Hitlerin inanmadığı, Stalinin inanmadığı, Mao’nun inanmadığı, SS və Gestapo’nun inanmadığı, NKVD-nin inanmadığı, kommunist kommissarlarının inanmadıqları bir şey var idi; onlar Allahın onların etdiklərini gördüyünə və buna görə hesaba çəkiləcəklərinə inanmırdılar.
Richard Dawkins “The God Delusion” kitabında deyir:
“Ola bilsin ki, həmçinin mən də Allah tərəfindən nəzarətsiz və kontrolsuz olsalar belə insanların xeyirxah olaraq qalacaqlarına inanacaq qədər bir Pollyanna’yam.”
Richard Dawkins
1913-cü ildə Eleanor Porter’in yazdığı romanın və baş qəhrəmanının adı olan Pollyanna həyatın əziyyətlərinə baxmayaraq insanların xeyirxahlığına inanan optimist qızdır. Ümumiyyətlə Dawkinsin burada insanların xeyirxahlığına inandığını deməsi özü başqa bir müzakirənin obyektidir. Çünki məlumunuzdur ki, Dawkins başda gəlməklə, yeni ateistlər “inanc” fikrini rədd edirlər, inanmağı bəşəriyyətin bəlası kimi görürlər. Maraqlıdır ki, Dawkins insanlığın xeyirxahlığına inanmaq üçün kifayət qədər empirik dəlilə sahibdirmi?
Fikirlər bizi çox uzaqlara götürmədən sözümüzü yekunlaşdıraq. Dawkins bu sözlərini 1969-cu ildə Montrealda baş verən iğtişaşlar kontekstində zikr edir. Bu cür hadisələr daim təkrarlanıb və Montreala xas deyildir. Amerikada 1992-ci ildə Los Angeles şəhərində baş verən iğtişaşlar buna başqa misaldır. Hər dəfə hansısa şəhərdə nəzarət əldən çıxdıqda, polis nəzarəti yox olduqda insanlar dükanları yarmağa, başqalarının mülkünü oğurlamağa, bir çox hallarda fərdləri qarət edib öldürməyə cürət tapırlar.
Bu faktları ağlımızda tutub soruşa bilərik: Əgər insan Allahın ona nəzarət etdiyinə, ölümdən sonra hesaba çəkdiyinə inanmırsa nə üçün xeyirxah qalmalıdır? Başqalarının hesabına varlaşmaq, kef çəkmək imkanı varsa nə üçün xeyirxah qalmalıdır? Əgər polis nəzarəti tamamilə qaldırılarsa məgər insanlar xeyirxah olaraq qalacaqlarmı?!
Cavab yaz