Elm Həmişə Doğrudurmu?

Richard Dawkins`ə görə ateistlər əslində fəlsəfi naturalistlərdir. Fəlsəfi naturalizmə görə kainatda baş verən bütün hadisələri fiziki proseslərlə izah etmək mümkündür və bu fiziki hadisələr kor və qeyri-rasionaldır. Fəlsəfi naturalistlər fövqəltəbiilik iddialarını bütünlüklə rədd edir və inanırlar ki, kainatdan “kənarda” hər hansı bir varlıq olsa belə o, kainatla əlaqəyə keçmir.

Onların söykəndiyi nəzəriyyə Sayntizm (scientism) adlanır. Bu nəzəriyyəyə görə, bir şey elmi cəhətdən sübut edilə bilinməyəcəyi təqdirdə heç vaxt doğru deyildir. Keçmiş yazılarımızda sayntizmin doğru olmadığı və müasir elmin əslində aciz qaldığı sahələri qeyd etmişdik. Mənəvi həqiqətlər, riyazi və məntiqi həqiqətlər, elmin məhdud müşahidə sahəsi, “nə üçün” sualına cavab verə bilməməsi, estetik dəyərlər, zəruri olunaraq bilinən həqiqətlər və başqa sahələr elmin açıqlama gətirə bilmədiyi yerlərdir.

2013-cü ildə Richard Dawkins`ə sayntizmə niyə etibar etməliyik deyə soruşduqda o, elmin hər bir sahədə işlədiyini deyərək fikrini əsaslandırmışdır:

“..elm daim işləkdir, təyyarələr uçur, avtomobillər hərəkət edir, kompyuterlər hesablayır. Əgər tibb sahəsində elmi tətbiq etsəniz insanları sağaldarsınız, raketləri elmin köməyi ilə dizayn etsəniz onlar aya çatacaqlar.” 1

R. Dawkins

Əgər bu sahələrdə elm düzgün işləyirsə deməli o, mütləq mənada doğrudur.

Ancaq Dawkins аçıq şəkildə yanılır. Bir şey sadəcə işləyirsə bu, onun mütləq mənada həqiqət olduğu anlamına gəlməz. Flogiston (phlogiston) nəzəriyyəsi bunun nümunələrindən biridir.

Flogiston (phlogiston) nəzəriyyəsi

Erkən dövr kimyagərləri bütün yanan cisimlərdə flogiston adlı bir element olduğuna dair bir nəzəriyyə irəli sürmüşdülər. Bu nəzəriyyəyə görə bir cisim yandığı zaman özündən flogiston buraxırdı. Yanıcı material nə qədər çox olarsa, onun tərkibindəki flogiston da bir o qədər çox idi. Bu nəzəriyyə elmi ictimaiyyət tərəfindən elmi bir fakt kimi qəbul edildi. Nəzəriyyə o qədər yaxşı işlədi ki, 1772-ci ildə Dan Ruterford bundan istifadə edərək o zaman “flogistonlu hava” adlandırdığı azot qazını kəşf etdi. Ancaq sonradan flogiston nəzəriyyəsinin yalan olduğu ortaya çıxdı; əslində ortada flogiston adlı bir şey yox idi. Bu, bir nəzəriyyənin işləyərək hətta yeni elmi kəşfləri ortaya çıxara biləcəyini, ancaq sonradan həmin nəzəriyyənin yalan olduğunu göstərən nümunələrdən biridir.

Başqa bir nümunə kimi Nyutonun modelini göstərə bilərik. 20-ci əsrin əvvəllərində fiziklər artıq 200 ildir ki, Nyutonun modelini “elmi cəhətdən sübut edilmiş” olaraq qəbul edirdilər. Ancaq 20-ci əsrin ortalarında “kvant mexanikası”“ümumi nisbilik nəzəriyyəsi” Nyutonun görüşünü sarsıtdı və onu əvəz etdi. Lakin “kvant mexanikası” və “ümumi nisbilik nəzəriyyəsi” də fundamental səviyyədə bir-birinə əks olan iki nəzəriyyə hesab olunurdu. Bu nəzəriyyələrin hər ikisi eyni zamanda mütləq mənada doğru ola bilməz. Bunu bilən fiziklər çıxış yolu kimi hər iki nəzəriyyəni doğru işləyən model kimi qəbul edir və bu cür metod işlədərək nəzəriyyələri daha da inkişaf etdirmək istəyirlər.

Ümumiyyətlə, tarixçilər və fəlsəfə alimləri daim elmin hər şeyə cavab verdiyi fikrinə qarşı olduqlarını söyləyirlər. Fəlsəfə alimi Gillian Barker deyir:

“Elm dəyişkəndir. Ona görə də, “elmi fakt” sözünü işlətmək çox təhlükəlidir, çünki bu termin elmi nəticələrin sanki daş üzərində hək olunduğu fikrini yaradır.”

Gillian Barker

Əslində Dawkins kimilərin elmə bu cür münasibət bəsləyib, müasir elmi nailiyyətləri yekdil rəy olaraq qəbul etməkləri elmi tərəqqi qarşısında qoyulan ən böyük maneələrdəndir.

Dipnotlar

  1. Youtube linki