Şər problemi – Qüsurlu və Məqsədyönlü dizayn

Sovetlərdən həmən sonrakı dövrü xatırlayanlar iqtisadi böhran ərəfəsində qadınların gündəlik problemlərini yada sala bilər. Onların ən çox şikayət etdikləri “dərdlərdən” biri kapron corablarının tez-tez süzülməsi idi. Bu “ağır sosial hadisənin” ən böyük səbəbkarı “RAF marşrutları” idi. Yazıq qadınlarımız, nə qədər etsələr də o zəhrimara minməli idilər, kapron corab olmadan da çölə çıxmaq olmazdı. Axı sosial norma o gözəl ayaqların qismən görünməsini tələb edirdi.

Bu, son əsrin fenomenidir. 1900-cu illərə qədər qadınların bacaqları uzun donların altında gizli idi, heç kim onların gözəlliyində şübhə etmirdi. Kişilərə qadın bacaqlarının başqa cür dizayn edilməsi imkanını versəniz etiraz edərdilər. 1800-ci illərdə feministlər uzun don geyinməyi tənqid edərkən bunu hərəkətə mane olduğuna görə və natəmizliyə səbəb olduğuna görə tənqid edirdilər. Ona görə də şalvar geyinən ilk qadınlar Birinci Dünya Müharibəsi əsnasında gözə görünəndə ictimaiyyət tərəfindən təəccüblə qarşılanmışdı. Necə də olmasa, “o gözəl qıçların” formasını görməyə ictimaiyyət alışmamışdı. Hətta Edwards Nina’nın yazdığına görə birinci dünya müharibəsindən əvvəl əksər qadınlar bacaqlarını qırxmırdılar, bacaq tükləri cazibədar hesab olunurdu.1 Bacaqlar günəş işığına çıxdıqdan sonra onun tükləri də eybəcər görünməyə başladı. Artıq bacaqların bu “qüsuruna” bir çarə tapmaq lazım idi və bununla da “bacaq sənayesi” işə düşdü. Gözəl bacaqlar yarışması, artıq tükləri qırxmaq ehtiyacı və bu bədən üzvü ilə bağlı digər məhsulların satışı bu sənayeni o vaxtdan bu vaxta qədər həyatda saxlamağı bacarıb.

Bizim bacaqlardakı gözəl dizaynı misal vermək istədiyimizi düşünürsüzsə, xəta edirsiz. Bizim misalımız bir az əvvəl sözünü etdiyimiz corablarla bağlıdır. 1939-cu ildə DuPont şirkəti dünyanı neylon materialı ilə tanış etdi. Qısa bir zamanda bacaq industriyası bu materialdan qadınlar üçün gözəl neylon corablar istehsal etməyə başladı. Neylon corablar qadınların hər zaman problemi olub; tez üzülüb cırılan bu neylon corablar haqqında necə müsbət rəydə olmaq olar?! Heç bu qədər də pis dizayn ola bilərmi?! Əgər belə düşünürsənsə, xəta edirsən, əziz oxucu! Bu tez cırılan neylon corablar çox usta bir dizaynın nəticəsidir. Amma xatırladaq ki, ilk neylon corablar çox möhkəm idi, hətta onun möhkəmliyini nümayiş etdirmək üçün onları maşınları dartmaqda istifadə edirdilər. Ona görə də 1939-cu ildə New York şəhərində keçirilən dünya yarmarkasında bu corabları satışa çıxardıqlarında dörd gün ərzində dörd milyon cüt corab satılmışdı. Ancaq tezliklə DuPont öz “xətasını” anladı. Əgər bu corablar çətin cırılacaqsa, o zaman qadınların yeni corablara ehtiyacı qalmayacaq. Bu “xətanı” aradan qaldırmaq üçün şirkətin kimya mühəndislərinə materiala xüsusi zəiflik əlavə etməyi tapşırırlar. 1950-ci illərdə möhkəmliyi ilə reklam edilən naylon corablar artıq 1960-cı illərdən sonra rahatlıqla cırılırdı.2

Burada oxucunu bu sual üzərində düşünməyə dəvət edirik: Bu corablara dözümsüzlüyü qəsdən əlavə edən mühəndislərin dizaynını qüsurlu adlandıra bilərikmi? Güman edirəm ki, adlandıra bilmərik, əksinə o mühəndislər onların qarşısına qoyulmuş tapşırığı mükəmməl yerinə yetiriblər və şirkətin ehtiyac duyduğu məhsulu əldə etmək üçün yaxşı bir dizayn ortaya qoyublar. Bəli, qadınlar üçün bu dizayn heç də yaxşı deyildi, amma şirkətin nəzərində bu dizayn ən yaxşı dizayn idi.

İnsan dizaynını da dəyərləndirərkən bu cür baxmağımız lazımdır. Duke universitetinin tarixçi alimi və eyni zamanda mühəndis olan Henry Petroski bunu belə ifadə edir: “Bütün dizaynlarda bir-biri ilə konfliktdə olan birdən çox məqsəd olur və buna görə də kompromisə ehtiyac yaranır. Ona görə də ən yaxşı dizayn ən yaxşı kompromisi ortaya qoyan dizayndır.”3 İdeallaşdırılmış bəzi versiyalara uyğun gəlmədiyi üçün bioloji dizaynı tənqid etmək – ki, S. J. Gould kitablarında bunu tez-tez edir – çox müftə bir üslubdur. William Dembski xatırladır ki, “dizaynerin məqsədlərini bilmədən, dizaynerin həmin məqsədlər arasında xətalı bir kompromis seçdiyini deməyə Gould’un heç bir haqqı yoxdur.”4 

Əgər kimsə bizim yaşlanmağımızı, xəstələnməyimizi dizaynda qüsur kimi başa düşürsə əslində həqiqi qüsur onun anlayışında və təsəvvüründədir. Əgər Yaradıcı məqsədli şəkildə insanı xəstəliyə, yaşlaşmağa məruz olaraq yaratmaq istəyibsə bu, dizaynda qüsur yox, dizaynda kamillik sayılmalıdır, çünki Yaradıcı Öz istədiyinə tam uyğun şəkildə yaratmış olur. Gözün misalı da bunun kimidir. Allah biz insanlar üçün belə bir göz yaratmağı istəmiş və onu yaratmışdır. Tərsinə dizayna sahib qartalların və şahinlərin gözləri 3-4 km uzaqlıqdan kamuflyaja bürünmüş şikarını görməyə qadirdir. Bu heyvanlarda da gözün quruluşu insanlardakı kimidir və tərsinə dizayn onların gözlərindəki optimallığa mane olmayıb. Eyni şəkildə bayquşların qaranlıqda görmə qabiliyyətləri də digər canlılardan yaxşıdır və onların da gözlərinin quruluşu insanlardakı kimi “tərsinədir”. Yaradıcının məqsədi mükəmməl göz yaratmaq deyildir, lakin xəstələnə bilən, qocaldıqca zəifləyən göz yaratmaqdır, ona görə də Onun dizaynı tam məqsədə uyğundur. “Biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra da onu ən aşağılara göndərərik.” (95:4-5)

Dipnotlar

  1. Edwards Nina, ”Dressed for War; Uniform, Civilian Clothing and Trappings, 1914-1918”, səh: 93; I.B. Taurius & Co Ltd, 2015, New York
  2. Alptekin Erkollar, “Enterprise & Business Management: A Handbook for Educators, Consultants and Practitioners”, səh: 375; Tectum Verlag, Baden-Baden, 2020
  3. H. Petroski, “Invention by Design: How Engineers Get from Thought to Thing”, səh: 30; Harvard University Press, Cambridge, 1996
  4. W. A. Dembski, ”The Design Revolution: Answering The Toughest Questions about Intelligent Design”, səh: 59;  Inter Varsity Press, Downers Grove, 2004