Ateizmin doğru olduğunu qəbul etdiyimiz halda öz beynimizə etibar edə bilməyəcəyimiz haqda daha öncə yazmışdıq. Maraqlısı odur ki, deizmin doğru olduğunu qəbul etsək də eyni nəticəyə gəlirik. Məlumdur ki, deizmə görə Yaradıcı Kainatı müəyyən bir məqsəd olmadan yaratdığına görə hikmət atributundan, baş verən şərlərə qarışmadığına görə isə ədalət və rəhmət atributlarından məhrumdur. Burada deistlərə ateistlərə verdiyimiz sualı veririk: inandığınız hikmətsiz, ədalətsiz və rəhmsiz ilahın sizə verdiyi əqlə necə etibar edə bilirsiz? Bu əqli bilik üçün necə əsas ala bilirsiz?
Dediklərimizi belə bir arqument ilə təqdim edirik:
- Deizm Yaradıcının kamil olmadığına inanır (hikmətsiz, ədalətsiz, rəhmsiz).
- Deizmin doğru olmasının dəlili əqli arqumentdir.
- Əqli yaradana etibar edə bilməyəcəyimiz təqdirdə o əqlə də etibar edə bilmərik.
- Yaradıcının kamil olduğunu inkar etmək əqlə etibar edilməməsini gərəktirir.
- Beləliklə, deizm fəlsəfi olaraq inanılması mümkünsüz olan bir inancdır.
Məşhur fəlsəfəçi Rene Descartes “Les Méditations métaphysiques” adlı əsərində deyir: “İlk öncə ilahın var olub olmadığını araşdırmalıyam… əgər bir ilah tapsam onun yalançı olub olmadığını yoxlamalıyam. Çünki bu iki həqiqəti bilmədən mən heç bir şeydə əmin ola bilmərəm”.
Cavab yaz