Fizika alimi Eugene Wigner’in 1960-cı ildə yazdığı “riyaziyyatın ağlabatmayan effektivliyi” adlı məqaləsində nümayiş etdirdiyi həqiqət filosofları, eləcə də bilim adamlarını həmişə heyrətdə qoymuş bir həqiqətdir. Necə olur ki, teoretik fizik Peter Higgs yazı masası üstündə oturub riyazi tənliklər və hesablamalar ilə 1964-cü ildə yeni bir fundamental hissəsiciyin mövcud olduğunu qabaqcadan söyləyə bilir və milyonlarla dollar yatırımdan, minlərlə işçi saatından və təxminən 40 il eksperimental araşdırmalardan sonra bu hissəciyin olduğu tapıla bilir?! Heç bir şübhə yoxdur ki, riyaziyyat təbiətin dilidir.
Lakin bu necə izah oluna bilər?
Allaha inanan insan üçün bu suala cavab vermək çox asandır. Lakin ilahi varlığa inanmayan biri üçün bunu izah etmək o qədər də asan olmayacaq. Realistlərə görə riyazi rəqəmlər, funksiyalar sadəcə insanın zehnində mövcud olan varlıqlar deyildir. Onlara görə bunlar insan zehnindən kənarda, həmçinin vaxt və məkandan ayrılıqda, heç bir təsir edici gücü olmayan abstrakt varlıqlardır. Anti-realistlər isə riyazi sayların, rəqəmlərin, funksiyaların real həyatda mövcud olduğunu inkar edirlər. Onların yalnız insan zehnində mövcud olduğunu deyirlər. Əgər bir ateist bu fəlsəfi müzakirədə realistlərin rəyi ilə razılaşırsa yenə də yuxarıda qoyulmuş suala cavab verməkdə çətinlik çəkəcəkdir. Çünki realistlər də qəbul edirlər ki, bu riyazi varlıqların heç bir təsir gücü yoxdur. Əgər bir gecədə bu riyazi rəqəmlərin hamısı yoxa çıxarsa bunun fiziki dünyaya heç bir təsiri olmayacaq, çünki realistlər də bütün əql sahibi insanlar kimi qəbul edirlər ki, rəqəmlər sadəcə abstrakt varlıqlardırlar, başqa sözlə desək onların fiziki aləmə heç bir təsiri yoxdur. Ona görə də riyaziyyatçı filosof Mary Leng fiziki reallığın riyazi düsturlara uyğun olaraq reallaşmasını “xoşbəxt təsadüf” adlandırır.
Anti-realist baxış:
Anti-realistlərə gəldikdə isə onlara görə riyazi rəqəmlər, düsturlar real həyatda mövcud olmadığı üçün onlar riyazi hesablamaların sadəcə fiziki aləmin çalışma mexanizminin əks etdirdiyi əlaqələr olduğunu deyirlər. Anti-realistlər təbiətin, fiziki aləmin sadəcə olaraq riyazi struktura/quruluşa sahib olduğunu etiraf etməli olurlar. Önəmli sual da burada yatır:
Nə üçün fiziki aləm riyazi struktura sahibdir, nə üçün bu aləm struktursuz xaos olmaq imkanı var ikən riyazi qayda-qanuna, struktura tabe oldu?!
Özü də bu struktur sadə bir struktur deyildir, çox kompleksli, çox şaxəli bir quruluşa sahibdir. Bu səbəbdən Albert Einstein özünün ümumi nisbilik nəzərəyyəsini riyazi düsturlara tökmək üçün dostu Marcel Grossmann’dan “tensor” riyazi analiz yolunu öyrənməli olmuşdu. Bu baxımdan riyaziyyatçı filosof Mark Balaguer etiraf edir ki, riyaziyyatın nə üçün fiziki aləmə tətbiq edilməsinin mümkünlüyünün anti-realizm baxış açısından (elmi) bir cavabı yoxdur. Əlavə edir ki, realizm baxış-açısından da bunun tutarlı (elmi) bir izahı yoxdur. Necə olur ki, bütün fiziki aləm riyazi düsturlara tabedir, başqa sözlə abstrakt, heç bir təsir qüvvəsi olmayan riyazi rəqəmlərə və düsturlara tabedir?! Bir ateistin bu suala məntiqli, tutarlı bir izahı yoxdur.
Buna əsasən ateistlər belə bir arqument üzərində düşünməlidirlər:
- Əgər Allah, yaradıcı ilahi qüvvə yoxdursa o zaman riyaziyyatın fiziki aləmə mutabiq olması sadəcə “xoşbəxt təsadüf” hesab olunmalıdır.
- Riyaziyyatın fiziki aləmə mutabiq olması sadəcə bir təsadüf deyildir.
- Ona görə də Allah mövcuddur.
Cavab yaz