Multikainat Nəzəriyyəsi

Daha öncə Fine Tuning (Dəqiq Köklənmə) teist arqumenti haqqında söhbət açmışdıq. Ateistlərin bu arqumentə qarşı gətirdikləri bəzi şübhələri qeyd etdiyimizdə, antropik prinsipi də ələ almışdıq. Şübhəsiz ki, Antropik prinsipin işləmədiyini ateistlər özləri də gözəl başa düşürlər. Lakin bu prinsipin işləməsinin təmin etmək üçün ateistlər yeni bir metoda əl atırlar: multikainat nəzəriyyəsi. 20-ci əsrin sonlarından bu yana bir çox fizik bu nəzəriyyə ilə bağlı müxtəlif fikirlər bildirmiş, müxtəlif modellər irəli sürmüşdürlər. Bütün bu modelləri qeyd etmədən sadə dildə bu nəzəriyyəni izah etməyə çalışaq.

Multikainat nəzəriyyəsi nədir?

Multikainat nəzəriyəsinə görə bizim Kainat mövcüd olan yeganə kainat deyildir. Əksinə, bizim Kainat özündən qat-qat böyük Multikainatın içində yerləşən sonsuz sayda kainatlardan biridir (bəziləri təxmini rəqəmlər də qeyd edir). Multikainat özü və ya onun içində mövcud olan xüsusi sistem əbədi olaraq müxtəlif fiziki qanunlara tabe olan kainatlar yaradır. Aydındır ki, bu kainatların böyük bir hissəsi həyatı təmin edə biləcək fiziki qanunlara və ilkin fiziki sabitlərə sahib deyil. Lakin iddia olunan odur ki, Kainatların sayı sonsuz olduğuna görə, həyatın mövcud olması üçün lazım olan fiziki sabitlərin bir araya gəlməsi nə qədər az ehtimallı olsa belə, sonunda bu sabitlərə sahib Kainat yaranmalı idi. Və biz də bu sabitlərə sahib olan Kainatda yaşayır və onu müşahidə edirik. Təbii ki, həyatı təmin edə bilməyən kainatda var olmamız mümkün deyildir. Anladığınız kimi, bu nəzəriyyə ilə ateistlər Kainatımızın bu qədər dəqiq köklənməsini İlahi bir varlığa ehtiyac duymadan izah edə bildiklərini zənn edirlər. Lakin, multikainat nəzəriyyəsinin bir çox zəif tərəfi var. Onlardan bəzilərini qeyd etməyə çalışaq:

Multikainat nəzəriyyəsinin problemləri:

  1. Multikainat nəzəriyyəsinin heç bir elmi əsası yoxdur. Yəni, elmin, texnalogiyanın, məntiqin (?) tərəfdarları kimi özlərini təqdim edən insanlar sadəcə bir şeyə “iman” edir. Multikainat heç bir zaman görünə bilməz, hiss edilə bilməz, test oluna bilməz. Anladığınız kimi bu, sadəcə elmi fəlsəfədən başqa bir şey deyildir. Təbii ki, fiziklər bunu özləri çox gözəl başa düşürlər, lakin İlahi varlığa baş əyməmək istəyi onları hər cür vasitəyə əl ətmağa sövq edir.

“Okkam ülgücü”

  1. Bu nəzəriyyə Okkam ülgücü prinsipinə – hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsipə ziddir. Bu prinsipə görə, iki hipotez arasında daha az fərziyyəsi olanı seçmək lazımdır. Şübhəsiz ki, sonsuz sayda kainatların mövcud olmasından, bir İlahi varlığa inanmaq daha asandır. Lakin qeyd etməliyik ki, bu prinsip əksər alimlər tərəfindən qəbul olunsa belə, qəbul etməyənlər də vardır. Lakin, hər bir halda, bu prinsip bizə onu nümayiş etdirir ki, Yaradıcıya inanmaq multikainata inanmaqdan daha məntiqlidir.

Multikainatçılara sual:

  1. Bəzi teistlər multikainat teoriyasının Fine-Tuning arqumentinə tutarlı cavab olduğunu etiraf etsələr də, həqiqətdə bu, heç də belə deyildir. Əksinə, bu nəzəriyyə məsələni həll etmək yerinə, onu bir addım dala ataraq məsələni daha da qəlizləşdirir. İzah etməyə çalışaq. Deyirlər ki, kainatları əbədi olaraq xaotik şəkildə, hər dəfə dəyişən fiziki qanunlar üzərə yaradan bir qüvvə vardır (ya multikainat özü, ya da onun içində mövcud olan müəyyən bir sistem). Biz onlara sual veririk. Bu qüvvənin daima kainat yaratmasını sağlayan fiziki qanunlar necə əmələ gəlib? O fiziki qanunların olduqları hal üzərində olmalarını, daima kainat yaratmasını, multikainatın genişlənməsini təmin etməsini kim təyin edib? Əgər bu yaradıcı qüvvə sadəcə kor bir qüvvədirsə, nəyə görə bu qüvvə yaratmaq yerinə yaratmamaq funksiyalarını daşımır və ya əksinə özü özünü məhv etmir? Nəyə görə kainatları daima müxtəlif qanunlar üzərə yaradır, eyni qanunlar üzərə deyil? Ümumiyyətlə bu qüvvə nəyə görə yaradır? Bu məsələ haqqında dərindən düşündüyümüzdə anlayırıq ki, bu yaradıcı qüvvənin öz növbəsində də çox dəqiq köklənməsi lazımdır ki, daima müəyyən qanunlara tabe olaraq müxtəlif kainatlar yaratsın. Neo ateistlərin atası hesab olunan Betrand Russell Kainatın mənşəyi haqda soruşulanda: “O, sadəcə mövcuddur” deyə cavab vermişdir. Neo ateistlər də multikainatın sadəcə mövcud olduğunu deməkdən başqa bir şey edə bilməzlər.

Misal verək

Təsəvvür edin Marsa enirik və orada eyni avtomobil düzəldən tam avtomatlandırılmış bir fabrik tapırıq. Bu fabrikin daima bu avtomobilləri yaratmasını gördüyümüzdə, özü özlüyündə arxasında heç bir intellektin olmadığı halda çalışdığını təsəvvür edə bilərikmi? Təbii ki, yox. Biz dərhal anlayırıq ki, bu sistem çox zəki bir intellekt tərəfindən işə salınıb. İntellekt və iradə sahibi olmayan bir sistemin daima eyni şeyi yaratması mümkünsüzdür, hətta ümumiyyətlə qəliz struktura sahib olan bir şey yaratması mümkünsüzdür. Sağlam düşüncəmiz bizə bunu deyir. Nəyə görə eyni şeyi kainatlara tətbiq etdiyimizdə, mənbəyi və mənşəyi bəlli olmayan kor bir qüvvənin daima bir şey yaratmasına asanlıqla inanırıq?

İradə və intellekt sahibi

Marsda aşkar etdiyimiz fabrikin istehsal etdiyi hər bir avtomobilin müəyyən seriya nömrəsi olduğunu düşünün. Şübhəsiz ki, biz deyəcəyik ki, hansısa bir intellekt bu seriya nömrələrinin hər dəfə dəyişməsini murad etmişdir. Bunun eynisini multikainat haqqında da deyə bilərik. Əgər yaranan hər kainat xüsusi qanunlara sahibdirsə, deməli bunu murad edən bir iradə və intellekt sahibi vardır, çünki iki şey arasında seçim etmək iradənin mövcudluğuna, dəqiq bir şeyi yaratmaq isə intellektin var olduğuna işarədir. Bu yazdıqlarımızın sadəcə bizim düşüncəmiz olduğunu güman etməyin. 20-ci əsrin ən məşhur ateist fəlsəfəçilərindən biri Antony Flew 21-ci əsrin əvvəllərində ən çox fine-tuning arqumentindən təsirlənərək Yaradıcını qəbul edir və bu haqda “There is a God” adlı kitab yazır. Müxtəlif mövzulara toxunduğu kimi, multikainat nəzəriyəsinə də toxunur və deyir:

“… Mən inanıram ki, multikainat nəzəriyəsi heç də ürəkaçan alternativ deyil. Əgər bir kainat izah olunmasını tələb edirsə, o zaman multikainatda nə qədər kainat olur olsun – onlar daha böyük bir izahı tələb edir…”

Antony Flew

Yazını uzatmamaq üçün bu qədər ilə kifayətlənməyi uyğun gördük. Allahın izni ilə növbəti yazımızda multikainat inancının digər nöqsanları haqqında söhbət açacağıq.

Sonda qeyd edək ki, biz bizim Kainatdan başqa kainatların mövcud ola biləcəyini inkar etmirik. Bir kainatı yarada bilən, istədiyi qədər kainat yarada bilər. Biz, mövcud olan multikainat modellərinin mümkünsüzlüyünə inanırıq.