Yaxınlarda müsəlmanların birindən bir sual gəldi; bizimlə əlaqəyə keçən qardaşımız yaşadığı mühitdə tez-tez qarşılaşdığı bir ərəbin İslam dinini tərk etdiyini və Quranla bağlı bəzi şübhəli iddialar yaydığını xəbər verdi. Hər şeydən əvvəl qeyd edək ki, İslamı tənqid edən bir çox şəxs daha əvvəllər İslam dinində olduğunu iddia etməklərinə baxmayaraq bir çox halda bu iddialar üstü bəzəkli, amma içi boş şüşə mücrü misalıdır; üstündəki bəzəklərin içəridə olduğunu güman edərsən, amma əslində isə içi boşdur, heç bir şey yoxdur. Bu cür iddialar edənlərin çoxu din barəsində səthi və bir çox halda xətalı biliklər sərgilədikləri üçün onların nə dərəcədə dinin içində olduqlarını təxmin etmək çətin olmur. Bizim bu ərəb dostumuz da görünür ki, bu cür namizədlərdəndir.
Ərəb dostumuzun iddiaları – müsəlman qardaşımızın verdiyi xəbərə əsasən – çoxdur, lakin içində ən gurultulu və iddialı etiraz Quranın əvvəlki qaynaqlardan borclanması iddiasıdır; iddia əslində yeni deyildir. Bizim bu dostumuz xüsusilə bir qaynağın üzərində vurğu edib. Onun sözlərinə görə İslamın müqəddəs peyğəmbəri – aleyhissələm – bəzi ayələri özündən əvvəlki cahiliyyə dövrünün şairlərindən oğurlayıb. Biz müsəlman qardaşımızın bu narahatlığını söndürə bildik və düşündük ki, bu barədə məlumatı Organic Elm platformasından da paylaşaq. Sözü gedən şair İmru’ul-Qeys’dir. Əslində bu onun adı yox, ləqəbidir. Adı isə Cunduh ibn Hucr əl-Kindidir. Guya peyğəmbərimiz Quranı özü yazıb və bunun ən bariz dəlillərindən biri də budur ki, Qurandakı bəzi ayələr İmru’ul-Qeys’in şerlərindən götürülüb.
Bu etirazı ilk məşhurlaşdıran İngiltərənin anqlikan kilsəsinin rahibi, tarixçi filoloq William Clair Tisdall (1859-1928) olub. Tisdall İranda İsfahan şəhərində İngiltərə kilsəsinin katibi olaraq xidmət göstərib. O, İslam və Quranın qaynaqları haqqındakı yazıları ilə tanınır. Tisdall “Quranın qaynaqları” ilə bağlı fars dilində “Yənəbi əl-İslam” adlı bir kitab yazıb və onu 1899-cu ildə çap edib. Bir başqa şərqşünas William Muir kitabı farscadan ingiliscəyə çevirir və 1901-ci ildə Edinburq şəhərində çap edir. Müqəddimədə Muir kitab haqqında məlumat verir və qeyd edir ki, Tisdall bu kitabında Quranın əvvəlki ərəb rəvayətlərindən və qismən yəhudi-xristian qaynaqlarından götürüldüyünü isbat etməyə çalışır. Muir daha sonra qeyd edir ki, müəllif bunu “fövqəladə güc və mərifət ilə” isbat edir.1
Kitab hətta 1904-cü ildə ərəb dilində çap olunduqda misirli müsəlman alim Muhəmməd Raşid Rida kitabın ucuz bir material olduğunu məharətlə göstərir. Müasir qeyri-müsəlman şərqşünaslar da bu nöqtədə Muir ilə yox, Raşid Rida ilə razılaşırlar. François de Blois bu araşdırmanı “missioner propaqandasının xarab bir parçası”2 olaraq dəyərləndirir. Herbert Berg isə qeyd edir ki, kitab “xüsusi bir elmi məqalə deyildir, heç yaxşı polemik əsər də deyildir..,”3 Lakin kitab öz zamanında xristian missionerlər arasında masaüstü bir referensə çevrilir və şöhrət qazanır. Bu günə qədər bəzi missionerlərin hələ də o kitabın içindəki materiallara istinad etdiklərini görmək mümkündür.
Tisdall kitabında yazır: “Həmçinin qeyd etmək maraqlıdır ki, Quranın, Muhəmməd peyğəmbərlik iddiası etmədən əvvəlki dövrə aid şerlərdən götürülməsində şübhə yoxdur. Bunun isbatı kimi İmru’ul-Qeys’in ”Səb’a Mualləqat”ından iki hissə sitat gətirilir ki, orada Qurandan bir neçə ayə keçir; misal üçün: “O saat yaxınlaşdı və ay parçalandı.” (54:1) Şairlərin və natiqlərin öz əsərlərini Kəbənin divarından asmaq o dövrün adətindən idi və biz “Səb’a Mualləqat”ın bu tərzdə ərsəyə gəldiyini bilirik. Rəvayət olunur ki, peyğəmbərin qızı Fatimə yolda gedərkən yuxarıdakı ayələri təkrarlayıb oxuyurmuş. Elə bu zaman İmru’ul-Qeys’in qızı ilə qarşılaşır və o qışqırır: “Bu, sənin atanın mənim atamın şerlərinin birindən götürdüyüdür və bunun ona göydən gəlmiş vəhy olduğunu iddia edir.” Bu hadisə ərəblər arasında bu günə qədər hekayət edilir.”4 Tisdall daha sonra qeyd edir ki, sözü gedən şer ilə Quran arasında oxşarlıq o qədər aşkardır ki, müsəlman alimlər guya buna cavab verərkən absurd izahlardan kənara çıxa bilmirlər. Bir çox missioner yazıçılar Tisdall’ın gətirdiyi bu arqumentlərə əsaslanaraq Quranın əvvəlki cahiliyyə şerlərindən material götürdüyünü qarşıya atıblar.5 Görünür ki, öz dinini tərk etmiş o ərəb dostumuz da eyni sözləri təkrarlayır.
Görəsən həqiqətən də – Tisdall’ın iddia etdiyi kimi – müsəlman alimlər bu iddianın qarşısında o qədər aciz qalıblar ki, absurd izahlardan başqa cavablar verə bilməyiblər? Belə bir söz nə qədər doğrudur? Bunun cavabını bir neçə maddədə verəcəyik və sizin əmin edə bilərik ki, müsəlman alimlər heç bir zaman bu cür gülünc iddiaları ciddiyə almayıblar. Müsəlman alimləri bir kənara qoyaq, bu iddianı heç qərbli şərqşünaslar belə doğrulamayıblar, əksinə bu arqumentin heç bir çəkisinin olmadığını deyiblər. Hər şeydən əvvəl belə bir sual verək ki, bu iddia olunan şer həqiqətən də İmru’ul-Qeysə aiddirmi? Cavab budur ki, bu şer parçası ona aid deyildir. Məşhur misirli ədib və yaçısı Ustaz Abbas Mahmud əl-Aqqad (1889-1964) qeyd edir ki, “təkcə ədəbi zövq kifayət edir ki, bir baxış ilə bunun İmru’ul-Qeysə və ya cahiliyyə şairlərindən hər hansısa birinə nisbətini çürütmək üçün kifayət edir.”6
Eyni etirazı Muhəmməd Raşid Rida “Mənar” jurnalında edir və sözü gedən qəsidənin ərəb dili baxımından necə yoxsul olduğunu analiz edir.7 Bu ikisindən də əvvəl təfsir alimi Mahmud əl-Alusi (1802-1854) qeyd edir ki, “ərəb dilindən azca biliyi olan kəs” bilir ki, bunu deyən İslamdan əvvəl yaşamayıb, əsl ərəb deyil, lakin ərəblərin yanında böyüyüb və Qurandan istifadə edib.8 Bunu təsdiqləyən fakt budur ki, bu qəsidə bu gün əlimizdə olan İmru’ul-Qeys divanının heç bir çapında mövcud deyildir. Müsəlman alimlər bunun cavabında qeyd edirlər ki, bu şer İmru’ul-Qeys’in şer divanında yoxdur. Avropa şərqşünaslarından ərəb şeriyyatını gözəl bilənlərdən sayılan ərəb şərqşünas Wilhelm Ahlwardt Avropa kitabxanalardakı əlyazmaları yaxından bilən biri idi. Berlindəki kraliyyət kitabxanasındakı əlyazmaların fehristini hazırlayan Ahlwardt doqquzuncu cildi şeriyyata həsr edib. Bu cilddə o, Berlin kitabxanasındakı əlyazmalarda İmru’ul-Qeys’ə nisbət edilən bu qəsidəni qeyd edir və ardından deyir: “Onun divanında mövcud deyildir.”9
Ərəb dili və ədəbiyyatının ən görkəmli şəxsiyyətlərindən olan Ustaz Muhəmməd Əbul-Fədl İbrahim (1900-1980) İmru’ul-Qeys’in divanını təhqiq etmiş və nəşrə hazırlamışdır. Bu çalışmada Ustaz Əbul-Fədl divanın əl-Aləm nüsxəsinin əl-Əsməi tərəfindən rəvayətini, sonra ət-Tusi nüsxəsinin əl-Mufəddal tərəfindən rəvayətini gətirir, daha sonra isə bu divana əs-Sukri, İbnun-Nəhhas və Əbu Səhlin rəvayətindəki ziyadələri də əlavə edir. Hətta daha sonra divanın kökündə olmayan, lakin İmru’ul-Qeysə nisbət olunmuş qəsidələrə də yer verir. Bunların heç birində sözü gedən qəsidənin bir izinə rast gəlmək olmur.
Maraqlıdır ki, Tisdall özü daha sonra yazdığı “The Original Sources of The Quran” kitabında gətirdiyi arqumentin doğru olmadığını etiraf edir. Tisdall yazır: “Mualləqat” divanının İranda əldə etdiyi nüsxəsində kitabın axırında İmru’ul-Qeysə nisbət edilən bəzi şerlər gördüm ki, onun şerlərinin gördüyüm başqa nəşrlərində ona aid olduğu etiraf edilmir. Avtorluğu şübhəli olan bu şer parçasında mən aşağıda qeyd edilən beytləri gördüm. Bu beytlərdə kobud xətaların olmasına baxmayaraq onları heç bir düzəliş etmədən təqdim etmək ən doğru olandır.” Tisdall daha sonra şeri olduğu kimi təqdim edir və əlavə edir: “Sözü gedən sətrlərin sahibinin İmru’ul-Qeys olmasını şübhə altına almaq üçün yaxşı səbəb vardır. Bunların Muhəmməddən əvvəl yaşamış bir müəllifin sözlərindən çıxarılıb Qurana daxil edildiyini deməkdənsə onların Qurandan götürüldüyünü demək olar… Muhəmmədin necəsə İmru’ul-Qeys kimi tanınmış bir şairdən oğurluq etməyə cürət edəcəyini təsəvvür etmək çətindir… Daha əvvəl gətirdiyimiz hekayəyə baxmayaraq dəlillər tərəzisi şübhəsiz ki, Muhəmmədin oğurluq etmək ittihamında günahkar olmamasına doğru meyl edir.” Tisdall əlavə edir ki, qədim ərəb şerlərini gözəl bilən mütəxəssis ərəbşünas Sir Charles James Lyall da bu şerin İmru’ul-Qeys’ə aid olmadığını deyib. Lyall ona yazdığı bir məktubunda şerin üslubu və vəzni baxımından heç bir şəkildə İmru’ul-Qeysə aid olmayacağını yazır. Tisdall etiraf edir ki, Lyall’ın təqdim etdiyi arqumentlər onu ”Yənəbi əl-İslam” kitabında ifadə etdiyi fikirdən dönməyə səbəb olub.10
Tisdall etdiyi kobud xətanı etiraf etməli olur, çünki həqiqətən də necə düşünmək olar ki, cahiliyyə şerlərini əzbər bilən ərəblərin içində hansısa cahiliyyə şairinin şerindən oğurluq etmək və bundan sonra düşmənlərin dilindən salamat qalmaq mümkündür?! Bu, tamamilə absurd bir şeydir. İslam peyğəmbəri – iddia olunduğu kimi – özündən əvvəlki şairin şerindən oğurlamış olsaydı hər kəsdən qabaq peyğəmbərin dəvətinə qarşı çıxanlar Quranı yalanlamaq üçün bunu əldə bayraq edərdilər. Lakin fakt budur ki, bu şer yalnız son əsrlərdə İmru’ul-Qeysə nisbət olunaraq üzə çıxıb, daha əvvəlki əsrlərdə ona aid belə bir qəsidə tanınmayıb.
Dipnotlar
- W. S. Tisdall, “The Sources of İslam: A Persian Treatise”, səh: vii, T.&T. Clark, Edinburgh, 1901
- François de Blois, ”Book Review The Origins of The Koran: Classis Essays on Islam’s Holy Book”, The Journal of The Royal Asiatic Society of Great Britain and Ireland”, 10/11, 2000, səh: 88
- Herbert Berg, ”Book Review The Origins of The Koran: Classis Essays on Islam’s Holy Book”, Bulletin of The School of Oriental and African Studies”, 62/3, 1999, səh: 558
- W. S. Tisdall, “The Sources of İslam: A Persian Treatise”, səh: 9, T.&T. Clark, Edinburgh, 1901
- R. A. Morey, “The Islamic Invasion: Confronting The World’s Fastest Growing Religion”, səh: 148; Harvest House Publishers, Eugene, 1992; S. Masood, “The Bible and The Qur’an: A Question of Integrity”, səh: 185; OM Publication, Carlisle, 2001; A. A. Shorrosh, “Islam Revealed: A Christian Arab’s View of Islam”, səh: 193; Thomas Nelson Publishers, Nashville, 1988
- “əl-Məcmuatul-Kəmilə li Muəlləfət əl-Ustəz Abbas Mahmud əl-Aqqad”, 7/258, Dar əl-Kitəb əl-Lubnəni, Beyrut, 1986
- “əl-Mənar”, 1-6 nəşr, səh: 178; İdarat Məcəllət əl-Mənar, 1904
- əl-Alusi, “Ruhul-Məani”, 15/246
- W. Ahlwardt, “Die Handschriften-Verzeichnisse der Königlichen Bibliothek zu Berlin”, cild 9, səh: 283; A. Asher & C., Berlin, 1895
- W. C. Tisdall, ”The Original Sources of The Quran”, səh: 47-50; Society For Promoting Christian Knowledge, London, 1911
Cavab yaz