Mütləq Qüdrət Təzadı

Məlumdur ki, İslam, Xristianlıq və Yəhudilikdə Allah hər şeyə qadir olaraq vəsf olunmuşdur. Orta əsrlərdən bəri ateistlər bu cür vəsfi olan ilahın mövcud ola bilməyəcəyini isbatlamaq üçün “Mütləq Qüdrət Təzadını” (Omnipotence paradox) istifadə edirlər. Bu “təzadın” bir çox növlərinin olmasına baxmayaraq, biz ən məşhur olanı qeyd edək: 
“Allah özünün belə hərəkətə gətirə bilməyəcəyi qədər böyük daş yarada bilərmi”?

Fərz olunan odur ki, əgər cavab “bəli” olarsa, o zaman Allah Mütləq Qüdrət sahibi deyil, çünki müəyyən daşı hərəkətə gətirməkdən acizdir. Əgər cavab “xeyr” olarsa, o zaman Allahın müəyyən daşı yaratmaqdan aciz olduğu deyiləcək, və beləliklə Mütləq Qüdrət sahibi olmayacaq. Yəni, bu “təzada” verilən istənilən cavab Allahın Mütləq Qüdrət sahibi olmadığını göstərəcək, və beləliklə təkilahlılıq dinlərinin inandığı Yaradıcının əslində mövcüd olmadığını isbatlayacaq.

Allah qaldıra bilməyəcəyi daş yarada bilərmi?

Bu “təzada” cavab verməkdən öncə qeyd etməliyik ki, dinə qarşı yönəlmiş bu cür şübhələr yalnız məntiq elmindən cahil olan kəslər tərəfindən edilə bilər. Bizim zamanda Avropa və Amerika elmi dairələrində özünə hörmət edən heç bir ateist belə sual ünvanlamaz. Suala cavab verməzdən əvvəl “Mütləq Qüdrət Təzadının” bəzi digər növlərini da sizlərə təqdim edək. Misal üçün: “Allah başqa bir Allah yarada bilərmi”? “Allah Öz mövcudluğuna son verə bilərmi”?

Bütün bu suallara cavab vermək üçün biz məntiq elminin əsaslarından biri hesab olunan “Ziddiyətsizlik qanunu” (Law of noncontradiction) anlamalıyıq. Bu qanun deyir ki, iki ziddiyətli ifadə (statement) eyni zamanda eyni aspektdən doğru və xətalı ola bilməz: A bərabərdir B və A bərabər deyil B ifadələri eyni zamanda hər ikisi doğru və yanlış ola bilməz. Misal üçün bir heyvan eyni zamanda “it olub, it olmaya” bilməz, bir kişi “evli olub, subay” ola bilməz. Yəni, bu cür ziddiyətli məfhumlar həqiqətdə mövcud ola bilməzlər. Əgər biz yuxarıdakı cümlələri də analiz etsək, görəcəyik ki, həqiqətdə bu cümlələrdə ifadə edilən məfhumların mövcud olması mümkün deyil. Misal üçün Allah başqa Allah yarada bilərmi”? sualını ələ alaq. “Allah” məfhumunun tərifi “Hər şeyi Yaradan Yaradılmamış varlıqdır”. Bu tərifi suala qoysaq alacağımız nəticə:
“Allah Yaradılmamış bir şeyi Yarada bilərmi” olacaq. Göründüyü kimi bu, yuxarıda qeyd etdiyimiz məntiq qanununa ziddir, deməli mövcud ola bilməz.

Təzadın digər variantları:

Təzadın digər varianlarını da bu cür ələ alaq: “Allah heç bir zaman mövcudluğu bitməyəcək varlığın ( yəni, Özünün) mövcudluğuna son verə bilərmi”? Allahın hərəkə gətirə bilməyəcəyi daşın mövcud olması mümkün deyil, bu zaman ilk qeyd olunan sual belə qoyula bilər: “Allah yaradıla bilməyəcək bir şeyi yarada bilərmi”? Bütün biz bunlardan anlayırıq ki, Mütləq Qüdrət Təzadının bizə ünvanlandırdığı bütün istəklər əslində mövcud ola biləcək məfhumlar deyil. Əksinə mövcudluğu mümkün ola bilməyəcək məntiqi boşluqlardır. Bu suallara cavab olaraq biz “xeyr, Allah bunları edə bilməz” cavabını veririk. Lakin bu cür cavab verməmiz Allahın Mütləq Qüdrətini naqis etmir. Ateistlərin anlamadıqları nöqtə Mütləq Qüdrətin tərifidir. Mütləq Qüdrət mümkün olan şeylərə aiddir. Yəni Allah mövcudluğu mümkün olan hər bir şeyə qadirdir, mövcudluğu mümkün olmayan şeylərə qadir olmaması isə naqislik deyil. Əksinə, onlara qadir olmaması onun Qüdrətinin Kamiliyyinə işarədir. Misal üçün, əgər Allah başqa Allah yaratmağa qadir olsa idi, o zaman iki Allah olardı, və bu şübhəsiz ki, naqislikdir. Allahın tək olması və bənzəri olmaması onun Kamilliyidir, naqisliyi deyil. Əgər Allah öz mövcudluğuna son qoya bilsə idi, o zaman Allah məxluqlar kimi fani olardı, və bu şübhəsiz ki, naqislikdir. Onun Mövcudluğunun hətta Özü tərəfindən sona gətirilə bilinməməsi isə onun Mütləq Kamil Həyata sahib olmasına işarədir.

Oxşar şəkildə, əgər Allah hərəkətə gətirə bilməyəcəyi daşı yarada bilsə idi, o zaman naqis olardı, çünki hansısa daşın hərəkətə gətirilməsindən aciz olacaqdı. Lakin belə bir daşı yarada bilməməsi Onun istənilən şeyi hərəkətə gətirə biləcək Mütləq Qüdrətindən xəbər verir. Əslində biz deyə bilərk ki, belə bir daşın mövcudluğunun imkansızlığı Allahın deyil, bu cür daşın özünün naqisliyidir, çünki bu cür daş mövcud ola bilməz. Mövcudluğu mümkünsüz olan şeyləri etməyi bacarmamağın naqislik olmamasını sübut etmək üçün sadəcə əlavə bir misal qeyd edək.

Riyazi bir örnək verək:

Hamıya məlumdur ki, 1,2 və 3 rəqəmlərini tərtiblə yalnız 6 şəkil üzərə qurmaq olar: 1,2,3 1,3,2 2,1,3 2,3,1 3,1,2 3,2,1 Bu qeyd etdiyimizdə başqa şəkil üzərə bu rəqəmləri qurmaq mümkün deyil. Əgər biz Kembric universitetinin professoru Stephen Hawking’ə bu rəqəmləri mümkün ola biləcək şəkillər üzrə qurmasını istəsək və o altı mümkün variantdan yalnız dördünü qeyd edə bilsə, o zaman biz onun riyaziyat elmində cahil olduğunu deyə bilərik. Lakin əgər o mümkün olan bütün variantları bizə təqdim edərsə və biz ondan yeddinci variantı ixtira etməyi tələb etsək, mümkün olmayan bir şeyi tələb etmiş olacağıq. Hawking’in bunu edə bilməməsi heç cür onun riyaziyatda naqis olduğuna işarə etməz. Beləcə, Allahın da mümkünsüz şeyləri edə bilməməsi naqislik deyildir.

%d