Neoateistlər öz publikalarına uşaqlara verilən dini tərbiyənin “uşaq istismarı” olduğunu öyrədirlər. Anthony Grayling dinlərə qarşı polemikasında yazır: “Əsas dinlərin müxtəlif bəhsəbəhs saxta iddialarını kiçik uşaqlara təlqin etmək uşaq istismarının bir növüdür və skandaldır.”1 Daniel Dennett mövzuda maraqlı müqayisələr edir; oxucularına ritorik sual verən Dennett “evdə ev tapşırığını etməyə çalışan uşağa” pivə içizdirən valideynlərin hökmünü soruşur. Bu halda hakimiyyət dairələrinin müdaxilə etməyə nəinki haqqı vardır, hətta borcludurlar. Lakin “mövzu alkoqol yox, din olduqda” iş çətinləşir. Dennett’ə görə alkoqol məsələsinə gəldikdə “bizim siyasi hikmətimiz əhəmiyyətli dərəcədə məlumatlıdır”, lakin dinə gəldikdə onun zərərləri haqqında məlumatlanmayıb.2
Dennett qısacası deməyə çalışır ki, uşağa din öyrətmək ən azından ona məcburi alkoqol içirmək qədər zərərlidir. Dawkins də eyni notları səsləndirir: “…məgər uşaqları hansısa dinə daxil etmək özlüyündə uşaq istismarı deyilmi?” sualı ilə oxucunu qarşıda gələcək təkliflərə hazırlaşdırmağa çalışır. Dawkins katolik rahiblərin uşaqlara qarşı etdikləri cinsəl istismardan danışdıqdan sonra yazır: “Bir dəfə Dublində bir mühazirədən sonra sual-cavab bölümündə mənə İrlandiyadakı katolik rahiblər tərəfindən edilmiş və geniş şəkildə ictimailəşdirilmiş seksual istismar haqqında nə düşündüyümü soruşdular. Mən cavab verdim ki, şübhəsiz ki, cinsəl istismar nə qədər dəhşətli olsa da, onun zərəri, hər şeydən əvvəl uşağı katolik kimi böyütməklə ona vurulan uzunmüddətli psixoloji zərərdən daha xəfifdir.”3 Dennett alkoqolun zərərləri ilə dinin zərərləri arasında müqayisə aparırdısa, Dawkins pedofillərin cinsəl istismarı ilə din arasında müqayisə aparır. Dennett hansının daha zərərli olmasında aydın fikir bildirməsə də, Dawkins heç bir tərəddüd göstərmədən dini daha zərərli elan edir.
Təbii ki, əgər dini tərbiyənin uşaq istismarı olduğunu düşünürsüzsə, bunun qarşısını almaq üçün bir plan, bir məqsəd, ən azından istək olmalıdır. Bunun üçün təşkil edilmiş banketdə ateistlər üçün tamadalığı psixoloq Nicholas Humphrey edir və deyir: “Beləliklə də valideynlərin, uşaqları üçün öz istədikləri yolu seçib onları o yöndə tərbiyələndirmək üçün tanrı tərəfindən verilmiş haqları yoxdur; öz uşaqlarının bilik üfüqlərini məhdudlaşdırmaq, onları doqma və mövhumat mühitində böyütmək və ya öz etiqadlarının dar və düz yolu ilə getməkləri üzərində israr etmək haqları yoxdur. Qısacası, ağılların cəfəngiyat fikirlər ilə pozulmaması uşaqların haqqıdır və onları bundan qorumaq bizim, bir cəmiyyət kimi, borcumuzdur. Buna görə də valideynlərə öz uşaqlarını vurub onların dişlərini tökməyə və ya onları zindanda bağlı saxlamağa izn vermədiyimiz kimi, eyni şəkildə öz uşaqlarına – misal üçün – Bibliyanın hərfbəhərf həqiqət olduğuna və ya planetlərin onların həyatlarını yönəltdiyinə inanmağı öyrətməyə izn verməməliyik.”4
Dawkins və digərlərinin oxumağı məsləhət gördükləri bu sözlərdə Humphrey uşaqlara Quranı və ya Bibliyanı öyrətməyi onlara astrologiya öyrətməklə eyniləşdirir; hər ikisinin də eyni dərəcədə cəfəngiyat olduğunu deyir. Üstəlik uşaqları fiziki olaraq döyməyin və ya onları zirzəmilərdə həbs etməyin qadağan olduğunu xatırladaraq eyni şəkildə valideynlərə uşaqlara dini etiqadları aşılamağı da qadağan etməyi təklif edir. Bu centlmenlərin sözlərindəki məntiqi nəticə budur ki, arzu etdikləri və görmək istədikləri dövlət aparatı dindar ailələrə müdaxilə etməli və uşaqları bu cinayətkar istismardan xilas etməlidir. Dennett də bəzi aşırı dindarları həbs etməyin tərəfdarıdır və bu aşırılıqlara misal verərkən “köləliyə”, “diskriminasiyaya” bəraət qazandırmaqları yanında bir də “uşaq istismarını” da qeyd edir.5 Xatırlayaq ki, Dennett də öz radikal ateist yoldaşları ilə razılaşır ki, uşaqlara Quran və Bibliya kimi kitabları hərfi həqiqət olaraq öyrətmək “uşaq istismarı” sayılır. Geriyə uşaqlarına bu cür dini tərbiyə verən valideynləri qəfəsə atmaq qalır və bunu açıq sözlərlə ifadə etməsələr də, dedikləri bununla eyni mənadadır.
Əslində bu ateistlərin təklifini bu gün bir dövlət xüsusi həvəslə icra edir. The New York Times qəzetində yazan jurnalist Amy Qin qeyd edir ki, Çinin hökumət dairələri yarım milyon uşağı müsəlman uyğur ailələrdən zorla ayıraraq onları xüsusi təlim və tərbiyə məktəblərinə yerləşdiriblər. Valideynləri də məcburi konsentrasiya düşərgələrinə atılıb və onlar da xüsusi tərbiyə prosesindən keçməlidirlər. Amy Qin bunun arxasındakı məqsədi müəyyənləşdirmək istəyərkən bunu “əhalinin İslama olan bağlılığını zəiflətmək” olaraq göstərir.6
Eyni məqalə hökumət sənədlərinə istinad edilərək yazır ki, uşaqların yerləşdirildiyi həmin məktəblər “uşaqları dinin təsirindən uzaq” bir mühitdə böyütməyi nəzərdə tutur. Əgər bu, ateizmin totalitarizminə əyani misal deyilsə nədir?! Bunun ironiyalı tərəfi budur ki, Dawkins dinin uşaq istismarı olduğunu isbat etmək üçün açdığı mövzunu tarixi bir misal ilə başlatmışdı; 1858-ci ildə Roma katolik kilsəsi tərəfindən öz yəhudi ailəsindən alınaraq qaçırılmış Edgardo Mortara bu aqibəti yaşamış yeganə uşaq deyildi.7 Yəhudi ailədə çalışan katolik xidmətçi qız, qayğısına qaldığı balaca Edgardo’nun öləcəyinə inanaraq onu ölmədən əvvəl xaç suyuna salır. Sağ qalan uşağın bu hekayəsindən xəbər tutan kilsə, uşağı katolik hesab etdiyi üçün onu öz yəhudi ailəsindən zorla almağa qərar verir; çünki onların inancına görə bir katolik uşağa yəhudi ailə tərbiyə verə bilməzdi. Bunu bizə dinin uşaqlara qarşı acımasız istismarı kimi göstərən Dawkins, bir neçə səhifə sonra sekulyar dövlətlərin uşaqları dini tərbiyədən xilas etmək üçün ailələrə müdaxilə etməsi fikrini müdafiə edir.
Bu ikili standartı izah etmək asan deyildir. Christopher Hitchens bunu izah etməyə cəhd edir; əgər Böyük Qardaş sənin uşaqlarına öz ideologiyasını məcburən aşılayırsa buna münasibətin necə olacaq? Əgər mən öz şəxsi ideologiyamı sənin kiçik qızına zorla aşılamağa çalışsam bunu necə bəyənərsən? – suallarına Hitchens belə cavab verir: “(Uşağa) elm (science) öyrətmək bununla eyni deyildir, bir başqasının etiqadını öyrətməklə bağlı deyildir, uşağı düşünmək qabiliyyətini işlədərək öz etiqadına varmağı təşviq etməklə bağlıdır.”8 Belə çıxır ki, dindarların öz uşaqlarına öyrətdikləri sadəcə mövhumatdır və dindarlardan fərqli olaraq sekulyar hökumətlərin öyrətdiləri isə elmdir.
Hitchens xatırlamaq istəmir ki, Sovet Rusiyasının vaxtında apardığı zorakı siyasət də elmi materializm adı ilə satılırdı. Çində hələ də bu günə qədər dindarlara qarşı aparılan siyasətin əsas “üzrü” elmdir və elmi inkişafdır. Dövlətin müəyyən sekulyar bir ideologiya üzərindən uşaqları tərbiyə etməsinə və valideynlərə heç bir seçim buraxmaması baxımından azərbaycanlı müsəlmanların xeyli xoşa gəlməz xatirələri var. Sovet dövləti qurulduqda seçilmiş ilk təhsil komissar’ı Anatoliy Lunaçarski cəmiyyətdən tanrı inancını yığışdırmağı, onun yerinə proletariatı yeni tanrı elan etməyi qarşısına məqsəd qoymuşdu. Bu dövrdə qurulan Narkompros (Narodnıy Komissariat Prosveşeniya) bütün məktəblərdə dini təhsili və dini simvolları qadağan etdi.9 Bütün müsəlman ölkələrində də eyni təmizləmə işləri aparıldı. Özbəkistanda 1927-ci ildə kommunist partiyası islam alimlərinə dini öyrətməyi qadağan etdi.10 Sovetlərin siyasəti Çini ilhamlandırmışdı və Çində kommunist partiyanın sədri Mao Zedong ölkədə dini təhsili qadağan etməkdə gecikmədi.
Mədəni inqilabın başlaması ilə dinlər, dinlərin müqəddəsatı və təlimləri nəzarətə alındı. Müsəlmanların əksər məscidləri bağlandı, bir çoxu yerlə yeksan edildi və bu dağıtma işlərində “qızıl keşiklər” xüsusilə seçilirdilər.11 Kambodca’dakı qırmızı xmerlər də daxili siyasətlərində Mao’nu ilham mənbəyi etmişdilər və onlar da bütün dini fəaliyyətləri qadağan etdilər, buddist məbədlərini dağıtdılar və rahibləri kənd təsərrüfatında çalışmağa məcbur etdilər.12 Dindarların və dinlərin xüsusi amansızlıqla təqib edildiyi Albaniya, Sovet Rusiyası, Çin, Şimali Koreya və Kambodca kimi ölkələrin ortaq tərəfi ateist olmaqlarıdır. Dawkins isə Kyoto məbədlərini, Bamiyan buddasını, Məkkəni, Notre Dame kilsəsini dağıtmaq istəyən hansısa bir ateistin ola biləcəyinə inanmır.
| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından
Dipnotlar
- A. C. Grayling, “Against All Gods: Six Polemics on Religion and An Essay on Kindness”, səh: 26; Oberon Books, London, 2007
- D. Dennett, “Breaking The Spell: Religion as A Natural Phenomenon”, səh: 322-323; Penguin Books, London, 2007
- R. Dawkins, ”The God Delusion”, səh: 358-362; Black Swan Edition, London, 2016
- N. Humphrey, “The Mind Made Flesh: Frontiers of Phychology and Evolution”, səh: 291; Oxford University Press, New York, 2002
- D. Dennett, “Darwin’s Dangerous Idea: Evolution and The Meanings of Life”, səh: 516; Simon & Schuster Paperbacks, New York, 1995
- Amy Qin, “In China’s Crackdown on Muslims, Children Have Not Been Spared”, The New York Times, 28 dekabr, 2019
- R. Dawkins, ”The God Delusion”, səh: 350-351; Black Swan Edition, London, 2016
- Peter Hitchens, “The Rage Against God”, səh: 210; Zondervan, Michigan, 2010
- Sabrina Petra Ramet, “Religious Policy in The Soviet Union”, səh: 127-128; Cambridge University Press, New York, 1993
- Michael Kemper, Raoul Motika & Stefan Reichmuth, ”Islamic Education in The Soviet Union and Its Successor States”, səh: 245; Routledge, London, 2010
- Michael Dillon, “China’s Muslim Hui Community: Migration, Settlemen and Sects”, səh: 163-164; Curzon Press, London, 1999
- Stephen J. Morris, “Why Vietnam Invaded Cambodia: Political Culture and The Causes of War”, səh: 70; Stanford University Press, California, 1999
Cavab yaz