Yazılarımızı izləyən oxuyucularımız yəqin bilir ki, biz istənilən məsələyə biraz geniş baxmağın tərəfdarıyıq. Kimsə gətirdiyimiz araşdırmaların nəticələrinə skeptik yanaşıb “məsələ bu qədər bəsitdirsə nəyə görə alimlərin böyük əksəriyyəti təkamülə inanır?” deyə soruşa bilər. Biz onlara empirik nəticələri bir tərəfə qoyub bəsit düşünməyi təklif edirik.
DNT strukturunun kəşfində birbaşa rolu olan ateist bioloq Francis Crick,1 ateist astrofizik Fred Hoyle2 və Carl Sagan,3 hətta digər iki ən məşhur ateist olan Richard Dawkins4 və Stephen Hawking5 yer üzərindəki həyatın toxumlarının yadplanetlilər tərəfindən yerləşdirilə biləcəyini deyiblər. (Qeyd etdiyimiz müvafiq istinadlardan onların sözlərinin şahidi ola bilərsiniz).
İntellekt
Bu alimlərin yadplanetlilərin həyat toxumlarını bizim planetə əkdiklərinin mümkün olmasına inanmasının sadəcə bir izahı ola bilər: onlar DNT`nin şamil etdiyi ölçüyəgəlməz informasiyanın intellekt səbəbindən ortaya çıxmasının əqli zərurət olduğunu yaxşı anlayırlar. Keçən əsrin ən məşhur ateistlərindən biri Andrew Flew da bu nəticəyə gəlir, lakin o, yadplanetlilər ilə yetinmir və uzun sürən bir ateist ömürdən sonra, “arqumentin” onu Yaradıcının var olması qənaətinə gətirdiyini etiraf edir. 6 Flew özü etiraf edir ki, Yaradıcının varlığını qəbul etdiyinə görə ateistlər tərəfindən şiddətli məsxərəyə qoyulmuşdur.
Bunun isə səbəbi odur ki, darvinistlər öz dediklərinə İMAN etməklə yanaşı, hər hansı bir ilahın varlılığını kökdən inkar edirlər. Gəlin bunu Harward University`dən olan darvinist Richard Lewontin`in ağzından eşidək:
”Sağlam düşüncəyə qarşı olan elmi iddiaları qəbul etməyə meyilli olmağımız, elm ilə fövqəltəbiət arasındakı mübarizəni başa düşmək üçün açar rol oynayır. Elmin bəzi formalarının aşkar absurdluğuna, onun həyat və sağlamlıqla bağlı verdiyi aşırı vədlərin çoxunu yerinə yetirə bilməməsinə, elmi icmanın (təkamül haqqında) əsaslandırılmamış hekayələri tənqidsiz qəbul etməsinə baxmayaraq, biz elmin tərəfini tuturuq, çünki bizdə apriori bir bağlılıq/sədaqət var:
materializm qarşısında sədaqət.Fenomenal dünya üçün materialist izahı qəbul etməyə bizi vadar edən heç də elmi metodlar və ya elmi institutlar deyildir, əksinə nə qədər intuisiyamıza zidd olsa da, nabələd insana nə qədər əsrarəngiz görünsə də, materialist izahlar verən araşdırma mexanizmi və konseptlər sistemini yaratmağa bizi materialist səbəblərə olan apriori sədaqətimiz məcbur edir. Üstəlik materializm mütləqdir, çünki biz, İlahi Ayağın qapının astanasından keçməsinə izn verə bilmərik.” 7
Richard Lewontin
İşləməyən neodarvinist mexanizmlər
Digər tərəfdən təkamülə inanan, lakin neodarvinist mexanizmlərin işləmədiyini və ya naqis işlədiklərini deyən sekulyar bioloqların sayı gündən günə artmaqdadır. Bunlar arasında James Shapiro, Eva Jablonka, Ernst Meyer, Denis Noble, Gerd B. Müller, Eugene Koonin və birçoxlarının adını çəkə bilərik. 8
Bütün bunlar bizə göstərir ki, neodarvinizm nə qədər tədris ocaqlarında və ana mətbuatda doqma kimi qəbul olunsa belə, əslində youtube`da bir-iki videoya baxıb özünü məsələni həll etdiyini zənn edənlərin düşündüyü kimi deyildir. Neodarvinizm yerin kürə şəklində olduğu kimi bir fakt deyil, ona görə də ona etiraz edənlərə məlum həqiqətləri inkar edənlər kimi müamilə etmək doğru deyildir.
Dipnotlar
- Crick, F.H.; Orgel, L.E. (1973). Directed Panspermia, Icarus/ 19 (3): 341-346; Mitton, Simon (2011). “Chapter 12: Stones, Bones, Bugs and Accidents”
- Fred Hoyle: A Life in Science. Cambridge University Press
- Shklovskii, I.S.; Sagan, C. (1966) Intellegent Life in the Universe, New York, Dell
- http://www.youtube.com/watch?v=AasyrRULHog
- https://web.archive.org/web/20131024035014/http://www.statepress.com/archive/node/5745
- Antony Flew, There Is a God: How the World’s Most Notorious Atheist Changed His Mind (New York: HarperOne, 2007), p. 75
- Richard Lewontin, “Billions and Billions of Demons,” The New York Review of Books, January 9, 1997, 31
- Bu araşdırmaçılar haqda məlumat almaq üçün bax http://www.thethirdwayofevolution.com/people
Cavab yaz