Qurban bayramında kəsilən heyvanlar haqqında şübhə

Qaraqan ləqəbli Elxan Zeynallı “İkinci addım” kitabında yazır:

Bilirsiz, mən heyvanlar haqda öyrənməyi, onları müşahidə eləməyi xoşlayıram. Ümumiyyətlə bir çox hallarda heyvanları insanlardan çox sevirəm. Və bu müşahidələrim vaxtı mən heyvanların necə əzab çəkdiyini görürdüm. Məsələn həyətimizdə kiçik bir pişik balası var, ayağı hardasa ilişib və bir pəncəsi qırılmışdı. Mən tez həyətə əski, dərman və sarğıyla düşmüşdüm ki, ona kömək edim. Bu vaxtı o elə miyoldayırdı ki, mən hiss edirdim o necə əzab çəkir. Həqiqətən əzab çəkir. Bu məni düşünməyə vadar etdi və heyvanlar dünyasının necə əzab və əziyyətlə dolu olduğunu gördüm.”

Qaraqan daha sonra sözlərinə davam edir:

“Başladım heyvanlar haqda daha çox oxumağa və gördüm ki, heyvanlar demək olar bütün həyatları boyu əziyyət çəkirlər. Əgər bir qoca kişi yatağında ölürsə ceyranları aslan diri-diri parçalayır. Quzğun və qartallar diğər quşları dimdikləyərək ağrı əzab içində öldürür, ilan zəhəri ilə ovunu inanılmaz qızdırma və zəhərlənmə ağrısı ilə məhv edir. Bu məndə qəribə bir şübhə yaratdı. Təbii ki, demək olar ki, əzab həyatın bir hissəsidir. Amma yadınızdadır siz özünüz demişdiniz ki, Allah əvvəlcə insanları cənnətə salmışdı və yalnız insan oğlu Allahın sözündən çıxandan sonra onu bu dünyaya qovur və insanın əzabları, əziyyətləri və sınaq dünyası başlayır. Təbii ki, bu əzablara insan öz günahı ucbatından düçar olur. Yaxşı bəs heç vaxt Allahın sözündən çıxmayan, heç bir ağacdan heç bir qadağan meyvə dərməyən heyvanlar niyə əzab çəkir, niyə şikəst doğulur, niyə ağrı, acı ilə ölürlər?”

“Din xadiminin” cavabı

Daha sonra Qaraqan “din xadiminin” cavabını təqdim edir. “Din xadiminin” cavabının yekunu budur ki, heyvanların şüuru olmadığı üçün onlar ağrı hiss etməzlər. Qaraqan daha sonra heyvanların şüurunun olmasını isbat etmək üçün uzun yazı yazır.

Bu sətrləri oxuduqda ilk ağlıma gələn bu oldu ki, bu Qaraqan görəsən ümumiyyətlə ət məhsulları, yumurta, süd və süd məhsulları yeyirmi? Əgər yeyirsə o zaman bu adam çox səmimiyyətsiz adam olmalıdır, çünki o əti yeyərkən ətdən ötrü kəsilən heyvanın əziyyət çəkdiyini düşünmürmü? Yumurta yeyərkən o toyuqların hansı əziyyətli şəraitdə saxlandığını düşünmürmü? Bu sualımın cavabını çox ehtimal ki, onu yaxından tanıyanlar verəcək.

Lakin bu söhbəti uzatmadan Qaraqanın gətirdiyi şübhəyə cavab verməliyəm. Qaraqanın bu dediklərinin məğzi əslində budur: Bu qədər heyvanın əzab və əziyyət çəkməsi ilə rəhimli və mərhəmətli Allahın mövcud olduğunu necə demək olar?

Qaraqan əslində burada sadəcə dinə qarşı şübhə gətirmir, ümumiyyətlə rəhimli və mərhəmətli Allah inancına qarşı şübhə gətirməyə çalışır. Maraqlıdır ki, onun fanatları Qaraqanın Allaha inanan biri olduğunu deyirlər. İnansa da inancında tərəddüdlü birinə bənzəyir.

“Şər problemi”

Qaraqanın bu gətirdiyi şübhə həqiqətdə “şər problemi” deyə adlandırdığımız Epikür tezi ilə bağlıdır və biz bu səhifədə bu barədə geniş bir yazı yazmışıq. Burada biz gətirilən bu məsələyə bir neçə tərəfdən cavab verə bilərik:

1. Hər şeydən öncə heyvanların əzab-əziyyət çəkməsinin mənəvi cəhətdən pis bir şey olduğunu, şər olduğunu isbat etmək lazımdır. Yəni hansı ölçüyə əsasən heyvanların əziyyət çəkməsinin mənəvi cəhətdən mənfi bir şey olduğunu, əxlaqi dəyərlərə qarşı olduğunu deyirsiz? Sizin özünüzdə belə bir ölçü varmı? Yoxsa heyvanları və insanları yaradan Allah sizə bu barədə bir ölçü verib? Əgər desəniz ki, sizin öz ölçünüz vardır deyərik ki, siz öz ölçünüz bizim üçün arqument sayılmaz, çünki subyektiv dəyərləndirmədir. İkinci cavabı versəniz deyəcəyik ki, o zaman Allaha iman etmiş olursuz. Bu barədə daha geniş cavabı bu linkdən oxuya bilərsiz:

2. Burada başqa bir cavab da mövcuddur. Heyvanların ağrı hiss etməsi onların əziyyət çəkməsi, əzab görməsi anlamına gəlirmi? Belə ki, bu mövzu barəsində Micheal Murray adlı xristian filosofun yazdığı və Oxford University Press tərəfindən dərc olunmuş “Nature Red in Tooth and Claw: Theism and the Problem of Animal Suffering” adlı bir kitab mövcuddur. Bu kitabda Murray bu sualı elmi və fəlsəfi yolla ələ alır və gətirdiyi arqumentləri başa düşmək siravi oxucu üçün qəliz və ağır görünsədə burada bunu bacardığım qədər sadə dildə izah etməyə çalışacam.

Ağrını dərk etməyin üç mərtəbəsi

Bilmək lazımdır ki, təbiətdə ağrını dərk etməyin üç mərtəbəsi vardır:
3. Özünün ağrıdığından şüurlu şəkildə agah olmaq
2. Ağrının zehni vəziyyəti
1. Ziyankar stimula qarşı xoşa gəlməz reaksiya

Canlıların ən aşağı təbəqəsi yalnız birinci mərtəbədə ağrı dərk edirlər. Yəni əslində onlar ağrı hiss etmirlər, sadəcə instinktiv reaksiya edirlər. Bura soxulcan və həşəratlar daxildir. Misal üçün ilbizə toxunan kimi qabığının içinə girir.
İnsanlarda isə üçüncü mərtəbədə ağrını dərk etmə halıdır. İnsan ağrı hiss etməklə yanaşı o ağrının əziyyət verici olduğunu da dərk edir, yəni ağrıdan narahatçılıq keçirir. Yəni ağrını hiss etməklə o ağrıdan hasil olan şüuri vəziyyət fərqli-fərqli şeylərdir. İkinci mərtəbədə isə sadəcə ağrı zehni səviyyədə hiss edilir, lakin bu zaman canlı özünün ağrıdan əziyyət çəkdiyini şüuri səviyyədə dərk edə bilmir. Bunun izahı isə ondan asılıdır ki, insan beynində ağrını dərk etmək üçün iki nerv yolu vardır. Bunlardan biri sırf ağrı doğurmaq üçündür, ikincisi isə müstəqil şəkildə o ağrını şüurlu şəkildə dərk etmək, yəni o ağrıdan xəbərdar olmaq, agah olmaq üçündür.

Misal verək

Bunu anlamaq üçün belə bir misal vermək olar. İnsanlarda görmə qabiliyyəti iki hissədən ibarətdir. Birinci hissədə insanın ətrafındakı obyektlərin görüntüsünü qeydiyyata almasıdır, yəni içəri qeyd etməsi və gözdə vizual stimulun əmələ gəlməsidir. İkinci hissədə isə bu vizual stimul beyində prosesdən keçərək insanın bu barədə agah olması, yəni dərk etməsidir. Maraqlı faktdır ki, bəzi insanlarda birinci hissə salamat olsa da, ikinci hissə zədəli olur, bu zaman insanda vizual stimul işləsə də, yəni görüntülər onun beyninə gəlsə də ikinci hissə işləmədiyi üçün bunu dərk edə bilmir, yəni beyin insanın gördüyündən xəbərsiz olduğu üçün faktiki olaraq adam kor sayılır.

Alın lobotomiyası”

Həmçinin əlavə edə bilərik ki, 1940-1950-ci illərdə “alın lobotomiyası” olaraq tanınan əməliyyat icazəli idi və çox adi bir əməliyyat sayılırdı. Bu əməliyyatda həkimlər xəstənin prefrontal korteksinin (alnın qabaq hissəsinin) bəzi hissələrini götürürdülər. Bəzi hallarda bu əməliyyatda xəstələrdəki xroniki ağrını kənarlaşdırmaq üçün edirdilər. Bu hər zaman alınmasa da bəzən çox qəribə nəticələrə gətirib çıxarırdı. Xəstələr belə əməliyyatdan sonra ağrını hiss etdiklərini desələr də bunun onları narahat etmədiyini deyirdilər. Bu, filosof Murray’in kitabında gətirdiyi arqumentlərdən biridir.
Yekun budur ki, heyvanların üçüncü mərtəbədə ağrını dərk etdikləri məlum deyildir. Məlum olan budur ki, bu mərtəbədə ağrını dərk edənlər insanlar və meymunlardan böyük olanlardır.

İstənilən halda deyə bilərik ki, qarşıya qoyulan bu şübhə heç bir vəch ilə ilahi varlığa, ilahi mərhəmətə kölgə sala bilməz.