Məscidlərin minarəsində olan ayparalar ərəb bütpərəstlərin ay tanrısı “Hubal”dırmı?

Qaraqan kitabında yazır:

“…Təkcə Kəbə deyil, bütün Ərəbistan yarımadası boyu yüzlərlə müqəddəs daşa ərəblər inanır və tapınırdılar. Kəbənin içində isə 300-dən çox büt var idi. Uzza, Lat, Manat adlı bütlər Allahın qızları kimi adlanırdı və onlara ibadət olunurdu. Ərəblər səma cisimlərini ilahiləşdirirdilər. Bu bütlərin içində güc və əzəmətinə görə digərlərindən daha böyüyü də var idi. Onun adı Hubal idi. Baxın bu Hubalın işarəsi aypara idi. Bütpərəstlər ayparaya səcdə edərək Hubala ibadət edirdilər. Bədr savaşında Məhəmməd peyğəmbərə qarşı gələn bütpərəstlər Hubala dua edərək qışqırırdılar ki, “Hubal hər kəsdən yüksəkdir.” Çox qəribədir ki, sanki İslam qalib gələndən sonra, bütün bütlər Kəbədən çıxarılandan sonra da əsas büt, hamısından vacib və zəhmli olan Ay para tanrısı Kəbədən çıxarılmadı. Əksinə “Hubal hər kəsdən yüksəkdədir” sözlərinə uyğun olaraq məscidlərin ən yüksək yerinə, minarəsinə yerləşdirildi. Nə üçün? Bu günə kimi bütün müsəlman qardaşlardan soruşanda nə üçün minarənin üstündə aypara var bir şey deyə bilmirlər. Sizə bu qəribə gəlmirmi? İslamın döyüşdüyü, bütpərəstlərin, cahillərin, din düşmənlərinin ibadət etdiyi, müqəddəs saydığı Ayparanı gətirib ən yüksək yerdə yerləşdirməyimiz?”

Kitabdakı şəkil

Qaraqan bu sözlərini yazdıqdan sonra kitabına bir şəkil yerləşdirib. Şəkil gil lövhənin üzərində təsvir edilmiş, taxt üstündə oturmuş bir kişini və qarşısında duran üç qadını əks edir və lövhənin sağ tərəfində yazılar var. Taxtda oturan kişi ilə qadınların arasında yuxarı tərəfdə aypara təsvir olunub. Kitabı oxuyanın ilk təəssüratı budur ki, bu şəkil Hubal ilahını təsvir edir və sanki Qaraqanın yazdıqlarının əyani bir sübutudur.

İlk öncə bu şəkil haqqında danışaq. Qaraqanın kitabında yerləşdirdiyi və gil lövhəni xatırladan bu şəkil həqiqətdə silindr formasında olan bir möhürün əksidir, yəni kağız üzərinə çıxarılmış əksidir. Bu möhür miladdan öncə 2100-cü ilə aiddir və möhürün üzərində Ur şəhərinin kralı Ur-Nammu oturmuş halda təsvir olunur. Onun qarşısında isə inanca görə mühafizə ilahəsi durur və İskun-Sin’ şəhərinin valisi Haşamer’ə valiliyin necə verildiyi təsvir edilir. Yəni mühafizə ilahəsi əli ilə Haşamerin əlindən tutub Ur-Nammu’nun qabağına gətirir və Ur-Nammu ona valilik verir. Bu silindr formasındakı möhür də Haşamerin valiliyini təsdiq edən möhürdür. Burada təsvir edilən aypara isə Mesopotamiyada yaşamış akkad, assur və babillilərin inandığı ay ilahıdır və adına Sin və ya Nanna deyidilər. Bir sözlə bu şəklin cahiliyyə ərəblərdəki Hubal ilə heç bir əlaqəsi yoxdur.

Hubal tanrısı

O zaman Hubal haqqında danışaq. Hubal haqqında hicri 204-cü ildə vəfat etmiş Əbul-Munzir Hişəm bin Muhəmməd əl-Kəlbi’nin “Kitəbul-Əsnəm” (Bütlər haqqında kitab) adlı kitabında (səh: 27-28) məlumat əldə etmək olar. əl-Kəlbi yazır: “Onlara (ərəblərə) görə ən əzəmətlisi Hubal idi. Mənə çatan məlumatlara görə qırmızı aqiq’dən (aqat mineralı) sağ əli qırılmış insan surətində düzəldilmişdi. Qureyşlilərə də bu şəkildə çatmışdı və ona qızıldan əl düzəltmişdilər. Onu ilk yerləşdirən Xuzeymə bin Mudrikə bin İlyas bin Mudar olub və (buna görə də) bütə (bəzən) Xuzeymənin Hubalı deyirdilər. Kəbənin içində idi və qarşısında yeddi qədəh (fal oxları) var idi; birincisinin üstündə “sarih”, “ikincisinin üstündə “mulsaq” yazılmışdı. Doğulmuş uşaqda şikayət etmək istədikdə ona hədiyyə verərdilər və fal oxu ilə vurardılar…” Daha sonra digər qədəhin ölü üçün, o birinin nikah üçün olduğunu, yerdə qalan üçü haqqında isə məlumatının olmadığını deyir. əl-Kəlbi’nin dediklərinin bənzəri İbn İshaq (vəfatı hicri 151) “əs-Siyər val-Məğazi” kitabında və Əbu Abdilləh əl-Vaqidi’nin (vəfatı hicri 207) “əl-Məğazi” kitabında keçir.

Tarixçilər nə deyir?

əl-Kəlbi, İbn İshaq, əl-Vaqidi və cahiliyyə ərəblərinin adətləri haqqında yazmış digər müsəlman tarixçi alimlərdən heç biri Hubal’ın ayla, aypara ilə əlaqəsinin olduğunu yazmırlar. Bəs bu aypara məsələsi hardan qaynaqlanır? Bu barədə hər hansı bir sübut varmı? Bəzi müstəşriqlər, yəni orientalistlər iddia ediblər ki, Hubal ay ilahı olub. Hər kəsə bunu nəyə əsasən dedikləri maraqlı olmalıdır. İşin qəribə tərəfi budur ki, bu iddianı edən orientalistlər iddialarında nə bir arxeoloji tapıntıya, nə tarixi bir rəvayət əsaslanırlar. Lakin bu iddialarının əsası bəzi arxeoloqların israr etdikləri kimi ərəblərin bir “ay ilahı” olması mifinə dayanır. Müsəlmanların dinini gözdən salmağa çalışmış bu orientalistlər heç bir əsas olmadan cahiliyyə ərəblərinin ən əsas ilahlarının “ay ilah” olduğunu deyiblər. Beləliklə də Hubal bütlər içində ən böyük büt olduğu üçün deyiblər ki, həmin ay ilahının bu Hubal olması lazımdır. Bundan başqa heç bir əsasları yoxdur.

“Moon-God” əfsanəsi

Bunların hamısı bəzi orientalistlərin iddia etdikləri və daha sonra xristian missionerlər tərəfindən məşhurlaşdırılmış “Moon-God” (Ay İlah) əsfanəsi ilə bağlıdır. Bu fikri ən çox məşhurlaşdıran və xristiyan oxucular arasında yayan Robert Morey adlı xristiyan fundamentalist olub və onun iddiasına görə müsəlmanların Allahı əslində müşriklərin inandıqları Hubal olub. Bu fikir əslən iyirminci əsrin əvvəllərində alman şərqşünas və bibliyaşünas Julius Wellhausen (1844-1918) tərəfindən spekulyasiya edilib. Həmçinin digər alman arxeoloq və şərqşünas Hugo Winckler (1863-1913) isə iddia edib ki, Hubal ərəblərin ay ilahı olub.

Hubal ay ilahıdırmı?

Hubal’ın ay ilah olduğunu deyən də ilk olaraq Hugo olub. Hugo isə bu fikrini öz növbəsində danimarkalı arxeoloq Ditlef Nielsen’in (1874-1949) nəzəriyyəsindən götürmüşdür ki, Ditlef’ə görə Cənubi Ərəbistandakı ərəblərin ibadət etdiyi ilahlar Ata Ay, Ana Günəş və Oğul Venera olub. Lakin müasir tarixçi alimlər və arxeoloqlar bu nəzəriyyəni rədd edirlər və bunun üçün tutarlı səbəblər göstərirlər. Üstəlik Ditlef’in bu nəzəriyyəsi çox bəsit səbəblərə dayanır, misal üçün “şəms” sözü ərəblərdə qadın cinsində olduğu üçün Ditlef günəşi ana ilahə hesab edib. Bu barədə müasir tarixçilərin ətraflı analizləri vardır. D. A. Brown “The Deities Worshipped in Central and North-Western Arabia at The Advent of Islam” adlı tezisində (1. cild, səh: 188; 1965-ci il) deyir:

“Ryckmans, Les Noms, p. 9, tentatively associates Hubal with the moon, but there is no necessary evidence for this association in the name…”

“Ryckman “Les Noms” kitabında (səh: 9) ilk olaraq Hubalı ay ilə əlaqələndirir, lakin adda bunun üçün lazımi dəlil yoxdur…”

Beləliklə

Beləliklə də müasir orientalist akademik dairələrdə bu fikir tamamilə rədd olunur, çünki heç bir əsası yoxdur. Həqiqətdə cahiliyyə ərəbləri aya və ya günəşə ibadət etmirdilər. Aya, günəşə, ulduzlara ibadət başqa bölgələrdə yayılmış səbailik fikirləri ilə bağlı idi.

Bütün bunlardan sonra Hubalın işarəsinin aypara olduğunu görəsən bu Qaraqan haradan çıxarıb? Hubalın ümumiyyətlə ayla əlaqəsi olmasına dair nə bir arxeoloji sübut var, nə də bu barədə bir tarixi rəvayət vardır, o zaman görəsən bu Qaraqan belə bir işarəni haradan çıxırır? Yoxsa bu onun öz torbasındandır?! Bütpərəstlərin ayparaya ibadət etməklərinin də heç bir əsası yoxdur. Bütpərəstlər Hubalın qarşısındakı fal oxları ilə nikah, uşaq doğumu və bənzər işlərdə qərar qəbul edirdilər, Hubalın yanındakı İsaf və Nailə adlı bütlərə də qurban kəsirdilər.

Daha sonra “hədisləri və əlyazmaları araşdırmış” Qaraqan yazır:

“Bədr savaşında Məhəmməd peyğəmbərə qarşı gələn bütpərəstlər Hubala dua edərək qışqırırdılar ki, “Hubal hər kəsdən yüksəkdir.”

Düzəliş

İlk öncə burada bir düzəliş edək. Bu, Bədr savaşında deyil, Uhud savaşında olub və bu hədisi bir çox müsəlman alimi kitabında qeyd edir. əl-Buxari “əs-Sahih” kitabında səhabə əl-Bəra bin Azib’dən rəvayət edərək deyir: “O gün müşriklər ilə qarşılaşdıq və Allahın elçisi – salləllahu aleyhi va səlləm – oxçulardan ibarət bir ordu saxladı və dedi: “Yerinizdən ayrılmayın! Onlara üstün gəldiyimizi gördükdə yerinizdən ayrılmayın! Onların bizə üstün gəldiklərini görsəniz yerinizdən ayrılmayın!” Onlarla üzləşdikdə qaçdılar, hətta dağdakı qadınların sürətlə yeridiklərini gördüm, ətəklərini qaldırmışdılar və ayaqlarındakı bilərziklər görünürdü. (Oxçular) – “qənimət, qənimət!” – deməyə başladılar. Abdullah (bin Cubeyr) dedi: “Sizin yerinizdən ayrılmayacağınıza dair Allahın elçisi – salləllahu aleyhi va səlləm – məndən əhd aldı. Lakin boyun qaçırdılar. İmtina etdiklərində üzləri döndərildi və yetmiş nəfər öldürüldü. Əbu Sufyan qarşıya çıxaraq dedi: “Muhamməd aranızdamı?” Dedi: “Cavab verməyin!” (Sufyan) dedi: “Bəs İbn Əbi Quhafə aranızdamı?” Dedi: “Cavab verməyin!” Dedi: “Bəs İbnul-Xattab aranızdamı?” (Cavab almadıqda) dedi: “Bunlar öldürülüblər, əgər sağ olsaydılar cavab verərdilər.” Bu zaman Ömər özünü tuta bilmədi və dedi: “Yalan danışdın, ey Allahın düşməni, Allah səni üzəcək şeyi üzərində saxlayıb.” Əbu Sufyan dedi: “Ucaldın, ey Hubal!”, “Ucaldın, ey Hubal!”…”

Hədisin natamam qeyd edilməsi

Qaraqan kitabında bu son sözləri qeyd edir. Bu son sözləri fərqli tərcümə etmək olar, lakin məna cəhətdən hamısı eynidir. Yəni Əbu Sufyan öz ilahı Hubalı ucaldır, onu tərifləyir, onun qalib gəldiyinə işarə edir. Lakin Qaraqan əgər bu hədisi həqiqətən də öz qaynağından oxuyubsa o zaman hədisi tam qeyd etməməsi çox təəccüblüdür. Çünki hədisin davamı belə cərəyan edir: “…peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Ona cavab verin!” Dedilər: “Nə deyək?” Dedi: “Deyin ki, Allah daha uca və qədri daha əzəmətlidir!”…” Bu hədisi əl-Buxari “əs-Sahih” kitabında (4043) rəvayət edir. Tək bu hədis ağıl sahibləri üçün kifayət etməlidir ki, müsəlmanların etiqadında, əməllərində Hubal üçün heç bir yer yoxdur, olmayıb, olmayacaq və olması imkansızdır. Bunu dərk etmək üçün “dahi” olmaq lazım deyildir, İslamla və onun ilkin qaynaqları ilə tanış olanlar bunu gözəl dərk edirlər.

Çirkin yalan

Qaraqan daha sonra deyir:

“Çox qəribədir ki, sanki İslam qalib gələndən sonra, bütün bütlər Kəbədən çıxarılandan sonra da əsas büt, hamısından vacib və zəhmli olan Ay para tanrısı Kəbədən çıxarılmadı.”

Bu isə artıq həyasızcasına, utanmadan deyilmiş bir yalandır. Kitabında yazdığı bu yalanları çox ehtimal ki, xristiyan missionerlərin yazılarından araşdırmadan götürüb. Peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – ömrünü bütlərə qarşı vuruşmağa həsr edəcək və Məkkəni fəth etdikdən sonra bütlərin böyüyünü saxlayacaqdımı?! Bu, nə qədər çirkin bir yalandır?!

İbn Abbas deyir:

Əbul-Valid əl-Əzraqi (vəfati hicri 250) “Əxbəru Məkkə” kitabında (1/121) isnadı ilə rəvayət edir ki, İbn Abbas deyir: “…Allahın elçisi – salləllahu aleyhi va səlləm – çubuğu ilə bütə işarə edən kimi büt üzü üstə yıxılırdı. Allahın elçisi – salləllahu aleyhi va səlləm – miniyi üzərində yeddi dəfə tavaf etdi və (hər dəfə) əsası ilə qara daşa toxunurdu. Yeddincini qurtardıqda miniyindən düşdü və Allahın elçisi – salləllahu aleyhi va səlləm – sonra (İbrahim) məqamına gəldi. Məmər bin Abdilləh bin Fadlə gələrək miniyi apardı, zirehini, dəbilqəsini çıxardı və əmmaməsi iki çiyni arasına düşürdü. Namaz qıldı, sonra zəmzəm suyunun yanına getdi və ona baxmağa başladı. Dedi: “Abdulmuttalib oğullarının haqqına girilmiş olmasaydı ordan bir qab su çıxarardım.” Bu sözünə görə əl-Abbas bin Abdilmuttalib onun üçün bir qab su çıxardı və o da içdi. Daha sonra Hubal’ın sındırılmasını əmr etdi və o, başı üstündə durub baxdığı halda sındırıldı. əz-Zubeyr bin əl-Avvam bu zaman Əbu Sufyan bin Hərbə dedi: “Ey Əbu Sufyan, Hubal sındırıldı. Sən isə Uhud günü onunla fəxr edirdin ki, sənə zəfər bəxş etmişdi.” Əbu Sufyan dedi: “Burax bu söhbətləri, ay İbnul-Avvam, mən indi görürəm ki, əgər Muhəmmədin ilahı ilə yanaşı bir ilah olsaydı işlər heç də bu cür olmazdı.” əl-Əzraqi’nin rəvayəti burada bitir. Buradan görürük ki, peyğəmbərimiz – aleyhissalətu vassələm – Hubal’ı da digər bütlər kimi sındırıb.

Ən absurd fikir

Qaraqan daha sonra deyir:

“Əksinə “Hubal hər kəsdən yüksəkdədir” sözlərinə uyğun olaraq məscidlərin ən yüksək yerinə, minarəsinə yerləşdirildi. Nə üçün? Bu günə kimi bütün müsəlman qardaşlardan soruşanda nə üçün minarənin üstündə aypara var bir şey deyə bilmirlər.”

Bu oxuduğum ən gülünc və ən absurd fikirlərdən biridir. Tarix boyu müsəlmanların ağlından Hubalı və ya onunla bağlı hər hansı bir şeyi yad etmək keçməyib. Minarələrin və qübbələrin üzərindəki ayparaya gəldikdə isə bu barədə fərqli fikirlər mövcuddur. Lakin bunların hamısı bir nöqtədə razılaşır ki, aypara simvolu tarixin sonrakı hissəsində minarələr və qübbələr üzərində yerləşdirilib. Bunu anlamaq çox bəsitdir. Çünki minarələrin özləri daha sonra tikilib. əl-Bələzuri (vəfatı hicri 245/miladi 859) “Futuhul-Buldən” kitabında deyir ki, “İslamda tikilmiş ilk minarə Müaviyə bin Əbi Sufyan’ın valisi Ziyad bin Əbih tərəfindən hicri 45-ci ildə Basra şəhərində tikilib.” Digər tarixçi əl-Məqrizi isə ilk tikilən minarənin Amr bin əl-As camisinin dörd minarəsi olduğunu deyir; Əməvilərin hökmü dövründə Misirin valisi Məsləmə bin Məxləd tərəfindən tikdirilib. İslamda tikilmiş ilk qübbə isə əməvi xəlifəsi Abdulməlik bin Mərvan’ın hicri 72-ci ildə Qüdsdə tikdirdiyi əs-Saxra məscidinin qüvvəsi olub. Təbii ki, İslamda tikilmiş ilk minarələr sadə üslubda olub, üstündə bər-bəzək olmayıb və üzərində heç bir aypara rəmzi olmayıb. Aypara rəmzi daha sonradan əlavə edilib və ilk dəfə əlavə edilməsi tarixi bilinmir.

Aypara bidətdirmi?

Çar rusiyasında yaşamış məşhur tarixçi müsəlman tatar alimi Şihəbuddin Mərcani (hicri 1233-1306/ miladi 1818 –1889) özünün “Vafiyətul-Əsləf va Təhiyyətul-Əxləf” kitabında deyir: “Məscidlərin minarələrinin başlarında hilal (aypara) formasını qoymaq bidətdir, onu sadəcə olaraq Osmanlı dövlətinin sultanları (bizans) imperatorlarından götürüblər və rəsmi əlamət kimi istifadə edirlər.”

Aypara forması nə vaxt əmələ gəlib?

Bu, bizə təxminən məscidlərin minarələri üstündə aypara formasının nə vaxt əmələ gəlməsi barəsində bir təsəvvür yaradır. Lakin bunun bidət olmasına gəldikdə isə bu məsələ bir qədər mübahisəlidir. Əbu Said Abdurrahmən bin Yunus əs-Sadəfi (vəfatı hicri 347) Misrin tarixi haqqında yazdığı kitabında deyir: “Said bin Ufeyr (kitabında) Amr bin Zuheyr bin Əsmər bin Əbil-Kənud’dan rəvayət edir ki, Əbul-Kənud peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına nümayəndəlik ilə gəldi və (peyğəmbər) onun üçün – qövmü üzərində – bir qara bayraq düzəltdi, üstündə ağ hilal (aypara) var idi. (Əbul-Kənud) Misirin fəthində iştirak edib və onun orada nəsli vardır.” [“Tərix İbn Yunus əl-Misri”, 1/202]

Rəvayətin isnadı

Bu rəvayətin isnadı səhih, yəni sağlam olmasa da tarixçi müsəlman alim Abdulhəyy əl-Kəttəni (hicri 1302-1382/miladi 1884-1962) “ət-Təratib əl-İdəriyyə” (1/265) adlı kitabında bu rəvayəti zikr edir və deyir: “İslami bayraqlardakı aypara forması bu kökdən gəlir.” Ümumən deyə bilərik ki, ayparanın bayraqlarda və məscidlərin üstündə simvol kimi götürülməsinin birdən çox səbəbi ola bilər. İbn Yunus’un tarixində, İbn Abdilbərr’in “əl-İsabə” kitabında və İbn Asəkir’in “Tarixu Diməşq” kitabında keçən bu rəvayətlərin bir rolunun olması mümkündür. Lakin məşhur fikir budur ki, müsəlmanlar hilalın müsəlmanların həyatında oynadığı əhəmiyyətli roluna görə onu simvol ediblər. İslamda hilal, ayların təyinində, ramazan orucu, həcc kimi ibadətlərdə bəzi hökmlərin təyinində rol oynayır. Ona görə də tarixin müəyyən mərhələsində islam dövlətlərindən biri qeyri-müsəlmanlardan seçilmək üçün belə bir simvol götürmüş ola bilər. Bir çox tarixçiyə görə bunu edənlər osmanlı türkləri olublar. Doğrusunu Allah bilir!

%d