Amerikalı anropoloq, filosof, təbiət elmləri barəsində kitab yazarı Loren Eiseley (1907-1977) “The Saturday Review” jurnalının 1974-cü il, 23 fevral buraxılışında maraqlı bir məqalə dərc edib. “Kosmik Yetim” adlanan bu məqalədə Loren Eiseley insaniyyət üçün önəmli olan bir halı çox bədii şəkildə oxucularına çatdırır.
“Mən, bir kəsin “mən kiməm?”, “mən nə üçün buradayam?”, “mənim varlığımın mahiyyəti nədir?”, “böyümək nə deməkdir?”, “dünya nədir?”, “nə qədər burada yaşayacam?”, “görəsən sonra mənə nə olacaq” suallarını verməyə başladığı o qeyri-müəyyən, lakin önəmli yaşda bir gənc olduqda kiçik yoldaşımla çay üzərindən keçən körpünün üstündə tez-tez gəzərdim. Körpünün hissələri arasından təxminən on beş metr aşağıdakı parıltılı su səthini görmək olurdu. O halda valideynlərimizin haqqında xəbərdarlıq etdikləri təhlükəli bir işi görürdük. O qara körpünün üstündə tutulsaydın heç də yaxşı olmazdı. Orada çox faciəvi bir şey, ölüm adlanan bir şey baş verə bilərdi.”
Lorenin məqaləsi:
Loren bu sözləri ilə məqaləsinə başlayır. İki nöqtəyə diqqət çəkir; İnsanların daim axtarışda olmasına və ölümdən çəkinməsinə. Məqalənin adı da maraqlıdır: “Kosmik Yetim”. Bunu atası ilə uşaqlıqda etdiyi söhbətindən xatırlayırdı. Atasına insanların bura necə gəldiyini soruşduqda atası ona insanları yetim olaraq vəsf etmişdi:
“Bir vaxtlar kasıb bir yetim var idi ki, ona necə yaşamağı, özünü necə aparmağı öyrədən heç kim yox idi. Bəzən ona heyvanlar, bəzən də fövqəl-təbii varlıqlar kömək etdilər. Lakin hər şeydən öncə bir şey aşkar idi; Yer kürəsinin digər sakinlərindən fərqli olaraq ona birilərinin kömək etməsi lazım idi. O öz yerini bilmirdi, onu tapması lazım idi. Bəzən təkəbbürlü idi, ona görə də təvazökarlığı öyrənməli idi, bəzən qorxaq idi, ona kimsə cəsurluğu öyrətməli idi…”
Lorenin atası insanın necə yetim olduğunu ona izah edirdi. Loren daha sonra bu düşüncələrini böyükdükdən sonra da davam etdirdi. Ona görə biz sadəcə təbiətdə yetim varlıqlar deyilik, ümumiyyətlə kosmosda yetim olan varlıqlarıq. İnsan kainatda yeganə varlıqdır ki, “mən kiməm?”, “mən burada nə edirəm?”, “mənim sonum nə olacaq” suallarını verib durur. İntibah dövründən, yəni dinlərin cəmiyyətlərdən sıxışdırılıb çıxarılmağa başlandığı zamandan bəri insanlar bu suallara Allah məfhumunu unudaraq cavab tapmağa çalışırlar. Allahı bu suallarla bağlamaq istəməyənlər axtardıqları və tapdıqlarını güman etdikləri cavablar ilə sevinmədilər, əksinə aldıqları cavablar çox üzücü və faciəvi idi. “Sən, ey insan, təbii proseslərin təsadüfü törətdiyi kənar bir məhsulsan, maddə, vaxt və təsadüfün cəmindən əmələ gəlmiş bir məhsulsan. Sənin mövcud olmağının heç bir məqsədi/mahiyyəti yoxdur. Sənin bütün inancın/imanın ölüdür.”
Müasir avropalı insan Allahdan “qurtulduqdan” sonra ona təzyiq edən, onu əsarətə salan hər bir şeydən qurtulduğunu güman edirdi. Əksinə “ilah” məfhumunu öldürməklə özünü də öldürdüyünü dərk etdi, çünki əgər Allah yoxdursa o zaman insanın həyatı mənasız olur.
Əgər Allah mövcud deyilsə:
Əgər Allah mövcud deyilsə o zaman insan və bütün kainat ölümə məhkumdur. İnsan da digər bioloji varlıqlar kimi mütləq ölməlidir. Ölümsüzlük, əbədilik ümüdü yoxdur, insanın həyatı onu sadəcə və sadəcə qəbirə götürür. İnsanın həyatı qaranlıq zülmətdə ani çıxan bir qığılcım kimidir, anidən parıldayır, işıq saçır və həmişəlik solub gedir. Ona görə də hər bir fərd “mövcud olmamaq təhlükəsi” ilə üzbəüz gəlir. Bu gün var olduğumu, yaşadığımı bildiyim halda nə zamansa var olmayacağımı, yaşamayacağımı bilirəm.
Uşaq zamanında pak kimliyimiz ölüm reallığını qəbul etmir, çünki fitrətimizə ziddir, fitrətimiz əbədiyyat tələb edir. Lakin allahsız insanlar böyüdükcə bu “reallıqla” barışırlar. Ölüb yox olmağı qəbul edirlər, özlərini buna alışdırırlar. Lakin təhrif olunmamış uşaq saflığı bunu qəbul edə bilmir. Fransız filosofu Jean-Paul Sartre bununla bağlı deyir ki, “ədəbiyyatı itirdikdən sonra sənin üçün bir neçə saat ilə bir neçə il arasında fərq qalmır.”
Yox olmaq təhlükəsi sadəcə hər bir fərdi ayrıca təhdid etmir. Bütün bəşəriyyət bu qaçınılmaz sonluğa doğru gedir. Müasir elmin vardığı ən son nəticəyə görə kainat genişlənir və genişləndikcə soyuqlaşır və enerjisi səpələnir, yayılır. Sonunda bütün ulduzlar yanıb qurtaracaq və sönəcəklər, bəşəriyyət məhv olub gedəcək. Bəşəriyyət üçün bir qurtuluş axtarmaq mənasızdır, çünki bəşəriyyətin ölümünə doğru inanılmaz sürətlə genişlənən bu nəhəng kainatı durdurmaq imkansızdır. O zaman sadəcə olaraq insanlar ayrı-ayrılıqda yox, bir varlıq olaraq yox olmaqla üz-üzə durublar.
Allahsız həyat:
Əgər Allah yoxdursa o zaman bu həyat tamamilə mənasızdır. Bu, ölümə məhkum olunmuş məhbuslar kimi edam olunmağı gözləməyə bənzəyir. O zaman bizim bu yaşadığımız həyatın önəmli bir dəyəri yoxdur, bir məqsədi yoxdur. “Önəmli olan özündən sonra ad buraxmaqdır”, “önəmli olan tarixə düşməkdir” şəklində təsəlli üçün istifadə olunan sözlər də əslində absurd görünür, çünki əgər bəşəriyyət məhv olacaqsa, heç bir canlı qalmayacaqsa o zaman tarix də olmayacaq. O zaman ümumiyyətlə nəyinsə kainatda var olmasının bir mənası qalmayacaq. Başqa sözlə kainatın və canlıların ümumiyyətlə əmələ gəlməsi ilə əmələ gəlməməsi arasında heç bir fərq qalmır.
Cavab yaz