Əvvəlki yazımızda qeyd etdiyimiz kimi Epikürün qarşıya qoyduğu arqumentə qarşı digər əks-arqumentlər də vardır, lakin bu arqumentlər daha çox dini təbiətli arqumentlərdir.
Yaradıcının sadəcə “boşluqlar ilahı” olduğu iddiasından sonra ateist dinlərin inandığı Yaradıcının mövcud olduğu fərz olunsa belə onun Mükəmməl, Hər şeyə Qadir İlah olacağını inkar edir. Bunun üçün bir neçə “isbat” gətirir.
Birinci iddia
İlk iddiası Tam olaraq qüsursuz bir varlığın heç bir şey yaratmamasının lazım olmasıdır. Deyir ki, özünə ibadət etməsi üçün insanları yaratması, ibadət edib etməməsini seçmək üçün onlara iradə verməsi, inanmayanlara da cəhənnəmdə işgəncə etməsi onun əslində qüsursuz deyil qüsurlu olduğunu göstərir.
Bu iddianın əslində boş bir iddia olmasını görmək çətin deyil. “Qüsursuz Yaradıcı heç bir şey yaratmamalıdır” sadəcə söz yığınıdır, heç bir dəlili və isbatı yoxdur. Əksinə, biz əqlimiz ilə dərk edirik ki, əgər Yaradıcı varsa mütləq olaraq bir şey yaratmalıdır, çünki əks təqdirdə bu yaratmaq atributu bariz olmaz. İllərini memarlıq öyrənməyə sərf edən və bu sahədə ən üstün dərəcələrə çatan birisini düşünün. Onun sonucda heç bir əsər yaratmamasını biz şübhəsiz ki naqislik hesab edərik, gözəl memarlıq əsəri yaratmasını isə bacarığının nəticəsi kimi görərik. Allahın misalı isə bütün misallardan daha ucadır!
İkinci iddia
İkinci iddiası Qüsursuz Yaradıcının qüsursuz dünya yaratmasının lazım olmasıdır. Bizim Kainatın qüsurlu olduğunu isbat etmək üçün bəzi misallar verir: heyvanların yaşamlarını sürdürmək üçün ya daim qaçmalarının ya da daim öldürmələrinin lazım olması, Kainatda daim baş verən xaos, partlayışlar, Ayın yaranması ilə nəticələnən və bizim Günəş sistemində baş verən Yer ilə bir başqa bir planetin çarpışması, Yer üzündə baş verən təbii fəlakətlər, insanların xəstəlikləri və s. Ateist qüsursuz dünyanın necə olacağına dair də bəzi misallar verir: bir biri ilə qardaş kimi yaşayan, qidalarını direkt günəş enerjisindən alan və uşaqlarını heç bir qorxu olmadan böyüdən heyvanlar. Digər məsələlər ilə bağlı misallar verməsə də, təxmin etmək olar ki, qüsursuz dünyada təbii fəlakətlərin və xəstəliklərin olmayacağını qəsd edir.
Ateistə cavab verməkdən öncə diqqətinizi çəkmək istədiyim nöqtə odur ki, ateistin “Qüsursuz Yaradıcı əslində heçnə Yaratmaz” iddiası ilə, “Qüsursuz Yaradıcının qüsursuz dünya yaratması lazımdır” iddiası arasında seçim edə bilməməsidir. Elmi rəddiyə verənə bu cür ziddiyətlərə düşmək olmaz. İkinci mühim nöqtə isə odur ki, ateist qüsursuz dünyanın necə olacağını bildiyini iddia edir. Qüsurlu dünyada, bu qüsurlu dünyanın maddəsindən oluşan qüsurlu beyini ilə qüsursuz dünyanın necə olacağını bildiyini iddia etməsi sadəcə iddiadır. Üstəlik bu ateist Allaha inananlardan fərqli olaraq beynindən müstəqil şəkildə mövcud olan şüurunun, yəni ruhunun olduğuna inanmır; onun şüuru sadəcə beyninin, yəni bu Kainatın maddəsinin məhsuludur. Qüsurlu dünyanın nəticəsi olan necə belə iddia edə bilər?
“Əbədi səadət”
İlk olaraq biz ateistin iddiasını inkar edirik. Bu dünyanın qüsurlu olduğunu deməsi sadəcə bir iddiadır. Ateistin gətirdiyi misallara diqqət yetirin: bir biri ilə qardaş kimi yaşayan heyvanlar və sair. Adamın qəsd etdiyi əslində “heyvanlar üçün cənnətdir”. Bəli, heyvanların əbədi səadəti üçün nəzərdə tutulumuş bir dünyada, ateistin dediyi doğru ola bilər. Lakin biz müsəlmanlar kimi inanırıq ki, bu dünya nəinki heyvanların, hətta insanların belə əbədi səadəti üçün yaradılmayıb. Xəstəlikləri və təbii fəlakətləri mövcud olan Cənnət naqis ola bilər, lakin imtahan üçün, insanların Allahı tanımaları və Ona ibadət etmələri üçün nəzərdə tutulan bir dünyada bunlar naqislik deyildir, çünki böyük bir imtahanın bir hissəsidir. Ateist Cənnətə inanmadığı üçün, bu dünyasının cənnət olmasını arzulayır, cənnəti görmədikdə isə Allahı inkar edir. Qısacası, bu dünyanın qayəsinin əbədi səadət deyil, bir imtahan olduğunu düşündükdə anlayırıq ki, ateistin naqislik iddiası sadəcə iddiadır, heç bir əsli yoxdur. Lakin biz məsələni biraz da uzadaq və bu şübhənin akademik dairələrdə necə təqdim olunduğunu göstərməyə çalışaq.
Ölüm, ağrı, xəstəliklər, təbii fəlakətlər:
Ölüm, ağrı, xəstəliklər, təbii fəlakətlər – bu cür ifadələr ilə ateistlər çox qədimlərdən insanların Allaha inancını sarsıtmaya çalışıblar. Klassik fəlsəfədə biz bunu “Şər problemi” (Problem of evil) adlandırırıq. Ateistlərin etmək istədiyi insanların şərə qarşı duyduqları neqativ emosiyalara təsir etməkdir. Ateistlərin istifadə etdiyi arqument bu cürdür:
1. Hər şeyi Bilən, hər şeyə Qadir olan, Sonsuz Rəhmət sahibi olan İlah mövcuddur.
2. Şər mövcuddur.
3. Deməli, Hər şeyi Bilən, Hər şeyə Qadir olan, Sonsuz Rəhmət sahibi olan İlah mövcud deyil.
Yer üzündə şərin mövcud olduğunu inkar etmək mümkün deyil, buna görə də ateistlər insanların emosiyalarına təsir edərək bu arqumentdən istifadə edirlər. Biz bu arqumentə cavab verməyə çalışaq.
“Hikmət Sahibi”
Başlanğıc olaraq qeyd edək ki, müsəlmanlar sadəcə Qadir, Bilən və Rəhim olan Allaha inanmırlar. Müsəlmanlar həmçinin Hikmət sahibi olan Allaha inanırlar. Diqqət yetirin, ateistlərin gətirdikləri arqumentdə ilk iki fərziyyədən nəticənin hasil olması əqli zəruriyyət deyil. Bunun zəruri olması üçün bizim bir fərziyyəni əlavə etməmiz lazımdır: “Hər şeyi Bilən, hər şeyə Qadir olan sonsuz Rəhmət sahibi olan İlahın yer üzərində şərin mövcudluğuna icazə verməsi üçün heç bir əsası yoxdur”. Arqumentə bu fərziyəni əlavə etsək, o zaman ateistlərin dedikləri doğru olacaq. Lakin bu fərziyəni çox zaman qeyd etməzlər, çünki bu fərziyəni isbat etmək mümkün deyildir. Məsələnin məntiqi tərəfini ələ alsaq, Allahın şərə icazə verməsi üçün əsası olduğunun ən azacıq ehtimalı belə bu arqumenti çökdürür. Lakin dediyimiz kimi əksini sübut etmək mümkün deyildir.
Naqis Dünya:
Ateistin “naqis dünya” iddiasına cavab olaraq yazdıqlarımızın kifayət olduğunu düşünürük. Lakin, sadəcə mübahisə naminə ateistin dediyini və dünyanın naqis olduğunu qəbul etsək, bu, Qüsursuz Yaradıcını inkar edir mi? Əql Qüsursuz Yaradıcının varlığı ilə qüsurlu dünya yaratması arasında ziddiyətin olduğunu göstərmir. Qüsursuzluq Mütləq Qüdrəti və Mütləq İradəni ehtiva edər. Mütləq Qüdrət istənilən mümkün dünyanı yaratmaq bacarığıdır, Mütləq İradə isə bu dünyalardan hansını yaratmağı seçmək imkanıdır. Deməli Qüsursuz varlıq, bu mümkün dünyalar arasından Qüsurlu bir dünyanı yarada bilər. Əksinə, qüsurlu dünyanı yarada bilməməsi, bu yaradıcını aciz edərdi, çünki müəyyən mümkün dünyanı yarada bilmir. Əgər Qüsursuz Varlığın qüsurlu dünyanı yaratmasında xüsusi bir məqsədinin olmasını nəzərə alsaq, bu məqsədi bilməsək belə, məqsədin olması ehtimalı belə bu iki məfhum – yəni Qüsursuz Yaradıcının varlığı və qüsurlu dünyanı yaratması – arasında heç bir ziddiyətin olmadığını göstərir. Qüsursuz Yaradıcının isə məqsədsiz bir şey etməsi mümkünsüzdür, çünki əks təqdirdə Qüsursuz olmazdı. Allah Ona atılan iftiralardan Pak və Müqəddəsdir.
Bu yazıda ateistin ikinci iddiasının tamamilə əsassız olduğunu göstərmək istədik. Müvəffəqiyət isə Allahdandır.
Cavab yaz