Çirkli və bulanıq tullantıları daşıyan dəmir arabanın üstündə yeni açmış çiçək kimi təravətli və gözəl bir qız uşağı oturmuşdu. Atası arabanı irəliyə dartır, gözləri ilə ətrafı nəzərdən keçirib işinə yaraya biləcək tullantıları axtarırdı. Bununla belə o zəhmətin içində balasının xatirində dərdli düşüncələrə yer verməmək üçün onu şirin bir söhbətlə məşğul etməyə çalışırdı.
“Bəyən”
Bu mənzərənin şəklini paylaşmışdılar və hadisənin şahidləri atanın sevgisindən o qədər təsirlənmişdilər ki, bacardıqları qədər çox insana bunu hekayət etmək istəmişdilər. Mən də o hekayənin çox saylı oxucularından biri idim. O qız uşağını bağrıma basmaq, atasına təsəlli vermək istərdim, amma sadəcə “bəyən” düyməsinə basmaqdan başqa bir seçimim yox idi.
Arıq Bədəndə Nəhəng Şücaət
Bir ortayaşlı kişini isə tamamilə başqa bir mənzərədə ekran arxasından özüm görmüşdüm. Yəmənin çöllərində silahların çatışdığı bir ortada nazik və çılpaq bacaqları ilə bir tərəfə doğru qaçırdı. Kamera onu uzaqdan çəkirdi, qaçdığı sahənin ortasında bir qaranlıq görünürdü. Budur, ona yaxınlaşdı və əyilib çiyinlərinə aldı və tərəddüd etmədən irəliyə doğru qaçmağa başladı. Mərmilərin səsi aydın şəkildə eşidilirdi, ayaqlarının altında və arxasında yerə dəyən mərmilərin qaldırdığı tozu görmək olurdu, həyəcandan o tozu ekranın arxasından burnunla hiss etdiyini düşünə bilirdin. O arıq bədəndə bu nəhəng şücaət və qəhrəmanlıq necə sığa bilmişdi?! Onu həmin anda öz həyatını riskə atmağa məcbur edən o bəşəri şüura nə ad versək doğru ola bilər? Şücaət belə bu halı vəsf etməyə acizdir, şücaətdən, fədakarlıqdan ötə bir hisdir bu!
Bir Qəlbdən Daha Artıq
Ölümcül xəstə və əlil uşaqları evinə alıb onlara qayğı göstərən yaşlı bir müsəlman kişinin hekayəsi də bir başqadır. Onun sinəsi üstünə tökülən qalın və sıx saqqalı çox sayda uşağın çiynini oxşayıb. Qara torpağa tapşırdığı ona yaxın uşağın hər birinin yatdığı yeri əlinin içi kimi bilir, adlarını xatırlayır. Onları doğan doğma anaları tərk etmişdi, amma ürəyi sərt olduğu düşünülən ortayaşlı bir kişi onları övladlığa qəbul etmişdi, onları ehtiyac duyduqları ailə istiliyi ilə təmin etməyə çalışmışdı. Bu yerdə düşünüb durursan ki, bunun öhdəsindən gələ bilmək üçün qəlbin mərhəmətli, duyğusal olması, yoxsa sərt və dözümlü olması lazımdır?! Hər nə qəlbdirsə ölçülməz və qiymətə tabe tutula bilməz hislərin daşıyıcısıdır.
“Səni bağışladığımı bilməni istəyirəm”
Daha bir mənzərə gözümün qarşısında canlanır. Məhkəmə zalında 50 yaşlarındakı bir kişi ittiham olunan gənc oğlana yaxınlaşır və onu qucaqlayır. O gəncə titrəyən səsi ilə – “səni bağışladığımı bilməni istəyirəm” – deyir. Yaşı əllini ötüb keçsə də oğlunun 18 yaşı var idi, tək və yeganə oğlu idi, onu çox gözləmişdi. Evli olduğu 10 il ərzində uşağı olmurdu və sonunda Allah ona bir oğul övladı vermişdi. İndi isə soyuq məhkəmə zalında onun həmin oğlunu, ürəyinə güllə sıxaraq öldürmüş bir caniyə sarılaraq kövrək bir şəkildə durmuşdu. Öldürdüyü oğlanın atası tərəfindən bağışlanmaq, hələ üstəlik qucaqlanmaq qarşısında karıxmış gənc əllərini yanına salmaqdan başqa nə edəcəyini bilmirdi. Boyu kişinin boyundan o qədər böyük idi ki, kişinin başı onun sinəsində idi, hətta ürək döyüntülərini belə eşidirdi. Oğlunun ürək döyüntülərini dayandırmış bir insanı qucaqlamaq, onun ürək döyüntülərinə təslim olmaq hansı sözlərlə təsvir oluna bilər axı?!
Həqiqət:
Bütün bu mənzərələr bəşər həyatında təkrarlanan və hər zaman fəzaya doğru öz dalğalarını göndərən duyğularla yüklənmiş mənzərələrdir. Hollywood’da “Walk of Fame” küçəsində məşhurlar öz izlərini buraxdığı kimi bu duyğular, hislər və xatirələr kosmik pərdədə öz izlərini buraxırlar. İnsanlar məhv olsalar da bu xatirələr məhv olmayacaq, çünki onlar Allahın mütləq elmində var olmağa davam edəcəklər və Allahın elmi məlum olduğu kimi əbədidir. Şücaət, qəhrəmanlıq, fədakarlıq, şəfqət, mərhəmət, bağışlama kimi duyğular və əməllər heç bir material sərvətlərlə qiymətləndirilə bilməyəcək qədər dəyərlidir. Insanların öz aralarında yaşaya biləcəkləri bu hallar bu qədər xüsusi, bu qədər dəyərli ola bilirsə o zaman Yaradıcı ilə bəndə arasındakı hal daha dəyərli olmalıdır. Ona görə də bir bəndənin, etdiyi günahı etiraf etməsi, peşman olması və Rəbbinə geri dönməsi, tövbə etməsi, Onun qarşısında səcdə edib acizliyini, Ona möhtac olduğunu etiraf etməsi ən dəyərli anlara aid olmalıdır. İnsan insan olaraq yaradılmasaydı, yəni azad iradə ilə, çətinliklərə, sıxıntılara düşmək potensialı ilə yaradılmasaydı, bu sınaq dünyasında yerləşdirilməsəydi bu gözəlliklərin heç biri olmazdı. Bu kosmik əhəmiyyətli gözəlliklər yalnız bu ağır və acılı şərtlərdə mümkündür. O zaman şəkk edənlərdən birinin verdiyi sualın üzərində durmalıyıq. Şəkk edən soruşur:
“Əgər Allah mənim küfr edəcəyimi bilirdisə niyə məni yaradırdı?” yaxud da “nə üçün Allah hamını yaradıb birbaşa cənnətində yerləşdirmədi?”
Özün Cavab Ver:
Biz istərdik ki, bu sualı verən şəkk sahibi bu halın üzərində oturub fikirləşsin. Öz azad seçimi ilə küfrü tərcih edən, Allahı və Onun vəhyini inkar edən məxluqların xatirinə Allah bu qədər gözəllikləri yaratmamalı idimi?! Allah bəşəriyyəti yaratmaqla onların içində Özünə sadiq dostlar yaradır, çünki insan övladı Allahın yaratdığı ən əzəmətli varlıqlardandır. Elə ibadətlər var ki, onu insanlar və cinlər edə bilirlər; ona görə də Allah mömin bəndələrini sevir. Mələklər Allaha tövbə etməklə, Allah qarşısında peşmançılıqlarını ifadə etməklə ibadət edə bilmirlər, bunu günah edə bilən insanlar edirlər. Allah isə bağışlamağı sevir, mərhəmət etməyi sevir, hidayət etməyi sevir. Şəkk edənlər bir daha düşünməlidirlər;
Məgər onların xətri Allah qatında o qədər dəyərlidir ki, onlardan ötrü bütün bunlardan imtina edilməli idi?!
Cavab yaz