Ateist mikrobioloq, bakterial genetika üzrə mütəxəssis, molekulyar bioloq, Harvard və Cambridge kimi universitetlərin yetirməsi olan James Shapiro‘nun “Evolution: A View from the 21st Century” adlı kitabının qısa xülasəsini təqdim edirik:
Heç bir empirik sübut yoxdur
Shapiro da bir qrup ateist bioloqlar kimi etiraf edir ki, təsadüfi mutasiyaların uzun zaman içində toplanması ilə yeni növlərin əmələ gəlməsinin heç bir empirik sübutu yoxdur. Hətta qeyd edir ki, belə bir iddia fəlsəfi iddiadır. Çünki bu iddianın sahiblərinə görə proses mütləq “təsadüfi, idarə olunmayan” olmalıdır, əks təqdirdə “dizayn” fikri, “dini inanclar” momentum qazanır.
Tədrici mutasiyalar
Shapiro molekulyar bioloq və genetika üzrə mütəxəssis olduğu üçün çox rahatlıqla qeyd edir ki, hüceyrə səviyyəsində, hüceyrənin daxilindəki mexanizmlər səviyyəsində təkamülün təsadüfi, tədrici mutasiyalar ilə baş verdiyini dəstəkləyəcək heç bir sübut yoxdur. Kitabının bir neçə fəslində fossillərin də bu iddianı inkar etdiyinə diqqət çəkir
“Həyat ağacı”
“Horizontal gen transferini” də əsas gətirərək “həyat ağacı” və ya “törəmə ağacı” fikrini rədd edir, yəni törəmənin sadəcə vertikal/şaquli baş verdiyini iddia etməyin əsassız olduğunu deyir. Lynn Margulis‘dən fərqli olaraq Shapiro etiraf edir ki, bildiyimiz canlı hüceyrə növləri üçdür: arkeya, prokreya və evkarya. Daha əvvəl iki olduğunu düşünürdülər və iddia edirdilər ki, evkaryalar prokreyadan əmələ gəlib. İndi isə prokreya ilə yanaşı arkeyanın da olduğunu qəbul edirlər və hansının hansından əmələ gəldiyində tərəddüd ortaya çıxıb. Hamısı razılaşır ki, evkarya daha sonra formalaşıb, amma həm prokreya, həm də arkeya ilə oxşar tərəfləri var. Üstəlik Shapiro qeyd edir ki, bu, bizim indi tapa bildiyimiz hüceyrə növləridir və ola bilsin ki, qədimdə başqa hüceyrə növləri olub və ölüb gediblər. Bunu dəqiqləşdirməyin yolları haqqında hələ ki, düz-əməlli bir təsəvvür yoxdur.
“Darvinizm devriləcək”
Həmçinin fiziklərin biologiya sahəsinə daxil olduğuna da diqqət çəkir. Fiziklər molekul, atom səviyyəsində yeni məlumatlarla töhfə verirlər və tədricən biologiya sahəsini araşdırmağa başlayırlar. Shapiro ümidlidir ki, bu fiziklər “biologiya sahəsində olan qərəzdən” azad olacaqlar və fəlsəfi inancla hərəkət etmək əvəzinə sadəcə dəlillərin götürdüyü nəticələrə gedəcəklər. Bununla da ona işarə edir ki, əksər bioloqların hələ də köhnə hekayələri danışmaqları sırf darvinist fəlsəfənin əsarətindən çıxa bilməməklərinə görədir. Shapiro inanır ki, bu uzun müddət sürməyəcək və inanır ki, paradiqm dəyişikliyi baş verəcək, başqa sözlə desək darvinizm devriləcək.
Shapiro özü nəyə inanır?
Bəs yaxşı Shapiro özü nəyə inanır? İşin bu hissəsi çox maraqlıdır. Shapiro görə bildiyi, müşahidə edə bildiyi dəlillər qarşısında bir ateistik izah verməlidir. Yəni Allaha ehtiyac olmayacaq bir izah verməyə çalışır. Shapiro deyir ki, “life requires cognition at all levels”. Yəni “həyat bütün mərhələlərdə idrak etmə qabiliyyətini tələb edir.” Bununla qəsd etdiyi budur ki, hüceyrələr də, orqanik proteinlər də canlı orqanizmlərdir və onların da idrak etmək, informasiyanı oxumaq, qərar vermək, bir-biriləri ilə kommunikasiya etmək qabiliyyətləri vardır. Bəli, yanlış anlamadınız. Burada mühəndislik, dizayn işi varsa, bu işin dizaynerləri, mühəndisləri elə hüceyrələrin, polimer molekullerın özləridir. Bu kiçik canlılar – Shapiro’ya görə – bir-biriləri ilə kommunikasiya edərək sistematik işlər görə bilirlər, genetik koda dəyişikliklər edirlər, yeni funksiyalar ortaya çıxarırlar. Lakin Shapiro burada bir şeyi izahsız buraxır, o, bu kiçik canlılar haqqında deyir ki, “their goals are survival, growth and reproduction.” Yəni ki, “onların məqsədləri həyat uğrunda mübarizə, böyümək və çoxalmaqdır.” Lakin kitabında bu kiçik canlıların idrak etmə qabiliyyətini sübut etmək üçün gətirdiyi dəlillərdən biri də “hüceyrələrin özlərini öldürmək qərarını” verməkləri idi. Axı belə bir qərar sağ qalmaq uğrunda mübarizə ilə uyğun deyildir. Shapiro çox ehtimal ki, onlar daha böyük hüceyrə koloniyasının sağ qalması üçün özlərini öldürürlər deyəcək. O zaman etiraf etməliyik ki, bədənimizdə kamikadze hüceyrələr var; samurayların buşido kodeksi ilə yaşayırlar (!!!).
“İntelligent Design”
Shapiro qeyd edir ki, onun NGE (natural genetic engineering) nəzəriyyəsi bir çox (ateist) bioloq alimlər üçün problemli səslənir. Çünki onlar inanırlar ki, bu nəzəriyyə “İntelligent Design” arqumentini dəstəkləyir. Bunun üçün adını çəkmədiyi bir nobel laureatından sitat gətirir:
“Əgər təbii genetik mühəndislik varsa bu o deməkdir ki, burada mütləq mühəndis də olmalıdır.”
Shapiro etiraf edir ki, çox alimin nəzərində belə bir nəticə naturalizm prinsiplərini pozur. Çünki bu prinsiplərə görə təbiətdən kənarda “idarə edici bir intellektin” rolu ola bilməz. Shapiro daha sonra onlara cavab verməyə çalışır. Lakin verdiyi cavablar sadəcə olaraq kitabında daha əvvəl gətirdiyi misalların bənzərlərini təkrarlamaqdan ibarətdir, yəni həqiqətən də molekulların canlılar kimi davrandığını göstərməyə çalışır. Lakin Shapiro işin fəlsəfi tərəfini ciddi bir şəkildə müzakirə etmir. Kitabın zəif nöqtələrindən biri budur. Ümumilikdə kitab ateist bioloqlar arasındakı paradiqmin hansı yerdə olduğunu göstərir.
Kitabdan sitatlar
“Saxlama, gücləndirmə və readaptasiya kimi aşkar nümunələrin əhəmiyyəti budur ki, hazırda yer üzündəki orqanizmlər – yəni təkamül dövrü ərzində müvəffəq olmuş orqanizmlər – getdikcə daha da inkişaf edən genomik quruluşları çoxaltmaq və dəyişdirmək üçün lazım olan təbii mühəndislik sistemlərinə sahibdir. İDARƏ OLUNMAYAN, TƏSADÜFİ GENOM DƏYİŞİKLİKLƏRİNDƏN İBARƏT BİR PROSESİN BU FUNKSİYANI YERİNƏ YETİRƏ BİLƏCƏYİNƏ İNANMAQ BÖYÜK BİR İMAN TƏLƏB EDİR. Həqiqətən də, 19-cu əsrdən bəri bir çox bioloqun qeyd etdiyi kimi, təsadüfi dəyişikliklər, mürəkkəb mütəşəkkil sistemləri yeni funksiyalara uyğunlaşdırmaqdansa, onları xarab etməyə meyllidir.”
“Evolution: A View from the 21st Century”, səh: 134
“Qeyd etmək vacibdir ki, Darvinin irəli sürdüyü kimi (təbii) seçmə heç vaxt yeni bir növün yaranmasına səbəb olmamışdır.”
“Evolution: A View from the 21st Century”, səh: 121
“DNT qeydləri, şübhəsiz ki, şaquli olaraq ötürülmüş təsadüfi, tədrici dəyişikliklərin yavaş-yavaş toplanması fikrini dəstəkləmir.”
“Evolution: A View from the 21st Century”, səh: 126
“Təkamül və mutasiya ilə əlaqəli bir çox ənənəvi düşüncə adamının əsas iddiası budur ki, canlı hüceyrələr öz təbii genetik mühəndislik qabiliyyətlərindən xüsusi və adaptiv bir fayda üçün istifadə edə bilmirlər. Onlar, təkamülün təsadüfi, idarə olunmayan genom dəyişikliklərindən ibarət olması fikrini müdafiə etmək üçün bu iddianı edirlər. Lakin onların bu mövqeyi fəlsəfi bir mövqedir, elmi deyildir və empirik müşahidələrə əsaslanmır.”
“Evolution: A View from the 21st Century”
Cavab yaz