Multikainat absurdluğu

Bu yazımızda fizik Paul Daviesin multikainat nəzəriyyəsinə qarşı istifadə etdiyi arqumenti oxucularımıza təqdim etmək istəyirik. Qeyd edək ki, Paul Davies Yaradıcıya inanan birisi deyil. Biz onun bu sözlərini yaradılışın arxasında bir intellektin olmaması fərziyyəsini hansı açıq aydın məntiqi absurdlara gətirib çıxaracağını göstərmək üçün nəql edirik.

Arqumentə keçməmişdən öncə qeyd edək ki, multikainat nəzəriyyəsinə görə mövcudluğu mümkün olan bütün Kainatlar mövcuddur. Misal üçün, əgər bir Kainatda əşyalar heç bir səbəb olmadan yoxdan var olmurlarsa, digər Kainatın bu absurdun baş verməsini təmin edən qanunlara sahib olmalıdırlar. Əgər bizim Kainatda atlar uçmaq qabiliyyətinə sahib deyillərsə, mütləq ki, tamamilə bizim kainata oxşar digər bir kainat vardır: bizim, sizin, eyfel qülləsinin… kopyası orda vardır, lakin yeganə bir fərqlə – atlar orda uça bilirlər. Mümkün olan digər variantları oxucularımızın fantaziyasına həvalə edirik.

Davies`in arqumenti

Keçək Davies’in arqumentinə: əgər istənilən mümkün olan Kainat mövcuddursa, o zaman ən azından o kainatların bəzilərində intellekt sahibi canlılar mövcud olmalıdır. Və bu sizilizasiyalardan bəzilərində intellekt səviyyəsi o qədər inkişaf etməlidir ki, onlar kompyuter vasitəsiylə “saxta” kainatlar modelləşdirə bilir. “Saxta” kainatları simulyasiya etmək həqiqi kainat yaratmaqdan daha ucuza başa gəldiyindən, şübhəsiz ki, saxta kainatların sayı həqiqi kainatların sayını qat qat üstələyəcək. Bizim isə sadəcə müşahidəçi olduğumuzu nəzərə alsaq, bizim saxta kainatda yaşamağımızın ehtimalı həqiqi kainatda yaşamağımız ehtimalından ağla sığmayacaq qədər çoxdur.

Dairəvi arqumentasiya

Amma arqument burda bitmir. Davies davam edir: multikainatın nəzəriyyəsi bizim kainatın fiziki qanunlarına əsaslanır, beləliklə, əgər bizim kainat simulasiya edilibsə, o zaman onun fiziki qanunları da “saxtadır”. Buradan biz belə nəticə çıxardırıq: biz yaşadığımız kainatın fiziki qanunlarının multikainat nəzəriyyəsinə gətirib çıxardır deyə bilmərik. Çünki multkainat öz növbəsində saxta kainatlara yol açır. Beləliklə, bizim kainatın qanunları da saxta olur. Qısası, biz dairəvi arqumentasiya içində ilişib qalacağıq.