Multikainat, Sonsuz kainatlar, Paralel dünyalar mövcuddurmu? | “Həssas əyarlardan qaçış”

Xüsusilə də son illərdə film və kitab sektorunda çox istifadə edilməsi səbəbilə insanlar arasında məşhurlaşan paralel kainatlar, sonsuz kainatlar, multikainat1 kimi fikirlər əslində incə ayarlardan qaçış mahiyyətində naturalistlər tərəfindən dizayn arqumentinə alternativ olaraq ortaya atılmış və geniş şəkildə istifadə edilməkdə olan fikirlərdir. Belə nəzəriyyələrə əsaslanan naturalist arqumentasiya belədir ki, kainatımız var olan yeganə kainat deyildir, mövcud olması ehtimal olunan bütün kainatlar mövcuddur. 

Əslində bu iddia sahibləri hazırda yaşadığımız kainatın incə əyarlara sahib olduğunu qəbul edir, sadəcə olaraq digər sonsuz sayda kainatların mövcudluğunu da hesaba qatan naturalistlər bizim təsadüfən tam da hazırda yaşadığımız kainatda yarandığımızı və buna görə də ortada heç bir təəccüblü şeyin olmadığını deyirlər. İddiaya görə misal üçün, əgər bizim Kainatda Hitler müharibədə məğlub olubsa, indi hardasa elə bir kainat vardır ki, Hitler orada qalib gəlmişdir; Əgər siz burada uça bilmirsinizsə sizin uça bildiyiniz tamamilə bizim kainata oxşar digər bir kainat vardır: bizim, sizin – bu dünyadakı hər şeyin kopyası orda vardır, lakin yeganə bir fərqlə – siz orada uça bilirsiniz. Mümkün olan digər variantları sizlərin xəyal gücünüzə buraxırıq. 

Maraqlıdır ki, sayantizm xəstəliyinə düçar olmuş materialistlər belə bir utopik, heç bir elmi əsası olmayan, test edilə bilinməyən, müşahidə edilməsi mümkün olmayan və nəzəriyyə olmaqdan kənara çıxa bilməyən iddianı şiddətlə müdafiə etməkdə, hətta bununla bağlı müstəqil kitablar yazmaqdadırlar. 2Teistlərin cənnət, cəhənnəm kimi ideyalara inanmasına lağ edənlərin düşdükləri bu vəziyyət həqiqətən də ibrətamizdir. 

Sonsuz kainatlar və multikainat kimi fərziyyələr iddia edildiyi kimi heç də məsələni həll etmir, əksinə məsələni daha da qəlizləşdirir. Antony Flew multikainat nəzəriyyəsinin məsələni daha da mürəkkəbləşdirdiyini düşünür və belə deyirdi: “Mən inanıram ki, multikainat nəzəriyəsi heç də ürəkaçan alternativ deyil. Əgər bir kainat izah olunmasını tələb edirsə, o zaman multikainatda nə qədər kainat olur olsun – onlar daha böyük bir izahı tələb edir.”3

Fizik Paul Davies belə iddialara cavab olaraq belə bir analogiya irəli sürür:
Əgər istənilən mümkün olan Kainat mövcuddursa, o zaman ən azından o kainatların bəzilərində intellekt sahibi canlılar mövcud olmalıdır. Və bu sizilizasiyalardan bəzilərində intellekt səviyyəsi o qədər inkişaf etməlidir ki, onlar kompyuter vasitəsiylə “saxta” kainatlar modelləşdirə bilir. “Saxta” kainatları simulyasiya etmək həqiqi kainat yaratmaqdan daha ucuza və asan başa gəldiyindən, şübhəsiz ki, saxta kainatların sayı həqiqi kainatların sayını qat qat üstələyəcək. Bizim isə sadəcə müşahidəçi olduğumuzu nəzərə alsaq, bizim saxta kainatda yaşamağımızın ehtimalı həqiqi kainatda yaşamağımız ehtimalından ağla sığmayacaq qədər çoxdur.

Digər problem isə budur ki, multikainat nəzəriyyəsi bizim kainatın fiziki qanunlarına əsaslanır, beləliklə, əgər bizim kainat simulasiya edilibsə, o zaman onun fiziki qanunları da “saxtadır”. Buradan biz belə nəticə çıxardırıq: biz yaşadığımız kainatın fiziki qanunlarının multikainat nəzəriyyəsinə gətirib çıxarır deyə bilmərik. Çünki multkainat öz növbəsində saxta kainatlara yol açır. Beləliklə, bizim kainatın qanunları da saxta olur. Qısası, biz dairəvi arqumentasiya içində ilişib qalacağıq.4

Üstəlik arqument hər tərəfli tutarsızdır. Belə ki, “multikainat” konsepti təkcə digər kainatların varlığını nəzərdə tutmur, həm də bu kainatları yaradılması üçün müxtəlif mexanizmləri təklif edir. 5 Belə olan halda isə davamlı olaraq ehtimal olunan bütün kainatların yaradılmasını təmin edən müxanizmin özü də həssas əyarlanmış olmalıdır. Yəni – arqument xatirinə – kainatımızdakı incə əyarların açıqlandığını qəbul etsək belə, yenə də iddia sahibləri ehtimal olunan kainatların yaranmasını təmin edən mexanizmin necə əyarlandığını açıqlamaq məcburiyyətindədirlər. 

Onu da qeyd edək ki, biz bizim Kainatdan başqa kainatların mövcud ola biləcəyini inkar etmirik. Bir kainatı yarada bilən, istədiyi qədər kainat yarada bilər. Biz sadəcə olaraq təklif edilən multikainat modellərinin, mövcudluğu iddia edilən paralel dünyaların varlığının mümkünsüz olduğunu iddia edirik.

Bu modellərin varlığı sağlam düşüncəyə zidd olmaqla bərabər, eyni zamanda Occam ülgücü prinsipinə də ziddir. Oxford universitetinin filosofu Richard Swinburne bu prinsipə əsaslanaraq teistik yanaşmanın multikainat nəzəriyyəsinə nisbətən daha sadə və qəbul edilməsi məntiqli olduğundan bəhs edir.6 Bu prinsipə görə, iki hipotez arasında daha az fərziyyəsi olanı seçmək lazımdır. Şübhəsiz ki, sonsuz sayda kainatların mövcud olmasındansa, bir İlahi varlığa inanmaq daha asandır. Bu prinsip əksər alimlər tərəfindən qəbul olunsa belə, qəbul etməyənlər də vardır. Hər bir halda, Occam ülgücü bizə onu nümayiş etdirir ki, Yaradıcıya inanmaq multikainata inanmaqdan daha məntiqlidir. 

Dipnotlar

  1. Bu nəzəriyyələr bir birinə yaxın olsalar da, mahiyyət və iddia olunan xüsuslar etbarilə fərqlidirlər.
  2. Məsələn, Victor J. Stenger – God and the Multiverse: Humanity’s Expanding View of the Cosmos
  3. Antony Flew, There is a God (USA: HarperCollins, 2008), p 121-122
  4. Paul C. W. Davies, Cosmic Jackpot: Why Our Universe is Just Right for Life, Houghton-Mifflin Co., New York, 2007. pg. 179-185
  5. Stephen C. Meyer – Return of the God Hypothesis: Three Scientific Discoveries That Reveal the Mind Behind the Universe, 2021. p 386
  6. Richard Swinburne, The Existence of God, p 185.