“İblislərlə Dolu Dünya” və Elmin metodu

Azərbaycanda təbiət elmləri sevilir, ciddi bir şəkildə öyrənilib tədqiqat sahəsinə çevrilməsə də, gənc nəsil təbiət elmlərini bir trend kimi sevir və dəyərləndirir. Bununla birlikdə, təbiət elmləri barədə gənclər arasında sübutunu tapmamış bir inanc vardır: istənilən bir şeyin doğru və ya xəta olduğunu bizə yalnız Elm deyə bilər. Yeni nəsil bu inancın həqiqətdə digər inanclar kimi bir inanc olduğunu dərk etmir. Həmçinin dövrümüzün elmi institutlarında qəbul görən və tətbiq edilən elmi metodların bir çox önəmli mövzularda məhdud, hətta qərəzli olduğunu da dərk etmirlər.

“İblislərlə Dolu Dünya”

Biz bu yazımızda Elmi Metodun özlüyündə sadəcə bir alət olduğunu, onu istifadə edən alimin qərəzindən asılı olaraq qərəzli nəticələr verə biləcəyini nümayiş etdirəcəyik. Təbiət elmlərinin gücünə, Haqqın yeganə mənbəyinin Elm olduğuna inanan ateist alimlər çoxdur. Bu inanca fəlsəfədə “sayəntizm” (scientism) deyirlər. Bu alimlərin arasında ən çox tanınanlardan biri də Carl Sagan’dır, hansı ki, onun kitabı bizim dilimizə “İblislərlə Dolu Dünya” adı ilə tərcümə edilib. Kitabın mahiyyəti də məhz Elmin gücünü təsdiqləmək, onun yeganə haqq mənbəyi olduğunu təsdiqləməkdir.

Harvard universitetindən amerikalı təkamülçü bioloq, riyaziyyatçı və genşünas Richard Lewontin bu kitaba maraqlı bir resensiya yazıb. Carl Sagan ilə ilk dəfə 1964-cü ildə Arkansas ştatında, Little Rock şəhərindəki tamaşa zalında debat panelini bölüşərkən tanış olduğunu deyən Richard oraya bir tapşırıq ilə göndərildiklərini qeyd edir. Hər iki alim əksəriyyətin dindarlardan ibarət olduğu tamaşaçı kütləsini təkamül nəzəriyyəsinin bir fakt olduğuna inandırmaq üçün gəlmişdi. Xristian fundamentalistləri ilə tanınan bir şəhərdə dindarların qarşısında çıxış etməyə könülsüz olmasına baxmayaraq Richard Lewontin bu vəzifəyə yox deyə bilməmişdi, çünki Hermann Muller (1890-1967) kimi nobel mükafatı laureatının israrı qarşısında gənc alimlər adətən şanssız olurlar. Güclü arqumentlərə rəğmən – Lewontin vurğulayır – tamaşaçılar debatta əks panelin lehinə səs verdilər və hər iki alim arxa qapıdan çıxaraq tələsik bir tərzdə şəhəri tərk etdi; “əmin idik ki, əllərində ip və yanan xaç daşıyan kapüşonlu bir dəstə hər an ortaya çıxacaq və New York’dan gəlib ictimai küfr ilə məşğul olacaq qədər cürətli olan iki yəhudi ateisti ələ keçirəcəkdilər.”

“Cahillik ilə elm arasında bir mübarizə”

Dindarları təkamül nəzəriyyəsinə inandırmaq missiyasını uğursuzluqla başa vuran Carl və Richard buradan fərqli nəticələr çıxardıblar. Carlın nəzərində bu uğursuzluğun yeganə izahı “cahillik ilə elm arasında bir mübarizə” idi; qısacası, Carl Sagan özünü elmin çırağıyla aydınlanmış bir alim, onunla razılaşmayan dindarları isə cəhalətin zülmətində kor qalmış doqmatik dindarlar, savadsız fanatiklər kimi görürdü. Məhz belə bir təsəvvürdən çıxış edərək Carl özünü elmin kütləviləşdirilməsinə, populyarlaşdırılmasına həsr etmişdi. O, informasiya vasitələri ilə publikanı bu cəhalət girdabından qurtarmağın mümkün olduğuna inanırdı.

“İnsanların başına kainat haqqında doğru rəyi yerləşdirmək üçün hər şeydən əvvəl onların başından doğru olmayan rəyləri çıxarmaq lazımdır.” İnsanlar isə – Carla görə – fenomen dünyası haqqında çox absurd şeylərə, xətalı düşüncənin nəticəsi olan absurd fikirlərə inanırlar. Əsas problem, ən yaxın ulduza olan məsafəni və genlərin tərkibini ictimaiyyətə öyrətmək deyildir, çünki belə bir layihə nə qədər böyük olsa da, əslində, yararsızdır. Həqiqi ”problem, insanları, dünya haqqındakı qeyri-rasional və fövqəl-təbii izahları, yalnız öz təxəyyüllərində mövcud olan şeytanları rədd etməyə və Elm kimi sosial və intellektual aparatın yeganə haqq mənbəyi olduğuna inandırmaqdır.” Beləliklə də Carl Sagan bu məqsədlə “The Demon-Haunted World” (İblislərlə Dolu Dünya) kitabını qələmə alıb və kitabında elmin həqiqətləri öyrənmək üçün yeganə yol olduğunu vurğulayır, bütün fövqəl-təbii izahları mövhumat hesab edir.

Naturalizm və Sayəntizm

Ateist dünyagörüşünü gizlətməyən Carla görə bütün dini təsəvvürlər də bu mövhumatlar sırasına daxildir. Beləliklə də, hər bir şey çox bəsit bir izahla aydınlıq tapa bilər, ortadakı problemi görmək ağ fonda qara ləkəni görmək qədər asan idi. Ölənə qədər də “mövhumata” qarşı mübarizə aparmaq üçün Carl Sagan kütləvi informasiya vasitələrinin əhəmiyyətini qeyd edirdi. Sagan kimi sadə düşünən, məsələləri bəsitləşdirən alimlər az deyildir. Onlar özləri də xəbərsiz şəkildə tamamilə başqa bir doqmaya inanırlar. Buna biz naturalizm və sayəntizm deyə bilərik. Naturalizmə görə mövcud olan yalnız və yalnız fiziki dünyadır və təbiətdən ötədə heç bir şey mövcud deyildir; onlar maddi olmayan hər bir şeyi inkar edirlər. Sayəntizm isə haqqı bilməyin yeganə yolunun elm, daha dəqiq desək təbiət elmləri olduğunu deyir. Hər ikisi də elmi metod ilə isbat edilməsi mümkün olmayan fəlsəfi mövqedir.

Lakin bununla belə bu günün elmi dairələrində istifadə edilən və qəbul görülən standartlar naturalizmi əsas alır. Ona görə də Carl Sagan’ın təbliğ etdiyi Elm məhdud olmaqla yanaşı, həm də qərəzlidir. Məhdud olmağını anlamaq asandır, çünki Elm bizim üçün həyati önəm daşıyan bir çox suala cavab verməkdən acizdir; Elm bizə təbii proseslərin necə olduğunu izah edə bilir, hansı səbəblə baş verdiyini izah edə bilir, lakin “necə olmalıdır?”, “hansı məqsədlə vardır?” kimi suallara cavab verə bilmir, həmçinin mənəvi dəyərlər və etika ilə bağlı sahələrdə də susur.

“Elmi metod” nədir?

Qərəzli olmasına gəldikdə isə ideoloji bir təməl üzərində qurulub və bu, naturalistik bir dünya görüşündən ibarətdir. Sagan’ın kitabına yazdığı resensiyada Lewontin onun sərgilədiyi sadəlövhlüyə dostcasına toxunur və kitabın əsas arqumentindəki zəifliyə işarə edir. Hər şeydən əvvəl kitabın bütün ağırlığı ilə “Elmi Metod” adlandırdığımız analiz aləti üzərinə əsaslandığına diqqətimizi çəkir. Bəs Elm özü və Elmi Metod nədir? Bu barədə qaneedici bir izahat yoxdur. Elmin özünün üstünlüyü, metodunun qətiliyi və inandırıcılığı nəyə əsaslanır? “Elmi Metodun” yeganə haqq mənbəyi olması iddiası özü də elmi izaha ehtiyac duyur. Lewontin etiraf edir ki, “arqumentin qane etmə qüvvəsi ona inananlar üçün güclü görünsə də, təəssüf ki, şübhə ilə yanaşanlara o qədər də güclü görünmür.” Bəli, belə bir dünya görüşü özü də metafizik bir təsəvvürə əsaslanır, çünki hər şeydən əvvəl “elmin” və “elmi metodun” yeganə haqq mənbəyi olduğunu demək naturalizmin yeganə doğru dünya təsəvvürü olduğunu deməkdir.

Belə bir iddia sahibi bununla maddə və təbiətdən başqa, yəni fiziki dünyadan başqa hər bir şeyin mövcudluğunu inkar edir. Təbii ki, belə bir mövqe fəlsəfi dünya görüşüdür və özünün isbata ehtiyacı vardır. Richard Lewontin’in bu barədə maraqlı bir etirafını bölüşsək, yerinə düşər. O, Sagan’ın kitabına yazdığı resensiyada belə deyir:

Richard deyir:

”Sağlam düşüncəyə qarşı olan elmi iddiaları qəbul etməyə meylli olmağımız elm ilə fövqəltəbiət arasındakı mübarizəni başa düşmək üçün açardır. Elmin bəzi formalarının aşkar absurdluğuna baxmayaraq, onun həyat və sağlamlıqla bağlı verdiyi aşırı vədlərinin çoxunu yerinə yetirə bilməməsinə baxmayaraq, elmi icmanın (təkamül haqqında) əsaslandırılmamış hekayələri tənqidsiz qəbul etməsinə baxmayaraq biz elmin tərəfini tuturuq, çünki bizdə apriori bir bağlılıq/sədaqət var; materializm qarşısında sədaqət. Fenomenal dünya üçün materialist izahı qəbul etməyə bizi vadar edən heç də elmi metodlar və ya elmi institutlar deyildir, əksinə, nə qədər intuisiyamıza zidd olsa da, nabələd insana nə qədər əsrarəngiz görünsə də, materialist izahlar verən araşdırma mexanizmi və konseptlər sistemini yaratmağa bizi materialist səbəblərə apriori sədaqətimiz məcbur edir. Üstəlik materializm mütləqdir, çünki biz İlahi Ayağa qapının astanasından keçməyə izn verə bilmərik.”

Richard Lewontin

Elmi iddialara sağlam düşüncəyə qarşı

Lewontin’in bu sözlərinə yaxından nəzər salmağımıza ehtiyac vardır. Burada etiraf edir ki, bir çox elmi iddialar insanların sağlam düşüncələrinə zidd gəlir, amma, bununla yanaşı, elmi camia bu iddiaları – sübut olunmasa belə – qəbul etməyə hazırdır. Elmi iddiaların bir çoxunun sağlam düşüncəyə zidd olmasından ziyadə, Elmin özü – Lewontin’ə görə – insanları dəfələrlə xəyal qırıqlığına uğradıb; verdiyi vədlərinin çoxunu yerinə yetirə bilməyib, elmin bəzi formaları absurdluğu ilə yadda qalıb. Sagan “İblislərlə Dolu Dünya” kitabında deyir: “Alvarez və Randi sübut etdi ki, insanlar tənha olduqda və nəyəsə inanmağa möhtac olduqda inancları korlamaq, publikanı aldatmaq nə qədər də asandır!”

Bununla da dinlərin, kultların və psevdoelmin nümayəndələrinin insanları öz vədləri ilə adlatdığını qəsd edir. Onun nəzərindən qaçan budur ki, eyni şeyi elmin adı ilə də edirlər. Bunu nümayiş etmək üçün Lewontin’in öz sözləri kifayət etməlidir və biz onu burada parafraza edirik:

Lewontinin sözləri belədir:

“Öz ticarətləri/peşələri ilə bağlı ekstravaqant iddialar etdikdən sonra mallarını dişlənəcək qədər böyük paketlərdə çatdıran yeganə elm adamları bioloqlar deyildir. Məhsul saxta çıxdıqdan sonra onun geri qəbul edilməsi üçün özünə əziyyət verməyən “bilik istehsalçıları” da tək onlardan ibarət deyildir. Sagan’ın öz sahəsi də eyni biznesin içindədir. Kosmos araşdırmalarına gedən xərclərlə bağlı azalan ictimai marağı yenidən dirçəltməyə həvəsli bir şəkildə Nasa alimləri… Marsdan bir daşda bəzi orqanik molekulların tapılması barəsində çox böyük hay-küy qopardılar. (Bəlkə) Marsda (rudimentar xarakterli) bir həyat vardır (və ya olub)! Bundan sonra kosmik maşınlarda oturmuş balaca yaşıl adamlar uzaq ola bilərmi?! Əgər bu molekulların – bəzi alimlərin fərz etdiyi kimi – Yer kürəsindən bulaşmış olması və ya qeyri-canlı kimyəvi sistemdə istehsal edilmiş olması ortaya çıxarsa, bu fakt – əlbəttə ki, – Ağ Evin mətbuat konfransında və ya New York Times qəzetinin ön səhifəsində elan edilməyəcək. Üstəlik tez-tez deyilib ki, Elm faktlara əsaslanmayan teoriyalara və adekvat sübuta dayanmayan fərziyyələrə qarşı dözümsüzdür.

Amma epistemologiyanı oxuyan heç bir ciddi tələbə Elmin teoretik müşahidələr üzərindən edilən Beykonik (Francis Bacon) induksiya prosesi olduğunu qəbul etmir, bu çox sadəlövh bir təsəvvürdür. Heç bir müşahidə özündən əvvəl var olan teoriyalar cihazı olmadan mövcud ola bilməz. Hissi təcrübələrimizin müşahidələrə çevrilməsindən əvvəl bizim teoretik suala ehtiyacımız vardır və hansı müşahidənin doğru müşahidə hesab edilməsi özü də teoretik məzmundan asılıdır. Mövcud nəzəri məzmuna oturmayan, lakin təkrarlanan müşahidələr həmişə gözdən yayınıb itir və onları ortaya çıxaran eksperimentlər bir daha sınaqdan keçirilmir.

R. Lewontin

Lewontin sözlərinə belə davam edir:

1930-cu illərin görkəmli genşünasları “dauer modifikasiyalarını”, orqanizmdə ətraf mühitin səbəbi ilə əmələ gələn və törəmələrə keçən, yalnız növbəti nəsillərdə tədricən yoxa çıxan dəyişikliklər olaraq vəsf edirdilər. Genetika elmi gücləndikdə, kəsb edilmiş xarakterlərin irsi ötürülməsini qəti şəkildə inkar etməsi ilə “dauer-modifikasiyaları” zibilliyə göndərildi və komissiyadan çıxarılmış digər faktlara qarışaraq hələ də orada qalmaqdadır. İstənilən elmi araşdırmanın standart forması nəzəri sual ilə başlayır, ondan sonra suala uyğun gələn müşahidələri toplamaq üçün nəzərdə tutulmuş eksperimental metod izah olunur. Yalnız bundan sonra müşahidələr təsvir edilir. Axırda isə müzakirə bölməsi gəlir ki, orada müşahidələrin tam bir şəkildə bəyəndiyimiz nəzəriyyəyə müvafiq olmamasını rasionallaşdırmaq üçün xeyli enerji sərf edilir və daha qənaətbəxş nəticələr verə biləcək başqa eksperimentlər təklif olunur. “Çox zaman dərin retorik problemlə üzləşən bir fikri xilas etmək üçün bəhanələr gətirənlərin” yalnız iblisşünaslar olduğunu deyən Sagan’ın rəyi, qətiyyən mənim oxuduğum elmi ədəbiyyatla uyğun gəlmir. Bu problem təkcə biologiyaya da xas deyildir.

Nisbilik effektlərini ölçərkən gördükləri nəticələr ilə Einstein’in kəmiyyəvi proqnozu arasındakı uyğunsuzluğu fiziklərin izah etmək çabaları Sagan’a gizli qalmayan bir misaldır. Adekvat dəlilləri olmayan fərziyyələrə gəldikdə isə elmi ədəbiyyat, xüsusilə də, populyar elmi yazılar bunun misalları ilə doludur. Carl Sagan’ın “elmi populyarlaşdıran ən yaxşı müasir alimlər” üçün verdiyi siyahıya E.O. Wilson, Lewis Thomas və Richard Dawkins də daxildir. Onların hər biri elə əsaslandırılmamış fərziyyələr və faktlara zidd düşən iddialar irəli sürüblər ki, onlar özlərinin bazara satışa çıxardıqları hekayələrin tam mərkəzində durur. Wilson’un “Sociobiology” və “On Human Nature” kitabları, altruizmdən tutmuş ksenofobiyaya qədər hər bir şeyin genetik olaraq qabaqcadan müəyyən edilməsi iddiası kimi, bataqlığın səthində durmuş əsassız iddialardan ibarətdir.

Dawkins’in darvinizmi bayağılaşdırması, təkamül nəzəriyyəsində seçilərək üstün olmuş genlərin amansız hakimliyindən başqa bir şeydən xəbər vermir, halbuki, son əlli ilin eksperimental və teoretik genetikasında əldə edilmiş texniki nəaliyyətlər təkamülün qeyri-seçici gücləri üzərində vurğu edir…”

R. Lewontin

Kimə inanmaq məsələsi

Lewontin bu sözlərində bizə elmi materialın əsassız, faktlara zidd, saxta iddialarla dolu olduğunu xatırladır. Üstəlik, bunların bir çoxu sağlam düşüncəmizə, intuisiyamıza ziddir. Bununla belə, Elm ilə maraqlananlar, onun axtarışında olanlar rahatlıqla bunu qəbul edirlər. Əslində Lewontin özü bunun izahını verir. Məsələ avtoritet məsələsidir. “Lakin alimlər öz ixtisaslarının hüdudunu keçdiklərində avtoritetlərin iddialarını, onların nə qədər möhkəm təməllər üzərində durduğunu bilməsələr belə, qəbul etməkdən başqa seçimləri yoxdur. Kvantum fizikası haqqında Steven Weinberg’ə inanmayıb da kimə inanacam və ya günəş sistemi haqqında Carl Sagan’a inanmayıb da kimə inanacam?! Məni rahatsız edən onların Dawkins və Wilson kimilərin təkamül haqqında dediklərinə inanmaqlarıdır.”

Lewontin’in burada demək istədiyi insanlarda bildiyimiz tipik bir xüsusiyyətdir. Xəstəliyimi bilmək istəyirəmsə, həkimə inanacam, əgər dinimi öyrənmək istəyirəmsə ilahiyyatçıya inanacam, çünki hər sahənin avtoriteti vardır və insanların avtoritetlərə inanması normal haldır. Lewontin xatırladır ki, elmdə sağlam düşüncəyə zidd olan bir çox nəzəriyyə elmi camia tərəfindən qəbul edilir. Bunun üçün belə bir misal verir: “Carl Sagan mənim kimi işığın ikili təbiətə malik olduğunu, yəni eyni zamanda həm dalğa, həm də zərrəcik olmasını qəbul edir.”

Özümüzə sual verək

Bir şeyin eyni zamanda həm zərrəcik, həm də dalğa olması sağlam düşüncəyə zidd gəlir. Bu sahə əslində Lewontin’in sahəsi deyildir, çünki onun ixtisası biologiyadır. Bununla belə fiziklərə etimad etdiyi üçün bu cür elmi nəzəriyyələri etirazsız olaraq qəbul edir. Özümüzə belə bir sual verə bilərik: Yer kürəsində əhalinin böyük əksəriyyəti nə biologiyadan bir şey anlayır, nə genetikanın qəliz mexanizmlərini başa düşür, nə də paleontologiyadan zərrə qədər xəbəri vardır, lakin bununla belə ateistlər, naturalistlər insanların təkamül nəzəriyyəsini qəbul etməklərini gözləyirlər? Halbuki onlar ID (Intelligent Design) tərəfdarlarından olan Michael Behe, Stephen Meyer kimi biokimyaçıların kitablarını oxumayıblar, arqumentlər arasında müqayisə aparmayıblar. ID müasir elmi metodlara görə rədd olunursa, bu da əslində elmi metodların qərəzli olduğunu göstərir.

Hətta ateist təkamülçülərin öz içlərində belə ənənəvi təkamül mexanizmləri üçün verilmiş izahların qaneedici olmadığını deyənlər belə vardır və getdikcə sayları çoxalır. Onlar təbii seçim nəzəriyyəsinin, təsadüfi mutasiyaların müsbət nəticələr doğurması fikrinin süquta uğradığını etiraf edirlər. Carl Sagan’ın öz keçmiş arvadı Lynn Margulis məşhur və uğurlu bioloqdur. (Hələ Lynn Margulis Amerika Milli Elmlər Akademiyasının üzvü ikən Carl Sagan’ın üzvlük üçün namizədliyi irəli sürüldü, lakin qəbul edilmədi.) Margulis təkamülçü ateistdir, lakin neo-darvinist izahların artıq böhrana uğradığını gördüyü üçün yeni izaha ehtiyac olduğunu deyənlərdəndir. O, bununla bağlı deyir: “O görüşdə mən bu cür nəzəriyyəbaz neo-darvinizmin artıq öldüyünü dediyimdə Ayala mənimlə razılaşdı. O özü neo-darvinizmin tərəfdarlarından idi, lakin molekulyar genetikada, təkamüldə, ekologiyada, biokimiyadakı tərəqqi və başqa yeniliklər, neo-darvinizmin artıq ölü olması fikri ilə razılaşmasına səbəb oldu…”

Natural və Supernatural

İnsanların cılız bilikləri ilə bu akademiklərin arasında gedən sözügedən qızğın müzakirədən necə baş çıxarması gözlənilə bilər?! Buradakı qərəz iki tərəfdən özünü göstərir:- Karl Popper’in və onun həvarilərinin təqdim etdiyi elmi metod yalnız naturalistik dünya görüşünə əsaslanır. Burada naturalist bir ateist və ya aqnostik özündə bir nöqtə üzərində düşünməlidir: Fərz edək ki, Allah mövcuddur və hər bir şeyi Allah yaradıb və O, təbiətdən ötədə mövcud olan bir varlıqdır. Əgər biz Big-Bang kimi fiziki nəzəriyyələrdə yalnız natural izahlar axtarırıqsa, o zaman supernatural izahlar bizim araşdırmamızdan kənarda qalacaq.- İnsanların əksəriyyəti biologiyanın, fizikanın, kimyanın, astrofizikanın təfsilatı barəsində cahil olduğu halda onlardan yenə də bu elmin nümayəndələrinin sözlərinə inanmaq tələb olunur.

Bəzi metafizik təsəvvürləri qəbul edən insanlar çox sərbəst şəkildə bu mövqelərinə görə tənqid olunurlar. Tənqid edənlər bunu “dəlilsiz, əsassız şeylərə inanmaq” olaraq tənqid edirlər, halbuki bu gün elmi iddiaların çoxunu qəbul edən insanların o iddiaların dəlillərini, əsaslarını bilmədən qəbul edirlər. Bu isə sadəcə olaraq Elmə etimad edildiyi üçündür. Elm üçün xüsusiləşdirilmiş belə bir imtiyaz, bizim sözünü etdiyimiz qərəzin misalıdır.

https://www.nybooks.com/articles/1997/01/09/billions-and-billions-of-demons/