümüklərin “faydasız” olduğunu ilk deyənlər arasında Helena Curtis və Sue Barnes`i (1989) görürük (Curtis, H., Barnes, S., 1989, Biology, W.H. Freeman, p. 969). Onların biologiya dərsliyindən sonra isə demək olar ki, əksər biologiya dərslikləri eyni şeyi təkrarlayaraq bunu təkamülün əsas dəlillərindən hesab ediblər. Bunlar arasında dünyaca məşhur biologiya dərsliklərini qeyd edək: 2004-cü ildə nəşr olunan Biology, The Dinamics of Life 5 , 2006-da nəşr edilmiş Holt, Modern Biology 6, 2011-də nəşr olunan Biology by Raven and Johnson 7 , 2011-ci ildə nəşr edilmiş Cengage Biology 8 , 2013-cü ildə nəşr edilmiş Concepts of Biology 9, 2014-də nəşr edilmiş Biological Science 10, 2015-də nəşr edilmiş Essentials of Biology 11. Bunlar yalnız bizim baxdığımız kitablardı, digər biologiya kitablarında da analoji hallara rast gəlinir.
Bunu misal gətirən alimlər:
Richard Dawkins kimi Təkamülü populyar səviyyədə izah etməyə çalışanlar da daima balinanın çanaq sümüklərini misal gətirirlər.12
Stephen Jay Gould isə deyir:
“Populyar şəkildə elmi izah etmək üçün bundan (balinanın təkamülündən) daha yaxşı qissə təsəvvür edə bilmərəm, eyni zamanda bu, geridəqalmış kreatsionistlərə qarşı ən qaneedici intellektual siyasi qələbədir” 13
“Ən güclü qissə”
Bəs doğurdandamı rudiment orqanları isbat etmək üçün “ən güclü qissə” adlandırdıqları bu arqument onların lehinə bir dəlildir?
İndi isə məsələnin əsl dərinliklərinə dalaq. 2014-cü ildə Evolution adlı jurnal “Sexual selection targets catacean pelvic bones” adlı elmi araşdırma dərc edir. 14 Matthew Dean və James Dines başçılığında fəaliyyət göstərən araşdırmaçılar 29 növdən 130 dəniz məməlisinin çanaq sümüklərinin lazerlə üç-boyutlu modelini çıxardırlar. Aşkar edirlər ki heç bir sümüyə bağlı olmayan çanaq sümükləri məməlinin genital bölgəsindəki ischiocavernosus adlı əzələlərə bağlıdır. Nəzərə alsaq ki, balinalar suda cütləşirlər, onların çanaq sümükləri erkək məməlinin öz dişisiylə cütləşmə zamanı cinsi orqanın manevrliyini təmin etməklə məşğul olur. Bu sümüklər olmasa genital bölgədəki əzələlərin bu funksiyanı yerinə yetirməkləri imkansız olardı. Həmçinin müxtəlif ölçülərdə olan məməlilərin cinsi orqanları da müxtəlif həcmə malik olduqlarından, onların çanaq sümükləri də mütənasib böyüklüklükdədir.
Məqalənin nəticəsi
Nəticədə məqalə çanaq sümüklərinin funksiyasız olmadığını və balinaların cinsi funksiyası üçün əsas rol oynadığını deyir. Bu məqalədən sonra müxtəlif jurnallar bu xəbəri dərc etməyə başlayır: Təkamülçü USC News “New study turns a long-accepted evolutionary assumption on its head” (Yeni araşdırma uzun müddət qəbul edilmiş təkamül təxminini alt üst edir) deyir.15
Yenə də təkamül yönümlü Smithsonian.com “Whales make good use of their pelvises” (Balinalar çanaq sümüklərindən faydalanırlar) adlı məqalə dərc edir. 16
“Məsələni unutdurmaq”
Təbii ki, təkamülçülər əsas dəlillərindən birinin yox olmasına göz yumaraq “məsələni unutdurmaq” siyasətinə əl atdılar. İşin ən qəribə tərəfi budur ki, Evolution jurnalının dərc etdiyi elmi araşdırma çanaq sümüklərinin funksiyasının olduğunu isbat etmək üçün yazılmamışdır, çünki bu həqiqət çoxdan məlum olan məsələdir. Araşdırmacılar buna işarə edən 11 digər araşdırmanı qeyd edirlər.- Struthers 1881-ci il; Delage 1885-ci il; Abel 1907-ci il; Meek 1918-ci il; Anthony 1922-ci il; Ommanney 1932-ci il; Slijper 1966-cı il; Pabst et al. 1998-ci il; Tajima et al. 2004-cü il; Rommel et al. 2007-ci il; Thewissen et al. 2009-cu il. Diqqət yetirin çanaq sümüklərin funksiyasız olmadığını ilk dəfə söyləyən araşdırma 1881-ci ildə dərc olunub, sonrakı araşdırmalar isə bunu məlum həqiqət kimi qəbul edib məsələnin müxtəlif təfsilatlarını öyrəniblər.
“Müasir Biologiya”
Bununla bərabər onların funksiyasız olduğu 21-ci əsrdə yazılan və “Müasir Biologiya” adı daşıyan kitablarda təkamülə dəlil olaraq göstərilir. Bizə inanmayanlar anatomist John Struthersin 1881-ci ildə dərc etdiyi araşdırmanı endirib oxuya bilərlər. 17
Xəta niyə düzəldilmədi?!
19-cu əsrdən məlum olan faktı bilməmələri bir tərəfə, ən azı 2014-də dərc olunan araşdırmadan sonra nəşr olunan kitablarda xətanı artıq düzəltməli idilər, elə deyilmi? “Biology by Raven and Johnson” kitabının 2017-ci il nəşrinin 434-cü səhifəsinə baxırıq və çanaq sümüklər haqda: “have no apparent function” (bilinən bir funksiyası yoxdur) oxuyuruq. Sonra da bunun təkamüldən başqa izahı ola bilməyəcəyini də əlavə etməyi unutmurlar. 18 Eyni şeyi digər məşhur dərsliklərin ən son nəşrləri də təkrarlayır: Biology:Life on Earth kitabının 2017-ci il nəşri 19, Biological Science dərsliyinin 2017-ci il nəşri 20 , Essentials of Biology dərsliyinin 2018-ci il nəşri 21,Cengage Biology kitabının 2019-cu il nəşri 22 .
Nəticə
130 il öncədən məlum olan bir fakt hələ də ən məşhur biologiya kitablarında xətalı olaraq təqdim edilir. Bəlkə də buna təəccüblənməməliyik. Təkamül prosesi çox yavaşdır, milyonlarca il alır, ola bilər ki, təkamülçülərə də xətalı faktları düzəltmək üçün milyonlarca il lazımdır. Lakin bizi maraqlandıran odur ki, bütün bunları bildikdən sonra biz əqlimizi Dawkins kimi “alimlərə” satıb onların dedikləri hər şeyi “elm” kimi qəbul etməliyikmi?!
Dipnotlar
- Charles Darwin, On The Origin Of Species By Means Of Natural Selection Or The Preservation Of Favoured Races In The Struggle For Life, 1997, London, pp. 395-396; Darwin, Charles. The Descent of Man, First Edition (London: John Murray, 1871), Chapter I (p. 27)
- https://blogs.scientificamerican.com/guest-blog/your-appendix-could-save-your-life/?fbclid=IwAR2mpwbPuzr0gFU-Vbr5BOLb2Yf92rl9K0Z7zKkHLFCp_cQapbNTFPlMuMk və https://www.cghjournal.org/article/S1542-3565(11)00580-5/abstract?fbclid=IwAR0vF3bTNRA8WS5XP0rsda15uyHKgLDIyNhHsL4CQzWpGV8mDyx6xbi8FK4
- Wiedersheim, R. The Structure of Man:An Index to His Past History, 2nd Edition, London, Macmillian and Co, 1895
- https://organicelm.com/bosluqlar-ilahi/
- Alton Biggs and others, 2004, Biology, The Dinamics of Life, Copyright by The McGraw-Hill Companies, Inc, p. 402
- John Postlethwait, Janet Hopson, 2006, Holt Modern Biology, Holt, Rineheart, Winston, p. 304
- Peter H. Raven, George B. Johnson, Kenneth A. Mason, Jonathan B. Losos, Susan R. Singer, Biology, 2011, The McGraw-Hill Companies, p. 430
- Eldra P. Solomon, Linda R. Berg, Diana W. Martin, 2011, Biology, Cengage, p. 438
- Samantha Fowler and others, 2013, Concepts of Biology, OpenStax College p.265
- Scott Freeman and others, 2014, Biological Science, Person, p.448
- Sylvia S. Mader, Michael Windelspecht, 2015, Essentials of Biology, p. 248
- https://www.youtube.com/watch?v=gL-r6upsSBw
- http://www.stephenjaygould.org/library/gould_leviathan.html
- https://onlinelibrary.wiley.com/doi/full/10.1111/evo.12516
- https://news.usc.edu/68144/whale-reproduction-its-all-in-the-hips/?fbclid=IwAR1i-qPU6mz857KVeW-MuY4LaBPODH_ZZGTfwzBIujSMbcnzQjv2ePSZT4E
- https://www.smithsonianmag.com/science-nature/promiscuous-whales-make-good-use-pelvises-180952620/?fbclid=IwAR1KwGcaBlm20q9ceF1ed1jO1gOx3sANWc6aES8YaHkQRvM2AURFv_GtZHc
- https://archive.org/details/b22452291/page/n4
- Peter H. Raven, George B. Johnson, Kenneth A. Mason, Jonathan B. Losos, Susan R. Singer, Biology, 2017, The McGraw-Hill Companies, p. 434
- Audesirk, Audesirk, Byers, 2017, Biology:Life on Earth, Person, p. 272
- Scott Freeman and others, 2017, Biological Science, Person, p.440
- Sylvia S. Mader, Michael Windelspecht, 2018, Essentials of Biology, p. 246
- Eldra P. Solomon, Linda R. Berg, Diana W. Martin, 2019, Biology, Cengage, p. 398
Cavab yaz