“Ağ” İmperiyanın “QARA” Tarixi : [Benqal Aclığı]

BBC-nin 2002-ci ildə keçirdiyi sorğuya əsasasən Winston Churchill ən dahi britaniyalı seçilmişdir. 1 Lakin sadəcə bir neçə gün əvvəl George Floydˈun öldürülməsinin səbəb olduğu London aksiyalarında bəzi etirazçılar Churchillˈin abidələrindən birinin üzərində “irqçi olub” ifadələrini yazıblar.

Kaş ki, Churchill`in irqçiliyi “hindistanlılar almanlardan sonra ən heyvani millətdir” deməklə məhdudlaşardı.2 Bu gün tarixçilərin əksəriyyəti 3-4 milyon hindistanlının ölümü ilə nəticələnən 1943-cü il Benqaliya aclığında Churchill administrasiyasının birbaşa rolu olduğunu qəbul edir. Churchillˈin əmri ilə qida məhsulları aclıq içində olan hindistanlılardan yayındırılaraq, kifayət qədər ərzaqla təchiz edilmiş ingilis əsgərlərinə, həmçinin, Britaniyaya və hətta nazilərin əlindən hələ azad edilməyən Yunanıstan və Yuqoslaviya kimi ölkələrə yönləndirilmişdi. Aclıq içində olan əhalinin çəkdiyi iztirablar barədə soruşulduğunda Churchill bunun, “dovşanlar kimi çoxaldıqlarına görə” onların öz günahları olduğunu söyləmişdir. Başqa bir vaxt eyni məsələ qaldırıldıqda isə “Bəs nəyə görə Ghandi hələ ölməyib?” deyə cavab vermişdi.

Bu dövrdə Hindistanın öz qida məhsulları Seylon adasına göndərilmiş, Avstraliyadan Britaniya və Avropaya ehtiyat doldurmaq üçün göndərilən gəmilərin Hindistan limanlarına daxil olmağı qadağan olunmuşdu. ABŞ və Kanadanın yardım təklifləri isə rədd edilmişdi. Hindistanın öz bazarlarında olan taxıl məhsulları üçün Britaniya şişirdilmiş qiymətlər ödədiyi üçün açıq bazarda hindistanlılara taxıl almaq olduqca çətinləşmişdi. 3

Britaniya hakimiyyəti altındakı digər aclıqlar

Benqal aclığı Hindistanda baş verən son aclıq idi. 1947-ci ildə müstəqil olduqdan sonra bu günə qədər orada aclıq baş verməmişdir. Lakin Benqal aclığı Hindistanda Britaniya hakimiyyəti altında olan dövrlərdə baş verən ilk aclıq deyildi. 1770 – 1943-cü illər arasında baş verən aclıqlar arasında ən məşhurları Böyük Benqal Aclığı (1770), Madras Aclığı (1782–83), Chalisa Aclığı (1783–84), Doji Bara Aclığı (1791–92), Agra Aclığı (1837–38), Orissa Aclığı (1866), Bihar Aclığı (1873–74), Cənubi Hindistan Aclığı (1876–77), Hindistan Aclığı (1896–1900), Bombay Aclığı (1905–06) və artıq qeyd etdiyimiz Benqal Aclığını (1943-44) qeyd edə bilərik. Ölən insanların sayını təyin etmək çətin olsa da bu rəqəmin 35 milyondan çox olduğu güman edilir. 4 

Tarixçilər bu aclıqların əsas səbəblərindən birinin Britaniya imperiyasının tətbiq etdiyi laissez-faire siyasətindən, yəni açıq bazar iqtisadiyyatından qaynaqlandığını deyirlər. Hindistan böyük ölkədir, onun bir hissəsində aclıq olduqda digər hissələrində daima kifayət qədər qida məhsulları olub, lakin açıq bazar iqtisadiyyatı həmin artıq qalan qida məhsullarını aclıq olan kasıb regionlara paylamaq üçün deyil, ixrac üçün hazırlayıb. Bu vəziyyət həm Benqal aclığına, həm də digər aclıqlara aiddir. Britaniya kolonial hökuməti Adam Smithˈin iqtisadi modelinin işləməsini insanların həyatlarından daha üstün tutub.

“Pambıq aclığı”

Amma əslində bu cür ümumiləşdirmə doğru deyil. Məlum olduğu kimi Britaniya İmperiyasında baş verən Sənayə İnqilabının əsas sahəsi pambıq tekstillərinin istehsalı olub. ABŞ-da Vətəndaş Müharibəsinin başlamasına qədər Britaniya İmperiyasının idxal etdiyi xam pambığın demək olar ki, hamısı Amerika qullarının yetişdirdiyi məhsullar olub. 5 

Britaniya İmperiyası ABŞ-dan olan bu asılılığını aradan qaldırmaq üçün Hindistanı pambıq yetişdirən müstəmləkəyə çevirmək istəsə də, açıq bazar iqtisadiyyatı altında bu mümkün olmayıb. ABŞ Vətəndaş Müharibəsi başlayanda isə dünya pambıq bazarında tarixçilərin “pambıq aclığı” adlandırdığı şiddətli pambıq qıtlığı yaranıb. Tarixçi Sven Beckert Britaniya İmperiyasının bu aclığa reaksiya olaraq necə Hindistanın imperiya gücü sayəsində pambıq yetişdirən ölkəyə çevirdiyini mükəmməl şəkildə izah edir. 6 

Açıq bazar iqtisadiyyatı?

Deməli, Britaniya İmperiyası heç də hər zaman açıq bazar iqtisadiyyatı istifadə etməyib. İmperiyaya sərf etdiyi zaman ondan imtina olunub. Bu bizə Britaniyanın 18-ci əsrdə Hindistan tekstilləri ilə rəqabət apara bilməsi üçün merkantilist, 19-cu əsrdə isə Hindistanı de-industriallaşması üçün laissez-faire siyasətinə əl atdığını xatırlatmalıdır. 7

Hər bir halda, qeyri-açıq bazar iqtisadiyyatı sayəsində Britaniya Hindistanı pambıq istehsalına sövq edir, bu isə qida ərzaqlarının istehsalını azaldır. Pambıq yetişdirən regionlar pambığın qiyməti düşən, qida ərzaqlarının isə qiyməti qalxan illərdə yenə də aclıq təhlükəsi isə üzbəüz qalırlar. Bu siyasətin sayəsində Hindistanda sadəcə 1870-ci illərin  sonunda baş verən aclıqlar səbəbi ilə 6-10 milyon insan həyatını itirmişdir.  8

Polkovnik-leytenant Ronald Osborn bu aclıqlar haqda belə yazmışdır: “Meyitlər o qədər çox idi ki, onlar basdırılmaq yerinə quyulara atılırdı. Analar azacıq yeməyə görə uşaqlarını satır, ərlər arvadlarının aclıqdan əzab çəkərək öldüklərini görməmək üçün onları göllərə atırdı. Hindistan höküməti isə öz sükunətini və gümrahlığını saxlayırdı” 9

Bu arada Hindistan taxılı bazar qüvvələrinə tabe olaraq ölkədən ixrac olunmağa davam edirdi. Həmçinin, Britaniya hökumətinin yardım etmək məqsədi ilə iş düşərgələrini də qeyd etməliyik. Bu kamplarda aclıq içində yaşayan insanlar çox cüzi miqdar yemək qarşılığında ağır işlər görərək sağ qala bilirdilər. Tarixçi Mike Davisˈə görə burada işçilərin aldığı yemək miqdarı 70 il sonra qurulacaq Buckenwald konsentrasiya düşərgəsində dustaqların aldıqları miqdardan az idi. 10

İrlandiya aclığı

Aclıqlar Britaniya imperiyasının Hindistindakı yeganə cinayəti deyil, britaniyalıların Hindistanda törətdikləri cinayətlərin hamısını qeyd etmək kitab yazmağı gərəkdirir. Eyni zamanda Hindistan da ingilislərin irqçi əsaslarla aclıqdan ölmələrinə tolerantlıq göstərdikləri yeganə ölkə deyillər. Bu mövzuda ağla dərhal İrlandiya aclığı gəlir.. 11 Bu barədə gələn yazılarımızda yazacağıq.

Dipnotlar

  1. https://en.wikipedia.org/wiki/100_Greatest_Britons
  2. https://edition.cnn.com/2020/06/10/opinions/churchill-racist-great-white-men-view-toye-opinion/index.html
  3.  Shashi Tharoor, 2018, Inglorious Empire What the British did to India. London. Penguin. p. 194-195. Benqal aclığı haqda ətraflı məlumat üçün bax Mukerjee, M., 2011, Churchill`s Secret War. The British Empire and the Ravaging of India During WW2.
  4. Tharoor, Inglorious Empire, p. 184
  5.  Burada birisi Britaniya imperiyasının varlanmasında və ümumiyyətlə  sənayə inqilabında qulların rolu haqda düşünməyə bilməz. Bu haqda klassik arqument hələ də Eric Williamsˈın Capitalism and Slavery (1944) kitabıdır. Bir müddət populyar olmasına baxmayaraq sonradan bu arqumentə maraq itmişdir. Son dövrlər bəzi tarixçilər Williamsˈın arqumentinə qayıtmışlar. Misal üçün bax Barbara L. Solow and Stanley L. Engerman, eds., British Capitalism and Caribbean Slavery: 7he Legacy of Eric Williams (New York: Cambridge University Press, 1987) Sven Beckert, Empire of Cotton: A Global History (New York: Knopf, 2014).
  6. Sven Beckert, 2014, Empire of Cotton: A Global History, New York: Knopf, 2014. Xüsusilə 9 və 10-cu fəsillər. 
  7. Parthasarathi, P., 2014, Why Europe Grew Rich and Asia Did Not. Global Economic Divergence, 1600-1850, Cambridge, Cambridge University Press. Xüsusilə ikinci hissə. 
  8. Beckert, Empire of Cotton, 416.
  9. Tharoor, Inglorious Empire, p.190
  10. Cited in Tharoor, Inglorious Empire, p.189 
  11. 1845-1849-cu illər arasında Böyük İrlandiya aclığında ən azı bir milyon adam həyatını itirmişdir. Yenə də tarixçilərin böyük əksəriyyəti 1846-cı ildə hakimiyyətə gələn və Lord John Russell`ın başçılıq etdiyi Whig (sonradan Liberal Partiya olacaq) hökümətinin açıq-bazar iqtisadiyyatı tətbiq etməsinin böyük neqativ rolu olduğunu qəbul edir. Bəziləri hətta hökümətin addımlarının soyqırım kimi dəyərləndirmişdir. Hindistanda olduğu kimi İrlandiyada da aclığın ortasında ölkədə mövcud olan taxıl İngiltərəyə ixrac edilirdi. Bir hadisədə baş nazir Russelə gəlib daha çox yardıma ehtiyac olduğunu deyən deleqasiyaya nazir Adam Smith`in The Wealth of Nations kitabından bəzi yerləri oxuyaraq cavab vermişdir. D Kerr, A Nation of Beggars (Oxford, 1994), p37. Ümumən, hökumət ac olanlara yardım üçün 8 milyon funt xərcləmişdir. Bir neçə il sonra Krım müharibəsinə isə Britaniya İmperiyası 70 milyon funt xərcləmişdir.